Anaların anası.. -VİDEO

Mənim kompyuterimdə səs çıxmır, yəni səsli məktubları izləmirəm. O gün mənim poçtuma Şamama ananın “kanal13” internet kanalına verdiyi müsahibəni göndərmişdilər, yenə də adətim üzrə baxmadım, amma göndərən adama “kaş bütün analar belə olaydılar” dedim. Niyə baxmamış bu fikrə gəlmişdim? Çünkü o müsahibə mənə göndərilənəcən mənimlə müzakirə edilmişdi, mənə o müsahibə haqqında məlumat verən tanışım, müsahibəni demək olar ki, nöqtə-vergülünəcən mənə danışdı, ürəyimdən keçən “bunlar özləri də bilmirlər nə edirlər” fikrimi tanışıma da dedim və söhbəti bağladıq..

 Müsahibənin əks-sədası..

 Şamama ana az qala kiçik inqilab edib. Niyə? Ona görə ki, tanışım da mənim kimi siyasətlə qətiyən maraqlanmır, düzdür mən AXCP-nin şinelindən çıxmışam, amma tanışım heç həmkarlara da üzv yazılmayıb, indi bu “siyasətdən başı çıxmayan” (görəsən Azərbaycanda siyasətdən başı çıxan var?) tanışım Şamama ananın müsahibəsindən bu boyda vəcdə gəlibsə, demək müsahibə mükəmməl olub! Sonra Şamama ananın müsahibəsinə mən də baxdım, deyiləsi deyil. Bunu demək üçün söz tapmaq çətindir. Bircə onu deyə bilərəm ki, bu gün Azərbaycanda söz sahibi olanların əksəriyyəti Əvəzə qibtə edirlər, qibtə edirlər ki, niyə Şamama ana Əvəzin anasıdır, niyə onların anası deyil? İnanmırsız? Mən də inanmırdım, hakim bölgədən olan bir tanışım mənə bildirdi ki, Şamama ananın müsahibəsi çox vəzifəlini riqqətə gətirib, hətta bəzi oliqarxlar “kaş bizim də anamız belə olaydı” deyiblər, ola bilsin dostum “yerlibazlıq” edib, olayı şişirdir, amma od olmasa tüstü də olmaz deyiblər. mən inanıram ki, bu müsahibəyə baxan istənilən şəxs Şamama anaya ANA deməyə hazırdır və bunu edər də…

Cinayətkar ANAdır???

Şamama ana bu iqtidara mesaj göndərib: “məni də həbs edin, Əvəzi o cür mən tərbiyyələndirmişəm…” Sözdə hikməti görürsüz? Anaların böyük əksəriyyəti övladlarına “nəyinə lazımdır, palaza bürün, elnən sürün” dedikləri halda, Şamama ANA Əvəzə “ancaq soxulcanlar sürünər” deyib, əksər analar övladlarına “eşşəyə dayı de, səni çaydam keçirtsin” dediyi halda, Şamama ANA Əvəzə “əgər dayın da haqsızdırsa, heç ona da dayı demə” deyib, əğər əksər analar övladlarına “bu millətin, bu dövlətin dərdi sənə qalıb?” dediyi halda Şamama ANA Əvəzə “öz maraqlarını millətin, dövlətin maraqlarından üstün tutarsansa, südüm sənə haramdır..” deyib, bu bənzətmələri uzun-uzadı artırmaq olar, amma ehtiyac yoxdur! Şamama ANAnın övladı Əvəz kimi olmalı idi, Şamama ANAnın tərbiyyə verdiyi övlad elə Əvəz kimi olmalı idi. Əvəzi ancaq Şamama ANA dünyaya gətirə bilərdi, əminəm ki, Əvəzin anası Şamama ANA olmasa idi, Əvəz də heç ƏVƏZ olmazdı, elə Əvəz də qalacaqdı..

Debata çağırış…

 “Xural”çılar susmurlar, indi də xanım deputatı debata çağırıblar, təbii ki, xanım deputat “belə səviyyəsiz” təkliflərə baş qoşmaz, bir-iki edərlər debatı onlar üçün “de, bat” edər, onsuz da bu dövlətdə kim nə istəyir, edir. Vallah sivil dövlət olsa idik, indi o xanım deputatın deputatlığını şübhə altına almışdılar, niyə ki, heç kəs heç kəsin səsini oğruluq yaza bilməz, bu ən azı etika qaydalarına ziddir, düzdür, özünümüdafiə üçün bunu etmək olar, amma onda qarşı tərəfin də səsi aydın eşidilməlidir, yoxsa elə xanım deputat danışır, amma Əvəzin səsi gəlmir, indi sabah biri əlində bir audiokaset gedəcək filan idarəyə ki, filankəs prezidenti təhqir etdi, bu da sübut, nə olsun qarşı tərəfin səsi gəlmir, elə kaset yiyəsinin “sən bizim möhtərəm Prezidentimizə, xalqın atasına …… dedin?” sözləri eşidilsə, bəsdir. Hə, az qala mövzudan yayınmışdım, bu debatbazlar elə bilirlər ki, xanım deputat “hamı ilə bu məsələni müzakirə etməyə hazıram” deyəndə məhz onları qəsd edib. Ay, hay, adam nə qədər sadəlöhf olarmış, a kişilər, bu deputatlar “seçilməmiş” o qədər söz verirlər eee..

Ulayan vətandaş…

Keçən yazımda söz vermişdim ki, ulamaqla bağlı bir olayı nəql edəcəm, düzdür, bu olayı mən də Əvəzin yazısından oxumuşam, amma əsas odur ki, bu olay olub…

Demək mənim kimi bir “azad qul” həmişəki kimi gedir “dövlətin yeni iş yerləri proqramına uyğun açılmış iş yeri”nə, yəni özü kimi “azad qulların” yığıldığı “qul bazarı”na, bir maşın gəlir, bunu aparır “işlətməyə”, çatırlar bir evə, (yəni ki, uca hasarlarla əhatələnmiş QƏSRƏ) bu “azad qul” görür ki, bu evdə əməlli-başlı yeyib-içməkdir, bunun işi o olur ki, axşamacan ULASIN, axşam bunu evlərinə aparanda, insafən gərək düzünü yazasan, maşını döndərirlər bazara, ömründə yemədiyi şeylərdən alırlar bunun üçün, evə çatanda da bazardan aldıqları ayın-oyunu, 2 iri çanta və 1000 manat pulu verirlər buna, evə çatan zavallı hirsinnən bir neçə saat ağlayır, arvadının “ay kişi” çağrışına “mən kişi deyiləm, itəm” deyir, vallah kim olsa idi infarkt olub, ölərdi, bəlkə də elə o insan da infarkt olub, kim bilir? Amma bizə nə olursa, olsun, əsas odur ki, “papalarının gül balaları” bir az əylənsinlər, bir az şellənsinlər, bunu üçün lap bir milyona ayı kəsdirsinlər, lap bir neçə milyonluq yaxtanı suda batırsınlar, lap biri-birilərinə silah çəksinlər, nə olacaq ki, hələ “uşaq”dırlar, bir az böyüyərlər, daha belə şıltaqlıq etməzlər…

 Aydın Canıyev-3..

Yox, mən Aydın Canıyev cənablarına 3 qiymət vermirəm, baxmayaraq ki, o “Xural” qəzetində bizim qəzeti “separatçı” adlandırmışdı. Kişi belə düşünür və bu əqidənin yiyəsidir ki, kim qeyri-türk dilində qəzet çıxardırsa, demək o özü də, qəzeti də Lənkaranın Separadi kəndindəndirlər, yəni ki, Rabil Abdinov demişkən “Separadist”dilər. Kişi MTN-ə yazdığı açıq məktubunda bildirirdi ki, sən demə LDU-nin “Leriklibaz” (yerlibaz sözü bizim reqiona şamil edilmir!) rektoru bizim “separadist” qəzeti LDU-da “gizli” yayırmış! Kaş sənin yazdığın həqiqət olaydı, ay Aydın! Yəni nə vaxtsa Talışlar bizim qəzetin yayımında maraqlı olacaqlar? İnanmıram, vallah bu Azərbaycanın türkdilli əhalisi bizim qəzeti talışlardan daha çox oxuyurlar, daha çox yayırlar. Hə, orda qalmışdım axı, Aydına 3 qiymətini mən verməmişəm, Lənkaranın Məhkəməsi verib, sən demə ağaca bağlanmış vəziyyətdə olan Aydın Canıyev hələ bir polisə də müqavimət göstərib, bir-iki polisi lap şil-küt də edib, indi bu “şıl” olan polislər də durublar Aydının üzünə ki, bəs Şvartsneger bunun yanında “toya-bayrama” getməli imiş, sən demə “Aydının bir udarından bir polis alayı yerə sərilirmiş”, mənə elə gəlir ki, Aydını zindana yox, Qarabağa göndərmək lazımdır, qoy bu üç ili orda ermənilər ilə əlbə-yaxa olub, onların qol-qıçlarını qırsın….

 Qəzetin sponsoru…

 Kim eşidir ki, qəzet həftəlik çıxır və köşklərdə də satılır, dərhal mənə bu sualı verir: “kimdir SPONSOR? Arxanda kim durub?” Bu suallar mənə də maraqlı gəlir, dönüb arxama baxıram, sonra Taliş olmayan SPONSORUMUN adını yadıma salıram, amma həmsöhbətimə demirəm, qoy bir az nigaran qalsın, gələn yazımda həm arxamda duranı, həm də sponsorun adını yazacam, inanın ki, tam səmimi olacam…

 İ.S. Hərdən özümə sual verirəm, görəsən qartalı qəfəsə salanda, o dönüb toyuq olar?

Rafiq Cəlilov

“Talışon Sədo” qəzeti N: 7(007)

25 noyabr 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button