Anar Məmmədli pulunu mənimsəyəni məhkəməyə verdi

Hüquq müdafiəçisi Anar Məmmədov həbsdə olarkən ona verilmiş Havel mükafatında nəzərdə tutlmuş məbləği mənimsəmiş iş yoldaşı Nahid İsmayılovdan məhkəməyə müraciət etməyə məcbur olub. Bu barədə məlumatı hüquq müdafiəçisi fb səhifəsində yayıb:

“Avropa İnsan Hüquqları Məhkəməsinin mənim həbsimlə bağlı 3 gün öncə verdiyi qərarla bağlı həmkarlarımdan, dost və tanışlardan xeyli təbrik aldım. Hər kəsə ayrıca təşəkkür etməyə çalışdım. Bəzi yoldaşlarla söhbətlərim zamanı anladım ki, uzunmüddət geniş ictimaiyyətdən gizli saxladığım bir mənimsəmə olayı barədə açıqlama verməyimə ehtiyac var.

Bildiyiniz kimi, 29 sentyabr 2014-cü ildə Avropa Şurası Parlament Assambleyası (AŞPA) bir sıra QHT-lər və deputatların təşəbbüsü ilə məni Vaslav Havel İnsan Hüquqları Mükafatına layiq görüb. Bu mükafat həmçinin 60 min avro məbləğində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur. Ancaq təəssüf ki, mükafat üzrə mənə ayrılmış maliyyə vəsaitini əldə edə bilməmişəm.

Məlumatı olmayanlar üçün bildirim ki, 28 noyabr 2013-cü ildə Şərq Tərəfdaşlıq ölkələri başçılarının sammitinə təşkilatımızla bağlı başlamış cinayət işi səbəbindən iştirakım mümkün olmadı və bu bır sıra beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılandı. Bundan sonra Avropadakı nüfuzlu QHT-lər və siyasi qruplar müxtəlif təşəbbüslər və bəyanatlarla çıxış etdilər. Həmin cinayət işi ilə bağlı apardığım müzakirələrin birində mənim beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən AŞPA-nın mükafatına namizəd göstərilməyim təklif edildi. İş elə gətirdi ki, bu müzakirələrimizdən təxminən iki həftə sonra həbs edildim və mükafatla bağlı yazışmaları yerli və beynəlxalq həmkarlarım apardı. Məsələn, yerli həmkarlarımızdan Leyla Əliyeva mənim fəaliyyətim və həbsimlə bağlı məlumatların toplanmasında xüsusi yardım göstərib.

Mən həbsdə ikən, yəni 2014-cü ildə mənə mükafat təqdim ediləndə artıq bir çox həmkarlarım, o cümlədən müavinim Bəşir Süleymanlı həbsdə idi. Vətəndaş cəmiyyəti üçün kritik bir məqam idi. Belə bir şəraitdə keçmiş iş yoldaşım Nahid İsmayılov atamın məlumatsızlığı və ona olan etibarından sui-istifadə edərək bildirib ki, guya AŞPA-dan ayrılan maliyyə vəsaitini qəbul etməyi tələb edirlər. Bununla bağlı məlumatı həbsxanada olarkən atam dəfələrlə görüşlərimizdə bildirirdi. Ancaq 2016-cı ildə azadlığa çıxdıqdan sonra AŞPA-nın Katibliyi ilə görüşümdə bunun tamamilə yalan olduğu, Nahidin sadəcə AŞPA adından bizi aldatdığını dəqiqləşdirdim. Yəni AŞPA-dan Nahidə bildiriblər ki, mən həbsdən azad olunanadək gözləyə bilərlər. Bu cür yanlış məlumatı həbsxanada dəqiqləşdirmək imkanım olmadığından, habelə ailə üzvlərimin AŞPA ilə əlaqələri olmadığından atamın adına maliyyə vəsaitinin köçürülməsinə razılıq vermişəm.

Nahid isə maliyyə vəsaitini atamın bank hesabına deyil, onun Almaniyada yerləşən bank hesabına köçürülməsinə nail olur. Atama isə onun ingilis dilini bilməməsini, maliyyə vəsaitinin Bakıya köçürülməsinin təhlükəsini və sair səbəb gətirir. Nə isə, 24 noyabr 2015-ci ildə maliyyə vəsaiti Nahidin Almaniyada bank hesabına köçürülür, amma mən azadlığa çıxanadək, yəni növbəti 4 ay ərzində heç kimə məlumat vermir. Mən yalnız 2016-cı ilin aprelində maliyyə vəsaitinin artıq Almaniyada yerləşən bank hesabına köçürüldüyünü öyrənmişəm. Aprel və may ayları ərzində ona telefonla maliyyə vəsaitinin taleyi barədə soruşduqda o, gah bəzi biznes işləri olduğunu, gah da ürəyində ağrılar olduğu üçün səfərə gedə bilməyəcyini bildirirdi.

Yalnız iyun ayında Nahid keçmiş iş yoldaşlarıma və mənə telefon vasitəsilə maliyyə vəsaitini xərclədiyini bildirib. Bu məlumatı eşidəndə xaricdəydim. Sonra Bakıya gəlib Nahid və ailə üzvləri ilə görüşdüm. Mənə sentyabradək vəsaiti qaytaracaqlarını bildirdilər. Amma bu müddət başa çatdı. Bundan sonra mülki iddia qaldıraraq maliyyə vəsaitinin ödənilməsi ilə bağlı Səbail rayon məhkəməsinə müraciət etdim. Bu günədək Nahid məhkəmə iclaslarının heç birinə gəlməyib. Həm öz tərəfimdən, həm də AŞPA tərəfindən zəruri sənədlər məhkəməyə təqdim edilsə də, məhkəmə iclasları təxirə salınıb. İndiyədək məhkəmənin bu işlə bağlı verəcəyi qərarı gözləyirəm. Şübhə etmirəm ki, bu işdə mənim iddiaçı tərəf olmağım məhkəmədə qərarın yubanmasında mühüm rol oynayır. Ancaq məsələnin maddi tərəfindən çox, mənəvi tərəfi məni üzdüyü üçün məhkəmənin bu barədə qərar verməsi üçün sonadək mübarizə aparacam.

P.S: Həbsxanada bir çox ideyalarım yaranmışdı, qeydlərim vardı. Onları bu mükafatın vəsaiti ilə həyata keçirəcək və çap etdirəcəkdim. Amma hamısı həbsdən çıxandan 4 ay sonra öz əhəmiyyətini itirdi.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button