Anar Yusifoğlu İTV-də departament direktoru vəzifəsində çalışır

“Anar Yusifoğlunun İctimai Televiziyada vəzifəsindən çıxarılması barədə xəbərlər həqiqətə uyğun deyil. O, hazırda İctimai Televiziyanın Analitik Proqramlar Departamentinin direktoru vəzifəsini daşıyır”

Bunu Lent.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov deyib

Onun sözlərinə görə, bir müddət əvvəl İTV-də İnformasiya və Analitik Proqramlar Departamentləri birləşdirilib: “Həmin vaxt da Anar Yusifoğlu Analitik Proqramlar Departamentinin direktoru idi. Departamentlər birləşdiriləndə isə o, birləşmiş departamentin rəhbəri oldu. Bir neçə gün öncə bu departamentlərin bir-birindən ayrılması qərara alınıb. Yenidən İnformasiya Departamenti və Analitik Proqramlar Departamenti yaradılıb. Anar Yusifoğlu Analitik Proqramlar Departamentinin direktoru vəzifəsində qalıb. İnformasiya Departamentinə isə İlham Sərxanlı direktor təyin olunub.

T.Məmmədov bildirib ki, belə qərarın verilməsinə səbəb işlərin genişləndirilməsi və çoxalmasıdır: “Bu departament yeni verilişlər, telekörpülər və s. hazırlayacaq. İctimai Televiziya və Radio Yayımları Şirkətinin beynəlxalq öhdəlikləri artdığı zamanda geniş spektri əhatə edən analitik proqramları genişləndirmək, təkmilləşdirmək, digər ölkələrlə olan telekörpüləri sistemli və mütəmadi etmək üçün departamentin bundan sonra müstəqil fəaliyyət göstərməsinə qərar verilib. Bu departamentə də Anar Yusifoğlu rəhbərlik edəcək”.

Telekanalda başqa dəyişikliklərin aparılıb-aparılmayacağı ilə bağlı suala cavabında isə T.Məmmədov bildirib: “Şirkətimiz inkişaf edir. İnkişaf olan yerdə dəyişikliklərin aparılması təbiidir. Amma hazırda baş verən dəyişiklik bundan ibarətdir. Gələcəkdə nə olacağını deyə bilmərəm”.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button