ANS prosesdən qovuldu!

Nemət Pənahlının yaxınları ANS-in kameralarını proses zalından çıxarıblar… Həftənin cümə günü Nemət Pənahlının Nəsimi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində qalmaqal baş verib. Belə ki, məhkəmənin son iclasını çəkməyə gələn ANS əməkdaşları zala buraxılmayıblar. Yox, bu dəfə polislə, məhkəmə ilə bu işin bir əlaqəsi yoxdur. Görmüşük, adətən mətbuat işçilərini zala rəsmi qurumların əməkdaşları – polislər, məhkəmə işçiləri buraxmırlar. Amma bu dəfə tərsinə olub və Nemət Pənahlının yaxınları ANS işçilərini zala girməyə qoymayıblar. Buna səbəb kimi kanalın Nemət Pənahlının məhkəməsində tutduğu qeyri-obyektiv mövqeyi və Nemətin ilk məhkəmə iclasından hazırlanan reportajın efirə verilmiş variantı göstərilib. Nemət Pənahlının ailə üzvləri ANS kameralarını görmək istəmədiklərini, əks halda məhkəmə zalını tərk edəcəklərini bildiriblər. Maraqlıdır ki, əvvəlcə ANS əməkdaşları zaldan çıxmaq istəməyiblər. Amma Nemət Pənahlının yaxınlarının israrlarından sonra zalı tərk ediblər.

«Onlar qərəzli, vicdansız və qeyri-obyektivdirlər. Hər şeyin ortada olduğunu, Nemətin şərləndiyini açıq-aşkar bilə-bilə bunlar məhkəmədən hazırladıqları reportajda ağıllarına gələni deyir və insanlarda mənfi rəy yaradırlar. Biz bu kanalın mövqeyini paylaşmırıq və onun kameralarının zalda olmasını istəmirik» – deyən Nemət Pənahlının qardaşı Səməd Pənahov bu addımı etiraz məqsədilə atdıqlarını deyib.

Qeyd edək ki, ANS-in artıq bütün inamını itirməsi onu bu hallara gətirib salıb. Bir zaman vətəndaşlar son ümid yerləri  kimi gördükləri ANS-i indi ən ağır və kritik zamanlarında belə görmək istəmirlər.

İndi ANS-i hər yerdən qovurlar. Özü də Azərbaycanın əzilən vətəndaşları…

 

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button