Apellyasiya Məhkəməsi İntiqam Əliyev barəsində hökmü qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi İntiqam Əliyev barəsində hökmü qüvvədə saxlayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi İntiqam Əliyevin şikayətini təmin etməyib və onun barəsində 7,5 il müddətinə azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlayıb.

Proses zaman məhkəmə müdafiə tərəfin bütün vəsatətlərini rədd edib, hətta Əliyevin iclas zamanı vəkillərinin yanında oturmasına icazə verməyib.

Əliyev şüşə qəfəsə – “akvariuma” yerləşdirilib və mikrofon vasitəsilə danışıb.

Lakin hər dəfə Əliyev ölkənin məhkəmə sistemi ilə bağlı tənqid ifadə etdikdə prosesə sədrlik edən hakim Mirzəli Abbasov mikrofonunu söndürüb.

“Ədalətli mühakimə olan ölkələrdə proses yekunlaşdıqdan sonra hakimlərə adətən təşəkkür edirlər. Amma mənim buna dilim dönmür, çünki bizdə ümumiyyətlə məhkəmə sistemi yoxdur”, deyə Əliyev bildirib və hakim dərhal onun mikrofonunu söndürüb.

Əliyev həbsxanalarda olan bütün fəallara, azadlıqda mübarizəsini davam etdirən fəallara və Azərbaycanda siyasi məhbuslara dəstək üçün səy göstərən beynəlxalq hüquq müdafiəçilərinə minnətdarlığını bildirib.

Əliyev qeyd edib ki, məhkəmədə hətta mikrofonu söndürüldüyü üçün sərbəst şəkildə danışa bilmədiyi bir şəraitdə nitqlə çıxış etməyi özünə təhqir hesab edir.

O bildirib ki, Azərbaycanda hətta insanın öz hüquqlarını müdafiə etməsi üçün ədalətli sistemin minimum standartları belə yoxdur.

Məhkəməyə çox sayda vətəndaş cəmiyyəti fəalı, jurnalist, Qərb diplomatik missiyalarının nümayəndələri gəlib. Bu zaman iclas kiçik zalda keçirilib və bir çox arzu edənlər zala girə bilməyib.

Xatırladaq ki, Əliyev 2014-cü ilin avqustunda həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 22-də onu qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edib. Əliyev bütün ittihamları təkzib edir və siyasi motivlərlə hüquq müdafiə və vəkillik fəaliyyəti ilə əlaqədar siyasi motivli hesab edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Əliyevi “vicdan məhbusu” kimi tanıyıb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button