Arifə bir işarə!

Emil Salamoğlu

Həbsxana kişilər üçündür. Arif Hacılı o kişilərdəndir ki, məhbəs onun üçün yeni məkan deyil və bu işgəncə aparatı onu əyə bilməz. Qarabağ müharibəsində, Meydan Hərəkatında və 18 il şərə qarşı mübarizədə olmuş biri üçün 2 il 6 ay gülünc hökmdür.

Aclıq, susuzluq, həbs görməyənlər elə düşünür ki, özləri kimi Arif Hacılı da həbsdə əriyəcək. Biz bunu Əli İnsanov, Hacı Məmmədov həbsə düşən kimi səhhətləri ağırlaşanda gördük. Piylənmiş krallar bir gün içindən tökülür. Arif bəy isə möhkəm, çinar ağacı kimidir.
“Hakimiyyət İctimai Palatanın təyin etdiyi 2 aprel mitinqinə icazə verməməklə ciddi səhvə yol verdi. Bu səhvin bədəlini ödəyəcək”- A.Hacılının bloqunda sonuncu yazısından son cümlədir. Təkcə buna görəmi Arif bəy? -Xeyr. Hakimiyyət bu 18 ildə çox şeyin bədəlini ödəyəcək. Ki, bunun yanında aksiyalara qadağa “toya” getməlidir. Azərbaycanı zülmətə qərq etdiklərinə, şərəfsizləri “Şərəf” ordeni ilə təltif etdiklərinə, vicdan adamlarını isə qazamatla “mükafat”landırdıqlarına görə cavab verəcəklər. Zatən, bu ölkədə vicdan adamı həbsdə olmalıdır. Çünki vicdansızlığın qarşısında boyun əyməyənləri qazamat və dar ağacına göndərirlər. Ancaq tiranlar xalqların və çarxıfələyin üzüdönüklüyündən deyəsən bixəbərdirlər.
20-30 il şərin qabağında susan, əzilən, istismar olunan xalqların səbir kasası var. O kasa daşana kimi xalqı qorxaq və cəsarətsiz adlandıranlar “dissidentlik” nümayiş etdirirlər.
Öz adlarını xalqa qoyurlar və unutmurlar ki, dünən quzu dedikləri xalq bu gün şirə dönəcək. Arif bəy isə onlardan fərqli olaraq heç vaxt xalqı günahkar çıxarmadı. Əksinə, daim döyülən, söyülənlərin yanında oldu. İndi 20 illik Azərbaycan həbsxanaya salınıb. 20 yaşlı gənclik türmələrə doldurulub. Arif bəy Azərbaycanın 20 illiyi deməkdir və bu hökmün bədəlini ödəyəcəklər. Arif bəy, bayır içəridən fərqlənmir. Bayırda vaxt məhdud, yer genişdir, həbsdə isə vaxt çox, yer məhduddur. Fundamental azadlıq olmayanda həbsxana ilə azadlığın mütləq fərqi olmur. Fundamental azadlıqları qazanmaq üçün Remarkın “Zəfər tağı”ndakı “dözüm heç vaxt olmur. Təkcə hər şeyə öyrəşmək mümkündür” fikri yada düşür. Sistemə öyrəşənlər sistemlə savaşmayacaqlar. Arif bəy isə sistemlə barışmış olsaydı bu yaşında mitinqlərə çıxmaz, həbsə göndərilməzdi. Deməli, mübarizənin yaşı olmur. Mübarizə ya var, ya da yoxdur.
A.Hacılıdan tez-tez siyasətçi kimi açıqlamalar, kiçik müsahibələr alardım. Həmişə də sərt və qəti mövqeyi ilə fərqlənib. Onunla daha yaxından isə seçkilər vaxtı tanış oldum. Hövsanda seçiciləri ilə görüşünü xatırlayıram. Reportaj hazırlamağa getmişdim. Səlist və iradəli nitqi ilə hamını özünə cəlb etmişdi. Şəhərə qayıdanda “Emil bəy, necə keçdi görüş?” sualına “Gözləmirdim bu qədər adam toplaşacaq” deyə cavab verdim. Həbsdən yazdığı şeirdə isə bir məqam məni yaman tutdu: “Azadlıqda açılacaq səhərlərin həsrətiylə darıxıram”. Arif bəyə Nazim Hikmətin nikbin bir şeiri ilə cavab verirəm:
Bugün pazar.
Bugün beni ilk defa güneşe çıkardılar.
Ve ömrümde ilk defa gökyüzünün
bu kadar benden uzak
bu kadar mavi
bu kadar geniş olduğuna şaşarak
kımıldamadna durdum.
Sonra saygıyla toprağa oturdum,
dayadım sırtımı duvara.
Bu anda ne düşmek dalgalara,
bu anda ne kavga,ne hürriyet, ne karım.
Toprak, güneş ve ben
Bahtiyarım…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button