Arif Hacılı “Azadlıq Salnaməsi”ndə (III sonuncu hissə): “Böyük siyasi və hərbi məğlubiyyət baş verdi”

Arif Hacılı: “Daxili Qoşunların Gəncəni bombalamaq üçün nə əmri, nə də imkanı yox idi. Fəhmin Hacıyevin sözləri psixoloji təzyiq etmək üçün işlədilmiş uğursuz bir ifadə idi”

 

Müsavat Başqanı Arif Hacılı ilə 4 iyun haqqında söhbət etmək, 1993-cü ildə baş verən hadisələri müzakirə etmək lap çoxdankı planlarıma daxil idi – hələ Sürət Hüseynovla müsahibə götürdüyüm zamanlardan. O zaman Sürət Hüseynov həm Arif Hacılının, həm də Arif Hacılının daxil olduğu və başında İsa Qəmbərin dayandığı komanda haqqında çarpıcı fikirlər söyləmiş, iddialar səsləndirmişdi. 4 iyun qiyamının tarixçəsini öz prizmasından baxaraq danışmışdı Sürət Hüseynov. Amma o zaman ona cavab verən olmamış, Sürət Hüseynovun “Böyük Xalq Toplantısı” fikrinə, “böyük üzləşmə” təklifinə heç kimdən əks-səda gəlməmişdi. Nə Arif Hacılı, nə də digərləri Sürət Hüseynovun, ardınca Rahim Qazıyevin, ardınca Nemət Pənahlının iddialarına cavab verməmişdilər. Beləcə, zaman ötüb keçdi.

Budur, “Azadlıq Salnaməsi”ndə Rahim Qazıyevin, Nemət Pənahlının bir neçə dəfə müsahibə verməsindən sonra Arif Hacılı ilə vaxtlaşa bildik. Arif Hacılının baxımından olmasa da, mənim nöqteyi-nəzərimcə bu söhbət, həm də zamanında 4 iyun haqqında deyilən iddia-ittihamlara kəskin bir cavabdır.

Arif Hacılı hər zaman İsa Qəmbərin rəhbərlik etdiyi komandanın tərkibinə daxil olub. İndi də belədir və bu, heç bir zaman dəyişməyib. Hər zaman da qarşı tərəf – Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlı cinahı bu komandaya qarşı olub. Qarşıda duran komandanın da tərkibində 3 parlaq dövlət xadimi olub – İsa Qəmbər-Pəhan Hüseyn-Arif Hacılı. Danışdırdıqca, o zamanın siyasi tarixini gözlər önünə sərdikcə, elə bil son illərin tarixi bu 6 siyasi simanın mübarizə tarixidir. Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlı radikalları, İsa Qəmbər-Pəhan Hüseyn-Arif Hacılı isə liberalları təmsil ediblər. Maraqlıdır ki, indiki müsahibəni dinləyəndə də Arif Hacılı qarşı tərəfin “radikal” və “macəraçı” hərəkətlərindən danışır və bununla ilk gündən razılaşmadığını bəyan edir.

O zamankı sərtlik hələ də qalır. Arif Hacılıda heç bir sahədə geri çəkilmə, ya da yumşalma yoxdur. Bu adamların o zamandan xarici qüvvələrlə işlədiyini, zamanında onlarla ayrılmalı olduqlarını deyib durur. Arif bəy daha radikaldır, ümumiyyətlə, onların siyasi aləmdən təcrid olunmasını, siyasətin bu adamlara – Etibar Məmmədov-Rahim Qazıyev-Nemət Pənahlıya qadağan olunmalı olduğunu bildirir. Bu fikirlərin özü indiki zamanımızda nonsens sayıla bilər.

Bir neçə dəfə adı çəkilən şəxslərin debatını təşkil etmək haqqında düşündüm. Əslində, Azərbaycan tarixi baxımından belə debatların çox da yararı ola bilər. Hərə bir şey deməkdənsə, tarixin bu şanlı şahidləri bir dəfə millətin önündə sandıqları aça, qazanların qapaqlarını aralaya bilərlər. Amma Arif Hacılının bu münasibətindən aydın olur ki, konflikt çox dərindir və bir araya gəlmək, nəyisə müzakirə etmək, ən azından indiki zamanda o qədər də asan görünmür.

Arif Hacılının bu müsahibəsi illərdir danışılanlara cavabdır həm də. İllərdir sadəcə bu olaylar haqqında bir cinah danışır, amma görünür, Müsavat partiyası və onun başqanı daha “tək qapı” oynamağa razı gəlmir və haqlı olaraq danışmağa başlayır.

Arif Hacılı çox maraqlı olaylardan bəhs edir. Xarici qüvvələrin əlində vasitə kimi adlarını çəkdiyi adamlar da sıradan deyil və bu ittihamlara cavablar veriləcək. Müsavat Başqanı heç bir halda bu qüvvələrlə bir araya gəlməyin mümkün olmadığını deyir. Milli İstiqlal Partiyasının yaranma tarixini danışır və hər şeyin Xalq Cəbhəsinin adının Etibar Məmmədov tərəfindən “Milli Cəbhə” qoyulması təklifinin qəbul olunmadığından sonra başladığını iddia edir. Rahim Qazıyevin rus generalları ilə birləşib Azərbaycan hakimiyyətini devirdiyini, onun Qraçovla özəl danışıqlarının məlum olduğunu deyir. Yox, bu, Rahim Qazıyevin özünün də etiraf etdiyi və Qraçova dediyi “Paşa, sən mənə lazım olan dəstəyi göndər, öz əclaflarımızla mən özüm sonra məsələləri həll edərəm” sözlər deyil, Arif Hacılının iddiasına görə, başqa rus generalları ilə də söhbətlər olub və generallar onları hakimiyyəti devirməyə tələsdiriblər. Daha qorxunc bir iddia da səsləndirir Arif Hacılı – Milli Müdafiə Komitəsini yaradanlar Milli Ordunun yaradılmasını ən azı 6 ay gecikdiriblər! Və davam edir – hanı o əsgərlər, hanı o silahlar, niyə müharibədə Milli Müdafiə Komitəsinin ordusu gözə dəymədi? Bəs o zaman Milli Müdafiə Komitəsini niyə yaratmışdılar? Niyə ordu quruculuğunu gecikdirirdilər? Bunlar çox ağır ittihamlardır və güman ki, qarşı tərəf(lər)in bu barədə söylədikləri olacaq.

Bütün hallarda iyun 1993-cü il hadisələrinin hələ də qapalı tərəfləri var. Hər söhbət etdiyim adam bu haqda sirlərin olduğunu deyir. Arıf Hacılı da elə dedi. Bəzi məqamlar var ki, indinin özündə belə açıqlanmır. Xüsusilə, Novella Cəfəroğlunun “Qaynar Qazan”da Əbülfəz Elçibəyin gizli yazılarının İsrailə göndərilməsi haqqında deyilənləri duyduqdan sonra həm Elçibəyin “özümlə bəzi sirrləri məzara aparacağam” sözlərinin mənası açılır, həm də Arif Hacılının və onun silah arkadaşlarını anlamaq mümkün olur.

“Azadlıq Salnaməsi” verilişinin formatı 1.5-2 saatdır. Əsasən, 3 hissəli hazırlayırıq ki, elə çox da yorucu olmasın. İlk mühasib idi ki, bizim 1.5 saatlıq söhbətimizdən sonra məlum oldu ki, biz mövzuya hələ yeni daxil oluruq. Xüsusən, Gəncə hadisələrindən və nəticə olaraq Elçibəy hökumətinin içindəki fikir ayrılıqlarından, gərgin danışıqlardan, İsa Qəmbərin və Pənah Hüseynin istefa məsələlərindən, Heydər Əliyevin kimlər tərəfindən dəvət olunmasından və bunların təfərrüatlarından danışmağı isə növbəti söhbətə saxladıq. Yəni Arif Hacılı ilə söhbətimiz demək olar ki, yarıda qaldı. Güman ki, yaxın zamanlarda onu da tamamlayacağıq. Əsas odur ki, tariximizin bir çox məqamları açıqlansın və əsas odur ki, hamı danışsın.

“Azadlıq Salnaməsi”ndə 17-ci qonaq Müsavat Başqanı Arif Hacılıdır…

Əvəz Zeynallı

“Azadlıq Salnaməsi”

 

I hissəni buradan oxuya bilərsiniz:

Arif Hacılı “Azadlıq Salnaməsi”ndə (I hissə): “Sürət Hüseynova ona görə vəzifə verdik ki…”

 

II hissəni buradan oxuya bilərsiniz:

“Azadlıq Salnaməsi”ndə Arif Hacılı (II hissə): “Azərbaycan ordusunun yaradılması süni surətdə ləngidildi”

 

III sonuncu hissə

“Azadlıq Salnaməsi”nin III sonuncu hissəsində Müsavat Başqanı Arif Hacılı nə dedi:

 

– “Kommunist bloku” iyunun 7-də prezident seçkiləri keçirmək haqqında qərar qəbul etdi

– “Qarabağla bağlı bizim atacağımız addımlar xarici dövlətlərlə də razılaşdırılıb” demişdim

– Nemət Pənahlı ümumiyyətlə gedib Sürət Hüseynovun yanında oturmuşdu

– Qiyamın qarşısını almaq üçün bütün cəhdlər göstərilib

– İyunun 4-də Kənd Təsərrüfatı naziri Tofiq Hüseynovu Şəmkirə göndərdim. Məqsəd qiyamı Gəncə şəhərində lokallaşdırmaq, yayılmasının qarşısını almaqdı

– Özüm isə Goranboya getdim və hakimiyyətə yaxın olan Maşallah Abdullayev, Sərdar Həmidov kimi komandirlərlə məsləhətləşdik və qoşunların Gəncədən çıxmasının qarşısını almaq üçün Zazalıda blok-post yaratdıq. Orada silahlı qüvvələr yerləşdirdik, səngər qazdıq.

– Əslində, qiyam iyun ayının 4-də Gəncə şəhərində lokallaşdırılmışdı. Sonradan bu məsələlərin baş tutmamasında bəzi yanlış siyasi qərarlar olub. Mən 3 gün orada qaldığım üçün bu siyasi qərarlardan məlumatlı olmamışam.

– Heydər Əliyevin Bakıya dəvət olunması, onunla hansısa məsələlərin müzakirəsində mən iştirak etməmişəm, Heydər Əliyevin Bakıya dəvət olunması yanlış qərar olub

– Mənə göstəriş verildi ki, mən qoşunları Zazalı postundan 15-20 km geri çəkim və blok-post Dəliməmmədlidə qurulsun. Əmrə tabe oldum və qoşunları geri çəkdim.

– Deyirdilər ki, Arif Hacıyev 2.000 nəfərlik qoşunla gəlib və Gəncəni bombalamaq istəyir, amma hamısı yalan idi

– Daxili Qoşunların Gəncəni bombalamaq üçün nə əmri, nə də imkanı yox idi. Fəhmin Hacıyevin sözləri psixoloji təzyiq etmək üçün işlədilmiş uğursuz bir ifadə idi

– Mənim girov götürülüb Sürət Hüseynova təhvil verilməyim üçün müəyyən işlər aparılırdı. Goranboyda bəzi təxribatçı qüvvələr var idi. Ona görə də Ali Baş Komandanın əmri ilə Bakıya qayıtdım

– Tərtər batalyonu Azərbaycan ordusunun ən ciddi batalyonlarından biri idi və həmin batalyonun olduğu yerdə təbii ki, Sürət Hüseynovun silahlı qüvvələri irəliləyə bilməzdi

– Böyük siyasi və hərbi məğlubiyyət baş verdi

– Həm Tərtərin işğaldan qorunmasında, həm də Ağdərənin işğaldan azad olunmasında Sərdar Həmidovun xidmətləri misilsizdir

– Pənah bəyin istefa verməsini mənə Elçibəy dedi

– O zaman Xalq Cəbhəsinin bəzi strukturlarında belə bir fikir formalaşmışdı ki, əgər Heydər Əliyev parlamentin spikeri olsa, Elçibəylə birləşib Sürət Hüseynovun silahlı qüvvələrinə müqavimət göstərib hərbi müxalifətin qarşısını ala bilərdi. Ona görə də Heydər Əliyev üçün belə bir vəzifənin boşaldılması fikri təkcə cəmiyyətdən, müxalifətdən yox, həm də Xalq Cəbhəsinin bəzi strukturlarından səsləndirilirdi. Belə bir görüntü yaradılmağa çalışılırdı ki, guya İsa Qəmbər vəzifəsindən getsə, hərbi qiyama qalib gəlmək mümkün olacaq

– Belə bir fikir səsləndirirdilər ki, prezident yaxşıdır, ətrafı pisdir – ətrafı da biz idik. Elçibəyə çıxmaq üçün bizi sıradan çıxarmaq lazım idi. Və təsadüfi deyil ki, bizi sıradan çıxardıqdan sonra Elçibəyi hakimiyyətdən kənarlaşdırmaq çətin olmadı.

– 4 iyun qiyamının təşkilatçıları və 4 iyuna dəstək verənlər haqqında qanun qəbul olunmalıdır. Bu qanuna əsasən bu adamların siyasi fəaliyyətləri və dövlət vəzifəsi tutma imkanı məhdudlaşdırılmalıdır. 4 iyun qiyamı məsələsi siyasi debat məsələsi deyil. 4 iyunla əlaqədar çox ciddi istintaq işi aparılmalıdır. 4 iyun qiyamının günahkarları cəzalandırılmayıb.

– Burada yalnız istintaqdan söhbət gedə bilər, debatlardan yox

 

 

SON

Əlaqəli məqalələr

1 şərh

  1. Əvvəla məlum olur ki, həqiqətən də Sürətə qarşı hər hansı hərbi qarşıdurmanın başında Arif durub və bu qarşıdurmaya başçılıq edib. Bu bir…

    İkincisi, Arif tamamilə yalan deyir ki, AXC üzvləri və cəmiyyət Heydər Əliyevin gəlməsini istəyirdi! Bu ağ yalandır!… Heydər Əliyevin Bakiya gəlib spiker olması və bununla da AXC hakimiyyətini xilas etməsi – bu şəxsən Əbülfəzin bacarıqsız dövlətçiliyindən irəli gələn təfəkkürün məsuludur və bu planı Əbülfəz özü qurub və özü də həyata keçirib.

    Həm cəmiyyət, həm AXC-nın üzvləri üçün belə bir siyasi addım tamamilə gözlənilməz oldu və bu planın uçuruma aparacağını ən azından çoxu intuitiv şəkildə başa düşürdü.

    Mən şəxsən o dövrdə Əbülfəzin ən yaxın adamlarına yalvarırdım ki, Heydər Əliyevi Bakiya gətirməsinlər… Bunlar mənə nə desələr yaxşıdır?!

    Mənə deyirdilər ki (olduğu kimi təqdim edirəm):

    – Əyə, sən nə canfəşanlıq edirsən? Qocanı [Heydər Əliyevi nəzərdə tuturdular. – müəllif] gətiririk, o, bizim üçün bütün bu vəziyyəti təmizləyir, sonra uzağı bir aydan sonra təpiklə [kobud ifadə ilə. – müəllif] arxasından vururq, və yenə də təkbaşına özümüz hakimiyyətdəyik, hər şey əvvəlki qaydasında davam edəcək!..

    Mən isə hirsimdən partlayaraq bunlara deyirdim:

    – Əyə, siz uşaqsız! Heydər Əliyevə qarşı, onun komandasına qarşı mən vuruşmuşam, siz yox, Heydər Əliyevi siz tanımırsız! O gələcək, sizin hamınızı tutub basacaq dama, sonra prezident seçiləcək, ölənə qədər prezident olacaq, özündən sonra da Oğlunu qoyacaq!…

    Bunlar mənə lağ edib gülürdülər və açıq şəkildə mənə:

    – Sən dəlisən! Siyasət sənlik deyil! – deyirdilər…

    Bunu mən 1993-cu ilin ortalarında demişəm, o ərəfədə ki. hələ Heydər Əliyev bakiya gəlməmişdi…

    Və AXC hakimiyyətinin məğlubiyyati qaçılmaz idi…

    Əslində heç bir qiyam yox idi, bunlar özləri heç nədən bu “qiyamı” alovlaşdırdılar!…

    Və burada qabaqları yazdığım kimi ən böyük “əmək” Arifin, Pənahın və İsanın üzərinə düşür…Lakin sözsüz ki, bir nömrəli günahkar Əbülfəz Əliyev idi, onun həm nəzəri, həm təcrübi bacarıqsızlığı, insan kimi intriqanlığı və intriqalara getməyi…

    Ən maraqlısı odur ki, AXC rəhbərləri bu gün də başa düşə bilmirlər ki, bunlar özbaşına AXC olmamışdılar, özbaşına hakimiyyətə gəlməmişdilər və sözsüz ki, bu cür şans onların özlərinə görə verilməmişdi, və bunların hakimiyyətdən getməsi hələ hakimiyyətə gəlməmiş artıq hesablanmışdı. Lakin bunlarda bacarıq, fərasət, işguzarlıq olsaydı, onlar vaxtilə bunları meydana atanları uda bilərdilər…

    Lakinheç bu haqda düşünmürdülər, çünki siyasətdə ilk gündən naşı idilər və axıraca, naşı qaldılar və ölənəcən də naşı qalacaqlar!…

    Bunlar daha heç zaman hakimiyyətə gələ bilməyəcəklər!

    Günəş Yer kürəsinin ətrafında fırlana bilər, lakin AXC liderləri heç bir halda bir daha hakimiyyətə bir daha gəlməyəcəklər!…

    Lakin bunu bunlar heç cür anlamaq istəmirlər!…

    Oqtay Ataxan

    23.06.2017

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button