“ASAN xidmət” fəlsəfəsi

Əvəz Zeynallı

Rusların “al nənə, bu da sənə Yuryev günü” misalını tez-tez xatırladıram. Bu dəfə də elə oldu. Əslində, əhvalım da pis deyildi. Özümü də optimist kökləmişdim. Ötən il bir dəfə “ASAN xidmət”ə gəlmişdim və xırda bir qəza yaşamışdım. Onu paylaşanda da bəzi həmişəmüxalif dostların “sənə də heç nəyi bəyəndirmək olmur” qınağı ilə üz-üzə qalmışdım. Mənim kimi adamlara bu ölkədə yaşamağın çətin olduğunu hamıdan yaxşı mən bilirəm, çünki burada heç nə savaşmadan əldə olunmur. Bu dəfə elə olmasın istədim.

Girişdə yenə yoxlama var, amma bu dəfə sanki asan və rahat keçdik. Hələ bir az xəfif kimi də gəldi mənə. Uşağın çantasını yoxlamadılar, narahat oldum. Mən bilirdim ki, zərərli bir şey yoxdur, axı təhlükəsizlik məsələsi var. Bəlkə son illərdə ətrafımızda yaşanan terror hadisələrinin təsiri idi, amma dərhal hiss etdim ki, o deyil. Sadəcə, münasibət fərqlidir. Normal münasibət olanda adam məmnun olur, amma qıcıq və yerində olmayan münasibətlər adamı dəli edir. Problem yalnız münasibətdədir.

Zəmin qata endik. Ortada oturan xanımlardan birinə yanaşdıq, nə üçün gəldiyimizi dedik. Xoş münasibətlə bizi qarşıladı, dinlədi, şirin dillə ərizə yazmalı olduğumuzu dedi. Bizi bir az aralıda dayanan gənclərə sarı yolladı. Getdik. Xoş üzlə sənədlərimizi aldılar və ərizə yazıb bizi dəvət etdilər. Pul-mul, hörmət-mörmət də istəmədilər. Eynilə mat-mat baxdığımız xarici ölkələr kimi. Deməli, istəyəndə olur. Deməli, bu merəti edə bilərik. İnsanlara nəyisə pulsuz yaza, nəyinsə pulsuz xidmətini edə bilərik. Sonra yenə bir az əvvəlki xanıma yaxınlaşdıq və bizə nömrə verərək birinci mərtəbəyə göndərdi. Qalxdıq birinci mərtəbəyə.

“ASAN xidmət”i heç belə çoxadamlı görməmişdim. Olsun. Nə də olsa “3-5 dəqiqəyə işimiz bitər” deyə düşündüm. Zatən vaxt probleminin qıtlığından bura gəlmişdim. Tabloda son illərin çağırılmamış qonağı kimi həyatımıza soxulan və bizi cin atına mindirən iri nömrələr görünürdü. Oturub gözləməli idik – öz nömrəmiz gələndə durub yaxınlaşmalı idik. Burada o qədər nəzarətçi var və onlar o qədər nəzakətlidirlər ki, elə bil ABŞ-ın Broadvayında, Rokfellerin binalarının birindəsən. Deyəsən, bir az çox oldu, eləmi? Siz də hiss etdiniz…

asan xidmet

3 dəqiqə keçdi, 5 dəqiqə də keçdi, 7, sonra 10 dəqiqə oldu. Bir neçə dəfə nəzakətlə nəzarətçilərə yaxınlaşdım. Vaxtın çox keçdiyini dedim. 15 dəqiqə olurdu, amma biz gələndəki nömrələr yerindəcə gözləyirdi. Ən azı, hər seksiyada 4-5 işləyən adam olsa da, ya biri işləyirdi, ya da heç biri. Narazılıq etməyə başladım. Nəzarətçi gəldi ki, günorta yeməyindədirlər. Saata baxdım, 16.50 radələri idi. Bu vaxt günorta yeməyi olmazdı. Mənim narazılığıma başqaları da qoşuldu. Sinir beynimə işlədi, cin təpəmə vurdu və işləmələrini tələb etdim. Bir neçə dəfə nəzarətçilər yanaşdılar, əlimdəki nömrələri soruşdular, gördülər, yasaladılar və getdilər.

Sonuncu nəzarətçidən 1 dəqiqə keçmədi ki, qəfildən ekranda mənim nömrəm göründü. Yaxınlaşdım, sürətlə sənədləri götürüb nə zaman gələcəyim vaxtı dedilər və üzr istədilər. B-dən ayrılan kimi, bir müddət sonra yanmalı olan C seksiyasında da nömrəmi gördüm. Yaxınlaşdım, həll olundu, digər sənədi götürəcəyim vaxtı dedilər və donquldana-donquldana “ASAN xidmət”dən çıxdım.

Mən çıxanda adamlar hələ öz sıralarını gözləyirdilər.

Bir neçə dəfə bu cür münasibətin şahidi olmuşam. 15-20 dəqiqəlik bir gözləmədən sonra əsəb səni boğanda dərhal nəzarətçilər dövrəyə girir və narazılığı ortadan qaldırmağa çalışırlar. Görünür, “ASAN xidmət”in də məntiqi və fəlsəfəsi odur. Dövriyyə gəzənlər kimin narazı olduğunu və narahat adam olduğunu dərhal təsbit edir və onun nömrəsini şirin dillə öyrənir və onu növbədənkənar yola verirlər. Belə xidmətmi olar?! Belə “ASAN xidmət”mi olar?!

Hələ o ayrı məsələdir ki, mən niyə xarici pasport almaq üçün 30 manat 20 qəpik ödəməliyəm? Əgər 10 gündən sonra gəlib alacağamsa 30 manat 20 qəpik, 5 günə 60 manat, 1 günə 120 manat rüsum alırlar. Olsun, etiraz etmirəm. Tələsən o cür ala bilər. Maraqlı olan odur ki, mən tələsmirəm məsələn. Tələsmirəmsə, niyə bu qədər pulu verməliyəm? Hələ o ayrı məsələdir ki, necə olur, 1 günə 120 manat alıb sənədi verə bilən dövlət eyni işi 10 günə 30 manata görür? Niyə?

Hələ onu demirəm ki, “ASAN xidmət”in düz ortasında oturan Beynəlxalq Bankın əməkdaşı niyə 30 manat 50 qəpik alıb 30 qəpiyi də qaytarmamalıdır?! Budurmu tərifli “ASAN xidmət”?!

Anlaşılan, zehniyyət dəyişməsə heç nə dəyişən deyil.

Biz bu ölkəni əsəbsiz, sinirsiz yaşama sahəsinə çevirməliyik. “ASAN xidmət” kimi göstərməlik qurumlar yalnız “üstü bəzək” rolunu oynayır…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button