Qazandıqlarınızla itirə biləcəklərinizi tərəziyə qoyub, sonra qərar verin

kinopoisk.ru
Aybəniz Qaradəniz

Aşıq Familənin şişirdilmiş dodaqları və itirilmiş nüfuzu

Uzun fasilədən sonra yenə də şoudan yazmaq məcburiyyətində qaldım. İstəsək də, istəməsək də mədəniyyətimizin əsas təmsilçilərinə çevrilən bu incəsənət sahəsi cəmiyyəti zor-güc arxasınca aparır. Dünya mədəniyyətinə yaxınlaşmağa can atmayan əhalinin müəyyən qismi efirlərdən meydan oxuyan müğənniləri nümunə olaraq görür, onlarla ayaqlaşmağa can atırlar. Təbii ki, imkan daxilində…
Əvvəllər müğənnilər əyin-başlarına düzən verərdilər, kəsib-biçərdilər, yeni stildə xalqın qarşısına çıxardılar. Zeynəb Xanlarova, Nəzakət Məmmədova və daha kimlər, kimlər… xalqın moda dərgisinə çevrilib, vərəqləndikcə, vərəqlənərdilər. Milli dəyərlərimizi özündə qoruyan bu geyimlər həm də xalqın geyim mədəniyyətinin göstərici olurdu.
İndi, paltar qıtlığı yoxdur. Ürəyin istəyəni taparsan da, geyərsən də… Elə artıq camaat da kimin nə ilə səhnəyə nədə və necə çıxdığının o qədər fərqində deyil. Ya sarı, ya qırmızı, nə fərq edər ki… Bir-birinin “kopya”sı olan paltarları kimlər geyinib-soyunmayıblar ki… Yəni artıq bununla tamaşaçını təəccübləndirə bilməzsən. O zaman nə etsinlər də, əlacını tapsınlar. Tapdılar da. Yeni stillə yox, yeni sima ilə çıxmağa qərar verdilər.
Son illərin ən dəbli proseslərindən birinə çevrilib estetik əməliyyatlar. Fəxrlə demək olar ki, bu sahədə çalışan cərrahlarımız qaz vurub, qazan doldururlar. Nəinki müğənnilər, elə anadan əyir-əskiklə doğulan hər kəs kəsib-doğratdırmağa can atır. Bir də görürsən, burun kiçilib, bir də görürsən dodaq, sinə şişib-şişib, hara çatıb. Dünən tanıdığın müğənnini aparıcı təqdim etməyənə qədər tanımaq olmur. Elə bil yarışdır. Kim daha çox estetik əməliyyat etdirəcəksə, o da çox pul qazanacaq. Elə düşünürlər.
Bunlar öz yerində. Bu elə bir prosesdir ki, qarşısını almaq da ağlasığmaz dərəcədə əlçətmaz görünür.
Amma elə müğənnilər, el sənətkarları var ki, bu yola əl atanda anlaya bilmirsən. Çünki əsasən tamaşıçı kontingenti yaşlı, milli dəyərlərə bağlı insanlar olan bu müğənnilər düşünmədən illərlə qazandıqları hörməti bir anın içərisində güdaza verirlər. Milli dəyərlərdən uzaq marinetə çevrilirlər.
Bu günlər İTV-də yayımlanan “Ozan” verilişinin qonağı Aşıq Familə Göyçəlini görəndə, az qala heyrətdən dilim tutuldu. Ətrafımda onu dinləyən, sənətinə, səsinə hörmət bəsləyən insanlar çoxdur. Hansı evə girsən, aşıq Familənin DVD yazıları ilə, məclislərinin başında isə özü ilə rastlaşarsan. Həm göyçəli qızı olduğundan, həm sənətinə məsuliyyətlə yanaşdığından, həm mahnıları məharətlə ifa etdiyindən ona qarşı xüsusi hörmətin şahidiyəm. Di gəl ki…
Estetik əməliyyatın dalğası ondan da yan keçməyib. Deyir,
Ənliyi, kirşanı neylər camalın,
Sən elə binadan gözəlsən, Pəri.
Binadan gözəl olan Familə xanım özünü elə günə salıb ki, daha onun sənəti yox, uğursuz estetik əməliyyatdan çıxmış dodaqları müzakirə olunur. Hər evdə göyçəlilərin qınağı yerə-göyə sığmır: “A gözün tökülsün, haryana yaraşır, o boyda da dodağmı olar? Bəs, sənin dəyərin hanı?”
Bax, belə. Bir dünya sənət yarat, dəyərli illərini xərclə, hörmət, nüfuz qazan, o da bir dodaqşişirtmə istəyinin qurbanı olsun.
Düşünün möhtərəmlər, qazandıqlarınızla itirə biləcəklərinizi tərəziyə qoyub, sonra qərar verin. Kəsib-doğramağa dəyərmi?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button