Aslan İsmayılov: “Qoyun yerinə qoyulan və buna razı olan iş adamları”

Aslan İsmayılov

İki gün əvvəl bir sahibkarla söhbət zamanı öyrəndiyim biabırçı faktı araşdırmalı oldum. Məlumdur ki, Azərbaycan Respublikasında (bundan sonra AR) qüvvədə olan normativ sənədlərə əsasən verilmiş müvafiq sertifikatları olmayan yeyinti məhsullarının Azərbaycan gömrük ərazisinə daxil edilməsinə yol verilmir (“Yeyinti məhsulları haqqında” AR Qanununun 14-cü maddəsi). Məhz bu səbəbdəndir ki, AR dövlət sərhəddinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə) müşayiət olunmasının yoxlanılması – gömrük nəzarəti formalarından biridir (AR Gömrük Məcəlləsinin 92.2.3). Ölkəyə ət, yağ, pendir və digər yeyinti məhsullarını gətirən sahibkar qanunun tələbinə görə həmin məhsulun mənşə sertifikatını gömrük orqanlarına təqdim etməlidir (AR Gömrük Məcəlləsinin 1.0.38, 303-cü maddələr). Burada hər şey aydın və başa düşüləndir, bizi sevən hakimiyyət rəsmiləri bizim normal (mənşə ölkəsi məlum olan) yeyinti məhsulları ilə qidalanmağımızın qayğısına qalır. Lakin gömrük məntəqələrindən yeyinti məhsulunu ölkəyə idxal etmək üçün tələb olunan digər sertifikatların, xüsusilə də AR Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən baytarlıq şəhadətnaməsinin (AR Nazirlər Kabinetinin 25.09.2007-ci il tarixli 142 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən verilir) nə üçün tələb olunduğunu anlamaq üçün araşdırma aparmalı oldum. Bəlli oldu ki, həmin Xidmət yalnız bir parça arayış verməklə işini bitmiş sayır, sonra da həmin malın nə olduğunu, hansı keyfiyyətdə olduğunu heç cür araşdırmır və araşdıra da bilməz, çünki həmin malı heç vaxt görmür. Həmin arayışın da dəyəri 400 manatdır. Bəzən bir maşında 5-6 adda məhsul olduqda hər adda məhsul üçün ayrıca arayış tələb olunur. Bu da bəzən bir maşının gömrük nəzarətindən keçməsi üçün əlavə 2000 manat xərc tələb edir. Aydındır ki, bu məbləğ də həmin malın maya dəyərinə aid edildikdə malın qiymətini gözəçarpacaq dərəcədə artırır. Bu anormallığın nə ilə bağlı olduğu mənə çox maraqlı gəldiyindən əlavə araşdırma aparmalı oldum. Bəlli oldu ki, bu arayış biznesini əvvəllər “xod gedən” bir məmur-oliqarxın yaxın qohumuna yem yeri açmaq üçün yaradıblar. Sadəcə məni dəhşətə gətirən bu biabırçı hala məmurların göz yummasından daha çox həmin məhsulları ölkəyə gətirən iş adamlarının davranışıdır. Sadə desək, onların qoyun yerinə qoyulması və buna razı olmalarıdır. Heç olmasa, bundan sonra səsinizi ucaldın. Ölkə rəhbərliyi demir ki, qiymətləri qaldırmayın.

Bax, bu, mənim gördüyüm bir mənfi haldır ki, onun aradan qaldırılması həmin bu yeyinti məhsullarının dəyərinə dərhal təsir göstərəcək. Heç olmasa indi susmayın.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button