AŞPA Azərbaycanı müzakirə etməyə hazırlaşır

21.01.2013

Avropa Şurası Parlament Assambleyasının bazar ertəsi açılmış yanvar sessiyasında Azərbaycan üç müxtəlif hesabatlarla müzakirə olunacaq.

Yanvarın 23-də keçiriləcək iclasda Azərbaycan üzrə iki hesabat – Christoph Strasserin “Azərbaycanda siyasi məhbuslar məsələsinin ardı” və həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grechin “Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi” – və bu hesabatlara təklif olunan dəyişiklər müzakirə olunacaq, bu qətnamə layihələri üzrə səsvermə keçiriləcək.
Yanvarın 24-də isə məruzəçi Mats Johansson “Avropada mətbuat azadlığının durumu” hesabatını təqdim edəcək, hesabat müzakirə olunacaq və qəbul edilməsi haqqında səsvermə keçiriləcək.

Strasserin hesabatı

Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Strasserin hesabatına 85 siyasi məhbusdan ibarət siyahı daxildir. Cənab Strasserin çıxardığı nəticələr:
Azərbaycanda məhlkəmə prosesindən siyasi məqsədlərə nail olmaq üçün, opponentləri hədələmək və “neytrallaşdırmaq” üçün sui-istifadə olunur
Bu hədələmə strategiyası Avropa Şurasının üzv dövlətinə “yaraşmayan … oyundur”
Məruzəçi əmin deyil ki, Azərbaycandakı hakimiyyətin insan hüquqlarını qorumağa siyasi istəyi var, çünki “mən bir neçə il ərzində onlarla siyasi məhbuslar məsələsi və onun həlli haqqında konstruktiv dialoqa girməyə çalışsam da, onlar mənimlə əməkdaşlıq edə bilməyib”
Azərbaycan nümayəndələri onun irəli sürdüyü “praqmatik və konstruktiv” təklifləri qəbul edib dəstəkləsələr “mənim yanlış olduğumu sübut edə bilərlər”.
Ötən ay cənab Strasser BBC Azərbaycancaya demişdi ki, bu iclasa qədər “həbsdən buraxılan məhbuslar siyahıdan çıxarılacaq, yeni məhbuslar əlavə olunacaq – siyahı yenidən qurulacaq”.

Agramunt-Grech hesabatı

Azərbaycan tərəfindən öhdəliklərin və vəzifələrin yerinə yetirilməsi üzrə həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech Azərbaycanın Avropa Şurasına 2001-ci ildə daxil olmasını və qəbul etdiyi öhdəlikləri qeyd edib.
Hesabatın girişində qeyd olunur ki, Azərbaycan qanunvericiliyə lazımi dəyişikliklər edib, lakin bəzi qanunların tətbiq etməsində məhdudlaşdırmalar və ya qanun pozuntuları var.
Qərar layihəsində Azərbaycanın geosiyasi konteksti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın “Avropa lehinə istəkləri” müsbət qarşılanır, lakin Assambleya Azərbaycan hakimiyyətini aşağıdakı məsələlərə diqqət etməyə çağırır:
Prezident və parlament seçkilərində müşahidə olunan qüsurları həll edib plüralist demokratiyaya doğru addımlar atmaq
Siyasi partiyaların maliyyələşdirilməsi və korrupsiyaya qarşı mübarizə haqqında Klikləyin GRECO-nun tövsiyələrinə dair hərəkət etmək
Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək və hər hansı təzyiqlərə yol verməmək
İddia olunan siyasi məhbuslar və vicdan məhbuslarının işlərinə baxıb “narahatedici halları” həll etmək üçün mümkün addımları atmaq
Hüquq mühafizə orqanları tərəfindən müşahidə olunan işgəncə və pis rəftar hallarını aradan çıxarmaq, bununla bağlı cəzasızlığa son qoymaq
İfadə azadlığına, sərbəst toplaşmaq azadlığına, birləşmək azadlığına məhdudiyyətləri aradan qaldırmaq.

Johanssonun hesabatı

“Avropada mətbuat azadlığının durumu” adlanan hesabatda 2010-2012-ci illər arasında, 14 ölkədə mətbuat azadlığının “ciddi” pozulması haqqında müşahidələr qeyd olunur.
Bu ölkələr arasında Azərbaycan, Belarus, Britaniya, Ermənistan, Rusiya və Türkiyə var. Azərbaycana gəldikdə qeyd olunan hallar:
Eynulla Fətullayev, Amanda Erickson, Celia Davies, Ermin Milli və Adnan Hacızadənin söz azadlıqlarına ciddi pozuntular olub
Jurnalistlərə qarşı ölümlə nəticələnən hallara misal olaraq Rafiq Tağının bıçaqlanaraq öldürülməsi qeyd olunur
Məruzəçi Mats Johanssonun çıxardığı nəticələrindən biri odur ki, bir neçə üzv dövlətdə polis və məhkəmə işçiləri “jurnalistləri qorumayıb, onlara qarşı fiziki hücumları lazımınca araşdırmayıb”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button