ATƏT DTİHB seçkilərə 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi göndərəcək

Martın 2-də ATƏT DTİHB-nin qiymətləndirmə missiyası fevralın 21-22-də Bakı səfərinin yekunlarını açıqlayıb. Səfər 11 aprel prezident seçkilərilə bağlı vəziyyətin öyrənilməsi ilə əlaqədar olub.

12 səhifəlik hesabatda ictimai-siyasi durum, qanunvericiliyin vəziyyəti, onun tətbiqi təhlil edilir. Həmçinin seçki qanunvericiliyinin bu və ya digər müddəalarının tətbiqi, dövlətin müxtəlif məsələlərə dair siyasəti ilə bağlı məlumatlar əksini tapıb.

ATƏT DTİHB-nin əvvəlki hesabatları ilə müqayisələr aparılıb.

Hesabat hakimiyyət nümayəndələri, parlament üzvləri, siyasi partiyalar, vətəndaş cəmiyyəti və mətbuat təmsilçiləri ilə görüşlər və danışıqların əsasında yazılıb.

Hesabatın rəy və tövsiyələr bölməsində deyilir ki, missiya həmsöhbətlərinin əksəriyyəti DTİHB-nin qarşıdakı seçkilərlə bağlı monitorinqinin önəmli olduğunu qeyd ediblər.

Dövlət müəssisələrinin nümayəndələri bildiriblər ki, seçki prosesi şəffaf və beynəlxalq demokratik seçki standartlarına uyğun keçiriləcək.

Onlar ATƏT DTİHB-nin müşahidələrini və seçki prosesinin yaxşılaşdırılmasına dair istənilən potensial tövsiyələrini alqışlayıblar.

DTİHB hesab edir ki, seçki qanunvericiliyinin reallaşması, seçki administrasiyasının effektivliyi və qərəzsizliyi, seçki kampaniyasının keçirilmısi, əsas azadlıqlara əməl olunması, seçkilərin KİV-də işıqlandırılması, səslərin hesablanması da daxil olmaqla, seçki prosedurunun idarə edilməsi kimi məsələlərə xüsusi diqqət yetirmək lazımdır.

DTİHB seçkiləri müşahidə etmək üçün missiya göndərilməsini tövsiyə edir.

DTİHB əsas ekspertlər qrupuna əlavə olaraq ATƏT ölkələrindən 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi istəyəcək. Onlar ölkə boyunca seçki prosesini və seçkilərin özünü müşahidə edəcəklər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button