ATƏT-in fəaliyyətdə olan sədri cəbhədəki gərginlik barədə məlumatlandırılıb

Frank Valter Ştaynmayer

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov cəbhədə yaranmış son gərginliklə əlaqədar Almaniyanın Xarici İşlər naziri, hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən azertag.az-a bildiriblər ki, Elmar Məmmədyarov qoşunların təmas xəttində yaranmış gərginliklə əlaqədar almaniyalı həmkarına məlumat verib. O bildirib ki, mülki şəxsləri hədəfə alaraq qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub. Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini vurğulayıb. O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.

Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazirin digər həmkarları ilə də təmasları nəzərdə tutulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button