Atası Nemətlə Vəzirova xəbər göndərdi ki…

nemet

Həcər Pənahlı: “Səlim Müslümova dəfələrlə müraciət etdim, 6 uşağın durumunu yazdım, atalarının həbsdə olduğunu xatırlatdım…”

 

Strateq.az-ın “16-1” layihəsində bu dəfə hazırda həbsxana həyatı yaşayan Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlıdır. O, Nemətin həbsindən danışır. Həcər xanımı dinlədikcə, adamın içi parçalanır. Nemətin həbsindən sonra başlarına gələnlər, öhdəsində qalan 6 azyaşlı uşaq və problemlər yığını. Asan deyil. Özü demiş, hələ yaxın-uzaq adamların laqeydliyi də bir tərəfdən.

Nemət Pənahlı Milli Azadlıq Hərəkatının şəriksiz liderlərindən biridir. Bir zamanların meydan qəhrəmanı olub. Heç nədən şərlənərək həbs olunub və ona verilən 6 ilin 5 ilini həbsdədir. Həcər xanımın bu müsahibəsi indiyə qədər məlum olmayan bəzi maraqlı məqamları gün işığına çıxarır. Nemət Pənahlı ilə münasibətlərin daim gərgin olmasını istəyən biriləri var, Neməti sakit oturmağa qoymayan bir qüvvə var və o qüvvə hər zaman istəyib ki, Nemət prezidentlə toqquşsun. Həcər xanım gizlətmədən bu məqamları deyir və məsələyə böyük ölçüdə aydınlıq gətirir.

Nemət Pənahlıya yaxın zamanlarda azadlıq diləyi ilə Həcər xanımla müsahibəni təqdim edirik. Allah Sizi tezliklə qovuşdursun, Neməti balalarının yanında eləsin, Həcər xanım!

 

 

Nemətə gün ərzində 1 saat hava verirlər

 

– Nemət bəyin vəziyyəti necədir?

 

– Nemət bəyin sağlıq durumu heç də yaxşı deyil. Həbsxanada qazandığı şəkər xəstəliyindən daima əziyyət çəkir. Ona hər zaman ədalətsizlik olduğunu bilirsiniz. O ədalətsizlik bu gün də davam edir.

 

– Saxlanma şəraitindən hər hansı bir narazılığı varmı?

 

– Saxlandığı şərait xəstəliyinin günü-gündən ağırlaşmasına səbəb olur. Hərəkətsizlik, havasızlıq. Orada havaya gün ərzində bir saat çıxarırlar. Ona da əgər hava demək olarsa. Dörd tərəfi bağlı, sadəcə üstü açıq beş-altı kvadrat metrlik bir ərazi. Oranın şəraiti belədir.

 

– Nemət Pənahlı Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsində nə qədər saxlanılacaq?

 

– Əslində, fevral ayında Qobustandakı zamanı bitir. Amma nə bilmək olar, bəlkə zamanı bitənə qədər təzə bir bəhanə fikirləşdilər orada saxlamaq üçün. Bilmək olmaz.

 

– Əslində, Qobustana göndərilməyinin səbəbi nə oldu?

 

Onun Qobustana aparılması heç yadımdan çıxmaz

 

– Bilirsinizmi, Əvəz bəy, düşünmədən deyə bilərəm ki, Nemətin bütün həyatını vərəqləsəniz görərsiniz ki, bu yaşına qədər başına gələn bütün müsibətlərin səbəbi nədirsə, elə Qobustana göndərilməsinin səbəbi də odur. Haqsızlığa dözə bilməmək, nə olursa-olsun məzlumun yanında olmaq, zülmə baş əyməyi bacarmamaq. Nemətin bütün həyatı belə keçib. Təbii ki, saxlandığı cəzaçəkmə müəssisəsində də o qədər belə hallar vardı ki. O, bu hallar haqda danışanda bilirdim ki, dözməyəcək. Əmin idim ki, Nemət laqeyd qalmayacaq. Ona görə də özümü əvvəlcədən ən pisinə hazırlamışdım. Düşündüyüm kimi də oldu. Nemət orada da başladı zülmə məruz qalmış dustaqların müdafiəsinə. Bu da çox böyük səs-küyə səbəb oldu. Bu məsələlər o vaxt uzun müddət mətbuatdan düşmədi. Ona görə aparıb saldılar Qobustana ki, səsini çıxara bilməsin. Onun Qobustana aparılması heç yadımdan çıxmaz. Bir ay karsda saxladılar. Heç nə vaxt apardıqlarını da bildirmədilər. Bir vaxt xəbər tutduq ki, Qobustandadı.

 

hecer

Bu ölkədə 4-ü oğlan 6 övlad böyütmək…

 

– Öhdənizdə azyaşlı uşaqlar çoxdur – 6 övladınız olmalıdır, Sizə çətin deyil ki?

 

– Bəli, 6 övladımız var, böyüyü 22, kiçiyi 12 yaşlarında. Təbii ki, çox çətindir. Əslində, mən çətinlikdən qorxan adam deyiləm. Amma hətta desəm ki, bu zamanda, bu ölkədə 6 övlad böyütmək, hələ-hələ dördü oğlan olan 6 övlad böyütmək asandır, təbii ki, heç kim inanmaz. Təsəvvür edin ki, mən Nemət həbs olunandan bu yana dəfələrlə Səlim Müslümova ərizə ilə müraciət etdim, 6 uşağın durumunu yazdım, atalarının həbsdə olduğunu xatırlatdım. Bu günə kimi mənim ərizəmə cavab da yazan olmadı. Uşaqları tək, sadəcə öz gücümə böyüdürəm. Dar gündə özünüz də bilirsiniz ki, dost-tanış, qohum-qardaş da yad olur. O mövzuya heç girməsəm yaxşıdır. Bizim dostumuz da, arxa dayağımız da Allahdır. Təvəkkül edirik, yəqin ki, Allah yaratdığını ümidsiz qoymaz.

 

– Övladlarınız neçə yaşlarındadır və Nemət haqqında, onun mübarizəsi haqqında anlayışları varmı?

 

– Təbii ki, onlar ağılları kəsən gündən yaşadıqları şərait istər-istəməz çox geniş bir məlumata sahib olmalarına səbəb olub. Evimizdə bu barədə kifayət qədər söhbətlər olub, Nemətin böyük bir video arxivi var, onları izləyiblər, Milli Azadlıq Hərəkatı haqda bütün gerçəkləri dönə-dönə Nemətin öz dilindən dinləyiblər.

 

Oğlanların dördü eynən Nemətin özüdür

 

– Yəni “övladları Nemətin yolundadır” demək olarmı?

 

– Bilirsiniz, məncə bir insanın eynən başqasının yolunda olması mümkünsüzdür. Təbii ki, Nemət Pənahlının övladları olduqları özünü göstərir. Oğlanların dördü də deyərdim ki, eynən Nemətin özüdür. Nemət kimi həssas, hamıya yanan, haqsızlığı qəbul edə bilməyən, ən əsası da başqasını qorumaq üçün düşünmədən özünü oda atan… Sözsüz ki, bu gün dəqiq söz demək çətindir. Hələ onlar tam bir insan kimi formalaşandan sonra bilmək olar. Amma ataların bir məsəli var: “Ot kökü üstə bitər.” Mənim də istədiyim zatən budur, ataları kimi ləyaqətli və qürurlu olsunlar, başqa da bir şey istəmirəm. Hələ ki, belə görünür. Vaxtınızı çox almıramsa, sizə bir əhvalat danışım. Bizim böyük oğlan, Orxan uşaqlıqda çox davakar idi. Hər gün üstü-başı dağılmış vəziyyətdə evə gəlirdi və buna görə çox ciddi şəkildə tənbeh olunurdu. Bir gün bir də belə vəziyyətdə evə gəlsə ona ciddi cəza verəcəyimi dedim. Amma təsəvvür edirsiniz, o gün Orxan evə əvvəlkilərdən də betər vəziyyətdə gəldi. Qapını açanda gözümə inanmadım. Üstü-başı nə halda. Qorxa-qorxa içəri girdi və məni qabaqladı, “ana, dayan, deyim” dedi: “Dayanacaqda bir qız dayanmışdı, iki oğlan da ona söz atırdı. Bərk əsəbiləşdim”, sənə nə, dedim, “sənə nə, bəlkə qız özü şərait yaradıb.” Baxdı ki, bərk əsəbiləşmişəm, nə desə yaxşıdır. “Yox, ana, vallah, düzdür qız hicablı deyildi, amma hicablanmağa hazırlaşırdı.” Bu söz məni o qədər güldürdü ki. Mən bilirəm ki, bu xüsusiyyətlər oğlanlara həm genetik baxımdan, həm də tərbiyə nöqteyi-nəzərindən Nemətdən keçib.

 

Nemətin atası son anda “Neməti istəyirəm, Neməti gətir mənə” dedi

 

– Nemət bəy həbsdə olanda atasını və anasını itirdi – bu ağır proseslərdən necə çıxdınız?

 

– Bu fakt Nemətin nəinki həbsdə olduğu dönəmdə, deyərdim ki, bəlkə də bütün həyatı boyu yaşadığı ən böyük ağrı, aldığı ən güclü zərbədir. Ən ağrılı yerimizdir bu bizim yəni. Bir ömür Nemətin atasının son dəqiqələri yadımdan çıxmaz. Bunu heç vaxt gözümün yaşını tutaraq anlada bilməmişəm. Səhər-səhər evdə halı pisləşdi. Zatən çəkə bilmirdi bu dərdi. Halı pisləşəndə Nemətin böyük bacısı soruşdu ki, “qağa, nə istəyirsən?” Aciz-aciz baxdı üzünə, inanın ki, içinin yanğısını hiss edirdim. Dedi, Neməti istəyirəm, Neməti gətir mənə. Nemətin yeri ata-anası üçün həmişə başqa idi. Bunu həmişə belə izah edirdilər ki, Nemətin həmişə başı bəlalı olub, tutduğu yola görə həmişə ondan narahat olmuşuq. Amma mən bilirəm ki, səbəb təkcə bu deyil. Nemət ata-anasına qarşı aşırı dərəcədə mehriban idi, onların qayğısı Nemət üçün hər şeydən öndə gəirdi. Hamı valideynlərini sevir, amma inanın ki, mən ata-anasına qarşı bu qədər düşkün, bu qədər həssas insan görməmişdim. Yəqin ki, elə buna görə Allah Neməti onlarla da sınağa çəkdi, onları Nemət həbsdə olanda apardı, Nemətin çiynində getməyi də nəsib etmədi onlara. İnanın ki, atasının gözü son dəqiqəsinə qədər Neməti axtardı. Gözünü zorla aça biləndə, ancaq onu deyirdi “ Nemət gəldi?”

 

– Əfv məsələlərinə Nemət necə baxır?

 

– Əfvdən danışanda Nemət həmişə peyğəmbərimizin bir duasını xatırladır. Bilirsiz yəqin ki, peyğəmbərimiz haqqı bəyan edib, insanları Haqq yola dəvət edəndə çox böyük təzyiqlərə, zülmlərə məruz qalıb. Ona və tərəfdarlarına edilən zülm və sayqısızlıq islam tarixini az-çox bilən hər kəsə məlumdur. Amma bütün bunların qarşılığında peyğəmbərimizin bir dua heç vaxt dilindən düşməyib. “Allahım Haqqı görməkdə gözləri kor olan bu cahil insanları bağışla, onlara Haqqın yolunu göstər, onları cəhənnəm alovundan qoru, onları cəzalandırma, çünki onlar cahildirlər.” Bəlkə də buna inanmaq çoxlarına çətin olar, amma bu bir həqiqətdir ki, Nemət ona və ailəsinə diri gözlü bu dünyada cəhənnəmi yaşadanlara belə Allahdan əfv diləyir. Çünki peyğəmbər əxlaqını özünə örnək almış bütün insanlar bu cür davranırlar.

 

Nemətin problemləri vəzifəsindən istefa verəndən sonra başlayıb

 

– Hər əfv öncəsi siyasi məhbuslarla görüşürlər, Nemətlə görüşən olmamışdı?

 

– Gizlətməyəcəyəm, olub. Ad çəkmək istəmirəm, Nemətlə həbsxana rəisindən tutmuş, ən yüksək məqamlarda olan adamlar da söhbət aparıblar. Təbii ki, nəticə olmayıb ki, Nemət də azadlığa buraxılmayıb. Amma mən bu barədə bir az mümkündürsə, geniş danışmaq istəyirəm. Bilirsiniz, əslində Nemətin və eləcə də bizim bütün ailənin problemləri çox-çox əvvəllərdən, Nemət vəzifəsindən istefa verəndən sonra başlayıb. İnanın, sanki ailəmiz hər tərəfdən blokadaya alınmışdı. Çox şeylər yaşadıq, çox. Bunları detal-detal danışmaq istəmirəm. Mənsə həmişə Neməti inandırmağa çalışırdım ki, sən istefa verib gəlib sakit oturmusan yerində, sanki kimlərsə səni ayağa qaldırmağa çalışır. Sanki kimlərəsə sərf edir ki, sən sakit oturmayasan, aqressivləşəsən, ciddi müxalifət mövqeyi tutasan. O zaman bilirsiz ki, dövlət təzə qurulmuşdu, müstəqilliyimiz hələ çox körpə çağlarını yaşayırdı. Mən bilirdim ki, Nemət bunu istəmir. Həmişə deyirdi ki, hər şeydən önəmli müstəqilliyimizin qorunub saxlanmasıdır. Deyirdi, xalq hələ özü də nə yaşadığını, hansı nailiyyətə imza atdığını tam mənada anlamır. İllər keçdikcə müstəqilliyimizin dəyəri daha aşkar görünəcək, təbii ki, qoruyub saxlaya bilsək. Buna görə Nemət demək olar ki, 18 il susdu. Çox adam ondan soruşurdu ki, niyə ortalarda yoxsan, niyə susmusan, inanın ki, bir yerə çıxan kimi heç tanımadığımız adamlar alırdılar Neməti dövrəyə ki, danışsın. O ərəfədə ətrafına adam da yığa bilərdi, amma eləmədi. Amma bu arada ailəmizə basqılar səngimirdi.

 

nemet-2

Neməti yanımdan qandallayıb apardılar

 

Hətta bir dəfə Naxşıvana getmişdik, Neməti Naxçıvana çatan kimi, hava limanındaca yanımdan qandallayıb apardılar. Qaldım tək-tənha tanımadığım bir yerdə. Amma çox keçmədi ki, buraxdılar. Nemət gülə-gülə danışırdı ki, mənim yanımdaca Bakıya məlumat verdilər ki, Neməti həbs eləmişik, oradan elə bir cavab aldılar ki, qorxudan beş dəqiqə çəkmədi məni bayıra çıxarmaqları. Demişdilər ki, bu nə özbaşınalıqdır, sizə kim göstəriş verib, biz bəyəm Nemət Pənahlını tutmaq istəyirdik, tuta bilmirdik? Onda mən Nemətə dedim ki, bax görürsən, sənə qarşı bütün münasibətlər belədir. Kimlərsə səni qəsdlə qıcıqlandırmağa çalışır, kimlərsə bununla öz aləmində medal qazanmaq istəyir. Çünki səmimi deyirəm ki, mən bunu təxribatdan başqa heç nəyə bənzətmirdim. Oturduğumuz yerdə elə şeylərlə qarşılaşırdıq ki. Təsəvvür edirsiz, təxminən 2004-2005-ci illərdə Nemət Şamaxıda, atasının yaşadığı həyətə bulaq suyu çəkmişdi, o bulaq suyunu qablaşdırıb satışına başlamaq istədi, ailəni nə cürsə dolandırmaq lazım idi. Maddi durumumuz çox pis idi. Nemət nə qədər borca girdi, bu günə kimi o borcları ödəyib qurtara bilməyib. İşini təzəcə qurtarmışdı ki, təzyiqlər başladı. Gah suyun borularını kəsdilər, gah Nemətə məxsus əraziləri satdılar. Nemətin o kəndin bələdiyyəsi ilə çox böyük problemləri oldu. Bələdiyyə qoçu dəstəsi yığıb gəlmişdi Nemətin üstünə ki, çıx bu kənddən və Neməti əsəbin, qıcığın son həddinə çatdıranda da demişdi ki, bizə yuxarıdan tapşırıblar ki, sənin başına oyun açaq, qoymayaq iş qurasan. Yuxarı kim olar sizcə? Onda Nemət səsini ölkə prezidentinə çatdırmağa çalışdı. Heç cür yol tapmadı. İnanın ki, Nemət heç vaxt istəməyib ciddi şəkildə hər hansısa bir addım ata. Amma qoymadılar, o dözdükcə, dözməsin deyə hər yola əl atdılar.

 

Niyə bu gün danışıram?

 

Düşünürəm ki, hər dəfə Neməti bu həddə çatdıranda, onun dilindən çıxan hər bir kəlməni ölkə başçısına çatdırıblar, səbəbləri isə təbii ki, yox. Bütün bunları bu gün niyə danışıram? Çünki eyni hal bu 5 ildə həbsxanada da davam etdi, eynən. Mən artıq adım kimi əminəm ki, kimlərsə Nemətin bu hakimiyyətlə sülh şəraitində yaşamasını istəmirlər və bunun üçün əllərindən gələni ediblər. Qətiyyən düşünməyin ki, mən durumu yumşaltmaq və hər hansısa qorxu hissindən bunu deyirəm. Bizə zatən olan olub. Zatən biz yaşayacağımızı yaşamışıq. Hər kəs kimi biz də bir can borcluyuq, ya bir gün gec, ya bir gün tez. Ancaq istər-istəməz haqsızlıq, səsini çatdıra bilməmək, gerçəklərin gizlədilməsi adamı yandırır axı. Hətta Nemətlə söhbətlər aparanda belə bu niyyət o qədər açıq-aşkar bəlli olub ki, hər dəfə. Məsələn, Nemət deyirdi ki, başa düşürdüm ki, bu gün bu adam mənimlə əfv mövzusunda danışmağa gəlib. Amma görürdüm ki, təklif belə etmək istəmir ki, birdən yazaram deyə. Əksinə, məni qıcıqlandırmağa, özümdən çıxarmağa çalışır. İstintaq təcridxanasından bu yana eyni şey dəfələrlə təkrar olunub.

 

– Siyasi hakimiyyətə münasibətiniz necədir?

 

– Siyasi hakimiyyət deyəndə, hakimiyyət bir adamdan ibarət deyil axı. Xüsusilə də bizim ölkədə ayrı-ayrı cəbhələrin olduğu göz qabağındadır. Mən bu məsələyə birmənalı şəkildə yanaşmıram. Hakimiyyətdə təmsil olunan ayrı-ayrı adamlara münasibətim tam fərqlidir. O ki qaldı konkret ölkə başçısına, hesab edirəm ki, siz də mənimlə razılaşarsınız ki, bu ölkədə baş verənlərlə bağlı ölkə prezidenti olduğu kimi məlumatlandırılsa, hər şey yaxşı olardı. Bu barədə bu yaxınlarda prezident özü çıxışında da demişdi ki, məmurlarım mənə yalan məlumatlar verirlər. Hər adamın da o imkanı yoxdur axı ki, prezidentlə üzbəüz görüşə, dərdini birbaşa anlada. Buna bu gün Nemət kimi adam nail ola bilmirsə, sıravi insanlar neyləyə bilərlər. Hətta Nemətin bu tələbinə bir dəfə həbsxanada bilirsiz nə demişdilər: “Səni görüşdürək, gedib bizdən şikayət edəsən?”

 

Nemət həyatı boyu şəxsi mənafeyini milli mənafedən üstün tutmayıb

 

– Bu hakimiyyətin qurulmasında Nemətin də rolu olub. Bu haqda bir düşüncələri varmı?

 

– Təbii ki, bu hakimiyyətin qurulmasında Nemətin rolu böyük olub və bunu bütün cəmiyyət də bilir. Buna görə də həmişə hakimiyyətə qarşı olanlar tərəfindən qınaq yeri olub. Əslində bu təbii haldır, hakimiyyəti sevməyən insanlar təbii ki, Neməti qınayacaqlar. Ancaq hakimiyyətdə oturub, əlində hər cür imkanları olan, dünyanın kefini çəkən insanların Neməti kobud desək borclu çıxarmasını nə başa düşmək olmur, nə də qəbul etmək. Yadımdadır ki, İstintaq Təcridxanasında saxlananda, o təcridxananın rəisi bir vaxtlar bu hakimiyyətə dəstək verdiyinə görə Neməti qoyub qabağına elə danlayırdı ki, bir tərəfdən də hakimiyyətin səfasını yaşayırdı. Bax adamı yandıran budur. Onda fikirləşirsən ki, görəsən hamının hakimiyyətə görə qınadığı Neməti, hakimiyyət nəyə görə cəzalandırır? Şəxsən mənim bircə şeyə görə vicdanım rahatdır ki, mən Neməti kifayət qədər tanıyıram və bilirəm də ki, Nemət həyatı boyu şəxsi mənafeyini milli mənafedən üstün tutmayıb. Həyatı boyu çirkin niyyəti olmayıb. Siyasi səhnəyə gəldiyi gündən bəri yanlış, ya doğru nə addım atıbsa, millətini düşünərək atıb. Mən buna adım kimi əminəm. Bu gün bu hakimiyyətin zindanında zillət çəkir, amma yenə də pislə bərabər yaxşını da deyir. Yenə heç bir yadın bu ölkədə at oynatmasına könlü əl vermir, yenə də ölkənin bütün problemləri ölkə daxilində həll olunmalıdır deyir. Bu da Nemətin dəyişməyən əxlaqıdır ki, hərə bunu bir cür başa düşür. Nemətin atası təzə rəhmətə getmişdi, dəfninə də buraxılmamışdı, çox pis durumda idi. Dəfndən sonra getdim yanına, xeyli söhbət elədik. Dedi ki, bilirsən yadıma nə düşüb. Atam məndən hələm-hələm nəsə xahiş eləməzdi. Elə bil ki, həmişə ehtiyat edərdi. Amma ömründə məndən bircə dəfə bir xahiş elədi. Çağırdı məni yanına dedi ki, Nemət səndən bir xahişim var, sən Vəzirovla görüşə bilirsən, görüşəndə mənim də bir kəlimə sözümü ona çatdır, ona de ki, adam kişi olar, Heydər Əliyevə qarşı elədikləri ona başucalığı gətirməz, Heydər Əliyev də bu xalqın oğludu, əl çəksin ondan. Bilirsiz, Nemət bunları danışdıqca nə hal yaşayırdı o vəziyyətdə. Amma indi durum deyim ki, təəssüf edirdi ki, niyə mənim atam belə ləyaqətli davranıb, qətiyyən. Mənə görə prinsip də, əqidə də məhz budur, heç bir halda, heç bir şəraitdə dəyişmir.

 

Nemət Pənahlı kitab yazır

 

– Həbsdə nəsə yazırmı – kitab, gündəlik?

 

– Bəli, şeirlər yazır və bir də bütün həyatını və təbii ki, siyasi fəaliyyətini. Milli Azadlıq Hərəkatını əks etdirən “Əbədiyyət Yolçusu” kitabının üzərində işləyir.

 

– Nemətlə tez-tez görüşə bilirsinizmi? Görüşlərinizə və telefon danışıqlarınıza əngəl yaratmırlar ki?

 

– Yox, məhdudiyyət olmur. Qobustanın qaydaları zatən məhdudiyyətlidir. 3 ayda bir dəfə görüş verirlər. Həftədə də iki dəfə telefon danışığı.

 

Hazırladı:

Əvəz Zeynallı

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button