Atasına Elgiz Sadıqlı ilə görüş izni verilməyib

Elgiz Sadıqlı

”Elgiz qardaşına görə diskriminasiyaya məruz qalır”

Əlövsət Sadıqlı inzibati qaydada həbs edilmiş oğlu Elgiz Sadıqlı ilə görüşə bilməyib.

Bu barədə Əlövsət Sadıqlı “Facebook” səhifəsində yazıb.

Bildirib ki, oğlu Elgiz Sadıqlı hazırda Daxili İşlər Nazirliyinin Binəqədidəki inzibati qaydada həbs edilən şəxslər üçün saxlama məntəqəsindədir.

“Elgizlə görüşmək və bayram sovqatı çatdırmaq üçün məntəqəyə getdim. Normal qarşılandım, amma Elgizlə görüşəcəyimi bildirdikdə kabinetə keçdilər, kiminləsə əlaqə saxladılar. Ardınca mənə bildirdilər ki, görüş baş tutumayacaq. Bunu görüş məsələsi ilə bağlı qərar verən şəxslərin iş başında olmaması ilə izah etdilər. Dedilər ki, bayram günləri başa çatanadək görüş olmayacaq. Halbuki, məntəqədə saxlanılan başqa şəxslərlə görüşə icazə verilib. Elgiz qardaşına görə diskriminasiyaya məruz qalır. Bu baxımdan azadlığa çıxmadan və ya azadlığa buraxıldıqdan sonra yenidən şərlənərək həbs ediləcəyini istisna etmirəm”.

Elgiz Sadıqlı fevralın 23-də saxlanıb. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Fevralın 28-də Bakı Apelyasiya Məhkəməsi E.Sadıqlı barəsində verilmiş qərarı qüvvədə saxlayıb.

E.Sadıqlı məhkəmədə ona polisdə işgəncə verildiyini söyləyib. Bu barədə atası Əlövsət Sadıqlı mətbuata danışıb.

Onun sözlərinə görə, oğlunun vəziyyəti yaxşı deyil. Ə.Sadıqlı bunu da vurğulayıb ki, bəzi məqamlarla bağlı Apelyasiya Məhkəməsindən sonra açıqlama verməyi nəzərdə tutur.

Bundan öncə Ə.Sadıqlı özü də fevralın 18-də saxlanılmışdı və növbəti gün sərbəst buraxılmışdı. Polis ona oğlu Tural Sadıqlının xaricdəki fəaliyyətilə bağlı irad tutub.

E.Sadıqlı bundan öncə qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq həbs edilib.

Onun doğmaları bildiriblər ki, E.Sadıqlı qardaşı T.Sadıqlının xaricdə siyasi fəaliyyətinə görə təqib olunur. T.Sadıqlı Azərbaycan hökumətini tez-tez tənqid edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button