ATU-nun rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü

atu 2ATU-nun  rektoru Əhliman Əmiraslanov Prezident təqaüdçüləri ilə görüşdü

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanov qəbul imtahanlarında yüksək nəticə göstərərək universitetə qəbul olan  Prezident təqaüdçüləri ilə görüş keçirdi.

Rektor Ə.Əmiraslanov çıxış edərək, cari ildə Tibb Universitetinə 24 nəfər Prezident təqaüdünə layiq görülən gəncin qəbul olduğunu bildirdi. Onun sözlərinə görə, bu tələbələr yüksək bal topladıqları üçün möhtərəm Prezidentimiz tərəfindən “Prezident təqaüdü” ilə təltif ediliblər: “Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizinlə qürur duyuram. Siz bu universitetin fəxrisiniz, qaymaqlarısınız. Biz fəxr edirik ki, siz məhz bizim universiteti seçmisiniz”.

Akademik Ə.Əmiraslanov tələbələrə ATU-nun maddi-texniki bazası, təhsil sistemi, imtahanların keçirilmə qaydası və tələbə yataqxanaları haqqında da ətraflı məlumat verdi. O, universitetdə bütün imtahanların  insan faktoru olmadan, kompüter vasitəsi ilə, Virtual Test Mərkəzində (VTM) keçirildiyini dedi: “ATU-da yaradılmış 4 möhtəşəm klinika universitetimizin əsas maddi-texniki bazasını təşkil edir. Bu klinikalar elmi texnologiyaların ən son innovativ avadanlıqları ilə təchiz olunub. Beynəlxalq standartlara uyğun olan bu təchizat ATU-da elmin və təhsilin yüksək səviyyədə aparılmasına geniş imkanlar verir”.

Rektor Əhliman Əmiraslanov həmçinin ATU-da tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilmiş 6 yataqxana binasının fəaliyyət göstərdiyini bildirdi. Onlardan 1 və 6 saylı yataqxanalarda ATU-da təhsil alan oğlan tələbələr, 2 və 3 saylı yataqxanalarda qız tələbələr, 5 saylı yataqxanada isə xarici tələbələr yerləşdirilib. 4 saylı yataqxanada müvəqqəti olaraq məcburi köçkünlər məskunlaşıb. Hazırda ATU-nun 1 saylı yataqxanasında 172 nəfər, 2 saylı yataqxanasında 160 nəfər, 3 saylı yataqxanasında 291 nəfər, 5 saylı yataqxanasında 273 nəfər, 6 saylı yataqxanasında isə 368 nəfər tələbənin yaşadığını da tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirin sonunda rektor Ə.Əmiraslanov Prezident təqaüdünə layiq görülmüş tələbələrin hər birinə hədiyyələr təqdim etdi.

atu atu 2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button