Autizm – xəstəlik, yoxsa sindrom

Vaqif  Hüseyn

Psixologiya üzrə fəlsəfə doktoru

Scan-160106-0001

Məxsusən xural.com üçün

Yüzlərlə məqalə oxuduqdan, radio və televiziya verilişlərinə baxıb dinlədikdən, bu sahədəki elmi araşdırmalara tənqidi yanaşmalardan sonra şübhələr daha da artdı; Dünyada Autizm adında xəstəlik varmı? Yoxdur! Əlbəttə qəti qərar çox vaxt nöqsanlı ola bilir, amma çalışacağam ki, fikrimdə və qərarımda haqlı olduğumu əsaslandıra bilim. Çox uzağa getməyəcəyəm; Bu yaxınlarda “quş qripi”, “donuz qripi”, “ebola” və s. qorxusu, vahiməsi yaradıb 7 mlrd dollardan (qəzetlərdə bu haqda məlumat getmişdi) çox pul qazanan, İsveçrə və başqa əczaçılıq sənayesi birlikləri bu pulun 10%-ni xərcləməklə, görəsən, daha hansı yeni xəstəliklər kəşf edib, daha yeni qorxulu xəstəliklər, sindromlar, adlar uyduracaqlar? Dünyada mafiya babaları Siciliyaları heyrətdə, ağzı açıq qoyan əzcaçılıq sənayesi mafiozlarının diktəsi ilə daha hansı xəstəliklər peyda olacaq və yeni vaksinlərlə (əsasən, 3-cü ölkələr) daha neçə milyardlar qazanacaqlar? Elə həmin vaksinlər vasitəsilə qeyri-müəyyən xəstəliklərə səbəb ola biləcək əlavə və qarışıqlardan istifadə olunmayacağına kim qarant ola bilər ki?

Məncə, “Autizm” də Dünyaya bu yolla, bu məqsədlə sırınan xəstəliklərdən biridir.

“Autizm” nədir? İlk dəfə elmdə 1938-ci ildə Vyana Universiteti xəstəxanasının tədqiqatçı həkimi Hans Asperger uşaq psixologiyası ilə bağlı apardığı araşdırmalar zamanı “austik psixopatlar” terminologiyasından istifadə etmişdir. 1981-ci ilə qədər “Asperger sindromu” olaraq bilinən “ASP sindromu” bir diaqnoz olaraq tanınmışdır. 1943-cü ildə amerikalı alim Leo Konner John Hopkins xəstəxanasında 11 uşaq haqqında yazdığı hesabatında ilk dəfə olaraq erkən “infantil autizm” terminindən istifadə etmişdir. Konnerin “autizm” terminindən istifadə etməsi sonralar “infantil şizofreniya” (bu terminə diqqət edin) kimi terminologiya qarşılığına gətirib çıxarmasına səbəb oldu.

“Autizm” nədir? Bir neçə versiya, izah səsləndirilir və qabaqcadan deyim ki, bunlardan heç biri tamamilə sübut olunmamışdır. Bəziləri hesab edir ki, “Autizm” – beynin inkişafının, xromosom anomaliyalarının və ya onların gen mutasiyalarının pozulmasıdır. Bəzi mütəxəssislərə görə “Autizm” – intellektin az olmasıdır. Bu versiyalar da özünü doğrultmadı, məlum oldu ki, autist hesab olunan uşaqların çoxunun orta intellekt səviyyəsi ya yuxarı, ya da çox yüksəkdir. Oxuduğum məqalələrdən biri həqiqətə daha yaxın olduğu üçün diqqətimi özünə çəkdi. Gülxar Şəriflinin Çiçək Məmmədli ilə müsahibəsində (“Olaylar”, 2012-ci il) Çiçək xanım deyir:

““Autizmin” dörd əsas yaranma səbəbi var:

Birincisi, genetik faktor. Bundan başqa, peyvəndlərdən, infeksiyalar nəticəsində baş-beyində inkişaf pozğunluğu yaranır. Ailədə baş verən münaqişələr nəticəsində uşaqda özünəqapanma yaranır. Ona görə də gərək ailədə baş verən problemlər uşağa bildirilməsin. Amma bunların heç biri 100% təsdiqlənmiş səbəblər deyil. Tam səbəb müəyyən olunmayana qədər hər biri fərziyyə olaraq qalır.”

Afərin! Çox doğrudur! Onda qətiyyətlə demək olar ki, bu sualın cavabı yoxdur! Bəs nə baş verir? 2000-ci ildən başlayaraq ölkəmizdə uşaqlara “autizm” diaqnozu qoyulur, lakin heç bir nevroloq, psixiatr arayış tələb edən valideynə cəsarət edib bu xəstəliyi sübut edən sənəd vermir və bundan qətiyyətlə boyun qaçırır. Demək, özləri də buna ya tam əmin deyillər, ya da belə bir xəstəlik yoxdur (mənim də ailəmdə belə bir xəstəlik baş vermişdi və arayış tələb edəndə, nevroloq dərhal poliklinikanın baş həkiminin yanına qaçdı, baş həkim isə məni görüb poliklinikadan qaçdı). Onda onlar inanmadıqları, əmin olmadıqları halda niyə resept yazmaqdan, dava-dərman təyin etməkdən çəkinmirlər? Qəribədir, elə deyilmi? Qəti şəkildə bildirirəm ki, dünyanın ən böyük alim-mütəxəssislərinin gəldiyi son nəticə budur: – bu, xəstəlik deyil, uşaqlarda erkən yaşlarda müxtəlif səbəblərdən baş verən hallar, sindromlardır. Belə olduqda bu psixoloji problemdir və dərmanlarla müalicəsi yoxdur. Sübut olunmuşdur ki, verilən hər bir dərman simptomları nəinki aradan qaldırır, əksinə, yeni simptomların yaranmasına səbəb olur. Xəbərdar olun! Bu diaqnoz qoyulmuş uşaqlar dava-dərmansız 4-5 yaşında (hansı psixoloji yardımların lazım olduğunu sizə irəlidə izah etməyə çalışacağam) normal uşaqlar səviyyəsinə çatır, sonralar isə onları üstələyərək inkişaf etmiş qabiliyyətlərə: riyazi hesablamalar, musiqi, rəsm, mozaika, bəziləri isə müxtəlif sahələrdə ensiklopedik biliklərə malik olurlar. (Bu uşaqlardan söhbət getdikdə nəzərə almaq lazımdır ki, onların hamısı inkişafın və xarakterin özünəməxsusluğuna malikdirlər). Dava-dərman olunan uşaqlar isə ya 2-8 yaşında normal uşaqlara çevrilirlər, ya da əbədi olaraq şikəst qalırlar.

Dünyada “Autizm” adında xəstəlik yoxdur! “Autizm” diaqnozu qoyulan uşaqlar əslində kimlərdir? Dəcəl uşaqlar? Həmişə dəcəl və sakit uşaqlar olub və həmişə də olacaq! Əsəbi, vurub-qıran uşaqlar? (Uşaq belə olar da)… Gözündə çəplik olan uşaqlar? Bunun müxtəlif səbəbləri ola bilər; – yıxılıb başı zədə almaqdan, vurulmaqdan və s. 3-4 yaşına qədər danışa bilməyən, nitqində qüsur olan uşaqlar? Bu, həm genetik, həm də travmalarla bağlı ola bilər. Ünsiyyətə olan tələbatı ödənilməyən uşaqlarda da bu baş verə bilər. Bütün bu halların və sindromların əmələ gəlməsi yuxarıda qeyd etdiyimiz səbəblərlə bağlı ola bilər. Bəs son dövrlər “Autizm” diaqnozu qoyulan uşaqların və impotentliyin gənclər arasında bu qədər kütləviləşməsinin əsas səbəbləri nədir? Yuxarıda qeyd etdiyimiz səbəblərdən daha qorxulu olanı vaksinlər, antibiotiklər, ümumiyyətlə saxta və keyfiyyətsiz dərman məhsullarının və onlara nəzarət mexanizminin olmamasıdır, nəticədə, infeksiyalar və zəhərlənmələr genefondumuza çox ciddi zərbə vuran xəstəlik və sindromların kütləviləşməsinə səbəb olmuşdur.

Dərman sənayesində hökmranlıq edən ölkələr ən yaxşı halda üç növ dərman istehsal edirlər: Geri qalmış, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr üçün. Hələ bu, harasıdır? Bu böyük əczaçılıq şirkətləri bəzən vaxtı keçmiş, məhv edilməsi vacib olan dərmanları sövdələşərək, böyük maliyyə qarşılığında öz ölkəsinə aparmaq istəyənlərə şərait yaradır, satırlar ki, onlar da öz ölkələrində millətin genefondunu məhv etdiklərinin fərqinə varmadan böyük sərvət sahiblərinə çevrilirlər. Yeri gəlmişkən: Türkiyədə, İstanbul şəhərində böyük tekstil fabriki olan Orxan Arıkan adlı bir dostum vardı. Bir dəfə onun qonağı olarkən məni öz fabrikinə apardı. Mən, orada çalışan ingilisləri görəndə çox təəccübləndim. – “Orxan bəy, ingilislər bütün dünyanı fəhlə kimi işlədərkən, sizin fabrikdə ingilislərin işləməsi xeyirdimi? Yəqin siz onlara ingilislərdən 2 dəfə artıq para ödəyirsiniz!” – dedim. Orxan bəy: – “Xeyr, Vaqif bəy, biz İngiltərəyə müəyyən həcmdə testil məhsulları ixrac edirik. Müqaviləyə əsasən onların istehsalına nəzarəti ingilislər özləri həyata keçirirlər (ürəyimdən qəribə hisslər keçdi)” cavabını verdi. Orxan bəy, “dövlət belə olar da, Vaqif bəy” – dedi. “Demək adi balış, yorğan, döşəküzünü alarkən belə, ingilislər heç kimə arxayın olmurlar. Əhsən!” – dedim. Bəs biz nə edirik? Biz idxal etdiyimiz hansı mal və məhsullara nəzarət edirik? Çox yaxşıdır ki, son zamanlar geni dəyişdirilmiş məhsulların Respublikaya gətirilməsinə qadağalar qoyulub, cərimələr tətbiq olunur. Amma ən ciddi sahə olan və birbaşa genefondumuza ağlasığmaz zərbələr vura bilən, artıq ciddi fəsadlarını hiss etdiyimiz dərman məhsullarının istehsalına və idxalına niyə nəzarət etmirik, yaxud edə bilmirik? Dövlət bu sahəni özü idarə etməlidir! Edirmi? Bu işi qohum-əqrəbaya, dosta-tanışa etibar etmək olmaz! Yoxsa, gələcəkdə sağlam uşaq və gəncləri çıraqla axtaracağıq.

Mən 1993-cü ildə Nazirlər Kabinetində Səhiyyə və Sosial problemlərlə bağlı bir tədbirdə çıxış edərkən, belə bir ifadə işlətmişdim: “Bizdə insanların sağlamlığı ilk dəfə həkimə müraciət edənə qədərdir.” Mən bu gün də həmin fikrimdə qalıram! İnsaf xatirinə deməliyəm ki, hələ o dövrdə də bizdə dünyaca şöhrətli, sayılıb-seçilən, texniki avadanlıqların olmadığı dövrdə də möcüzələr yaradan həkimlərimiz, alimlərimiz vardı və bu gün onların sayı daha çoxdur. Amma son nəticədə onlar da mütləq dava-dərmanlardan istifadə etmək zorunda qalırlar və elə burada da… tərk-silah olurlar. Düzgün diaqnoz qoyulub, əməliyyat da, müalicə də tam dəqiqliklə yerinə yetirilir, tam dəqiq iynə-dərman təyin olunur. Son nəticə isə uğursuzdur. Niyə? Səbəb nədir? Çünki iynə və dərmanlar ya saxta, ya da keyfiyyətsizdir. Sonda nə baş verir? Həkimin adı bədnam olur. Bu məsələdə çox ciddi olmalıyıq! Bu, hər bir dövlətin strateji məsələsidir. Dünyanın qarışdığı indiki vəziyyətdə daha ayıq-sayıq olmalıyıq! Yoxsa sabah hər bir ailədə xəstə, leykomiyalı, autizm diaqnozu ilə damğalanmış, impotent övladlarımızın üzünə baxıb qəlbimiz param-parça olacaq, gözümüzdən və qəlbimizdən qara qanlar axacaq!

Sonda bir daha “Autizm” haqqında…

Bütün valideynlərə üzümü tutub deyirəm: Ayıq-sayıq olun! “Autizm” adında xəstəlik yoxdur! Mən bunu bütün məsuliyyətimlə deyirəm! Ya vaksinlərdən, dava-dərmandan zəhərlənmiş, infeksiyalar nəticəsində baş-beyində çirklənmələr nəticəsində inkişaf pozğunluğu yaranmış uşaqlar var, ya da nevroloji və psixoloji problemləri olan uşaqlar var. Bu uşaqları isə qəti şəkildə dava-dərmanlarla sağaltmaq, müalicə etmək olmaz!

Çünki həmin dava-dərmanlar baş-beyindəki zəhərlənmələri nəinki təmizləyir, əksinə, daha da zəhərləyir, iflic olmaq dərəcəsinə gətirir. Belə uşaqlarla bir neçə vacib şərtlər daxilində davranmaq lazımdır; onlarla daha çox ünsiyyətdə olmağa çalışmaq, normal yatmalarını təmin etmək üçün başlarını tumarlaya-tumarlaya şirin nağıllar, hekayələr (uyğun) danışmaq, açıq havada, dəniz və çay sahillərində gəzintilərə (səhər erkən daha faydalıdır) çıxmaq lazımdır. Onların yanında ucadan, əsəbi şəkildə danışmaq olmaz! Dava-dərmanlara, həkimlərə daha çox pul verib onları məhv etmək əvəzinə, onlara daha çox vaxt ayırmaq lazımdır. Sevgi göstərmək, qucaqlamaq, öpmək, oyunlar oynamaq, zarafatlaşmaq vacibdir. İnanın, balalarımız belə olduqda tezliklə dil açacaq, dil açdıqları zaman əsəbilikləri, qışqırmaları, ağlamaları; bizə qeyri-adi görünən hərəkətləri nizamlı hərəkətlərlə əvəz olunacaq.

“Autizm” adında xəstəlik yoxdur!

Nevroloji və psixoloji problemləri olan uşaqlar var. Onları psixoloji və nevroloji testlərdən keçirib, əsl problemin nədən ibarət olduğunu dəqiqləşdirmək lazımdır. Onları interaktiv, dəcəl, ipə-sapa yatmayan hesab edə bilərsiniz, buna görə qorxmayın! Sizə necə uşaq lazımdır? Maymaq, lal-dinməz uşaq? Mənə belə uşaq lazım deyil!

“Autizm” adında xəstəlik yoxdur!

“Autizm” hesab olunanların arasından Albert Eynşteyn, Henri Ford, Frans Kofka, V.Mosart, V.V.Qoq və neçə-neçə dahilər çıxıb. Heç nədən qorxmayın! Sadəcə uşaqlarınıza çox vaxt ayırıb, kömək edin. Bunun üçün psixoloji yardıma, məşqlərə ehtiyac var. Uşaqlarınızda qeyri-adi hərəkətlər gördüyünüz, hiss etdiyiniz zaman psixologlara müraciət edin. Korreksiya işlərinə erkən yaşlarından başlayın, o zaman onların cəmiyyətə necə yararlı, məktəblərdə təhsil almağa ən layiq və qeyri-adi bacarıqlara malik olduqlarını asanlıqla aşkara çıxara bilərsiniz.

“Autizm” adında xəstəlik yoxdur!

Yıxılıb baş-beyin travması almış, ailədəki qeyri-sağlam münasibətlərin zədələdiyi, yuxuya, ünsiyyətə, normal qidalanmaya olan ehtiyacları ödənilməyən uşaqlar var. Qışqıran, qəribə hərəkətlər edən, hər kəsi itələyən, daima pəncərədən baxmağa can atan, televiziyadan, planşetlərdən ayrılmaq istəməyən uşaqlar var. Müraciətlərinizə məhəl qoymayan uşaqlar var. Onları tərbiyəsiz, autist uşaqlar hesab etməyə tələsməyin! Onlara qarşı səbirli və təmkinli olun. Onları nevrologa və psixologa göstərin. Ciddi baş-beyin zədəsi olmayıbsa, dəli və daun deyilsə (dəli diaqnozu qoyulmuş uşaqlardan onundan birində əslində əqli gerilik diaqnozu təsdiq olunur), heç nədən qorxmayın, sizin balalarınız tezliklə cəmiyyətin ən fəal üzvlərinə çevriləcəklər!

“Autizm” adında xəstəlik yoxdur!

Sizin uşaqlarınız sizin və başqalarının üzünə baxmaqdan qorxur-çəkinirsə, ünsiyyətə çətin qoşulursa və ya bunu heç istəmirsə, qorxmayın! Sadəcə olaraq həssaslıq göstərib israrla onları ünsiyyətə cəlb edin, uşaq bağçalarına gəzintilərə aparın. Çalışın uşaq kollektivlərində, yaşıdları arasında çox olsunlar. Belə olanda hər şey ürəyinizcə olacaq. Ünsiyyət olmayan yerdə nitq də olmaz! Onlar ünsiyyətə girdikləri zaman nitq də qaydasına düşəcək və əsəbilikdən qışqır-bağırdan əsər-əlamət qalmayacaq.

“Autizm” adında xəstəlik yoxdur!

Daha çox autizmin bütün psixiatrik vəziyyətlər içində ən irsi olduğu nəticəsinə gəlirlər. Belədə Autizmin müalicə olunma faizi sıfıra bərabər olur, çünki elmi araşdırmaların nəticəsi olaraq sonradan qazanılmış xəstəliklərin müalicəsində 90% uğur qazanmaq mümkündürsə, anadangəlmə xəstəliklərin müalicəsi 99% mümkünsüzdür. Onda bu mərkəzlər, psixolog, psixatr və nevrologlar, əstəğfürullah Allahdan çox bilirlər ki, gözümüzün qarşısında möcüzələr yaradırlar?

Sizə hansı psixiatr, nevrolog desə ki, sizin övladınız autizm xəstəsidir, dərhal ondan arayış verməsini tələb və təkid edin! Əgər versə, qoyun o, sizin övladınızı müalicə etməyə başlasın (heç kim bunu etməyəcək), əgər vermək istəməzsə, dərhal ondan uzaqlaşın. Razı olmayın ki, sizin uşaqlarınıza bu şəri atıb, onu müxtəlif dava-dərmanlarla zəhərləsinlər. Mən hər dəfə televiziya ekranlarında “Autizm” deyib ağızlarına gələn cəfəngiyyatları danışan (çox təəssüf ki, onların arasında mənim də dərs dediiyim psixologlar var) psixolog, psixiatr, nevroloq və başqa sahə mütəxəssislərini (indi hamı “autizm”lə məşğul olur) görəndə çox böyük təəssüf hissi keçirirəm. Onlar görəsən sonra öz danışdıqları cəfəngiyyatlara baxıb xəcalət hissi keçirirlərmi? Onlara baxan, az-çox bu sahədən xəbəri olan adamlar qarşısında özlərini necə gülünc vəziyyətə saldıqlarının fərqindədirlərmi? Üzlərinə baxırsan, hiss edirsən ki, özlərinin də danışdıqlarına inamları yoxdur. Təəssüf! Çox təəssüf!

Siz nə edirsiniz? “Autizm” adında uydurma bir xəstəlik kəşf ediblər, siz də dəbə salmısınız. Başqa yolla, düz yolla pul qazanmaq olmazmı? Millətin balalarını şikəst etməyin! Öz balalarınızı gözünüzün qabağına gətirin və düz yola qayıdın! Qoyun psixi pozğunluğu olanlarla psixiatrlar, nitq qüsuru olanlarla psixolog-defektologlar, baş-beyin zədəsi almışlarla nevroloqlar məşğul olsunlar. Hər kəsi xüsusiyyətlərini, inkişaf dinamikasını düzgün və dəqiq korreksiya elə biləcək mütəxəssislər müayinə və müalicə etsinlər. “Autist uşaqlar” adlandırdıqlarınız heç kimdən əskik deyillər, onlar sadəcə fərqlidirlər. Bu isə faciə deyil!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button