Avrasiya İttifaqı – inteqrasiya, yoxsa illüziya?

elmir mirzoyevElmir Mirzoyev

Son zamanların baş vermiş ilginc hadisələrindən, təkliflərindən biri – Qəzzafinin qətli, Türkiyədəki terror aksiyası, „Xural“ qəzetinin nəşrinin faktiki qadağanından başqa, gələcək seçkilərdə Rusiyanın növbəti prezidenti olacağı gözlənilən V.Putinin “Avrasiya İttifaqı” adlı birlik yaradılması təklifidir.

Bu təklif hələlik sadəcə bir ideyadır, lakin onun ilk mərhələsi kimi MDB-nin Azad Ticarət Zonası haqda saziş bu günlərdə demək olar ki, bütün MDB dövlətləri tərəfindən imzalandı. Hələlik Azərbaycan (həmçinin bizimlə bərabər qeyri-rəsmi „müəllimlərimiz“ – Türkmənistan və Özbəkistan) rəhbərliyi tərəfindən imzalanmasa da, bu saziş məsələsi cəmiyyətdə bir canlanma, müzakirə yaratdı.

Çox maraqlıdır, öz ərazisində ibtidai icma quruluşunu xatırladan Kadırov rejimini yaradan ölkə başqalarını da cəlb edib Avrasiya İttifaqı yaratmaq istəyir. Necə bir ittifaq olacaq görəsən o mifik Avrasiya? Rusiya keçmiş metropoliyamız kimi öz sömürgələrinə istənilən halda cəlbedici görünür, amma əslində biabırçı bir durumda olan cəmiyyət başqaları hansı dəyərlər əsasında öz ətrafında birləşdirəcək ki? Doğrusu, bu sözlərlə Azərbaycanda, yaxud Türkmənistanda vəziyyət bundan yaxşıdır demək istəmirəm, əsla.

SSRİ dağıldıqdan sonra keçən 20 il ərzində öz keçmiş əyalətlərində (konkret olaraq Qafqazda bunları sadalamaqla bitməz, sadəcə müharibələri qeyd etsək, kifayətdir məncə) bütün mənhus işlərin təşkilatçısı, ilhamvericisi və dəstəyi olmuş bu ölkədən nəsə mütərəqqi bir şey gözləmək ən azı sadəlövhlükdür. Əgər bu birlik Böyük Məkan kimi yuxarıda adı sadalanan və öz xalqlarını faktiki işğal rejimində saxlayan ölkələrin hakimiyyətlərinin zülmündən çıxış kimi gözükürsə, o zaman xatırlamaq lazımdır ki, bu odioz rejimlərin ən böyük ilham yeri həmən o dövlət – Rusiyadır.

Əlbəttə ki, inteqrasiya çox gözəl işdir, bizim ölkənin istənilən böyük məkanlara müxtəlif formatda daxili vacibdir. Amma hazırda məsələ arzulardan yox reallıqdan gedir – yuxarıdakı ismi çəkilmiş Kadırov rejimi Rusiyaya nəinki inteqrasiya etmiş, hətta onun ərazisinə daxil olan Çeçenistandır və bu „inteqrasiyanın“ nəticələri hamıya gün kimi aydındır, dörd göz istəyir tamaşa etsin orada baş verənlərə.

Yaxşı bəs iqtisadiyyat? Bəlkə o müqavilə ilə burada nəsə bir yaxşı irəliləmə ola? Bu məsələdə Azərbaycana gəldikdə bizim sərhədlər onsuz da Rusiya ilə açıqdır, hər hansı bağlanmış müqavilənin isə bizim ölkənin biabırçı daxili durumuna nəsə bir təsirindən söz gedə bilməz – hər şey daha da güclənəcək. Rusiyanın bu ittifaqa imza atacaq hakimiyyətlərə, orada baş verən biabırçılıqlara, quldar münasibətə hansısa bir təpki verə biləcəyini düşünmək ağılsızlıq olardı. Məsələn, kiminsə ağlına gələ bilərmi ki, Özbəkistan bu müqaviləni imzalasa, Rusiya ona azyaşlı uşaqların əlahəzrət Gülnarə Kərimovanın ucsuz-bucaqsız pambıq tarlalarında qul kimi işləməməsini tövsiyə edəcəkdir və ya Azərbaycana bananın gətirilməsi monopoliyasının qaldırılması üçün çalışacaqdır?

Maraqlıdır, öz ölkəsində faktiki feodalizm quruşuna imza atmış bu cəmiyyətdən nələr gözləmək olar ki? Gözümüzün önündə prezident-baş nazir “rokirovka”nı heç bir problemsiz yerinə yetirmiş o cəmiyyətin bizimki ilə prinsipial fərqi nədədir ki? Bizimkilər onlardan asılıdır, bunu feodal kanonlarına 100% uyğun gələn övladlalrın onların paytaxtına “girov” verilməsindən hakim ailənin dilinə qədər hər şey əyani olaraq sübut edir. Başqa tərəfdən də rus hakim dairələrinin sevimli övladları nədənsə heç də sevimli Rusiyada yaşamır, atalarının əclaf Qərb adlandırdığı və eyni zamanda Rusiyanın xammal bazası kimi istifadəsindən oğurlanmış pullarını gizlətdiyi məkanı seçir.

Bu xalqa və kültürə müstəsna sayğıma rəğmən, böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, hazırkı dövrdə sivilizasiyanın barometri incəsənət və ya kültür deyil, insana, şəxsiyyətə, vətəndaşa olan münasibətlə ölçülür. İnsana heç bir sayğısı olmayan bir cəmiyyətin başqalarına nəsə dəyərli bir təklif edə biləcəyi mümkünsüzsür, malesef.

Əgər Rusiyanın mütərəqqi dövlət olduğu haqda yenə də kimdəsə hansısa şübhələr qalırsa, o zaman bu dövlətin parlamentinin (Dumanın) spikeri B.Qrızlovun bir zaman Moskvada, elə həmən o Dövlət Dumasında səsləndirdiyi sözlərini xatırlasın: „Parlament diskussiya yeri deyil“.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button