“Avromed” dərman qıtlığı yaradır-İDDİA

Əsas monopolist şirkət olan “Avromed” şirkəti respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəkələrinə dərman təchizatını dayandırıb

 

xural.com-a daxil olan informasiyada deyilir: “Dəyərli dostlar,media təmsilçiləri. Məlumat üçün bildirirəm ki, artıq 1 həftədir ki, ölkənin dərman təchizatında əsas monopolist şirkət olan “Avromed” şirkəti respublikanın pərakəndə satışla məşğul olan aptek şəbəkələrinə dərman təchizatını dayandırıb, əksər işçilərini müvəqqəti məzuniyyətə buraxıb. Faktiki olaraq əksər apteklərdə ən adi və həyat əhəmiyyətli dərman preparatlarına ciddi ehtiyaclar yaranıb. “Avromed” şirkəti dərman preparatlarını Bakı və bölgələrdə olan anbarlarında saxlamaqla özündən asılı olan apteklərin fəaliyyətini iflic etməklə yanaşı, sabotaj yolunu tutur, bölgələrdə təchiz etdiyi apteklərlə centlemen qaydalara zidd olaraq həm də aptek şəbəkələri yaratmaqla rəqabət qaydalarını pozur. Hal-hazırda vətəndaşlar dərman qıtlığı ilə üz-üzə qalmış, apteklərdə müxtəlif adlı dərmanlara yaranan ehtiyaclar hər gün artmaqda davam edir. “Avromed” şirkəti qeyri-rəsmi informasiyaya malikdir ki, Tarif Şurası dərman preparatlarının qiymətini 12% artıracaq. Bu səbəbdən anbarlarında olan malların uzərində əlavə 12% qazanmaq imkanıni itirməməmk naminə əhalini çıxılmaz vəziyyətə salmışdır. Bu, nə qədər davam edəcək məlum deyil. Məlum olan isə odur ki, ölkədə, Kiçik və Orta Sahibkarlığın inkişafına əsas əngəl olan qeyri-sağlam rəqabət mühiti, monopoliya qalmaqda davam edir, bir qrup oliqarx deputat və məmurlar azad bazar münasibətlərinin formalaşmasının qarşısını almaqla ölkəni uçuruma sürükləməkdədirlər!”

Məlumatla bağlı monopolist şirkət olduğu iddia olunan “Avromed” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Əlaqə saxlamaq mümkün olmadı. Müraciət etdiyimiz ekspertlərin dediyinə görə, “Tarif Şurasının qiymətləri idxal olunan və istehsal olunan dərman preparatların real qiymətindən bəzən aşağıdır. Dollar kursu da davamlı oynadığı üçün idxalçılar üçün problemlər yaranıb. Bu ümumi problemdir və yeni deyil. Dolların kursu qalxandan başlayıb. O ki qaldı bölgələrdə dərman təchizatına, ən azından, dövlət müəssisələrinin təchizatında hələlik problem yoxdur.”

“Avromed”in də münasibətini dərc etməyə hazırıq.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button