Avropa Birliyi Əvəz Zeynallının həbsini diqqətdə saxlayır

Qurumun Bakı nümayəndəliyi «Xural» qəzetinin kollektivi ilə görüşdü

Bu gün Avropa Birliyinin Bakı nümayəndəliyində «Xural» qəzetinin kollektivi ilə görüş keçirilib.

Siyasi, iqtisadiyyat, mətbuat və informasiya bölməsinin rəhbəri cənab Jerom

Jerom Pons

Ponsla görüşən «Xural» kollektivi baş redaktor Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzetin gündəlik nəşrə başladıqdan sonra siyasi təzyiqlərlə üzləşməsi barədə ətraflı məlumat veriblər. Həmçinin qeyd olunub ki, «Xural»ın çapına yaradılan maneələr, Prezident Aparatı tərəfindən mətbəələrə «Xural» qəzetini nəşr etməmək barədə verilən qeyri-qanuni göstərişlər bir daha sübut edir ki, baş redaktorun həbsində məqsəd daha bir azad söz məkanını susdurmaqdır: «Mətbəələr siyasi göstəriş əsasında «Xural» qəzetini çap etməkdən imtina etdikləri üçün biz yeni qəzet qeydə aldırmaq istəsək də, Ədliyyə Nazirliyi heç bir əsas göstərmədən və qanunvericiliyə zidd olaraq qeydiyyatdan imtina edir. Təəssüf ki, imtina barədə sənəd də təqdim olunmur ki, məhkəməyə müraciət edək» – deyə kollektiv bildirib.
Cənab Jerom Pons millət vəkili Gülər Əhmədovadan başqa istintaqa ifadə verənlər və son məhkəmə prosesləri ilə də maraqlanıb. «Xural» qəzetinin əməkdaşları istintaqın əlavə sübut tapmaq üçün müxtəlif iş adamlarına təzyiqlər göstərməsi ilə bağlı bilgi veriblər və Əvəz Zeynallı barədə həbs qəti-imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi, «Xural» qəzetinin əmlakının qeyri-qanuni müsadirəsi və s. məhkəmə iddiaları qaldırdıqlarını cənab Ponsun nəzərinə çatdırıblar. Rafiq Tağının qətli, Ə.Zeynallının və 2 aprelçilərin həbsinin timsalında Azərbaycanda söz azadlığına və insan haqlarına qarşı növbəti siyasi repressiyaların başlandığını vurğulayan «Xural» əməkdaşları Avropa Birliyini bu məsələlərə həssaslıqla yanaşmağa çağırıblar.
Cənab Pons Əvəz Zeynallının həbsinin Avropa Birliyi tərəfindən diqqətdə saxlandığını xatırladıb və söz azadlığının inkişafına dəstək verməyə hər zaman hazır olduqlarını bildirib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button