Avropa Birliyi daha sərt sənəd qəbul edə bilərdi

01.03.2012

Leyla Yunus: «Iqtidarın bu dəfə də Ştrasseri Azərbaycana Avropa Birliyinin təkidi ilə dəvət edəcəyi inandırıcı deyil»

Avropa Birliyi Azərbaycanın ünvanına bir sıra iradlar səsləndirib. Təşkilat ölkələri xarici işlər nazirlərinin fevralın 27-də keçirilən iclasında “Şərq tərəfdaşlığı” proqramı ilə bağlı sənəd qəbul olunub. Sənədin Azərbaycana aid bölümündə Avropa Birliyinə assosiativ üzvlük barədə danışıqlarda irəliləyişə nail olunması çağırışları yer alır.


AB Azərbaycanla əlaqələrinin gələcəyinin ölkəmizin demokratik islahatlarda irəliləyişə nail olunmasından, qanunun aliliyindən, insan hüquq və əsas azadlıqlarına hörmətlə yanaşılmasından, xüsusilə fikir və toplaşmaq azadlığının təminindən asılı olduğunu bir daha vurğulayıb. Sənəddə bildirilir ki, qurum bu istiqamətdə gələcək səyləri mühüm hesab edir və 2013-cü ilin prezident seçkisi ərəfəsində Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyir. Eyni zamanda xüsusilə qeyd olunmalı bir məqam ondan ibarətdir ki, AB Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə dəvət göndərməyə çağırıb.
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, AB Azərbaycana yönəlik daha sərt sənəd qəbul edə bilərdi. Ölkəmizdə insan haqları ilə bağlı vəziyyətin, demokratik normalara əməl olunması ilə bağlı situasiyanın çox acınacaqlı olduğunu deyən L.Yunus bildirdi ki, hər ötən il ölkədə siyasi məhbus problemi daha da dərinləşir: “Avropa Birliyinin parlamentariləri Bakıda olarkən onlara ölkədə real situasiyanı əks etdirən sənədlər təqdim olunmuşdu. Eyni zamanda Ketrin Eştonda da Azərbaycandakı real situasiya barədə yetərincə məlumat var. Ona görə düşünürəm ki, Azərbaycandakı hazırkı vəziyyəti nəzərə alaraq Avropa Birliyi daha sərt sənəd qəbul edə bilərdi”.
AB-ın budəfəki tələblərinə də hakimiyyətin ənənəsinə sadiq qalaraq əməl etməyəcəyini düşünən L.Yunus vurğuladı ki, iqtidarın Ştrasseri Azərbaycana AB-ın təkidi ilə dəvət edəcəyi inandırıcı deyil. L.Yunusun sözlərinə görə, hakimiyyət artıq beynəlxalq normalara necə yanaşdığını həmməruzəçini ölkəyə buraxmamaqla nümayiş etdirib.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button