“Avropa işi” hesabatı açıqlandı

Xaricdə yaşayan və Azərbaycanda baş verənlərə etirazını bildirən siyasi mühacirlərin burada yaşayan qohumlarına qarşı təzyiqlərdən bəhs edən “Avropa işi” adlı hesabat açıqlanıb. Hesabatda 26 siyasi mühacirin ailə üzvləri və digər yaxınlarına qarşı təqiblərdən – həbslər, təhqirlər, qarayaxmalar və başqa hərəkətlər əksini tapıb.

Hesabatın müəlliflərindən hüquq müdafiəçisi, Siyasi Məhbusların Hüquqlarını Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev bildirib ki, siyasi mühacirlərin yaxınlarına qarşı təzyiqlər bir neçə il öncə başlanıb. Hüquq müdafiəçisi Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun, Natiq Ədilovun fəaliyyətinə görə onların yaxınlarının həbsini yada salıb. Bildirib ki, son bir ildə mühacir ailələrinə qarşı təqib kampaniyası daha da güclənib: “Azərbaycan hökumətini tənqid etdiyinə görə blogger Orduxan Teymurxanın on iki nəfər yaxını polis idarəsinə aparılmışdı. Onların arasında qadınlar, körpə uşaqlar da vardı. Tural Sadıqlının qardaşı iki dəfə həbs olunub. Vidadi İsgəndərlinin atasının məzarı təhqir olunub”.

Hesabatda adları keçən siyasi mühacirlərin ailə üzvlərinə qarşı baş verənləri qısaca diqqətə çatdıran O.Gülalıyevin sözlərinə görə, mühacirlər etirazlarını artırdıqca, Azərbaycan hökuməti də onların doğmalarına qarşı təzyiqləri gücləndirir: “Bəzən söyüş həddinə çatır. Bu da cəmiyyətə ziyan vuran, qarşıdurmanı gücləndirən tendensiyadır. Hesab edirəm ki, beynəlxalq təşkilatlar da bu vəziyyətə seyrçi qalmamalıdır”.

Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlının atası Əlövsət Sadıqli oğlunun etirazlarına, tənqidlərinə görə Azərbaycanda yaşayan digər oğlu Elgiz Sadıqlının iki dəfə şərlənib həbs olunması, işgəncələrə məruz qalmasından ətraflı danışıb. Onun sözlərinə görə, ailəsinə qarşı təzyiqlər 2015-ci ildən başlayıb.

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev hüquq-mühafizə orqanları əməkdaşlarının verilən sifarişləri can-başla yerinə yetirib, insanlara, o cümlədən siyasi mühacirlərin yaxınlarına qarşı qəddarlıq etmələrinə diqqət çəkib. Bildirib ki, bir çox hallarda dövlətlə hakimiyyət səhv salınır. Yəni hakimiyyətin qanunsuzluqlarının tənqid olunması dövlətçiliyə qarşı çıxmaq kimi təqdim olunur: “Halbuki, siyasi mühacirlərin əksəriyyəti dövlətçiliyi qorumaq üçün mübarizə aparırlar, dövlətçiliyi müqəddəs sayırlar. Hökumət isə ona qarşı olan münasibəti dövlətçiliyə qarşı fəaliyyət kimi təqdim edir. Çünki ona belə sərf eləyir”.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hakimiyyətin siyasi mühacirlərə münasibətdə bütün xətləri tapdaladığını düşünür. Deyir ki, adamların ana-bacılarını yığıb polis idarəsinə aparanda, doğmalarının məzarlarını təhqir edəndə təbii ki, onlar da susmayacaqdı.

Siyasi məhbuslardan AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlinin atası, özü də ictimai-siyasi fəal olan Zəfər Əhmədli ölkədəki repressiyalara qarşı mübarizədə birgə fəaliyyətin vacibliyindən danışıb.

Toplantıda həmçinin aprelin 19-da Göyçayda saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədovla bağlı məsələ də müzakirə olunub. Hüquq müdafiəçisinin həyat yoldaşı bildirib ki, ona qarşı artıq rəsmi ittiham irəli sürülüb. T.Xasməmmədov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə ittiham olunur.

F.Mövsümün sözlərinə görə, bu gün günorta saatlarında onunla əlaqə saxlayıb həyat yoldaşının paltarlarını hazırlamasını istəyiblər, onun istintaq təcridxanasına köçürüləcəyini söyləyiblər.

Həyat yoldaşı deyir, T.Xasməmmədovun üç nəfər yol polisini döyməsi barədə ittiham yalandır, çünki onun nə fiziki göstəriciləri, nə də xarakteri buna imkan verir: “Talehin səhhətində ciddi problemlər var. O, belindəki fəqərə sümüyündə 12 millimetrlik yırtıqdan, güclü miqren başağrılarından əziyyət çəkir. Bu vəziyyətdə olan adam üç polisi necə döyə bilərdi? Axı polisləri işə götürəndə onların fiziki göstəricilərini də nəzərə alırlar”.

O.Gülalıyev, Ə.Zeynallı, E.Quliyev də T.Xasməmmədova qarşı ittihamların saxta olduğunu bildirib. Onlar hesab edir ki, T.Xasməmmədov yaşadığı Göyçay rayonundakı məmur özbaşınalıqlarını ifşa etdiyinə, ölkədəki qanunsuzluqlar barədə açıq danışdığına, tənqid etdiyinə görə cəzalandırılıb.

“Ona qarşı irəli sürülən ittihamın absurdluğundan da görünür ki, bu həbs sifarişlidir. Rayon rəhbərliyi ona dəfələrlə xəbərdarlıq eləmişdi ki, tənqidi çıxışlarını dayandırmasa, onun üçün pis olacaq”, – deyə Oqtay Gülalıyev bildirib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Göyçayda polis əməkdaşları T.Xasməmmədovun avtomobilini saxlayıblar. Çünki onun üzərində həbs olub. Polislər avtomobili duracağa yerləşdirəndən sonra T.Xasməmmədov DYPB-in rəsinin iş otağına gələrək, maşınının buraxılmasını tələb edib. İmtina cavabından sonra T. Xasməmmədov rəisin kabinetindəki əşyaları dağıdıb, onu sakitləşdirmək istəyən üç polis xəsarət yetirib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button