Avropa olmasaydı məni siləcək, məhv edəcəkdilər!

Eynulla Fətullayev: «Mən bu zərbənin, bu nifrətin, bu həqarətli münasibətin, bu kinin səbəbini indiyədək başa düşə bilmirəm»

Azı 18 il həbsdə qalacaqdım!…

Eynulla Fətullayevin azadlığa buraxılması özünü azad və müstəqil hesab edən bütün jurnalistlərin bir növ bayramına çevrildi. İllər uzun birbaşa prezident İlham Əliyevin şəxsi dustağı olaraq həbsxana divarları arasında yaşamaq asan deyildi və bütün dövlət arsenalının üzərinə yeridiyi vəziyyətdə duruş gətirib bayıra çıxana qədər yaşamaq həqiqətən ciddi iş idi. Fətullayev bunu bacardı və bütün azadlıqda qalan jurnalistlrəin həqiqətən də ümidine çevrildi.

Biz Eynulla Fətullayev həbsdən buraxılanda Bakıda deyildik. Onun azadlığa çıxmasını birbaşa özümüzün uğurumuz bildik və bunu mətbuatımızın gələcəyi üçün vacib addımlardan biri hesab etdik. Təbii ki, Eynulla Fətullayevin bəzi gündəlik qəzetlərə danışdığı məqamlar yetərli qədər deyildi və biz bu səbəblə həmkarımızı redaksiyamıza dəvət etdik. Bu qədər iş-gücün arasında vaxt tapıb «Xural»a gələn Eynulla çox önəmli şeylər danışdı. Ən azından, biz də o ümidlərə qapıldıq ki, indən sonra heç bir şey əvvəlki kimi olmayacaq və müstəqil və azad mətbuat bundan sonra bir çox uğurlara imza atacaq.

Beləliklə, danışır Eynulla Fətullayev. Elə redaksiyaya girən kimi «Xural» əməkdaşları diktofonları birləşdirirlər.

 

Mənə əslində 15 il iş kəsmişdilər…

– Avropa olmasaydı məni siləcək, məhv edəcəkdilər. Sağ olsunlar ki, dəstək durdular.

– Azərbaycan həqiqətən o hala düşüb ki, insanlar son ümid yerini Avropa məhkəmələrində görürlər? Avropa məhkəməsi də olmasaydı, insanlarımızın halı necə olardı?

– Yəqin ki, o zaman sizinlə üzbəüz oturmayacaqdım. Ən yaxşı halda 10, 12 ildən sonra həbsdən azad ediləcəkdim və ondan tez də məni azadlığa buraxmayacaqdılar…

– Yəni deyirsiniz ki, müddətiniz bitsə də, hansısa maddə tapıb müddəti uzadacaqdılar?

– Bu hüquqi nihilizm şəraitindən istifadə edərək, eyni zamanda tam hüquqi məntiqsizlikdən yararlanaraq, bunlar cinayət hüququnun konstruksiyasını elə yaradıblar ki, əslində bu 8 il 6 ayın içində də bir neçə cinayət işi var idi. Biz bunu sonrakı məhkəmə proseslərində də gördük. 8 il 6 ay mənə veriləcək həbs müddətinə qismən olan birləşmə idi. Lazımi məqamlarda bu qisim toplama, tam cəmə çevrilir. Tam cəmlə mənə 15 il iş kəsmişdilər. Sadəcə görünür, 15 il 6 aylıq qərar çıxarmaq və həmin hökmü də səsləndirmək bunlar üçün ayıb idi…

 

Ramil Usubov centlemen razılaşmasına əməl etmədi…

 

– Yəni əslində sənə 15 il 6 ay iş kəsməli idilər?

– Bəli, 2 il Ramil Usubovun iddiası ilə, 2 il 6 ay Tatyana Çaladze və Elmar Məmmədyarovun dəstəsi, guya «xocalılar», əslində isə Şuşa İcra Hakimiyyətinin süpürgəçilərinin iddiası ilə, terrorizm maddəsilə də 8 il, AR CM-nin 283.2 maddəsilə milli, dini, irqi münasibətlərin qızışdırılmasına görə də 3 il kəsdilər. Cəmi 15 il 6 ay, üstəgəl 3 ay da vergi cəzası, oldumu 15 il 9 ay, nəhayət, 2 il 6 ay da narkotik maddədən istifadəyə görə – sonunda 18 il məni həbs cəzası gözləyirdi. Avropa Məhkəməsinin qərarının «icra»sı onu göstərirdi ki, lazımi məqamlarda cinayət işində olan ittihamlardan istifadə edərək, müttəhimi təkrar mühakimə edirlər. Məsələn, Ramil Usubovun məsələsində mənə 2 il şərti iş kəsmişdilər. Yeri gəlmişkən, soruşa bilərsiniz ki, niyə mən o zaman Avropa Məhkəməsinə müraciət etmədim? Çünki o zaman ortada bir centlemen razılaşması olmuşdu ki, mən bu iş üzrə Avropa məhkəməsinə müraciət etmirəm, ancaq qarşı tərəf də mənim müraciət etdiyim Apellyasiya Məhkəməsində – bu faktın özü bir daha təsdiq edir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur – mənə verilən 2 il müddəti 1 ilə qədər azaldır və bir neçə aydan sonra da üzərimdə olan məhkumluq aradan qaldırılır. Bunu mən sonradan mətbuata da bildirmişdim. Vəkillərim mənə təkid edirdilər ki, Avropa məhkəsinə müraciət edək, ancaq mən öz üzərimə götürdüyüm öhdəliyi yerinə yetirdim və müraciət etmədim. Bu ittihamla bağlı öz xeyrimizə qərar əldə edə və onu bağlaya bilərdik. Lakin mən bu işin qabardılmasını istəmədim. Çünki bu, heç kişilikdən deyildi, mən söz vermişdim və sözümün üstündə də durdum. İndi isə siz qarşı tərəfin öz sözünün üstündə necə durduğuna tamaşa edin. Görürsünüz ki, bunlar öz sözlərinin üzərində necə dururlar? Yenidən məni iki il şərti deyil, xüsusi ittiham qaydasında cəzaya məhkum etdilər.

Hökumət Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrlərini niyə Strasburqa ezam etdi?

– Ramil Usubovun bu məsələyə münasibəti necə oldu?

– Heç bir reaksiyası olmadı. Mən onlara mətbuat vasitəsilə açıq şəkildə fikrimi bildirdim. Ümumiyyətlə, mən hər zaman çalışıram ki, müraciətlərim cəmiyyətə açıq şəkildə bəyan olunsun və bütün addımlarım şəffaf olsun. Mən bu addımı atandan sonra ondan heç bir cavab gəlmədi. Digər tərəfdən, proses o qədər mürəkkəb hal almışdı ki, artıq orada Ramil Usubovun belə hansısa maddəyə təsiri mümkünsüz hala gəlmişdi. Çünki rejimin və repressiv aparatın yeganə məqsədi məni həbsdə saxlamaq idi. Burada artıq hansısa öhdəliyin, verilən sözün məhkumluğun aradan qaldırılması prosesinə təsiri yox idi.

– Hətta Avropa Məhkəməsinin çıxardığı qərara da əməl olunmadı…

– Avropa Məhkəməsinin qərarından 2 ay əvvəl hökumət Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrlərini Strasburqa ezam etmişdi. Bilirsiniz ki, Avropa Şurasında bu hökumətin çox ciddi şəkildə lobbiçiləri var. Onlar da lazımi məqamda hökumətə dəstək verirlər. Biz bunu bir çox məsələlərdə dəfələrlə gördük. Onlar çalışdılar ki, bu məsələnin qarşısını alsınlar, amma alınmadı. Bu məsələ avropalılar üçün də çox prinsipial məsələ idi. Çünki ortada söz azadlığı məsələsi var idi və bu da onlar üçün prinsipialdır. Belə məsələlərdə güzəşt ola bilməz. Yəni müxtəlif beynəlxalq güclərin təsiri vasitəsilə çalışırdılar ki, bu qərarın qarşısını alsınlar. Amma ala bilmədilər. Bir tərəfdən Allahın köməkliyi, digər tərəfdən avropalıların qeyrəti buna imkan vermədi…

Nazirlərin kişi sözündənsə, avropalıların qeyrəti yaxşıdır…

 

– «Avropalıların qeyrəti» çox yaxşı ifadədir. Belə deyək, nazirlərin heç birində «kişi sözü» olmur, bunu onlardan gözləməyə də dəyməz, eləmi? Elmar Məmmədyarov da haqqında iddia qaldırmışdı. Əslində, bu addım Eynulla Fətullayevin həbsinə ciddi təkan verdi…

– Bəli, mənə terrorizmlə bağlı maddəni Elmar Məmmədyarovun şikayəti əsasında verdilər.

– Tamamilə absurd bir məsələ idi…

– O, rəsmən MTN-ə bir məktub yazdı. Həmin məktubu cinayət işinin içində görəndə gözlərim təpəmə çıxmışdı. Yəni cinayət işinə nəzər yetirsəniz, görərsiniz ki, bütün qaldırılan cinayət işi və üzərimə qoyulan ittihamlar məhz Xarici İşlər naziri Elmar Məmmədyarovun məktubu əsasında hazırlanıb. Məktub MTN-ə daxil olub və həmin məktub əsasında MTN-nin Antiterror Mərkəzi yoxlamalara başlayıb. Guya yoxlamaya başlayıb, əslində isə heç bir yoxlama-filan da olmamışdı. Çünki Elmar Məmmədyarovun məktubunda göstərilmişdi ki, əcnqəbi vətəndaşlar narahat olublar, qorxublar və onlar arasında böyük təşviş olub, ona görə də xahiş edirik ki, onun qarşısını alasınız. Təsəvvür edirsinizmi? O da çox maraqlıdır ki, MTN heç bir əcnəbi vətəndaşı dindirməyib.

 

«Ata» Holdinqin əməkdaşlarını məhkəmədə üzümə durğuzdular…

– Yəni əslində, ortada heç bir fakt yoxdur? Fakt yoxdursa, deməli, heç əcnəbi vətəndaş da yoxdur?..

– Əcnəbi vətəndaş qismində məhkəməyə şahid gətirdilər. Bilirsinizmi kimləri? «Ata» Holdinq, «Coca-Cola», İpoteka Fondu, Milli Bank, Milli Depozit Mərkəzi, hökumətin maliyyə-iqtisadçı şirkətlərinin, dövlət şirkətlərinin təmsilçiləri və s. Onlar da narahat olmuş xarici şirkətlərin və səfirliklərin nümayəndəsi qismində çıxış edirdilər. Bu, tamamilə cəfəngiyyat və absurd bir şey idi. Mən hətta orada çıxış edərkən hakimə də müraciət etdim ki, bu səfirliklərin nümayəndələri bura mənim tərəfimdən gəliblər. Onlar narahat olduqları üçün buradadırlar və mənə görə bura gəliblər, Elmar Məmmədyarova görə yox. Amma görürsünüz ki, ağıllarına gələn biabırçsı bir vəziyyət yaratmışdılar. AR CM-nin 283.2 maddəsi ilə milli, dini, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddəsi ilə üzərimə qoyulan ittihamı ümumiyyətlə qəbul etmirəm.

 

«Niyə cənub rayonlarına naxçıvanlılar icra başçısı təyin olunurlar?» cümləsinə görə 3 il həbs cəzası!..

 

Qəzetdə bir məqalə dərc olunmuşdu və orada da mən hökumətin kadr siyasətini tənqid etmişdim və orada kiçik bir replika var idi ki, bu necə olur ki, cənub regionuna bir qayda olaraq naxçıvanlılar icra başçısı təyin olunurlar? Əslində, bu faktdır. Dilrubə Camalovadan sonra ora təyin olunan bütün icra başçıları naxçıvanlıdır. Məgər yerli sakinlərdən icra başçısı təyin etməyə bir adam yox idi? Bəyəm, regional elitanın bir layiqli nümayəndəsi tapılmır ki, kənardan ora icra başçısı təyin olunur? Kənardan hər hansı bir regiona icra başçısı təyin olunursa, həmin adam yerli adət-ənənələrdən, folklordan, mədəniyyətdən xəbərsiz olur. Bu ifadəni yazdığım üçün mənə məhkəmə 3 il həbs qərarı çıxardı. Tam cəfəngiyyat deyil, bəs nədir? Ortada bir fakt var və mən də bir jurnalist kimi onu qələmə almışam. Yazmamalıydım?

Bir də vergidən yayındığıma görə… Şahvələd Çobanoğlu bu yaxınlarda çox gözəl bir məqalə yazdı ki,  «görünür, indiyədək biz pul kağızı dərc etmişik, qəzet yox». Əvəz bəy, siz də neçə illərdir qəzet buraxırsınız. Şükür Allaha, illərdir bu yolu gəlmisiniz, media mütəxəssisiniz, axı, hansısa bir qəzet 250 min manat vergidən necə yayına bilər? Absurddur axı. Özü də il yarım ərzində… Yəni aydın məsələdir ki, haqqımda qaldırılan ittihamların hamısı əvvəldən axıradək tam saxtakar döyüş idi və məqsəd məni mənəvi cəhətdən sındırmaq, fiziki cəhətdən silmək idi.

 

Dəstəyə görə «Xural»a təşəkkür edirəm…

 

– Həbsdən sonra özünü necə hiss edirsən?

– Təsəvvür edin ki, həbsdən sonra hər gün cəmi 5 saat yata bilirəm. İllərdir həbsdəyəm və mənə yaxın, əziz olan insanlar, qohumlar, tanışlar, dostlar var. Eyni zamanda ictimaiyyətin də diqqəti üzərimdədir. Əcnəbi dostlarım, xarici təşkilatlar, nümayəndəliklər, səfirliklər də mənimlə görüşürlər. Bütün bu insanlarla görüşüb doyunca danışmaq üçün vaxt lazımdır və o baxımdan, bir qədər vaxt məhdudiyyətim yaranıb. Yeri gəlmişkən, mən «Xural» qəzetinə də öz təşəkkürümü bildirirəm ki, həbsdə olduğum müddətdə mənə dəstək verib, hər zaman həm vəkillərim, həm də dostlarım bununla bağlı mənə məlumat verirdilər.

– Məncə belə də olmalıdır. Yeri gəlmişkən, sən həbs olunan zaman Azərbaycan mediası daha azad və müstəqil idi…

– Bəli, bu fərqi dərhal hiss etdim. Elə bil başqa bir ölkədə həbs olunmuşdum və başqa bir ölkədə də azadlığa buraxıldım.

 

Bu rejimin adı «YAParteid»dir!..

 

– Yazılarını da barmaqla sayıla biləcək qədər az qəzetlər dərc edirdilər. Bəziləri hətta bir gün gözləyib, ikinci gün çap edir, çox ehtiyatla davranırdılar. Digər tərəfdən, yazıların da cəsarətli, sərt, haqqında yazılması ümumiyyətlə qadağan olunan bir adam – İlham Əliyev haqqında idi. Bu gün onun haqqında nəsə yazmaq çox çətindir. O yazılarda istər İlham Əliyevin özünə, istər təhsilinə, məxsusən «YAParteid» rejiminə sərt fikirlərin ifadə olunurdu. Yenə həmin fikirlərində qalırsanmı? Yoxsa dəyişiklik olacaq?

– Heç bir dəyişiklik olmayacaq.

– Belə deyək, İlham Əliyevi «əfv etmək» fikrin varmı?

– (Gülümsünür…) Fransa səfirliyində bir dostum var idi, orada siyasi müşavir işləyirdi. Biz bir dəfə erməni-türk davaları haqqında danışanda mən ona fransızlarla almanlar arasında olan tarixi ədavətdən söz açdım və soruşdum ki, sizcə fransızlar almanları bağışlayıblarmı? Axı, sizin aranızda çoxəsrlik bir tarixi ədavət var. Mən bu misalı türklərlə ermənilər arasında tarixi bir ədavətin olduğunu nəzərə çatdırmaq üçün çəkmişdim. O, maraqlı bir cavab verdi: «Biz bağışlamışıq, amma yaddan çıxarmamışıq!» Yəni bəzən istənilən insan fərdi olaraq da belə bir situasiya ilə üzləşir. Bu məsələ fərdi məsələdir. Mən tək idim və üzərimə total, repressiv bir aparatın hücumu başlamışdı və onun da qəddar bir planı var idi ki, Eynulla Fətullayevi həm mənəvi və həm də fiziki cəhətdən məhv etmək. Demək istəyirəm ki, belə bir situasiya fərqlidir. O baxımdan da insanlar arasında hansısa umu-küsü ola bilər. Yəni mənim Azərbaycan hakimiyyəti, İlham Əliyevlə qarşıdurmam, iki insan arasında olan qarşılıqlı münasibət deyil. Bu, bir nəfərin, bir vətəndaşın təkbaşına hakimiyyətlə olan qarşıdurması idi. Bəlkə də bu insanın, bu vətəndaşın o qədər də böyük həyat təcrübəsi yoxdur. Belə bir adamın üzərinə tam hücuma keçib, onu tamamilə məhv etmək istəyiblər.

 

Ya təslim olmalı idim, ya döyüşməli…

 

Bilirsinizmi, ümumiyyətlə, bir insanı küncə sıxanda onun bir yolu qalır, ya təslim olmaq, ya da döyüşmək. Mən uşaqlıqdan təslim olmağı bacarmamışam. Təslim olmaq mənim xasiyyətimə ziddir, yaddır. Əgər mənimlə xoş dillə danışırlarsa, mən də ona xoş dillə adekvat cavab verirəm. Yox, əgər mənə qarşı zorakılığı görürəmsə, gücüm çatdığı qədər ona qarşı müqavimət göstərib mübarizə aparıram.  Bir daha qeyd edirəm ki, bu məsələdə mən müdafiə olunan tərəf idim, hücuma keçən tərəf yox. Prinsip etibarilə mən tək olduğum üçün hakimiyyətdən zəif idim. Artıq mənə mənəvi dəstəkdən başqa heç bir dəstək verən yox idi. Üstəgəl psixoloji sarsıntılar, təzyiqlər… Ona görə də çox mürəkkəb bir situasiya yaranmışdı. Açığını deyim ki, mən bu zərbənin, bu nifrətin, həqarətli münasibətin, bu kinin səbəbini indiyədək başa düşə bilmirəm. Çox fikirləşmişəm, çox düşünmüşəm…

– Eynulla bəy, neçə il türmədə yatdın?

 

50.000 Oxucu və 4 il, 1 ay, 6 gün həbsxana!..

 

– 4 il, 1 ay, 6 gün…

– Yəni uzun-uzadı düşünməyə imkanın oldu. Həbsə düşməyinin səbəblərini özün üçün aydınlaşdıra bildinmi? Çünki həm «Gündəlik Bakı», həm «Realnıy Azerbaycan» qəzetləri açılandan bir qədər sonra Oxucularının sayı üst-üstə 50 minə yaxınlaşırdı.

– 50 mini keçmişdik.

– Hətta mənə elə gəlirdi ki, bu qəzetlər dərc olunan zaman ilk başlarda bir qədər də İlham Əliyevə loyal münasibət hiss olunurdu. Sonra getdikcə sərtləşən, cəmiyyətdə haqqında müxtəlif söz-söhbətlər gəzən, Kəmaləddin Heydərovun qəzeti «statusu»nu daşıyan – sonradan qəzetin Hüsyen Abdullayevin olduğunu söylədilər, rəhmətlik Anar Məmmədxanovun da adı hallandırıldı – bir qəzet, ölkənin ən önəmli, ən qorunması lazım olan bu mətbu orqan hakimiyyətin bir hərəkəti ilə bağlandı və siz də həbs olundunuz. Avropanın ən nüfuzlu insan haqları təşkilatları belə sizi hakimiyyətin əlindən zorla qurtara bildilər. Bir ara onların çıxardığı qərarlara belə əhəmiyyət verilmədi. Nə idi bu? Niyə birdən-birə hakimiyyət sizə qarşı bu qədər qəzəbləndi? Səbəb nə idi? Bəlkə prezidentin xoşuna gəlməyən, xətrinə dəyən bir hərəkətə yol verdiniz?

 

Həm Fərhad Əliyevdən, həm Kəmaləddin Heydərovdan yazırdıq…

 

– Mən öz fəaliyyətimdə çox korrekt olmağa çalışmışdım. Düzdür, bizim qəzetdə çox senzura olmayıb. Amma qəzetimizdə heç bir zaman sifarişli məqalələr yer almayıb. Mən heç vaxt, heç bir zaman sifarişli iş görməmişəm. Mənimlə çalışan insanlardan səmimi olaraq soruşa bilərsiniz. Heç vaxt, heç bir zaman, heç bir müxbirə hər hansı bir yazı ilə bağlı qadağa qoymamışam. Hətta öz qəzetimizdə mənim haqqında tənqidi fikirləri də yerləşdirirdim. Fikirləşirdim ki, demokratik ruhlu adamlar bunu etməlidir. Yəni qəzet rəngarəng olmalıdır. Qəzeti mən buraxsam da əslində o mənim deyil, Oxucularındır. Oxucular əslində bu qəzetin qiymətini verirdilər. Bu qəzet Oxucuların mülkiyyəti idi. Çünki biz bu qəzeti Oxucuların hesabı, köməyi və maliyyə dəstəyi ilə dərc edirdik. Siyasi mərkəzlərdən eyni məsafəni saxlamağa çalışırdım. Yadınıza gəlirsə, bizdə Fərhad Əliyevlə bağlı çox tənqidi materiallar dərc olunurdu. O həbs olunandan sonra Kəmaləddin Heydərov haqqında yazmağa başladıq. Məsələn, ona «Ailənin generalı», «Sonuncu Don» və s. kimi silsilə yazılar həsr etdik. Həmin yazılarda biz onun şəxsi biznesi, fəaliyyətinə toxunurduq. Burada bir məsələ də var.

 

Hüseyn Abdullayev bir çox romalılardan daha çox Papa çıxdı…

 

Biz Fərhad Əliyev haqqında yazılar dərc edəndə cəmiyyətdə belə bir rəy yaranmışdı ki, bizi Kəmaləddin Heydərov maliyyələşdirir. Ona görə də mən dərhal şəxsən özüm – bütün yazılar müəllif yazıları idi – Kəmaləddin Heydərov haqqında yazmağa başladım. Ondan sonra başqa bir rəy yarandı. Bəli, biz Hüseyn Abdullayevlə dost idik, amma Hüseyn Abdullayev hakim elitada təmsil olunmurdu. Mənim fikrimcə, Hüseyn Abdullayev bir çox romalılardan daha çox Papa çıxdı. Yəni Pənah Hüseyni çıxmaq şərtilə, o zaman Milli Məclisdə müxalifətdə təmsil olunan deputatların heç biri Hüseyn Abdullayevin hakimiyyətə qarşı etdiyi demarşı etmədi. Elədirmi? Düzdür, sonradan o, buna görə cəzalandırıldı.

– Ona şəxsi təsiriniz olmuşdumu? Çünki belə fikirlər yaranmışdı ki, Hüseyn Abdullayev o cəsarətə həm də Eynulla Fətullayevlə olan münasibətlərin nəticəsində gəlmişdi.

– Hər halda o mənimlə məsləhətləşirdi. Mən ancaq bunu deyə bilərəm. 2007-ci ilin mart ayında, yadınızdadırsa, ona qarşı total hücumlar başlamışdı. Onun məsələsi artıv Milli Məclisin gündəminə salınmışdı. Ertəsi gün baş prokurorun birinci müavini onun haqqında həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı Milli Məclisdə çıxış etməli idi. Biz görüşdük…

 

Məni Ramil Usubovun həbsindən İlham Əliyev qurtardı…

 

– Onda «Gündəlik Azərbaycan» qəzetinin manşetləri də Ramil Usubovdan idi…

– Yox, artıq deyildi. Çünki arada centlemen razılaşması əldə etmişdik. Bu hadisə ondan çox sonralar idi. Usubovla bağlı bizim konfrontasiyanın kulminasiyası 2006-cı ilin sentyabr-oktyabr aylarında qalmışdı. Sonradan bu münasibətlər başa çatdı. Biz məhkəmə yolunda münasibətlərimizi tənzimlədik. Çünki o işlə bağlı nə yazmaq mümkün idisə, yazmışdım. Yəni artıq ortada prinsip etibarilə deyəcəyim bir söz də qalmamışdı. Usubov da, qarşı tərəf də dərk etdi ki, məni həbsxanaya atdırmaq bir qədər çətindir, mümkün deyil. Bu prosesin qarşısında bir sədd var idi. Təbii ki, o zaman üçün.  Bu sədd də İlham Əliyev idi. O zaman İlham Əlyiev mənim həbsimi istəmirdi. Bu faktdır. Ona görə də bir centlemen sazişi bağlayıb o məsələyə son qoyduq. Usubov və Hacı Məmmədov dəstəsilə bağlı bizim qəzetlərdə heç bir məqalə də yer almadı.

 

Hüseyn Abdullayevin ölkədən çıxmasına etiraz etdim…

 

– Hüseyn Abdullayevlə tez-tez görüşürdünüz?

– Hə. Biz görüşəndə söhbətlərimiz olurdu və bəzi dostlarımız da var idi ki, ona məsləhət görürdülər ki, Azərbaycanı tərk etsin. Mən təkid etdim ki, bunu etmək olmaz. O zaman mənə dedilər ki, axı sən yaxşı bilirsən ki, adamı həbs edəcəklər. Mən də cavab verdim ki, bəli, lazımdırsa, bu adam həbsxanaya girməlidir. Əgər bu adam öz siyasi baxışlarına, ideallarına sadiqdirsə həbsxanadan qaçmamalıdır. Ona görə də təkid etdim və bildirdim ki, əgər o ölkədən getsə, mənim bu insana münasibətim tam dəyişəcək. Bunu özünə də dedim və o getmədi. Həmin gecə mən ATƏT-in nümayəndəsinə, bəzi səfirliklərə zəng vurub əlaqə saxladım və bildirdim ki, məsələ çox təhlükəli bir hal almağa başlayıb, ola bilər ki, millət vəkili həbs olunsun. Hətta bilirsiniz ki, Hüseyn Abdullayevi ATƏT-in gözlərinin qarşısında həbs etdilər. Çünki biz axşamla ATƏT-in Bakı nümayəndəliyi ilə danışmışdıq və ATƏT-in nümayəndəsi Hüseyn Abdullayevi qəbul etməli idi. O zaman mən Hüseyn Abdullayevə məsləhət etdim ki, səni yaxşı olar ki, ATƏT-in qarşısında bir millət vəkili kimi həbs etsinlər. Yəni həbs edəcəklərsə, qoy orada etsinlər. Yəni bu, həm də bir rəmzi xarakter alsın. Biz hər zaman oturub hər şey haqqında məsləhətləşirdik. Elə olurdu ki, o mənə öz məsələhətlərini verirdi, elə də olurdu mən ona… Yəni biz dost olaraq bir-birimizi dinləyirdik. Mən bu gün də hesab edirəm ki, Hüseyn Abdullayev çox ağıllı və istedadlı adamdır. Həm də rəngarəng xarakterə malikdir.

 

Hüseyn Abdullayev siyasi proseslərdən çəkilib…

 

– Həbsdən buraxılandan sonra görüşmüsünüzmü?

– Hə. O, bizə gəldi və mənə baş çəkdi, sonra biz bir kitab prezentasiyasında xoş görüşdük. Amma mənim başa düşdüyüm qədər o, siyasi proseslərdən çəkilib…

– Yəni əvvəlki qədər deyil?

– Əvvəlki qədər fəal deyil. Ondan sonra da görüşməmişik. Biz ancaq şəxsi məsələləri müzakirə elədik – kef-əhvalı soruşduq, bu qədər… Həbsxana təcrübəsindən danışdıq, amma siyasi məsələləri müzakirə etmədik. Mən bayaqkı fikrimi bitirmək istəyirəm. Düzdür, o vaxt deyirdilər ki, qəzetlər Hüseyn Abdullayevindir. Əslində isə o qəzetlər heç vaxt Hüseyn Abdullayevin olmayıb. Məni onunla dostluq münasibətləri birləşdirib. Amma Hüseyn Abdullayev heç bir vaxt qəzet çıxarmayıb və hətta qəzetlə bağlı bir xahişi belə olmayıb. Məsələn, elə olub ki, arada uzun fasilə yaranıb və zəngləşməmişik. Təqribən 2006-cı ilin sentyabrında o, Həccə getdi, 2007-ci ilin fevralına qədər görüşə bilmədik. Açığı, mənim də o qədər vaxtım yox idi, məşğul idim. Bilirsiniz ki, qəzet çox vaxt aparır. Ancaq onun Milli Məclisdəki məşhur çıxışından sonra ortaya problemlər çıxanda mən bir dost olaraq ona öz yardımımı, dəstəyimi təklif elədim. Sonuncu məsələdə də hakimiyyət mənə çox qəzəblənmişdi.

– Ola bilərmi ki, elə bu cür addımlarınız hakimiyyəti qəzəbləndirsin?

– Tək o deyil, amma o amil də var.

 

Rəfael Allahverdiyev ölkədən baş götürüb qaçdı…

 

– Rəhmətlik Rəfael Allahverdiyev məsələsi də böyük bir hadisə oldu…

– Rəfael Allahverdiyevi Azərbaycanda həbs etmək istəyirdilər, amma edə bilmədilər. Niyə hakimiyət bu məsələnin üstünə getmədi? Çünki Azərbaycandan bir millət vəkili qaçmışdı. Milli Məclisin deputatı Azərbaycanın ərazisini qanunsuz olaraq tərk etmişdi. Yəni siz təsəvvür edə bilirsinizmi ki, bu məsələ siyasi gündəmə çıxsaydı və ümumiyyətlə, Avropada bu məsələ müzakirə olunsaydı, ölkədə gedən proseslərin mahiyyəti necə açıqlana bilərdi. Ona görə də hakimiyyət çox düşündü. Əvvəlcə istədilər ki, bunun üzərinə getsinlər, amma son qərarları ümumiyyətlə bu məsələdən yan keçmək oldu. Daha sonra o vəfat etdi. O xaricə gedəndən sonra bizim münasibətlərimiz o qədər də yaxın deyildi…

– Bütün bunların hamısı üst-üstə yığıldı-yığıldı, nəticəsi də bu oldu…

– Bayaq qeyd etdiniz ki, Hüseyn Abdullayevdən sonra MTN-nin bizi dəstəklədiyi haqda məlumatlar yayılmışdı. Çox maraqlıdır ki, bu söhbətlər çıxmamışdan bir qədər sonra mən rəhmətlik Elmar Hüseynovun qətli ilə bağlı araşdırmalara başladım. Bununla bu söhbət də xətm olundu. Sonradan yeni bir versiya – Anar Məmmədxanov versiyası ortaya atıldı. Mən Anarla dost idim. Anar mənə çox əziz adam idi və onun həyatdan çox erkən və faciəli şəkildə getməsi mənə çox pis təsir etdi.

 

Anar Məmmədxanovun ölümü təbii ölüm idimi?

 

– Yeri gəlmişkən, Anar Məmmədxanovun həyatı çox erkən və faciəli şəkildə tərk etməsində şəxsən siz qeyri-təbii, müəmmalı ir şey hiss etdinizmi?

– Mən onun 40 məclisində iştirak etdim, atası ilə təxminən 3 saata yaxın oturub dərdləşdik…

– Bilirsinizmi, nə üçün sizə bu sualı verdim. Bu haqda çox maraqlı söz-söhbətlər gəzir. Heç kəs bu söhbətləri ictimailəşdirməsə də, onun ölümünü ciddi şəkildə müəmmalara bağlayanlar var.

– Mənə bu haqda nəsə demək çox çətindir. Çüki son 4 ildə mən Anarı ümumiyyətlə, görməmişdim. Hər halda eşitdiyimə, bildiyimə görə o müəyyən problemlər yaşayıb. Mənim bildiyim qədərincə Anar çox sağlam oğlan idi və onun ürəyində heç bir problem yox idi. İndi deyirlər ki, birdən-birə infarkt keçirib. Mən ailə üzvləri ilə də söhbət etdim. Onlar dedilər ki, guya o hadisədən əvvəl bir dəfə mini infarkt keçirib, amma onlar bilməyiblər. Düzdür, o, mədəsindəki ağrılardan şikayət edirdi, onunla bağlı problemləri var idi. Amma sən demə, həmin ağrılar mədədən yox, ürəkdən gəlirmiş. Hər halda Anarın ölümü mənim üçün fəlakət oldu. O, Azərbaycanın ən istedadlı adamlarından biri idi və çox parlaq, rəngarəng insan idi. Onunla bizim dostluğumuz 1994-cü ildən başlamışdı. Biz o zaman onunla Hollandiyada səfərdə olarkən tanış olmuşduq. O vaxt mən ictimai təşkilatın nümayədəsi olaraq orada keçirilən bir beynəlxalq tədbirdə iştirak edirdim. Anar da o zaman ümumiyyətlə millət vəkili deyildi.

– (Yarızarafat, yarıciddi…) ANS-in ezam olunmuş nümayəndəsi deyildiniz ki?

– Yox, yox… O zaman «United The İnternational of Young» – «Gənclərin Beynəlxalq Birliyi» adlı bir təşkilat var idi. Mən də o zaman ictimai fəaliyyətlə məşğul olurdum və həmin təşkilatla sırf özüməməxsüs münasibətlərim var idi. Həmin təşkilatın qərargahı da Haaqa yerləşirdi. O vaxt Anar millət vəkili deyildi, Rüstəm İbrahimbəyovun «Sülh naminə» adlı bir təşkilatı var idi və o təşkilatdan ezam olunmuşdu. Bakıya gələndən sonra da tez-tez görüşürdük. Xeyirdə-şərdə hər zaman bir yerdə idik. Baxmayaraq ki, bir çox siyasi proseslərə bizim baxışlarımız üst-üstə düşmürdü. Xüsusilə, iqtidara olan münasibətdə baxışlarımız müxtəlif idi. Buna baxmayaraq, bizim çox yaxşı münasibətlərimiz var idi. Onun ölümü mənim üçün çox ağır itki oldu. Mən həbsxanada olarkən bu xəbəri eşidəndə, çox kövrəldim. Yaxşı oldu ki, dəfnində iştirak edə bilməsəm də, 40 məclisinə qatılıb ona olan son borcumu yerinə yetirə bildim. Yəni bizi Anarla şəxsi maraqlar birləşdirirdi və ortada hər hansı bir siyasi maraq yox idi.

– Yanılmıramsa, Hüseyn Abdullayevdən sonra Anarla da problemlər yaşandı…

– Bəli, o zaman Anarı MTN-ə çağıraraq dindirmişdilər. O da mənə zəng vurdu, görüşdük. Çox narahat olmuşdu.

 

Anar Məmmədxanlı MTN-ə çağrılmasından çox narahat olmuşdu…

 

– Nə ilə bağlı dindirmişdilər?

– Mənimlə bağlı, münasibətlərimiz haqqında ona suallar vermişdilər. Əfsuslar olsun ki, o məqam var idi. Amma mənim bildiyimə görə, Anar o məsələdə itkilərə məruz qalmadı. O da dindirilərkən bildirmişdi ki, mənimlə 1994-cü ildən dostdur və bizi ictimai fəaliyyətimiz birləşdirib. Yəni onun mənim qəzetçiliyimlə heç bir əlaqəsi yoxdur. Azərbaycanda 9 milyon adam yaşayır. Onların biri YAP-ın, digəri AXCP-nin üzvüdür və onları da hər hansı bir qohumluq, dostluq münasibətləri birləşdirir. İnsanlar əqidəcə bir-birilərindən fərqli düşünə bilərlər, amma bu onların dostluğuna mənfi təsir göstərmirsə, münasibətlər də normal qaydasında davam edə bilər. Hər halda ölkə vətəndaş müharibəsi ərəfəsində deyil axı. Mənə elə gəlir ki, o bunu MTN-də izah edə bilmişdi. Mən o zaman görüşərkən hiss etdim ki, çox narahat olub.

– Ölkədə elə bir sistemin əsası qoyulub ki, gündə göylərdə neçə quş uçur, bunun da hesabını prezidentə çatdırırlar. Yəni onun şəxsi istəyindən kənar heç bir jurnalist həbs oluna bilməz. Əgər belədirsə, səncə prezident İlham Əliyev nədən Eynulla Fətullayevin həbsinə qərar verdi? Niyə bu məsələ prezidentliyi bir kənara qoyaraq şəxsi məsələ prizmasından qiymətləndirildi?

Davamı gələn saylarımızda

Hazırladı:

Bamsı Beyrək

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button