Avropa Şurası: Gender bərabərliyi media azadlığına yardım edə bilər

Bu gün JW Marriott Absheron otelində “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin təqdimatı keçirilib. Tədbirin təşəbbüsçüsü Avropa Şurasıdır.

Layihənin milli tərəfdaşları Ailə, Qadın və Uşaq prpblemləri üzrə Dövlət Komitəsi, Mətbuat Şurası, Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı, Qadın Jurnalistlər Assosiasiyası və. s.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, Azərbaycan müxtəlif qurumların və təşkilatların bu sahədə səylərini dəstəkləməklə gender bərabərliyinə sadiqliyini nümayiş etdirir. İdentiklik və fərdiliyin mühüm hissəsi kimi gender rolları sosiallaşma vasitəsilə formalaşır. Bu gün təkcə ailə, məktəb və iş yeri deyil, həm də yeni informasiya texnologiyaları da daxil olmaqla, KİV belə sosiallaşmaya təsir göstərir. Odur ki, media resurslarından peşəkar səviyyədə istifadə olunması vacibdir.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas bildirib ki, gender bərabərliyi əsas insan hüququdur. Ancaq bəzən gender identikliyi ilə əlaqədar pozulur. Problemin həlli gender mədəniyyət platformasının yaradılmasını tələb edir ki, bu da qadınların və gənclərin gender maarifləndirilməsi üçün meydança olacaq. Azərbaycanda jurnalistlərin iştirakı ilə start götürən yeni layihə qadın və kişilərin müasir sosial rolları haqqında ictimai rəyin formalaşdırılmasına xidmət edə bilər.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Vüqar Səlimov, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış ediblər.

Aİ-nin media və əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Leyla Dervisaci layihənin məzmunu, icra müddəti və komponentlər haqqında danışıb. Onun sözlərinə görə, layihədə məqsəd media sahəsində gender bərabərliyinin təşviqi, qadınların hüquq və azadlıqlarının təmin olunması, onların potensialının həyata keçirilməsi və karyerası üçün şəraitin yaradılmasıdır. Regional jurnalistlər üçün treninqlərin keçirilməsi, Azərbaycanın ali məktəblərinin profil fakültələrində gender mövzusunda tədris kurslarının hazırlanması planlaşdırılır. Bu, materialın düzgün ötürülməsi, yeni başlayan jurnalistin problemi düzgün təhlil etməsi baxımından vacibdir. İl ərzində həyata keçiriləcək layihənin büdcəsi 250 min avro təşkil edir.

Qadın hüquqları üzrə ekspert Mehriban Zeynalova Turan-ın müxbirilə söhbətində deyib ki, Azərbaycanın beynəlxalq təşkilatlara təqdim edilən rəsmi hesabatlarında gender bərabərliyinin təminatı üzrə milli strategiyanın reallaşması, qadınların imkanlarının genişləndirilməsi, bu sahədə hüquqi bazanın yaradılması, qadın liderliyinin inkişafı göstərilir.

“Ancaq dövlət idarəetmə sahəsində qadınların irəli çəkilməsi üzrə qarşıya qoyulan vəzifələr praktikada həllini tapmayıb. Bizim hökumətdə bir nəfər belə qadın nazir yoxdur. Bir neçə il öncə bələdiyyə seçkiləri zamanı həmin yerli özünüidarəetmə orqanlarına rəhbər seçilən qadınların sayı 30%-dək atmışdı. Sonradan rayonlarda bələdiyyə rəhbərləri olan qadınlar kütləvi şəkildə istefa verdilər. Onlara normal şəraitdə işləməyə imkan verilmədi. Nədənsə bu faktdan danışmırlar.

Parlamentdə qadınların sayı 16,8%-dək artıb. Bəyəm, bu, çoxdur? Azərbaycanda nazirliklər, iri şirkətlər, banklar əsasən kişilərdən ibarətdir. Media sahəsində də gender balansı pozulur. Burada sıravi personalın (söhbət müxbirlərdən gedir) 50%-ə qədərini qadınlar təşkl edir. Halbuki, qəzet və jurnalların, informasiya agentliklərinin rəhbərlərinin 95%-i kişilərdir”, – M.Zeynalova qeyd edib.

Hüquq müdafiəçisinin fikrincə, Azərbaycanda gender siyasətinin reallaşması üzrə ciddi araşdırmalar aparılmalı, sosioloji sorğu əsasında təhlillər tərtib edilməli, həmçinin son 10 ilin müqayisəli təhlili aparılmalıdır.

Bundan əlavə, sosial araşdırmaların nəticələrinə dair broşüralar nəşr olunmalıdır, bu nəticələr cəmiyyətdə müzakirə edilməlidir. Bu iş sözügedən sahədə vəziyyətin obyektiv qiymətləndirilməsinə yardım edər.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button