Avropa Şurasından Azərbaycan hakimiyyətinə çağırış

Xural.com azadlıq.info-ya istinadən xəbər verir ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muijnieks Yalçın İmanovun müdafiəsinə qalxdı.

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Muijnieks Azərbaycan Vəkillər Kollegiyasının Yalçın İmanovla bağlı qərarından narahat olduğunu bildirib. Onun yaydığı açıqlamada deyilir:

“Mən Azərbaycan Vəkillər Kollegiyasının qərarı ilə Yalçın İmanovun səlahiyyətlərini müvəqqəti dayandırılmasından və ittiham qaydasında onunla bağlı məhkəməyə müraciət olunmasından narahatam. Azərbaycanda fəaliyyət göstərən hüquqşünas Yalçın İmanov insan hüquqlarının qorunmasında iştirak edir və bir sıra hüquq müdafiəçilərinin də məhkəmələrində vəkil kimi çıxış edir. Son vaxtlar Qobustan həbsxanasında məhbuslara işgəncə faktını kəskin tənqid etdiyinə və bununla bağlı açıqlama verdiyinə görə o, yalan xəbərlər yaymaqda ittiham olundu. Çoxları ona qarşı son baş verənləri insan hüquqları zidd addımları ictimailəşdirməsinin əvəzi kimi qəbul edir və bunun beynəlxalq və Avropa standartlarına zidd olduğunu düşünür. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında vurğulandığı kimi, “bir vəkil ədalət sistemində potensial çatışmazlıqlara ictimaiyyətin diqqətini cəlb edə bilər; məhkəmə sistemi isə konstruktiv tənqiddən yararlana bilər”.

Bu qərar Azərbaycanda vəkilliklə məşğul olan şəxslərlə bağlı verilən başqa bir qərardan sonra olub. İki həftə qabaq Azərbaycan prezidenti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliyi imzalayıb. Bu dəyişikliklər Vəkillər Kollegiyasının inhisarçı mövqeyini ortaya qoyur. Yeni dəyişikliklərə görə, yalnız kollegiya üzvü olanlar vətəndaşların hüququnu müdafiə edə bilər. Ancaq bu qurumun legitimliyi və müstəqil olmaması vətəndaşların məhkəmələrdə hüquqlarını qorumaqda ciddi problemlər yaradacaq Nümayəndəlik institutunun ləğvi Azərbaycanda vəkil çatışmazlığını, vətəndaşların məhkəməyə çatımlılığı problemini daha qabarıq şəkildə ortaya qoyacaq. Üstəlik, yeni qanun 1 yanvar 2018-ci ildən qüvvəyə minəcək və keçid dövrü üçün heç bir tədbirlər planı hazırlanmayıb, düşünülməyib.

Ötən il Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdiyim hesabatda vurğulamışdım ki, Azərbaycanda həssas işlər üzrə hüquq müdafiəçilərinə, vəkillərə ciddi təzyiqlər var. Xüsusilə Vəkillər Kollegiyası məhkəmə prosesləri və intizam icraatı yolu ilə vəkillərə təzyiq edir, saxta yollarla onları cəzalandırır, Kollegiya üzvlüyündən çıxarır. Vurğulamışdım ki, insan hüquqları sahəsində çalışan və tanınmış hüquq müdafiəçilərini müdafiə edən hüquqşünaslar xüsusilə təsirlənir, onların yaxşı fəaliyyət göstərməsi üçün mükəmməl hüquq sistemi olmalıdırlar ki, onlar intizam icraatı ilə hədəfə alınmasınlar.

Mən Azərbaycan hakimiyyətini bu tendensiyanı bərpa etməyə və hüquqşünaslar üçün daha əlverişli mühit, öz funksiyalarını sərbəst şəkildə yerinə yetirmək üçün şərait yaratmağa, vəkillərə təqibləri dayandırmağa çağırıram”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button