Avropa Türkiyədən nə istəyir? – Təhlil

Beynəlxalq təzyiqlərin köklü səbəbləri

Zaman dəyişir, əsr dəyişir, lakin beynəlxalq münasibətlərdə təzyiq metodları köklü olaraq, ruhən və material baxımından tam da  dəyişmir. Özünün elə baza (klassik) mahiyyətini trayektorik formada, şaxələnmə ilə  ötürə-ötürə davam edir. Qloballaşma dövründə artan güc amilləri özü ilə təzyiqin üsullarını və tərkibini də artırır. Düzdür, artıq qlobal müharibələr yoxdur, lakin qlobal rəqabət və buna müvafiq qaydada qlobal və regional təzyiq üsulları və vasitələri vardır. Qlobal təzyiq üsulları özünü regional müharibələrdə göstərir. Dünya iqtisadi və maliyyə böhranları da rəqabətin şəbəkəli əsaslarını ortaya qoyur.

Bu gün müxtəlif gücə malik olan dövlətlər arasında onların güclərinə müvafiq olaraq təzyiqlər də artır. Məsələn, Rusiya Avropa İttifaqına, Avropa İttifaqı Rusiyaya, Rusiya ABŞ-a, ABŞ Rusiyaya, Rusiya Türkiyəyə, Avropa İttifaqı Türkiyəyə öz təzyiqlərini edir və üsul olaraq müxtəlif vasitələrdən yararlanır.Burada tarixi aspektlər də mühüm rol oynayır və tarixi hadisələr qabardılır və sanki, öz “yerinə oturtmaq” funksiyasını daşıyır.   Məsələn, “erməni soyqırımı”, yəhudi holokostu, İkinci Dünya müharibəsinin nəticələri bu kimi amillər sırasında yer alır. Böyük dövlətlərin qarşılıqlı təzyiq metodları içərisində Türkiyəyə qarşı Avropanın, ABŞ və  Rusiyanın da təzyiqlərini qeyd etmək olar. Avropa tərəfindən əsas rolu Almaniya və Fransa oynayır. Hətta dini də bu məsələyə qatırlar və bəlkə də Vatikanın mövqeyinin arxasında dayanan qüvvələr də onlardır. Bu gün ideokratiya, teokratiya, etnokratiya, kulturakratiya dünya siyasətinin ruhi məğzində böyük əhatəedici rol oynayır. Teokratiya tarixdə olduğu kimi, bu gün də dünya siyasətinin piramidal iyerarxiyasında əlverişli yer tutur və piramidanın baş hissələrində siyasi hərəkətlərə təkan verən, vasitələri işə salan “düymə” rolunu  oynayır. Bu anda din öz barışdırıcı mövqeyini siyasi maraqlar mövqeyinə dəyişir. 2015-ci ilin aprel ayında Roma papası I Fransiskin “XX əsrin əvvəllərində ermənilər soyqırıma məruz qalmışlar” mövqeyi bir daha bunu sübut edir. Mövqenin arxasınca isə Fransa prezidentinin Ermənistanda 2015-ci ilin aprel ayının 24-də  “soyqırımın” yüzilliyi tədbirlərinə qatılması, sonradan da Almaniya prezidentinin “erməni soyqırımı” sözünü işlətməsi basılan düymənin hazırlanmış olduğunu (burada monokratiya, yaxud da duokratiya teokratiyanı işə salıb və özünə təkanverici amil hesab edib) teokratiya  aşkar etməkdədir.

İlk növbədə qəbul etmək lazımdır ki, beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələrdə və inteqrasiyada uyğunluq prinsipi mühüm əhəmiyyət kəsb edir. İnteqrasiya və assosiasiya məsələlərində uyğunluq prinsipləri dövlətin daxili siyasətini və xarici siyasətini əks etdirən vasitələrdə, bu baxımdan sosial, iqtisadi, etno-mədəni amillərdə əksini tapır. Bu prinsiplər uyğun gəlməyəndə inteqrasiya üçün problemlər meydana gəlir. Uyğunluq prinsiplərini pozan amilləri, amillərin yaratdığı prosesləri təsnif etmək mümkündür; çünki bu məsələdə çoxlu sayda, həm də müxtəlif miqyasda ünsürlər, obyekt və subyektlər iştirak edir.Postmodernizm dövrünün inteqrasiyası daha çox dövlətlərin regionda birləşmələrinə, aralarında yaranan ittifaqa və birliyə gətirib çıxarır. Dövlətlər bu ittifaqları yaratmaqla bir tərəfdən özlərinin xarici və daxili imkanlarını birləşdirirlər və imkanları sintezlər edərək vahid qərarlar əsasında bu potensial üzərində hərəkət etməyə çalışırlar. Potensialdan istifadə edərək birgə güc yaradırlar. Bu gücün imkanlarından tarazlı qaydada istifadə edirlər və strukturları qarşılıqlı faydalandırırlar. Ümumi gücün faydası onlar arasında uyğunluğu yarada bilir və subyektləri müəyyən məkanda birləşdirmək imkanları qazandırır. Bu aspektdə Türkiyə Avropa İttifaqına üzv ola bilmir. Etiraf edək ki, Türkiyənin Avropanın üzvü olması üçün mövcud kriteriyaları cavab vermir, resurs çatışmır. Uyğunluğun yaranması üçün kifayət qədər iqtisadi, sosial, mədəni və etno-dini aspektlər mövcud deyil. Uyğunsuzluğun yaranmasındakı  problemlərdən biri də ölkələrin siyasi kursudur. Hər bir ölkə öz potensialını regionda və regiondan kənarda müxtəlif istiqamətlər  üzrə yönləndirə bilir və bundan da siyasətin axın istiqamətləri meydana gəlir. Türkiyənin daxili resurslarının xarici siyasət mühiti Avropa ilə yanaşı, Asiyaya da yönəlir. Bu yönümü yaradan əsas faktor kimi etno-mədəni və dini amillər iştirak edir. Eləcə də qəbul edək ki, Türkiyə iqtisadiyyatı Avropa üçün simmetriya yarada bilməyəcək dərəcədədir. Digər aspektdə,  Türk təfəkkürü daha çox Asiya üzərində köklənib və genetik mənşəyinə bağlıdır. Bu gün türk özünü Avropada dəyər verəcək ünsür kimi göstərə bilmir. Təbii ki, Qərbi Avropanın dəyərlərinə uyğunluq  nəzərdə tutulur.Onu da qəbul etmək lazımdır ki, Türk dəyərləri (məsələn, ailə dəyərləri, ailə birliyi dəyərləri, digər qohumluq və birgə təsərrüfat dəyərləri)  Avropa üçün nümunə ola bilər. Lakin Avropa bu məsələdə də öz mühafizəkarlığından və neoliberalizmindən əl çəkmir. Türkiyəni “müəllim” olaraq qəbul etmir.

Uyğunsuzluq prinsiplərinin təsnifatı aspektindən irəli gələrək, ümumi halda Avropa İttifaqı, xüsusilə, onun mərkəzi qüvvələri Türkiyəni bu quruma tam yaxın buraxmırlar. Bu dövlətə özlərinin ticarət məhsullarının realizə bazarı kimi baxırlar. Eləcə də Türkiyənin geosiyasi regional mövqeyindən özlərini Asiyaya bağlamaq istəyirlər. Asiyada da  Avropanın ruhuna qismən də olsa cavab verəcək dövlət məhz Türkiyədir. Lakin Avropaya və regiona münasibətdə Türkiyənin mövqeyi haçalanmış vəziyyətdə qalmaqdadır. Ola bilər ki, bu, Türkiyənin Avro-Asiya siyasətinin əsas təsdiqedici statusudur.Türkiyənin Avro-İslam dövləti, həmçinin Türk-İslam dövləti olmaq siyasəti də onun coğrafi mövqeyinə bir siyasi status gətirir. Lakin Avropa Türkiyəyə siyasi qruplaşmada, geosiyasi fonda ümumən “Qolf ağacı”, yaxud da “Xokkey ağacı” (bu müəyyənlik hələ tam üzə çıxmır, gizli və makro niyyətdir. Dünyalararası rəqabətin təzahürüdür və səbəbləridir) xəritəsi gözü ilə baxır və Türkiyəni elə daha çox regionda və Rusiya ilə inteqrasiyada görür. Təbii ki, bunun da köklü səbəbləri mövcuddur. Avropanın regionda Rusiya və Türkiyəyə ögey münasibəti gələcəkdə Türk-Rus birliyinin yaranmasını şərtləndirməkdədir. Məsələn, 2014-cü ilin qaz böhranında Rusiya-Türkiyə enerji yaxınlaşması bunu sübut etməkdədir.

Uyğunsuzluq prinsipindən irəli gələrək, Avropada əsasən Almaniya və Fransa Türkiyənin quruma tam yaxın gəlməsinin qarşısını almağa çalışır. Bunun əsaslı səbəbləri mövcuddur. “Avropa Türkiyədən nə istəyir” sualına da burada cavab axtarmaq mümkündür. Bu köklü səbəbləri təsnif edərkən miqyasına görə, təsiretmədə tətbiq dərəcəsinə görə bir neçə aspektə ayırmaq olar:

Səbəbləri

Mikro və orta səbəblər: bunlar həmçinin real görünən səbəblərdir.

– Türkiyənin İslam dövləti olması (Almaniya və Fransa Avropanın islamlaşmasından və mərkəzi inanc məkanına çevrilməsindən ehtiyat edir. Bu ehtiyatlılıq Avropa Katolik Kilsəsinin də əsas narahatçılığıdır);

– Türkiyənin iqtisadi sisteminin Avropa standartlarına uyğun olmaması;

– Türkiyə sənaye sisteminin Avropadan geridə qalması (bu faktorlar vahid Avropa üçün inteqrasiya yükü ola bilər);

– Türkiyənin yaşayış tərzinin (buna sosial psixika da demək olar) Avropadan fərqli olması;

– Türkiyənin radikal İslam sərhədlərində yerləşməsi və Avropanın bundan ehtiyat etməsi;

– Etno-türklərin Avropada yayılması – Almaniyada tək üç milyon nəfər türk yaşayır ki, bu da Almaniya üçün sosial təzyiq metodu ola bilər;

– Türkiyənin hüquq-məhkəmə sistemi;

– Avropanın mədəniyyət standartlarına cavab verməyən sivil yaşayış sistemi – Türkiyənin şərq vilayətlərində hələ orta əsrlərin yaşam tərzi qalmaqdadır və s.

Avropanın Türkiyədən istəyi budur – sən, öz göstəricilərinə görə yerində otur.

Makro və kölgədə olan, bu baxımdan hər kəs üçün bəlli olmayan səbəb 

Bu səbəb daha çox dünyalar arasında olan rəqabətin nəticələrini şərtləndirən vasitələrdir. Eləcə də böyük oyunların vasitələridir. Bir qədər öncə qeyd etdiyimiz kimi, Avropanın Rusiya və Türkiyəyə münasibətdə bir “Xokkey ağacı”, yaxud da “Qolf ağacı” formasını alan siyasəti mövcuddur. Bu, o deməkdir ki, mikro və orta – real səbəblərdən də irəli gələrək, onlar da baza olaraq, Almaniya və Fransa Rusiya və Türkiyəni eyni “Günəş sistemi”ndə görmək istəyirlər. Ağacların əyri ucları onları bir yerdə yığılan göstərir.  Bunun da əsas səbəbi məhz İngilis və Slavyan dünyalarına  görədirAlmaniya və Fransa çalışır ki, Türkiyəni Avropa İttifaqına yaxın buraxmasınlar, onu həm ortada haçalanmış mövqedə qoysunlar, zəif vəziyyətdə saxlasınlar, həm də Rusiya tərəfə yönləndirsinlər. Rusiyanın güclü olmasından irəli gələrək, özləri (Almaniya və Fransa) Slavyan və İngilis dünyaları arasında bufer zona, aralıq güc  mərkəzi rolunu oynasınlar. Avropanın Türkiyədən istəyi budur – iki dünya arasında oyunçu bizik, sən yerində otur.Həqiqətdə qəbul etmək lazımdır ki, ABŞ və Böyük Britaniya özlərinin Rusiya əleyhinə olan siyasətlərinə görə Türkiyəni NATO-da və Avropa İttifaqında görmək istəyirlər. İngilis şahzadəsi Çarlzın 2015-ci ilin aprel ayında Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü tədbirində iştirak etməsi də Türkiyə ilə ingilis dünyası arasındakı yaxınlıq siyasətinə sübut ola  bilər. Lakin Almaniya və Fransa Avropa İttifaqına üzvlüyə razı ola bilməz. Türkiyənin Avropa İttifaqında olması ingilislər üçün bu quruma cənub cinahdan təzyiq subyekti rolunu oynamağa imkan verər, həm də Rusiya ilə yaxınlaşmanın qarşısını alar.

Türkiyənin Avropa İttifaqında olmasının Ermənistan üçün nəticələri

Türkiyə Avropa İttifaqında olarsa, Rusiya Cənubi Qafqazda daha da güclənəcək və xüsusilə, Ermənistanda iqtisadi rıçaqlarını bərkidəcək. Bu aspektdən Ermənistan iqtisadiyyatı daha da təsirli (təzyiq altında qalan) iqtisadiyyat forması alacaq. Əgər Türkiyə Avropa İttifaqında deyil, əks halda Rusiya ilə iqtisadi ittifaqa daxil olarsa, onda Ermənistan regionda qazanacaq. Çünki Rusiya-Türkiyə ittifaqı Ermənistanı və Cənubi Qafqazı öz ağuşuna götürəcək. Bu məsələdə də Ermənistanın regionda asılılığı Türkiyə və Rusiyada qalsa da, Ermənistan region hesabına inkişaf edəcək.

 

Elşən Nəsibov,

Siyasi elmlər üzrə fəlsəfə doktoru

strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button