Avropadakı mühacirlərimizdən hakimiyyətə tələblər

11.03.2013

Avropada yaşayan mühacirlərin yaratdığı Demokratik Azərbaycan Hərəkatı bəyanat yayıb. “Media forum” saytının məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan hakimiyyətinin davamlı olaraq apardığı repressiya siyasəti, həbslər, təqiblər, təhdidlər ölkədə idarəolunmaz durum yaradıb. Xüsusilə mətbuata davamlı hücumlar, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və daxili işlər naziri Ramil Usubovun “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi məhkəməyə verib onun həbsini tələb etmələri bizdə təəssüf və hiddət doğurub.

Ölkənin iki aparıcı qəzetinin – “Azadlıq” və “Yeni Müsavat”ın fantastik məbləğdə cərimələnmələri, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının qanunsuz olaraq həbsdə saxlanması, xəbər saytlarına hücumların təşkili və digər proseslər artıq Azərbaycanda azad mətbuatın məhv edildiyini göstərir.

Azərbaycan hakimiyyətinin 20 ildir ki, istifadə etdiyi şablon üsullarla “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizovu həbs edərək işgəncələrə məruz qoyması, şantaj edərək saxta etiraf ifadələrinin alınması və televiziya vasitəsilə yayılması iyrənc bir əməliyyatdır. Müxtəlif ali məktəblərdə təhsil alan bu gənclərin barəsində 3 aylıq həbs qətimkan tədbirinin seçilməsi hakimiyyətə qətiyyən baş ucalığı gətirmir. Biz “Nida”çı gənclərin dərhal azadlığa buraxılmasını tələb edirik.

10 mart 2013-cü ildə Bakıda “Əsgər ölümlərinə son” tələbi ilə keçirilən aksiyada vətəndaşlara zor tətbiq edilməsi, şəhid valideynlərinin təhqir olunması da bizim ürəyimizi ağrıdır.

Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bu olayları dərin təəssüf hissi ilə izlədiyimizi bildirərək Azərbaycan hakimiyyətindən repressiyalara son qoymağı tələb edirik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button