Avropadan Bakıdakı “Eurovision”u boykot çağırışı

05.03.2012

Avropa Liberal Demokratları “Eurovision” iştirakçılarına müraciət etdi

“Birlikdə Azərbaycan hökumətinə bəyan edə bilərik ki, öz xalqınızın fundamental haqlarını inkar edərək Avropanın ən populyar mədəniyyət hadisəsinə ev sahibliyi edə bilməzsiniz”

Avropa Liberal Demokrat Partiyasının prezidenti Qraham Vatson “Eurovision-2012” musiqi yarışmasının iştirakçılarına müraciət ünvanlayıb. Beynəlxalq Avropa Hərəkatının saytında yerləşdirilən və Avropa Parlamentinə, Azərbaycanın Avropa ölkələrindəki səfirliklərinə göndərilən müraciətdə deyilir:

“Təəssüf ki, siz içinizdən keçənləri bütün ölkələrdə azad şəkildə oxuya bilməzsiniz və Azərbaycan bu ölkələrdən biridir. Bir çox illər ərzində ölkədə insan hüquqlarının vəziyyəti getdikcə pisləşmişdir. Jurnalistlər, bloqçular, siyasi fəallar və sadə vətəndaşlar rəsmiləri tənqid etdiklərinə görə davamlı oalaraq təzyiqlərlə, təqiblərlə üzbəüz qalır, həbs edilirlər. Bu ölkədə öz fundamental haqlarınızı tələb edirsinizsə, həbs atılmaq risqi etmiş olursunuz.

Avropa liberalları əsas insan hüquqları və vətəndaş azadlıqlarını himayə edir. Dünya Azərbaycanda sevinc dolu bir hadisəni qeyd etməyə hazırlaşdığı zaman liberallar və demokratlar Avropanı Azərbaycandakı qorxu mühitini xatırlamağa çağırır.

Cəmi bir neçə kilometr aralıda öz fikirlərini ictimaiyyətə çatdırmaq üstündə həbsə atılmış insanlar varsa, siz necə şən və açıq ürəklə sevgi və azadlıq haqqında nəğmələr oxuya bilərsiniz? Avropa Bakıya gəlməmişdən əvvəl prezident İlham Əliyev bütün siyasi məhbusları azad etməklə əla ictimai etimad münasibətləri təmin edə bilər. Avropa liberallarını, o cümlədən Müsavat üzvləri və onların siyasi müttəfiqlərinin taleyi narahat edir. Bunlar, Müsavat partiyası başqanının müavini Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıdır.

Onlar söz azadlığı hüququnu həyata keçirmək uğrunda mübarizə apardıqlarına görə həbs edilmişlər və “Amnesty İnternational” onları vicdan məhbusu elan etmişdir: Bunlar deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev, Müsavat Gənclər təşkilatının sədr müavini Əhəd Məmmədli, gənclər təşkilatının üzvləri Rüfət Hacıbəyli, Elşən Həsənov, Ülvi Quliyev, Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı, şöbə müdiri Məhəmməd Məcidli, sədrin müşaviri Sahib Kərimov, üzvləri Babək Həsənov, Arif Alışlı, Zülfüqar Eyvazov, İslam Partiyasının sədri Mövsüm Səmədovdur.

Avropa liberalları hazırda siyasi motivli ittihamlarla həbsdə olanların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Bütün mümkün tədbirlər Avropa Şurasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi ilə əməkdaşlıq əsasında məyyən edilməlidir. Bu məktubu imzalayın!

Məhkumlar sizin dəstəyinizə ehtiyac duyur. Biz birlikdə Azərbaycan hökumətinə bəyan edə bilərik ki, öz xalqınızın fundamental haqlarını inkar edərək insanları təzyiq altında saxlamaqla Avropanın ən populyar bir mədəniyyət hadisəsinə ev sahibliyi edə bilməzsiniz”.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button