Aydın Canıyev 2011-ci il məhkəməsində hakimə nədən danışdı-MƏTN

Köşə kimi status

Aydın Canıyev

Möhtərəm və möhtəşəm jurnalist

 

2011-ci ildə Lənkəranda məhkəmədə etdiyim çıxış:

– Möhtərəm hakim!

Burada mənim üzümə duranlar mənə hədis misal gətirdilər, indi mənim onlara bir hədis borcum var, eləcə də sizə, məqamıdı ki, hədis borcumu qaytarım son görüşümüzdə. Deməli, bir gün ağayla nökər namaza hazırlaşarkən, carçı xəbər gətirir ki, bəs şah ölüb, sabah meydana yığışın, quş uçurdacaqlar.
O vaxtlar birpartiyalı sistem, demokratiya, varis planı-zad olmadığından, quş uçurdurmuşlar, bəzən də elə olurmuş ki, nəticə “quşlamağa” bərabər olurmuş. Əlqərəz, Ağa namazını qılır, istəklərini ifadə edir: ya Rəbbim, əgər o şahlıq quşu mənim başıma qonsa, bu ölkədə əlili-zəlili, şikəsti himayəmə alacam, siyasi məhbusları, nahaq tutulanları azad edəcəm, düşmənləri torpağımızdan qovacam, sənin dinini müqəyyəd edəcəm və s. və ilaxır, amin!
Nökər deyir “amin!”
İndi də nökər namazını qılır və istəklərini ifadə edir: ya Rəbbim, əgər o şahlıq quşu mənim başıma qonsa, bu xalqın anasını ağladacam, əlilə-zəlilə, şikəstə qan udduracam, siyasi məhbusları vətən adı çəkdiklərinə peşman edəcəm, nahaqdan tutulanların sayını artırıb, Lənkəranda, Kürdəmirdə, Şəkidə əlavə həbsxanalar tikdirəcəm, qardaşı bacıya, oğulu anaya şamtutan qayıracam, amin!
Ağa dinmir, nökər dirəşir ki, bəs “amin!” de, sənin mənə bir “amin!” borcun var. Ağa da çar-naçar “amin!” deyir. Amma səhər durub meydana gedəndə qapıları bağlayır ki, nökər gələ bilməsin.
Hamı meydanda, quşu uçurdurlar. Quş “vzlyot” edir, “posadka” eləmir! Səlahiyyətlilər buyurur ki, gedin kimi harda – tövlədə, tarlada, xəstəxanada tapırsınızsa, gətirin. Yenə də quşu uçurdurlar, yenə həmən həmən… bu dəfə də buyururlar ki, at axuru, mal tövləsi, harda kim var gətirin. Gəlib ağanın evinə çatanda görürlər qapı döyülür, sındırırlar, “bə niyə belə”, – deyəndə nökər qayıdır ki, ağa elə bilib mən getmişəm, qapını bağlayıb. Məxləs, nökəri də gətirirlər meydana, quşu uçurdurlar, başına döndüyüm həmən qonur nökərin başına. Ağa axşamkı söhbəti görə qayıdır ki, bəs bu mənim nökərim olub, başdanxarab bir şeydi. Uzun sözün icmalı, “msk” qərar verəmmir. Təzədən quşu uçururlar. Bu dəfə də quş nökərin başına qonur. Bu dəfə də ağa exit-poll, AŞ PA, ABŞ, RUSİYANIN ƏLİYLƏ NƏTİCƏNİ LEGİTİM OLMAĞA QOYMUR. NƏHAYƏT, RAZILAŞIRLAR Kİ, ÜÇÜNCÜ DƏFƏ KİMİN BAŞINA QONSA, şah da o olacaq. Üçüncü dəfə də quş gəlir qonur… nökərin başına.
Ağa həmən qəflə-qatırını sahmanlayır, aradan çıxır.
İkicə ay keçməmiş, aləm dəyir bir-birinə, qan su yerinə axır, zülm ərşə dirənir, əlil-zəlil, şikəst it gününə qalır, ana oğuldan, qardaş bacıdan aman diləyir, tədbirli kişilər yığışıb bir “91-lər” imzasıyla ağaya elçi düşürlər ki, sən allah, gəl buna deynən ki, barıtın az eləsin. Nökər-şahın da əlisi-cəsarəti-mirbabası həmən ona çatdırırlar ki, bəs getdilər çörək verənini tapıb səndən xahişə gətirsinlər. Nökər-şah da tapşırır ki, o düdük vilayətə ayaq basanda mal-mülkünü alın gömrükdə, saraya girəndə üstündə olanı alın, “priyomnı”da da soyundurun lüt-ətcəbala, buraxın içəri. Elə də eləyirlər, ancaq vəzir-vəkil də yalvarır ki, sən allah, nə alıblarsa onqat əvəzini verəcəyik, təki gir buna de ki ayıbdı, day bu boyda da zülm eləməsin.
Ağa sonda əllərini özünə əncir yarpağı edib içəri “şah sağ olsun” deyib girəndə nökər-şah mələfəni atır üstünə ki, ə düdük, sən adil olarsan allah, sən xalqı çox istəyərsən, allah, sən mərhəmətli olarsan, allah, sən … allah… sən allah… təbii ki hamısının cavabı allah olur və nökər-şah deyir:
– ay xiyar, ikimiz bir yerdə namaz qılmadıqmı? Sən demədinmi abad edəcəm, mən demədimmi xaraba, sən demədinmi, analar güləcək, mən demədimmi analarını… ağladacam? İkimiz də amin demədikmi? Bəs onda nəyə gəlibsən?
Möhtərəm hakim, bağışlayın! Mən məsciddə qız zorlayanların cəzalanmasını istədim, adamlar üzümə durdu, görünür bu azdı, gərək gəlib bunların qızlarını, arvadlarını, gəlinlərini evlərinin içində gözlərinin qabağında zorlasınlar, bəlkə etiraz edələr!
Mən hesab edirəm ki, allahın hökmünə qarşı çıxmışam, odur ki, Allah qarşısında səhvimi başa düşürəm, hesab edirəm ki, İlham Əliyev və Allahşükür Paşazadə bu xalqa allahın hədiyyəsidir!

P.S. Hakim yazdıqlarımın həqiqət olduğunu bildiyindən hər prosesdə deyirdi ki, mən sənə hökm oxumayacam. Məcbur etdim ki, hökm oxudu! Və… məhz onun mənə oxuduğu hökmə görə azadlığa qovuşdum!!!
P.P.P.S. Yazını niyə yazdım və paylaşdım – şərhə ehtiyac varmı?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button