Aydın Canıyev yazır: “Mirzə! SAKİT!”

Mətbuat tarixindən…

 

Aydın Canıyev

 

Gecə saat 03.00-dır. 12 dəqiqə qabaq qərara aldım ki, bu yazını yazım. Artıq 2 saat 28 dəqiqədir ki, bayramımız başlayıb. Amma…

Bu tip yazını bir xeyli müddətdir gözləyirdim – təkcə sıravi yazarlardan, baş redaktorlardan, sıravi oxuculardan, partiya sədri və ictimai xadimlərdən yox, bütün hamıdan gözləyirdim. Gözləyrdim ki… deyəsən, mənimki bu gözləməkdən gəlib!

İngilis, polyak, italyan Qalileonu, Koperniki, Brunonu yox edib, amma öz SATİRİKLƏRİNƏ dəyməyib – əvvəla, onlarda millət olaraq formalaşanda ya bir satirik olub, ya iki. Bizdə isə HƏR ƏSRDƏ BİRİ olub – hər üçü də Şamaxıdan! Dolayısıyla – Şirvanşahlardan!!!

Deməli, neyləmək lazım idi (olub; -dır;)?

Öldürmək, çərlətmək, vərəmlətmək, gözdən salmaq, bihörmət etmək!

Nə üçün?

Seyid Əzim görürdü din əldən gedir, xalqa din lazımdır, yazırdı – kimlər ki, bunu yaşatmağa cavabdeh idi, onlar da, yəni ki, mollalar, öldürdülər: özlərinə sərf edirdi.

Mirzə Ələkbər istəyirdi paklansın millət: həm sabun bişirirdi, həm də söz – kimlər ki, milləti “yuyundurmağa” borcluydu, onlar da, yəni ki, ziyalılar, qoydular mazata, çərlətdilər!

Mirzə Sakit yazırdı ki, dövlət möhkəmlənsin, ordu güclənsin, deputat millətin vəkili olsun, şair şeir yazsın, mədhiyyə yox, nazir işləsin, kef çəkməsin, siyasətçi xalqın içinə getsin, day kiminsə harasına, ən yaxşı halda, cibinə yox – kimlər ki, Mirzə Sakitin yazmağıyla özləri düzəlməliydi, ölkəni düzəltməliydi, onlar da onu… həbs elədilər!

Əslində, mən təəccüb elədim eşidəndə ki, Mirzənin “üstündən” 10 qram heroin “çıxıb”.

Ölməyən dədəmin olmayan goruna and olsun, mən bilirdim Mirzəni tutacaqlar, – növbə onun idi! – inanırdım da ki, üstündən NƏSƏ çıxacaq, lakin inanmırdım ki, onun üstündən “NƏŞƏ” –  heroin çıxacaq!!!

Mənim hesabımla onun üstündən gərək Amerika istehsalı olan “Tomoqavk”, Rusiyanın ən son model “Satana-300” kosmik, İranın qitələrarası “Şahab” ballistik, eləcə də ordu arsenalından 80-90-cı illərdən çıxarılmış “Perşinq”, “Stinger” raketləri, Su-27, MiQ-7 qırıcı təyyarələri, T-90 tankları, BMP-3 piyada maşınları və və s. planetlərarası “Mark Tven-Viktor Hüqo-Krılov-Mirzə Sakit” kosmik gəmisi də həmçinin. Amma və lakin… heç bir halda heroin yox!

Əvvəla, ona görə ki, bu heroin zəhrimarı o adamlar gəzdirir ki, cibində pul olur, restorana gedir, bara gedir, saunaya gedir, masaja gedir, iş yeri olur, işə gedir! Ona görə.

Bu Mirzə Sakit yazıq axı ya dost-tanışın toyuna gedir – onu da Qənimət öyrədib ki, toyda nəmər yazdırmamaq olur, ya da allah iraq eləsin, hüzrə.

İkincisi də bu heroin zəhrimarı alan kopayoğlu PULLU olur. Mirzə Sakiti tanıyanların bircəciyində çörək pulu əgər bütöv varsa (ya 500 manatlıq 250 manatlıqnan olur, ya da üç dənə 250 manatlıq) Allah onu tutana qənim olsun!

Amma (lakinsiz) düz eləyib Mirzə Sakiti heroinlə tutublar – adamı day nə təhər tutarlar? Pulu yox – deyəsən ki vergidən yayınıb, deklorasiyanı düzgün doldurmayıb, araq içmir ki, deyəsən ictimai yerdə dövlət strukturlarını təhqir edib, iş rejimini pozub, ictimai birgəyaşayış qaydalarına yaraşmayan hərəkətlər edib, “Şam”, “Oazis”, “Niaqara”, “Axşam” restoranlarından da çıxmayıb, ciblərindən qızıl-gümüş qaşıqlardan-çəngəllərdən çıxarasan ki, oğurluq edib!

Gərək neyləyəsən? Hökmən heroin çıxardasan ondan! Əslində də Mirzə Sakitin “üstündən” 10 qram heroin çıxarıb tutan polis işçisini gərək 100 il azadlıqdan məhrum edəsən! Çünki Mirzə Sakitin nəinki üstü, hətta bütün içi-içalatı başdan-ayağa “heroin”dir.

Heç kim bilməsə də, bizim “narkobizotdel” qəşəng bilir ki, millət heroinə necə hərisdir və bundan gələn gəlir nə boydadır, təhlükə nə boydadır!

Mirzə Sakit həqiqətən də “narkobaron”dur!

Elə bir sətri varmı ki, oxuyan bir daha Mirzə Sakiti oxumamaga cürət etsin – bax, o polis işçisi ona görə fikirləşib tapıb ki, onun “ruhi heroini”ni MADDİ SÜBUTLA – əşyayi-dəlillə ifadə eləsin, amma bu yazıq ONCA QRAMINI ifadə edə bilib.

Cənab polis, Mirzə Sakitin  NƏ BOYDA NƏHƏNG “NARKOBARON” OLMAĞININ ifadəçisi sənin MADDİ SÜBUTA çevirdiyin “əşyayi-dəlil” İFADƏ EDƏ BİLMƏZ!!!

Həqiqətən də, Mirzə Sakit milləti NARKOTİKAYA – “heroinə” öyrəşdirirdi. Bu “heroin”in adı ŞEİR idi!

Mirzə Sakit tutulana qədər mən elə bilirdim bizim dövlət güclüdür, düşməni – ermənini məhv etmək qədərində qüdrətlidir!

Elmar Hüseynov öldürüləndə hesab edirdim ki, Heydər Əliyevin qurduğu dövlət bir jurnalistin hücumuyla dağılmaz – hər nədirsə, burda ayrı kələ(k)f var!

Bahəddin Həziyev qol-qıç ediləndə fikirləşirdim ki, başa salmaq istəyirlər ki, adamın başı qoltuq görməsə, ayağı sınmaz!

Amma Mirzə Sakit…

Bizim hökümət nə qədər qorxaq imiş!

Bizim polis nə qədər gücsüz imiş!

Bizim dövlət nə qədər aciz imiş!

A kişi, şeirdi, qoy yazsın da!

Ordudan əsgərlər qaçır bəyəm? Ya erməniyə məhz Mirzə Sakitin şeir yazmağına görə qalib gələ bilmirik? Bəlkə Türkmənistan Xəzəri bizimlə məhz onun atmacalarına və replikalarına görə bölüşmür?

A kişi, şeirdir, qoy yazsın da!

Siz ev tikirsiniz, villa alırsınız, “mersedes”dən “bentli”yə minirsiniz, “bmv”-dən düşüb “audi”ni yəhərləyirsiniz, arvadı məşuqəyə dəyişirsiniz, Mirzə Sakit də heca-heca misra tikir, misra-misra beyt qurur, beyt-beyt bənd ucaldır, şeir sahibi olur, personaj dəyişir, qoşmanı gəraylıyla əvəzləyir, məsnəvini təcnislə dəyişir, müxəmməsi minacatla yəhərləyir…

Nə olur ki?

A kişi, şeirdir, qoy yazsın da!

Vəzifə sizin, kef sizin, pul sizin, bar sizin, restoran sizin, gözəl-gözəl qədim peşə sahibləri sizin, yeyib-içmək sizin, radio sizin, televiziya sizin, mətbuat sizin, kənd sizin, şəhər sizin, rayon sizin, ölkə sizin, iqtidar sizin, müxalifət sizin, bir dənə dərd çəkmək qalıb, onu da Mirzə Sakit götürüb! İndi şamaxılıdı deyənə, bunu da çox görürsünüz? Dərd çəkmək də yerlibazlıqdandı? Elə onu da hökmən gərək Seyid Əzimin, Mirzə Ələkbərin yoluyla göndərəsiniz?

Təəssüf doğuran odur ki, Mirzə Sakit millətin “istəyini” – “heroinini” ona “poçti çto huvayi”, cəmi mincə manata satıb feyziyab edəndə gərək nəzərə alaydı: “narkotik maddələr adamı gücdən, ağıldan, hərəkətdən, o cümlədən də kişilikdən salır”…

Beş-on “mestni” hüquq müdafiəçisi ilə beş-üç “mejdunarodnı” hüquq müdafiəçisi səsini qaldırırsa, bu bəs eləməz!

Ona görə bəs eləməz ki, biz hələ dərk etmirik: satirik şeir yazanı “düşmən”, “cani”, şərləyib həbs etmək qədərincə “təhlükəli” sayırıqsa, deməli, dövlətimiz güclü deyil!

Bir dövlətin ki, yıxılma ehtimalı bir neçə bəndlə ifadə oluna, onda o dövlətdən danışmağa dəyməz!!!

Məhz bu fikirlərə görə qəti qənaətimdir:

Mirzə Sakiti bu adla həbs etdirmək yalnız və yalnız Azərbaycan prezidentini gözdən və nüfuzdan salmaq planıdır! Azərbaycan prezidentinə yaltaqlanıb saxta etibarı, sədaqəti bir daha nümayiş etdirmək üçün atılan addımdır!

Mən heç cür başa düşə bilmirəm: doğrudanmı, kəskin ifadələr işlədən şairi “narkoalverçi” adıyla içəri qoydurub ÖLKƏ RƏHBƏRİNİN yanına HESABAT verməyə getmək olar?!

Doğrudanmı, ölkə başçısı BELƏ CƏZALANDIRMADAN razı qalır? – əgər xəbəri varsa…

Doğrudanmı, düşünülmür ki, iqtidarın bir bədbəxtliyi var: onun MİRZƏ SAKİTİ YOXDUR ortaya qoymağa – üstünə tüfənglə gələni də öldürürsən, sözlə gələni də?

Niyə nətcə çıxarılmır ki, biz Mirzə Sakiti necə əldə edək: güman edirəm ki, bunu edə bilməmək acizliyi onları qeyzləndirir. Yaltaq deputatlıq, geydirmə müxalifətçilik, saxta və yalançı verilişlər, pulla tikilən bağlar, salınan parklar deyil ki, tapşırasan, xonçada gətirsinlər!

Mirzə Sakitin BƏDBƏXTLİYİ təkcə şamaxılı olmağında yox, həm də İQTİDARININ YOXLUĞUNDADIR! MİRZƏ SAKİTİN İQTİDARI cəmiyyət olmalıydı! – o cəmiyyət ki, buradan İrana top atır, LAZIM MÜƏLLİMİ gözləyir ki, ondan “dobro” alandan sonra ermənini çıxdığı yerəcən qovsun, Marsa it, Yupiterə göyərçin uçurtsun!

Mirzə Sakitin bir yolu var: məhkəmədə desin ki, Heydər Əliyevin ruhuna and içirəm ki, mənim cibimə heroini polislər qoyub! Qoy məni “heroinlə tutan” polis də Heydər Əliyevin ruhuna and içsin ki, belə deyil! Ay and içdi ha!..

Əks təqdirdə, “tutulan” 10 qram heroinə görə on il, lap yüz ay, üstəlik də yaşının sayı qədər – 48 ay da əlavə düşür!!!

 

SON:

Millətin halına görə deyirəm: Mirzə Sakitin bircə dəqiqə həbsdən tez azad olması naminə ölkə prezidentinin ömürlük seçilməsi üçün bütün savadımı, qabiliyyətimi qurban verərdim! Çünki…

Bütün mübariz insanlar Mirzə Sakit kimi şərlənəndə, ləkələnəndə Mirzə Sakit kimilərinin uğrunda və rifahı üçün vuruşduğu CƏMİYYƏTi, TƏBƏQƏni kar, kor, lal görürəm!!!

Həm də ona görə ki, “Mirzə Sakit heroini”nə öyrəşmişlər indi… ağrıyır!!!

“Narkomanlar” ağrıya dözmür axı!

Təəssüflər olsun ki, “NARKOMANLAR” heç vaxt döyüşmürlər! – onlar yalnız ağrımağı bacarırlar!

 

SÖZARDI:

Susun!

Susun!!!

Sizi “növbə indi kimindi?!” sualı xəyallara qərq edib! İkicə ay qabaq da belə düşünürdünüz! Sevindirə bilərəm sizi: day növbədə adam qalmayıb!

Bu… son idi! – hər iki halda…

 

“Azadlıq” qəzeti,  23-24 iyul 2006-cı il

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button