Aydın Canıyev yubileydən sonra yazır: “50-dən sonrakı 5 günün eyforiyası!”-FOTO

Aydın Canıyev

Möhtərəm və möhtəşəm

 

Hamıya… hər şeyə… Əvəz

və yaxud 50-dən sonrakı 5 günün eyforiyası!

Həə, bitdi!

Həsrətin, gileyin və ittihamın özü!

Bunu Əvəz Zeynallı hamının əvəzinə etdi!

Əvəz Zeynallı adi istəyi qəfil… dövlət səviyyəsinə qaldırdı! Dövləti əvəz etdi!

Əvəz Zeynallı Mətbuat Şurasının əvəzinə bir söz şöləni yapdı! Mətbuat Şurasını əvəz etdi!

Əvəz Zeynallı etdi!

Soruşmayın nə etdi, özüm deyəcəm!

Əvəz Zeynallı hətta özüylə küsülü olanları dəvət etdi!

Əvəz Zeynallı məni “separatçıdır” ittihamında bulunanları dəvət etdi!

Tənqid etdiklərimi, bir-biriylə düşmən olanları bir araya gətirdi!

Gətirdi və… Azərbaycanda Sözün Sağlığına möhtəşəm bir himn səsləndirdi!

Mən bu minnətdarlığı Dövlətə və Mətbuat Şurasına etməliydim və Əvəz Zeynallı bu minnətdarlığı Azərbaycana və xalqa etdirdi!

Elə olaylar, tədbirlər var ki, onlar günün tələbi olsa da, zamanın arxivinə – saxlancına gedir.

Əvəz Zeynallının mənim üçün düzənlədiyi 50 illik yubiley mərasimi o sıradandır!

Haqlı olaraq soruşa da bilərsiniz: “Layiq idinmi? Bir halda ki, cəmiyyətdə birmənalı qəbul olunmursan!”

Onda cavab verək bu suala: “Qəbul etməyənlər kimlərdi, iddiaları nədi?”

Çox səmimi etiraflardan biriylə cavab verirəm.

Əli Həziquliyev: “Aydın, sənin ictimai-siyasi fəaliyyətinə heç bir iddia ola bilməz, bulaşmaqda, tərəddüdlərdə ayrılarında nisbət yüzün əlliyədisə, səndə yüzün iyirmiyədi! Sənin problemin şəxsi həyatının, yaşamının uğursuzluğudu.”

Bəli, razılaşıram. Mən hardasa ümummilli liderlik, partiya sədrliyi uğrunda vuruşmuşammı, ya da prezidentliyə namizədliyimimi vermişəm bu qədər tələbkarcasına ittiham olunum, şəxsi həyatımın çalarları ilə üstümə gəlinsin?

Yubiley ərəfəsi dostlara ərklə eşitdirdim: toyunuzdan, toxum-tayfanızdan, ad gününüzdən belə yazmışam, hələ xalq, dövlət, siyasi mübarizə, müharibə və cəmiyyət haqqında yazdıqlarım bir yana – amma və lakin bu toydan, ad günündən elə yazmışam ki, cəmiyyət üçün mesaj olub, anlam kəsb edib. Növbə sizindi…

Cavab “super” oldu dostların əllərinə qələm almamasına:

– Bakıda “poxludərə”də başını yardıranda itirmisən bu haqqı…

– Lənkəranda məscid pəncərəsi sındıranda…

– “Ağ çiçəyim”də toyda qanlıq çıxış edəndə…

– filankəslər türmədə olanda haqqında yazmağınla…

Doğrudanmı sizlər bu qədər həqiqətpərəstsiniz?

Etiraf etməyəcəyimi, yaxud da don geyindirəcəyimimi düşünürsünüz?

 

Bəli, başımı yardırdım!

Mən nəinki başımın yarılmağını, hətta azadlığımı itirmək qarşılığında belə bu addımı atdım, axı sizlər, həqiqətpərəstlər, heç dilinizə də gətirmirsiniz daha fəci, daha iyrənc həqiqətləri! Halbuki mən daha bir azərbaycanlı kişisinin sınmamağı üçün bir dəfə yox e, bir neçə dəfə başımı sındırtmışam, qaşımı çapıblar, dizlərimi qırıblar… bunları özümün də yazmağa cəsarətim çatar!

Məsciddə zorlanan mənə qan qohumluğu çatmayan bir rus qızıydı… onun ləkələnmiş namusu üçün vuruşurdum, məscidin təmizliyi üçün vuruşurdum. Nə oldu? Qoydular içəri! Susdunuz. İndi məktəblərdə körpə qızların seks videosunu, qrup halında zorlamadan olan videoları paylaşırsınız! Kimi ittiham edirsiniz? Bəs bilmirdiniz məsciddə aşura gecəsi qız zorlayanları cəzalandırmayanda, buna etiraz edənin həbsinə susanda növbə özümüzünkülərə çatacaq, müqəddəs yerin biri məsciddisə, biri də məktəbdi! Anlamadınız müqəddəs yerləriniz murdarlana-murdarlana gəlir!? Artıq atalarımızın qəbri də daha müqəddəs sayılmır! Mənim həyatımın ən şərəfli səhifəsini başqaxıncına döndərməyə nə ehtiyac var ki… təbrik əvəzi? İstəyirsiniz o videonu hər gün paylaşım! O videonu çəkib ora qoyduranların bacısı oğlunun videosu yayılanda səsiniz gəlmədi e, demədiniz qanlıq söhbət olub!

Di indi məni görməzlikdən gəlməkdə davam edin!

 

Toyda qanlıq çıxış elədim!

 

Hanı o toylardan sonrakı ailə? Axı hamıdan əvvəl sonluğu çatdırırdım! İndi isə ildə 13 min boşanma üçün 9 ana axtarırsınız, dəsmal götürüb ağlasın!

Di gedin yeyin-için, nəmərinizi atın! Xeyir-dua verin, amma və lakin nəyə… bunun fərqinə varın!

 

Sizə qurban olum, ay kənd adamı

o toya getməyin, getməyin, nolar

Bəy üzüdönmüşün xəyanətinə

şahidlik etməyin, etməyin, nolar! (Telli Pənahqızı)

 

Həqiqət olmadımı türmədə olanlardan yazdığım?

Axı sizlər türmədə olanların haqqında yazılan böhtanlara susanda mən nəinki biri, hətta beşi haqqında yazırdım, müdafiə edirdim! Nə yazdım xətrinizə dəyən? Yazdım ki, “adam bağışlanmazdır” deyir Möhtərəm. Düz deyir! Neynədiniz? Dəstəklədiniz! Dəstəyiniz o qədər dərin getdi ki… fırlatdılar… “Ali Media Mükafatı” verdilər! İndi söyürsünüz. Sizin söydüyünüz kopayoğludan vaxtında xəbərdar etməmişdimmi… əleyhimə də olsa! Siz lehinizə olanı belə dilinizə gətirmirsiniz, mən əleyhimə olanı  belə deyirəm, nəinki vaxtında, hətta 5 il, 10 il əvvəldən!

Və yaxud da ayrı yazdıqlarım olsun! Polemika açaqmı? Bir daha və yenidən yazımmı… artıq azadlıqda və “azadlıq”da olanlardan!?

“Zaxlebıvayte”!

Mənim başımı yardırmağım, məscid pəncərəsi sındırmağım, qanlıq çıxış etməyim, həbsdə olan haqqında həqiqəti yazmağım sizləri mənim haqqımda TAM HƏQİQƏTİ deməkdən məhrummu edir?

Bax, Əvəz Zeynallı bunları bilə-bilə bu addımı atdı və yüzdən artıq görkəmli elm, ictimai-siyasi xadim, ədəbiyyat və sənət adamı dəstək oldu, söz şölənində iştirak etdi, dəyər verdi. Heç sizlərdən də az ittiham etmədi, amma məni TAM təqdim etdi, yarımçıq yox!

 

…bu xalq və bu ölkə sizi dəyərləndirəcək!

Bu yazı təkcə Əvəz Zeynallıya yubileyimi keçirdiyinə görə deyil, həm də Azərbaycan Sözünə verdiyi dəyərə görədi. Gözəl bir ənənənin başlanğıcıdı!

Bu yazı təkcə iştirakçılara, dəstək verənlərə təşəkkür deyil, Azərbaycan Sözünə dəyər verən dəyərli insanların varlığının etirafıdı!

Bu xalq və bu ölkə uğrunda ömrünü sərf etmiş imzalara güvəndi, onlarda əminlik yaratmaqdı!

Artıq hamı mesajını aldı ki, siz bu ölkə və bu xalq üçün mübarizənizdə olun, bu xalq və bu ölkə sizi dəyərləndirəcək!

Dövlətdən, Mətbuat Şurasından yana narahat olmayın.

Ölkənin və xalqın dəyəri yaddaşdı, dövlətin və hansısa bir təşkilatın təltifi, təşəkkürü sadəcə… statistikadı!

 

Fərmanlar, sərəncamlar fərdidi, xalq və ölkə sevgisi əbədi!

Bu hisslərdi Əvəz Zeynallıya və iştirakçılara təşəkkür etdirən və bu hisslərdi Əvəz Zeynallını və iştirakçıları Böyük Gələcəyə aparan.

Biz gələcəyimizdən, Böyük Gələcəyimizdən narahat olmaya bilərik!

Əvəz Zeynallı bu missiyaya uğurla başladı və əmin olaq ki, davam da edəcək!

Desəm ki, bu tədbir olmasaydı da, heç nə olmayacaqdı, bu, əclaflıq olar!

Ən azından:

Telli Pənahqızı, Züleyxa Nadir, Qərənfil Xəlilova, Hacı Azadə Taleh, Əntiqə Qonaq, Kəmalə Mikayılzadə, Səfurə Çərkəzqızı, Himayət Rizvanqızı, Aida Eyvazlı – adlarının çəkilməsini istəməyən, iştirak etmək istəyib üzrlü səbəblərdən iştirak edə bilməyən, ruhən yanımda olanlar,

Aslan İsmayılov, Qurban Məmmədov, Elxan Şükürlü, Rahim Qazıyev, Elşad Musayev, Mirmahmud Mirəlioğlu, Əli Əliyev, Fuad Əliyev, Mehman Əliyev, İsrail Musayev, Mübariz Məsimoğlu, Sərdar Əlibəyli, Əli Həziquliyev, Aqil Alışov, Zahir Əzəmət, Elçin Zahiroğlu, Vəli Əkbər, İlqar Rəsul, Rey Kərimoğlu, Dəyanət Babayev, Ağaşirin Tarverdioğlu, Kəramət Böyükçöl, Telman Seyfullayev, Nəsimi Nəbizadə, Yusif Məhəmmədoğlu, Muradxan Hüseyn, Elbrus Hüseynov, Yusif Rzayev, Şəmşad Ağa, Sadiq Elyer, Ələddin Rüstəmli, mərhum hərəkat liderlərindən Məhəmməd Hatəmi Tantəkinin qardaşı Tomrid Hatəmi, Qaadir İbrahimli, Xanoğlan və Səid Əhmədovlar,  Ramiz Tağıyev, yaxın-uzaq ellərdən gələn iraqlı qonaqlar və adlarının çəkilməsini istəməyən, iştirak etmək istəyib üzrlü səbəblərdən iştirak edə bilməyən, ruhən yanımda olanlar… vardı.

Bəli, hətta iştiraklarını və dəstəklərini qeyd etməyə belə razı olmayan, amma dəyər verən, dəstək verən ünlü imzalar, isimlər!

Baş əyirəm! Sizlər mənim sərvətlərimsiniz, qəhrəmanlarımsınız, oxucularımsınız, qürur və fərəh ünvanlarımsınız!

Sizlər ən tutarlı cavablarımsınız məni ittiham edənlərə. Hamı bilir ki, məni ittiham edənlərin heç biri Sizlərin bu ölkə, bu xalq üçün etdiklərinizin milyonda birini etməyiblər, edə bilməyiblər, etmək istəməyiblər!

Sizlər edibsiniz, sizinlə bir sırada olmuşam! Nə alınıbsa, o alınıb!

Təşəkkürlər!

 

“Mətbuat patriarxı”nın çıxışını ən böyük mükafatın möhürü kimi qəbul etdim!

Xüsusi vurğulayıram:

Mehman Əliyevin iştirakı və çıxışı mənim üçün hər hansı mətbu təşkilatın iştirakından və etirafından milyon dəfə dəyərliydi. “Mətbuat patriarxı”nın çıxışını ən böyük mükafatın möhürü kimi qəbul etdim!

Aslan İsmayılovun, Qurban Məmmədovun, İsrail Musayevin dediklərini, təbriklərini hər hansı rəsmi təltifin fövqündə saydım!

Elxan Şükürlünün, Mübariz Məsimoğlunun, Sərdar Əlibəylinin, Vəli Əkbərin, Telli Pənahqızının, Himayət Rizvanqızının, Aida Eyvazlının ürək sözlərini ürəyimə yazdım.

Səmimiydilər, təmənnasız idilər! Amma və lakinsiz… həm də mükəlləf edirdilər: Mərd olmağa, Doğru Sözə!

Bundan gözəl borc varmı, ola bilərmi?

Adamlar adam olmağını səndən istəyir, tələb edir, mükəlləf edir, Səni düşünürlər!

 

Bunun üçün 30 il əzab çəkməyə dəyər!

 

Bunun üçün 30 il lazımdı!

Heç kim heç nəyə tələsməsin!

Bu xalq, bu ölkə onun uğrunda vuruşmağı haqq edir!

Heç kimi də mükafatsız qoymur!

 

SONDA: Məxsusi olaraq yubiley üçün filmi, süjetləri işləmiş Məlahət Qisuri Zeynallıya sonsuz minnətdarlıq edirəm – ana qayğısıyla, bacı rəğbətiylə, həmkar təəssübüylə var gücünü sərf etdi!

Əvəz Zeynallı tam bir ay ayaq üstə durdu!

Hamınız haqqınızı mən deməmiş halal etdiniz!

Daha nə deyim?

Öz-özümə deyirəm: “ya podlets, no… ix podlets” və təbəsssümümdən, üzümdəki xoşbəxtlikdən, gözümdəki işıqdan öpürəm!

O təbəssüm, o xoşbəxtlik, o işıq sizlərsiniz – yaddaşında “Aydın Canıyev” olanlar!

 

p.s. Yubiley tədbirinin ən gözəl tərəfi o idi ki, bütün Azərbaycan vardı orda – həm coğrafi anlamda, həm də ictimai-siyasi kəsimiylə, ədəbiyyat və jurnalistika təmsilçiləriylə. Bir-biriylə danışmayanlar belə! Sevincim sonsuz idi: mən hamını birləşdirən dəyərə çevrilmişdim!

Mən belə “əclaf”am!

Proşşu… lyubit i jalovat!)))

 

Aydın Canıyevin 50 illik yubileyi fotoların yaddaşında:

      

     

 

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button