Aynur Camal Sevil Nuriyevanı niyə vurdu?

Aynur Camal

Çox qəribə və təzadlı bir mənzərə yaranıb. Azərbaycanda mövcud olmuş bəlli şəbəkənin – “Gülən camaatı”nın “səxavətindən” və “dəstəyindən” geninə-boluna istifadə edən və bəhrələnən şəxslər indi birdən-birə, qəflətən Ərdoğandan artıq ərdoğançı, Türkiyədən artıq türkiyəçi olmağa başlayıblar. Sanki vaxtilə Gülənin “ay çöhrəsinin” Gün görməyən“tərəfinin” də “nurlu” olduğunu iddia edən bunlar deyilmiş; sanki gülənçilərin məhkəmə təzyiqlərindən illərlə əziyyət çəkən bunlarmış; sanki illərlə gülənçilərin mənəvi təxribatlarının hədəfi olublarmış…

Fətullah Gülən əleyhinə bu uzun illər ərzində bircə kəlmə işlətməyənlərin (söhbət bəzi azərbaycanlılardan gedir) indi böyük cidd-cəhdlə Türkiyənin məlum dairələrində özlərinə yeretmə çabalarını müşahidə edəndə təəccüblənirsən. Ona görə yox ki, insanlar fikrini dəyişiblər və hazırda FETÖ şəbəkəsinin dəhşətini yaxşı anladıqları üçün Türkiyənin apardığı siyasətə dəstək verirlər – əlbəttə, buna normal yanaşmaq olardı. Ona görə ki, onlar Türkiyənin siyasətini müəyyənləşdirən “düşünən beyin”, “hədəfgöstərən” funksiyasını yerinə yetirməyə uğursuz cəhd göstərirlər və bəzən bu “missiyada” Azərbaycandakı prosesləri tənqid etməkdən çəkinmirlər.

Bu düşüncə əslində Türkiyədə 17 dekabr 2013-cü il hadisələrindən sonra qismən, 15 iyul 2016-cı il hadisələrindən sonra isə özlərini büsbütün FETÖ-ya qarşı mübarizəyə “həsr edən” bəzi azərbaycanlı yazarların davranışında görünür və doğrusu, bu müşahidələrimiz nə zamansa yazıya çevriləcəkdi. Ancaq Azərbaycanın tanınmış televiziya aparıcılarından olan və hazırda Türkiyədə məskunlaşan Sevil Nuriyavanın son yazısı ilə tezləşdi.

Sevil Nuriyeva “Star” qəzetində bir məqalə yazmış və Azərbaycanı Gülən məsələsində Türkiyəni aldatmaqda suşlamış, “Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəni aldadır” iddiasını irəli sürmüş…

Təbii, Sevil Nuriyevanın uzun müddətdir yaşamadığı və izləmədiyi Azərbaycan deyil, illərdir yaşadığı və müşahidə etdiyi Türkiyədə aparılan FETÖ əməliyyatı ilə bağlı fikir yürütməsi daha məntiqli olmalıydı. Ancaq görünür, Nuriyeva hansı mühitdə və necə analitiklərin, informatorların əhatəsində olduğunu yaxşı bilir və yalnız öz ölkəsinin əleyhinə yazmaqla diqqəti üzərinə çəkə biləcəyi kimi qəbulolunmaz, bir az da jurnalist etikasından kənar “vasitədə” özünü sınayır.

Ərdoğanı tərifləmək, Türkiyənin xalqdan səs alan liderini dəstəkləmək və onun komandasına “mən də sizləyəm” demək üçün Azərbaycandakı vəziyyəti pisləməyə qətiyyən ehtiyac yoxdur. Əgər insan əqidəsində səmimidirsə, hansısa yalançı informasiya daşıyıcısı roluna girməklə yalnız adi oxucunu qısa müddətə yanılda bilər, daha Yaxın Şərqin aparıcı dövlətinin və böyük xəfiyyə məlumatlarının içində olan qurumu – AKP-ni yox.

Əlbəttə, 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə telekanallarında göz yaşları ilə Ərdoğana sədaqətini nümayiş etdirmək Sevil Nuriyevanın haqqıdır və bu göz yaşlarının nə qədər səmimi olması bizim müzakirə predmetimizdən kənardadır. Baxmayaraq ki, “Google”də xırdaca bir araşdırma ilə vaxtilə Sevil Nuriyevanın “Gülən camaatı” ilə əlaqələrindən faydalananlar sırasında olduğuna aid kifayət qədər material tapmaq mümkündür – hətta silinənləri nəzərə almasaq belə…

“Azərbaycan FETÖ mübarizəsində nədən Türkiyəni aldadır?”

sevil

Sevil Nuriyevanın ünvanlandığı sualdır, amma sualda məntiqsizliyi aradan qaldırmağa zərurət var. Belə ki, sual “Azərbaycan FETÖ mübarizəsində niyə Türkiyəni aldatmalıdır” şəklində qoyulmalı idi.

FETÖ – dindən istifadə edib, hakimiyyəti ələ keçirməyə cəhd edən şəbəkədir, onlar iqtidarın içinə sızırlar, getdikcə kök atırlar və iş o yerə gəlib çıxır ki, ölkə rəhbərliyinə diqtə edirlər. Onların diqtəsini qəbul etməyən qürurlu və inamlı prezidentə qarşı isə (bu kontekstdə Ərdoğan nəzərdə tutulur) ən iyrənc formada rəqabətə başlayırlar – hakimiyyətdəkilərin intim videosunu yayırlar, rüşvət qalmaqalı başladırlar, ölkədə itaətsizlik mühiti formalaşdırırlar, qiyama belə əl atırlar…

Bu cür təhlükəli şəbəkə ilə mübarizə hər bir dövlətin MİLLİ TƏHLÜKƏSİZLİYİ məsələsidir. Azərbaycan iqtidarı özünə qarşı olan bu cür təhlükəli şəbəkə ilə niyə qeyri-səmimi mübarizə aparmalıdır? Niyə “mübarizə görüntüsü” yaratmalıdır? Türkiyəyə görə “üzdə mübarizə aparıb”, əslində bu şəbəkəni “bəsləməklə” öz güclü iqtidarını və Azərbaycanın taleyini 80 yaşını haqlayan, kimin əlində alət olduğu bilinməyən Pensilvaniya qocasına niyə verməlidir?

Sizcə, ən güclü dövlətlərin qarşısında belə öz milli, dövləti maraqlarından geri çəkilməyən və ölkəni regional oyunçu səviyyəsinə qaldıran Prezident İlham Əliyev və onun komandası – qürurlu və özgür Azərbaycan hakimiyyəti – ona diqtə etmək xəyalına düşən bir ilanı qoynunda bəsləyərmi?

Prezidenti kim aldadır?

Sevil Nuriyevanın növbəti məntiqsizliyi əslində əvvəlki məntiqsizliyini ört-basdır etməyə yönəlib. Xanım yazar iddia edir ki, iqtidar daxilində kimlərsə əsl FETÖ-çülərə qarşı mübarizəni səngitməklə, dövlət başçısını çətin vəziyyətə salmaq istəyir.

Bu məntiqsizliyin və yanlışlığın kökündə hadisənin mahiyyətini duymamaq və ya anlamamaq dayanır. Bir daha xatırladaq ki, FETÖ ilə mübarizə milli təhlükəsizlik məsələsidir, bu, 1000 binanın üstünə vurulan 250.000 şifer deyil ki, iş icraçısı şiferlərdən birinin qırıldığını podratçıdan gizlətsin.

Milli təhlükəsizlik məsələsində Prezidentin və yüksək çinli dövlət məmurlarının qarşısına peşəkar xəfiyyələrin qonşu ölkələrlə işbirliyi şəraitində əldə etdiyi dəqiqləşdirilmiş və səhih kəşfiyyat məlumatları qoyulur, kiminsə dilindən səslənən ehtimalla siyasi qərar verilmir.

Azərbaycanın milli təhlükəsizliyi məsələsində son illər atılan addımlar dövlət başçısının bu sahədə nə qədər həssas və diqqətli olduğunun göstəricisidir.

O ki qaldı komandanın səmimiliyinə, İlham Əliyev komandasının məhz sədaqətinin nəticəsidir ki, Azərbaycandakı mövcud iqtidar getdikcə güclənir və heç bir rəqib tanımır.

Əlbəttə yanlış edənlər, dövlətin iradəsinə qarşı olanlar da olub – ancaq ən optimal şəraitdə və qısa müddətdə onlar heç bir ictimai narahatlıq doğurmadan zərərsizləşdiriliblər.

Yazarın AXCP və ANS dərdi

Əslində, Nuriyevanın Azərbaycanı hədəfləyən məqaləsinin bir səbəbi kimi FETÖ ilə mübarizədə atılan sonuncu iki addım da nəzərdən qaçmır: bəzi nurçu AXCP üzvlərinin həbsi və ANS-in bağlanması.

“Azərbaycanda FETÖ səbəbi ilə bir neçə müxalifətçi də həbs olundu. Sirr deyil ki, FETÖ-nün müxalifətlə heç bir işi olmaz, – deyə yazır Nuriyeva: ANS kimi ilk müstəqil televiziya da FETÖ məsələsinə görə 2 aydır bağlanıb, halbuki Azərbaycanda hər kəs ANS-in FETÖ ilə yaxından-uzaqdan əlaqəsinin olmadığını bilir”.

Görünür, Nuriyeva bilmir ki, sədaqət üçün tökülən göz yaşları analitik yazıların yazılmasına mənbə rolunu oynamır. Araşdırma yazısı üçün araşdırmaq lazımdır.

1. AXCP sədri Əli Kərimlinin FETÖ ilə bağlantıları haqda tutarlı faktlar var və bunu heç kəs inkar edə bilməz. Onun hələ Elçibəy dönəmində yaratdığı “Yurd” təşkilatının (FETÖ-nün “Yurt”u ilə assosiasiya olunur) əslində Türkiyədə “camaat”ın qurduğu “paralel dövlət”in bir nümunəsi olduğu aydındır. Əgər hətta Sevil Nuriyevanın məntiqindən çıxış etsək və inansaq ki, FETÖ yalnız hakimiyyətə sızmaq istəyir, onda “Gülən camaatı”nın Azərbaycana ayaq açdığı 1992-ci ildə hakimiyyətdə AXC-nin olduğunu yada salmağa zərurət yaranır. Çünki Əli Kərimlinin “Yurd”u AXC iqtidarı dövründə fəaliyyət göstərirdi. Yəni müxalifət yox, iqtidar idi. FETÖ Azərbaycanda “paralel dövlət” yaratmaq işini ilk dəfə onlar üzərində sınaqdan keçirib. AXC iqtidarından sonra Əli Kərimli müxalifətdə olsa da, bu əlaqələr davam edir.

2. ANS telekanalının Fətullah Gülənlə müsahibə almasının səbəblərini, yaxud gələcəkdə doğura biləcəyi nəticələri Nuriyeva bizdən daha yaxşı bilməli idi. Axı o özünü Ərdoğanın qatı tərəfdarı kimi göstərir və FETÖ proseslərinin mərkəzi olan Türkiyədə yaşayır…

Bütün bunların fonunda Nuriyevanın qələmindən çıxan yazıdan boylanan bir məqam da var.

“Türkiyəli iş adamı Hüseyin Büyükfırat Azərbaycana buraxılmadı” deyə yazan Nuriyeva AXCP, ANS və digər məsələləri məhz bu sözlərdən sonra sıralayır. Belə görünür ki, onun Azərbaycana “hədəf seçməsinin” özəl səbəbləri sırasında Hüseyin Büyükfırat da dayanır.

Hüseyin Büyükfırat vaxtilə Azərbaycan Tibb Universitetində əczaçılıq ixtisasına yiyələnib. İş adamıdır, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi bir çox işlərlə yadda qalıb. Onun Azərbaycana buraxlmamasının səbəbini Dövlət bilir…

Azərbaycanda FETÖ mübarizəsi niyə aparılır?

Qayıdaq əsl suala. Azərbaycan bölgənin nüfuzlu ölkəsi kimi milli təhlükəsizliyi naminə öz dövlət maraqlarının əleyhinə fəaliyyət göstərən bütün qurumlarla mübarizə aparır və bu sırada FETÖ də var.

Azərbaycanda FETÖ şəbəkəsi heç zaman təhlükəli səviyyəyə gəlməyib, çünki bu şəbəkəsinin təhlükəli həddə yaxınlaşmasına dövlətimiz imkan tanımayıb. Hələ 2009-cu ildə Prezidentin köməkçisi, PA ictimai-siyasi şöbənin rəhbəri Əli Həsənovun Türkiyənin Bakıdakı rəsmi tədbirində Gülənin fotosuna göstərdiyi təpki Azərbaycanın beyin mərkəzində milli maraqların hansı səviyyədə və necə qorunduğunu, siyasi proseslərin gələcək inkişafının necə nəzarətdə saxlanıldığını aydın şəkildə ortaya qoyur.

Gülənçilərin neytrallaşdırılması prosesinin sürətlənməsi isə əlbəttə ki, 2014-cü ilin ilk günlərindən başladı: Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov başda olmaqla, onun iyerarxiyası altında toplanan FETÖ-çular vəzifədən uzaqlaşdırıldı. Yarıtmaz və şəbəkələşən yarıdindar kəsimə loyal münasibətinə görə Elşad İsgəndərli vəzifəsinə əlvida dedi, eyni addımlar keçmiş deputat Ceyhun Osmanlının timsalında qanunverici orqanda da atıldı. Bu iyerarxiya altındakı təhsil və media orqanlarında ciddi təmizləmələr aparıldı, “Çağ Öyrətim” bağlandı, ictimai sektorda bir sıra təşkilatlar ləğv olundu.

Türkiyədə 15 iyul hadisələrindən sonra isə FETÖ şəbəkəsinin media orqanı “Zaman Azərbaycan” qəzeti bağlandı, Qafqaz Universitetinin rəhbərliyi dəyişdirildi. Dövlət strukturlarında şəbəkəyə bağlı bir çox kiçik məmur vəzifələrindən kənarlaşdırıldı və həbs olundu.

AXCP-nin FETÖ-ya bağlı üzvləri haqda həbs qətimkan tədbiri seçildi. Bununla yanaşı, 15 iyul hadisələrinin baş verdiyi zaman Pensilvaniyada Fətullah Gülənlə müsahibə alan ANS telekanalının fəaliyyəti də dayandırıldı.

“Prezident İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləyib və yaşanan proseslərdən dərin narahatlıq keçirib”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd hadisəsindən dərhal sonra verdiyi bu açıqlama isə Azərbaycanın Türkiyəyə münasibətinin ən yüksək səviyyədə ifadəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Baş nazir Binəli Yıldırım, keçmiş daxili işlər naziri Əfqan Ala, TBMM-nin AKP-li, CHP-li, MHP-li bir çox millət vəkilləri, həmçinin Türkiyənin Azərbaycandakı böyükelçisi İsmayıl Alpər Coşqun 15 iyul dövlət çevrilişinə cəhd zamanı qardaş ölkəyə ilk dəstəyi göstərən və hazırda FETÖ-yə qarşı mübarizə aparan Azərbaycana, Azərbaycanın lideri İlham Əliyevə dəfələrlə təşəkkürlərini bildiriblər. Bu insanların əlində, Sevil Nuriyevadan fərqli olaraq, böyük və səhih informasiyalar mövcuddur və onlar dedikləri sözün məsuliyyətini, ölkəsinə qeyri-adekvat münasibətlə özünə Türkiyə mediasında “yer etmək” istəyən xanım yazardan fərqli olaraq, daha yaxşı bilirlər.

Bir vacib məqamı qeyd etsək, yerinə düşər ki, Azərbaycanda proseslərin lap əvvəlindən “nurçulara” ona görə normal münasibət olub ki, onların arxasında həmişə Türkiyə prezidentləri dayanıb. Xatirlayırsızsa, nurçuların ilk nümayəndələri paytaxt Bakıya məhz ovaxtkı prezident Turqut Özalın dəstək məktubu ilə ayaq basmışdılar. Sonrakı prezidentlər – Süleyman Dəmirəl, hətta Rəcəb Tayyib Ərdoğan da həmişə isti münasibət göstərdiklərinə görə nurçular Azərbaycanda yerləşə, fəaliyyət göstərə bilmişdilər…

Mesajımız

Ərdoğan təbii ki, Türkiyə iqtisadiyyatını qaldıran, qardaş ölkəni regionun qüdrətli dövlətinə çevirən və xalqın böyük dəstəyini qazanan siyasi xadimdir və biz də canımızın bir parçası olan bu ölkənin – sevgili Türkiyənin uğurları ilə fəxr edirik, bu yolda Ərdoğana uğurlar arzulayırıq.

Amma Ərdoğandan artıq “ərdoğançı” olan keçmiş FETÖ dostlarının da bir daha nəzərinə çatdırmaq istəyirik ki, kiminsə gözünə “ərdoğançı” kimi girmək üçün öz dövlətini yalan-palan tənqid etməyə heç bir ehtiyac yoxdur. “Ərdoğançı” – Azərbaycan miqyasında yanlış ifadədir. Azərbaycanda birinci şəxsdən tutmuş sıravi vətəndaşa qədər hər kəs – bütün xalq qardaş Türkiyənin yanındadır. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevlə ən səmimi dost münasibətlərindədir. Türkiyənin liderinə Azərbaycanda da kifayət qədər böyük sayğılı münasibət var. Amma Azərbaycanda “ərdoğançı” olmurlar; sadəcə, Türkiyəni sevirlər!

Tanrı Türkiyəni və Azərbaycanı qorusun!

aznews.az

Xural.com-dan xüsusi qeyd:

Yazıda adı çəkilən şəxslərin də mövqelərini dərc etməyə hazırıq 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button