Aynur İmran: “Yuxulasaq, öləcəyik”

Aynur İmran

Türkiyə, İstanbul

Məxsusən “Xural” qəzeti üçün

Biz uşaq olanda deyirdilər ki, adam yaşlandıqca ağırlaşır, ağıllanır, sanballı, təmkinli olur. Bir sözlə, ağsaqqal, ağbirçək örnək olur. Yəni biz böyüklərə baxıb örnək götürə bilərdik. İndiki zamanda gənclər yaşlılara baxıb örnək götürə bilərmi sizcə? Məsələn, qonşusunun oğlu əsgərlikdə ölən xala, qohumu xəstəxanada pulu olmadığı üçün həkim diqqətsizliyindən can verən dayı, ayda 120 manat  təqaüd alan ağbirçək çıxıb prezidentə 90 il hakimiyyət arzulayırsa, onun vicdanı varmı sizcə? Vicdanı olmayan adamdan örnək götürmək olarmı? Əslində, mən o insanların çarəsizlikdən yaltaqlandığını düşünürəm. Çünki onların bir parça çörək qazanmaq üçün ailəsinə, sevdiklərinə yardım etmək üçün başqa heç bir perspektivi yoxdur. Onun çörəyi tək yaltaqlıqdan çıxır.  Həm də yaltaq o qədər çoxdur, irəli getmək üçün çox yaxşı yaltaqlanmalıdır. Fərq qoymalıdır ortaya. Məsələn, biri prezidentə 90 il ömür arzulayırsa, başqası bundan sonra 90 il hakimiyyət arzulayır. Danışdıqca ürəkləri əsə-əsə də, tərif dedikləri adamın gülümsəməsini gözləyirlər. Tutdu, ya tutmadı deyə.  Gülürsə coşurlar, daha da tərifləyirlər, səs tonları artır. Amma ən önəmlisi o çıxışdan sonra başlayır. O şəxs prezident və ya nazirlə çəkdirdiyi şəkli çıxarıb asır divara və başlayır ətrafa qan uddurmağa. Qonşular, qohumlar, yerli məmurlar onun bir sözünü iki edə bilməz. Axı o, “əsas adam”la şəkil çəkdirib – “Həsənağanın qohumudur”. Yolu bağlayır, qonşuya su vermir, uruğuna-turuğuna iş düzəldir, müavinət düzəldir. Sözün əsl mənasında “göz çıxardır”.

İndi siz düşünün, yüksəliş və rifahın tək yolu yaltaqlıqdan keçən məmləkətdə insanlardan vicdan tələb eləmək mümkündürmü? İnsanlar dayanıqlı deyil, təhsilsiz, formalaşmamış, gəlişməmiş insanlar isə idarə olunmağa, əyilməyə daha çox meyllidir. Bəs onda bu ölkənin, bu cəmiyyətin sonu hara gedir? Biz hələ ki, televiziya, internet qarşısında oturub belə “ağsaqqal və ağbirçəklərə” saqqalına …. bağlayım” deyə bilərik. Bundan başqa heç nə. Məsələn, o qadın ictimai qınaqla üzləşirmi, şəhid anaları, xəstələr, övladını maddi imkansızlıqdan oxuda bilməyənlər, yığışıb o xalanı qınayırmı? Salam-sabahı kəsirmi? Yox! Tam əksinə, elələrinə yaltaqlanmağa çalışanlar da var. Quyruğun quyruğuna…

Bu ölkədə aydınların sadə vətəndaşlarda heç bir fərqi yoxdu. Hamı yatır. Mübarizə aparmaq, maarifləndirmək əvəzinə söyməklə kifayətlənir. Bir məşhur söz var, bəzən filmlərin ana xətti o ifadənin üzərində qurulur, yəqin ki, eşitmisiz – “Yuxulasaz öləcəksiz!” Şaxtalı havalarda əlçatmaz yerlərdə qalan zaman belə olur, ya da mədənlərdə fəlakət zamanı torpaq altında qalanlarda. Bizim cəmiyyət də o gündədir. Torpaq altında qalmışıq, son nəfəsimizdir. Oyaq olmaq, mübarizə aparmaq lazımdır. Yuxulasaq, öləcəyik. Hamımız…

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button