Aysel Əlizadənin sonuncu çağırışı yayıldı

aysel30 2

Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd yazıçı, jurnalist Əlizadə Aysel Alim qızı dairənin ən problemli məhəllələrindən bir neçəsində olub. Əlil ailələrini narahat edən məsələlərlə tanış olub. Sakinləri yoran çoxsaylı problemlər qeydə alınıb. Su, kanalizasiya, qeydiyyat problemi olan binaların siyahısı tutulub. Sakinlərin dediyinə görə, diqqətdən kənarda qaldıqları üçün problemlər üst-üstə yığılıb: “Bu günə kimi kimsə bizim qapımızı döyməyib, problemlərimizlə maraqlanmayıb. Sözünü deyə bilən, cəsarətli, işgüzar cavan kadrlara ehtiyacımız çoxdur. Milli Məclisdə xüsusilə xanımların çoxluğu vacibdi. Çünki son illər xanım deputatlar işgüzarlıqları, vətəndaşlara diqqətləri ilə seçilirlər.  Bütün Binəqədi sizinlədi, Aysel xanım. Siz bizim danışan dilimiz olacaqsınız. Buna inanırıq.”

Aysel Əlizadə bu böyük güvənə görə seçicilərinə təşəkkür edib. Seçiləcəyi təqdirdə mövcud problemlərin həllinə aidiyyatı qurumların diqqətini cəlb edəcəyini söyləyib. İnsanların güvəninə sahib çıxacağına söz verib.

Qeyd edək ki, 01 Noyabr 2015-ci il Azərbaycan Milli Məclisinə təyin olunmuş seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyası bu gün – 30 oktyabr 2015-ci il tarixində bitir. Bu səbəbdən də son gündə xanım yazarın seçicilərlə görüşləri ilə bərabər seçki qərargahının üzvləri mənzillərə yeni hazırlanmış asma flayer yayıb. Bu flayerdə xanım namizədin seçicilərə son çağırışı dərc olunub. Çağırışda deyilir: “3 aydır  gecə-gündüz  bacardığım, gücümün, vaxtımın çatdığı qədər Sizə yaxın olmağa,  qayğılarınızı bilməyə, fikrinizi dinləməyə çalışdım. Gedib çıxdığım  yerlər  də oldu, görüşə bilmədiyim seçicilər də. Ən çox ümidsizliyinizə ağrıdım bu aralar. Həm də üzüldüm. Bəzən özümüzü  bu ölkənin vətəndaşı kimi yox, bu torpaqlarda qonaq kimi aparırıq. Ədalətə, demokratikliyə, Vicdanın və Qanunun verdiyi – SEÇMƏK hüququna inamsızlıq var. Səbəbsiz də deyil. Ancaq bir məsələ önəmlidi: inamsızlıq ucbatından seçkilərdə iştirak etməməyimiz, özümüzü kənara çəkməyimiz, siyasi-ictimai proseslərdə mövqe bildirməməyimiz  meydanı boş qoyur. O boşluqdan istifadə edənlər çox olur və biz istəmədən kimlərsə oranın sahibinə çevrilir.  Bu, bir az da özünə inamsızlıqdı. Evimizi, övladımızı kiməsə etibar edərikmi? Vətənimizin taleyini niyə kimlərəsə etibar edək? Hamımız birlikdə bir vətən deyilikmi? Mənim qızım böyüyür. Onun sabahından narahatam. Necə olacaq, yaşaya biləcəkmi bu ölkədə, haqqı qorunacaqmı? Bunun üçün nələrsə etməliyəm və edirəm. Bacardığım yazmaqdı, problemləri işıqlandırmaqdı, həmin problemlərlə mübarizə aparmaqdı, seçkiyə qatılıb qazanaraq vətənə xidmətdə iştirakımı gücləndirməkdi. Seçkidə iştirak etmək seçicinin mövqeyidi, bu ölkənin onun vətəni olduğunu ifadə etməsidi. Biz seçməsək yerimizə seçəcəklər. Bu dəfə  mən seçilmək hüququmdan istifadə etdim. Olduğum hər yerdə hörmət gördüm. Yazılarımı sevə-sevə oxuyan, mübarizəmi təqdir edən insanlar gördüm. Sevindim, güc aldım. Evinin qonağı olduğum, süfrəsini üzümə açıq gördüyüm, yanımda olan, məni seçən insanlara təşəkkür edirəm. Bu məqamda isə son söz Sizindi.

Sayğılarımla, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, yazıçı, jurnalist Əlizadə Aysel Alim qızı.”

Bununla yanaşı, seçki gərargahının müşahidəçilərlə iş koordinatorluğu, müşahidəçilərin, jurnalistlərin, vəkillərin, səlahiyyətli nümayəndələrin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və katiblərin iş bölgüsü üzrə son tapşırıqlar verilib.

Kampaniya müddətində çəkilən şəkillər

aysel30 1 aysel30 2 aysel30 3 aysel30 4 aysel30 5 aysel30 6 aysel30 7 aysel30 8 aysel30 9 aysel30

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button