Azər Həsrətin “Qaynar Qazan” dedikləri qalmaqala səbəb oldu – yazarlar atışdı
Natiq Ədilov: “Azər Həsrət mənə böhtan atır, AXCP-nin, Əli Kərimlinin Azər Həsrət adlı problemi yoxdu”
Azər Həsrət: “Mənim e-poçtumda onun şəxsimə yazdığı təhqir məktubu hələ də qalır, əgər o, bir türk kişisi ərdəmliyinə sahibdirsə, izn versin, o yazışmamızı xural.com-da yazı şəklində dərc edim”
Azər Həsrətlə “Qaynar Qazan” çəkilişi qalmaqala səbəb olub. Müsahibədə Azər Həsrətin “Mən bir dəfə Razi bəydən Əli Kərimlinin yanında olanda xahiş elədim, soruşsun. Razi də intellektual adamdır, bir az da mədəni adamdır, söyüş-filanla işi yoxdur. Dedim, Razi bəy, səninlə yaxşı münasibətlərimiz var, indi də onun yanındasan, bir dənə Əli bəydən öyrən gör, mənimlə onun nə problemi var? Artıq tamam uzaqlaşmışıq, ayrılmışıq, amma niyə məni indi söydürür? Natiq Adilov kimi adamları mənim üstümə düşürlər. Bir Əli Kərimli desin ki, ay Natiq Adilov, Azər Həsrətlə işin olmasın” deməsi, Natiq Ədilovun cavab verməsinə səbəb olub. Natiq Ədilov Azər Həsrətin yalan danışdığını deyib və bu qeydinin cavab haqqı kimi xural.com-da dərc olunmasını xahiş edib. Natiq Ədilov yazır:
Odur ki, bəyan edirəm: AXCP-nin, Əli Kərimlinin Azər Həsrət adlı problemi yoxdu, bu adam özü-özündən nəsə xoflanır. Ona elə gəlir ki, İlham Əliyevə loyal münasubətinə görə onu tənqid edənlərin hamısını AXCP təlimatlandırır. Fəqət reallıq başqadı, bu, cəmiyyətin təbii reaksiyasıdır. Həqiqətdən üz devirən hər kəsə hər yerdə içdən gələn reaksiya belə olur.
Gələk, bir az xırdalığa.
Azər Həsrət mənə böhtan atır. Bu, bir zaman onun emosiyaya qapılıb İlham Əliyevi söyməsi qədər qeyri-etik, ziyalıya yaraşmayan hərəkətdir.
Hörmətli Həsrət təkrar-təkrar deyir ki, mən onu söymüşəm. Harda, nə zaman?
Xahiş edirəm, Azər Həsrət ortaya faktlar qoysun.
Faktı axtarmağa həvəsi yoxdursa, mən onun yaxşı ata olduğuna inanıram, balasının əziz canına and içsin ki Natiq Ədilov onu söyüb. Bu halda mən sizin sayt vasitəsi ilə ondan üzr istəməyə hazıram.
Bunu edə bilməyəcəksə, o zaman o, bir türk kişisi kimi ərdəmlik göstərib barəmdə səhv etdiyini, yaxud zənnə qapıldığını etiraf etsin.
Hörmətli Əvəz bəy, xahiş edirəm mənim bu qeydimi cavab haqqı olaraq saytınızda yerləşdirəsiniz.”