Azərbaycan aliminin «gül bayramı» – Avropa aliminin elmi tədqiqatları…

Rəhmətlik Üzeyir Hacıbəyovun məntiq haqqında maraqlı bir felyetonu var – yazıb ki, bir var məntiq, bir də var xilafi-məntiq…

Bu gün xarici KİV-in yaydığı bir xəbəri oxuyandan sonra, anladım ki, alim nədir, xilafi-alim nə? İndi xəbəri oxuyub da müqayisə etdikcə, özünün anlayacaqsınız…

Sən demə, Fransa, Almaniya və Çin alimləri uzun elmi tədqiqatlardan sonra, qızıl gülün genomunu deşifrə edərək, gülün ətirinə, rəngininə və çoxsaylı çiçəklənmə xüsusiyyətinə cavadeh olan genomu gen zəncirinə müəyyən mövqedə «quraşdıra biliblər». Bubarədə «Nature Genetics» jurnalı yazıb.

Bunun nəticəsində, genomun deşifrəsi gələcəkdə mütəxəssislərə imkan verəcək ki, genlərdə müvafiq dəyişikliklər aparmaqla, daha parlaq, daha uzunömürlü və daha dayanıqlı-ətirli güllər yaratsınlar. Bu da gül istehsalı sahəsində yeni dövrün əsasını qoymuş olacaq…

Haqlı olaraq, zəhmətinin-elminin nəticəsinə görə, belə insanlara «ALİM» deyərlər…

Əcnəbi alimlər gülü təkmilləşdirdikləri bir vaxtda, Azərbaycan alimi hər ilin may ayında «gül bayramı» adı altında «gül alveri»nə könül verib, milyonlar qazanıb. Bizim zavallı alim özünün məmur məqamından bəhrələnib də, milyonlarla pula satın aldığı zərif gülləri küçələrə səpələməkdən «zövq alıb». Qısa müddətdən sonra isə güllər öz ömrünü «alim»ə bağışlayıblar.

Belələrinə də XİLAFİ-ALİM deyərlər…

Düşünürəm ki, söhbətin məhz kimdən getdiyini anladınız – əlbəttə ki, hörmətli professor, Bakının artıq sabiq «qradonaçalniki» Hacıbala Abutalıbovdan!

Məhz bu cür uğurlu elmi və biznes fəaliyyətinin çox uğurlu nəticələrinə görə, artıq o, Baş nazirin müavini məqamına yüksəlib və belə getsə, mümkündür ki, professor ilk azərbaycanlı «Nobel mükafatçısı» olacaq.

Beləliklə, Azərbaycanın «xilafi-alimləri» Nobel mükafatının özünü də «xilafi-Nobel»edəcəklər…

Bu məqamda C.Sviftin «Qulliverin səyahəti» romanındakı kral akademiyası yadıma düşdü – kral alimləri «dərisiz qoyun» yaratmaq uğrunda yorulmaz mübarizə aparırlarmış…

Çalışın, dəli olmayasınız…

(azpolitika.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button