“Azərbaycan höküməti vətəndaş cəmiyyətinin fəaliyyətinə icazə verməlidir”

ABŞ Konqresinin Helsinki Komissiyası noyabrın 5-də Azərbaycanda insan hüquqları ilə bağlı brifinq keçirib.
Diskussiyalarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar, Beynəlxalq Hüquq Mərkəzinin vitse-prezidenti Nataliya Burjali, Leyla və Arif Yunusların qızı Dinara Yunus iştirak edib. Brifinqə Helsinki Komissiyasının iqtisadiyyat, ətraf mühit, texnologiya və ticarət məsələləri üzrə müşaviri Şelli Han moderatorluq edib.
Brifinqdə çıxış edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstar  Azərbaycan- ABŞ əlaqələrindən söz açıb. Onun sözlərinə görə, iki ölkə arasında strateji maraqların olmasına baxmayaraq, onların münasibətləri pozulub. Cənab Morninqstar buna səbəb olaraq iki məsələni dilə gətirib: birincisi insan haqları vəziyyətinin getdikcə pisləşməsi, ikicsi isə uzun zamandır davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunmamasıdır. Belə ki, onun sözlərinə görə, Azərbaycan ABŞ-ın bu məsələ ilə bağlı daha böyük addımlar atmasını, Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini qəbul etməsini və Ermənistana geri çəkilməsi üçün təzyiq göstərməsini gözləyir.
Sabiq səfir Azərbaycandakı təqiblərin hökümətə nə cür faydasının olduğunu anlamadığını deyib.
Riçard Morninqstar Amerika hökümətinin Azərbaycana qarşı etinadsızlıq göstərdiyini deyib, amma bu cür yanaşmanın Azərbaycadakı vəziyyəti ağırlaşdıraraq ölkəni Rusiyaya daha yaxın edə biləcəyini də qeyd edib. Onun dediyinə görə, iki ölkə arasında irəliləyiş əldə etmək üçün onlar arasında real dialoq olmalıdır və münasibətləri düzəltmək hər iki ölkənin marağındadır.
Cənab Morninqstar Amerikanın məqsədinin Azərbaycanda hökümət dəyişikliyi etmək olmadığını vurğulayıb. Lakin onun sözlərinə görə, ölkədə sabitliyin əldə olunması üçün vətəndaş cəmiyyətinə yeni nəfəs verilməlidir.
“Azərbaycan höküməti vətəndaş cəmiyyətinin fəaliyyətinə icazə verməlidir və siyasi fəalların həbs edilməsi kimi lüzumsuz tədbirlər görməməlidir.”
Natalia Burjali Azərbaycandakı vətədaş cəmiyyəti durumundan bəhs edib. O, Azərbaycandakı mühitinin vətəndaş cəmiyyəti və qeyri-hökümət təşkilatlarının əleyhinə çevrildiyini deyib. Təşkilatlar qeydiyyatdan keçməkdə çətinlik çəkir; qeydiyyat prosedurları çətin, qaydalar isə qeyri-müəyyən olub.
Xanım Burjali vətəndaş cəmiyyətinin həyatiliyi üçün xarici qrantların mühüm olduğunu vurğulayıb. Lakin Azərbaycan höküməti təşkilatların xarici qrant almaq imkanlarının qarşısını alıb ki, bu, vətəndaş cəmiyyəti üçün vəziyyəti çətinləşdirib.
“Vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatdan keçməsi və fəaliyyət göstərməsi üçün qanunları sərtləşdirilib.”
Hazırda həbsə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunusun qızı Dinara Yunus valideyinlərininin səhhətindən və məhkəmə prosesindən danışıb. O, valideyinlərinin xəstə olduğunu və həbsxanada ikən vəziyyətlərinin daha pisləşdiyini deyib. Dinara xanım məhkəmə prosesinin qeyri-şəffaf və qeyri-qanuni şəkildə keçdiyini bildirib. O valideyinlərinin psixoloji və fiziki işgəncələrlə məruz qaldığını və valideyinləri ilə sonuncu dəfə onlar həbs olunmazdan öncə danışdığını deyib.
“Mən ailəmlə bağlı məlumatları sadəcə xəbərlərdən ala bilirəm,” deyə Dinara Yunus brifinq iştirakçıları qarşısında bildirib.
Tədbir sual-cavab sessiyası ilə başa çatıb (“Amerikanın səsi”).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button