Azərbaycan insan hüquqları sahəsində müsbət imicini itirməkdə davam edir

as23.05.214 

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı Belorusiyaya olduğu kimi münasibət bəsləməlidir. Avropa Şurasının 55 deputatı Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi ilə Avropa Şurasının Parlament Assambleyasına  (AŞPA) müraciət edib. Azərbaycan AŞ-nin insan hüquqları və siyasi məhbuslarla bağlı suallarından məmnun deyil. Bu gün RATİ-nin media mərkəzində AŞPA deputatlarının iştirakı ilə “Azərbaycanın Avropa Şurasına sədrliyi: Çağırışlar və Perspektivlər” mövzusunda keçirilən dinləmələrin əsas mövzusu belə olub.

  Avropa qurumlarının təmsilçilərinin, ölkədəki diplomatik korpusların nümayəndələrinin və vətəndaş cəmiyyətinin rəhbərlərinin iştirakı ilə keçirilən dinləmələrdə ölkədə insan hüquqlarının, Qeyri Hökumət Təşkilatlarının, azad medianın çətin durumuna diqqət yetirilib.

  Dinləmələrin “Flame Towers” -Alov Qüllələri otelində keçirilməsi üçün müqavilə imzalanmasına, icarə haqqının ödənməsinə baxmayaraq, qarşı tərəf son anda müqaviləni pozub. O da qeydolunub ki, Azərbaycanda iqtisadiyyat inkişaf etsə də, insan hüquqları pozulmaqda davam edir. Otelin toplantının keçirilməsinə yer verməkdən imtinası elə toplaşmaq azadlığının pozulmasıdır.

AŞPA deputatları öncə Azərbaycanda media və QHT-lərin ağır şəraitdə çalışdığını qeyd ediblər. AŞPA deputatı Tini Koks Azərbaycan prezidenti və xarici işlər naziri ilə aparılan müzakirələrə diqqət çəkib: “Xarici işlər naziri Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetləri elan edib. Bunu alqışlayırıq. Amma biz də nazirdən xahiş etdik ki, Azərbaycan insan hüquqlarının bərpasına da səylər göstərməlidir. Bu asan deyil, amma Azərbaycan bu quruma üzv olarkən könüllü olaraq üzərinə öhdəliklər götürüb. Avropa İnsan Haqları Komitəsinin hesabatları və Avropa Məhkəməsinin qərarları problemlərin çox olduğunu göstərir”.

Cənab Koksun qənaətinə görə, xarici işlər naziri Elmar Məmmədyarov deputatların bu fikirlərini paylaşmır. AŞPA deputatı Michael McNamaran isə qeyd edib  ki,

 “2009-cu ildən başlayaraq birləşmək, toplaşmaq azadlıqları ilə bağlı qanunvericiliyə edilən  dəyişikliklər məyusedicidir. İnsan hüquqları universal dəyərlərdir. AŞ-ya bütün üzv dövlətlər bu dəyərlərə hörmət etməlidir. Azərbaycan AŞ Nazirlər Komitəsinin sədri kimi Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə cavabdehdir. Ölkə nümunə olmalıdır”.

   O 55 deputatın Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsini AŞPA-ya təqdim etdiyini və iyunda keçiriləcək sessiyada müzakirə ediləcəyini bildirib. “İstənilən halda Azərbaycan, – insan hüquqlarına hörmət edən və ya hörmət etməyən ölkə, – kimi nümunə olacaq. Hər halda Azərbaycanda siyasi məhbusların olması yaxşı hal hesab edilə bilməz. Beynəlxalq Amnesty İnternational təşkilatı Azərbacanda 18 vicdan məhbusunun olduğunu bildirir. Dünən Avropa Məhkəməsi İlqar Məmmədov barəsində qərar qəbul edib. Qərarda deyilir ki, Məmmədovun məhkəməyədək həbsi  siyasi xarakter daşıyır və onun seçkilərdə iştirakının qarşısını almaq məqsədi güdür”.

   Müzakirələrdə Azərbaycan QHT təmsilçiləri ölkədə mövcud durumun çox ağır olduğunu bildirirlər. Xarici QHT-lərin filialları və yerli QHT-lərə qarşı yeni cinayət işi qaldırılıb. “Görünür ölkədə təsir altına düşməyən QHT-ləri yeni sürprizlər gözləyir”, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov bildirib.

  QHT təmsilçiləri deputatlardan Azərbaycanda demokratiya və insan haqları ilə bağlı gözləntilərə yol verilməsini pisləyib. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva deyib: “Biz istəyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana qarşı demokratiyanın dəyərlərini aşağılamasınlar. Azərbaycanın demokratik ənənələri var, Sovet dövründən öncə ölkədə demokratik dövlət quruluşu olub. Ölkədə demokratiya və azadlıqlara çox böyük ictimai tələbat var. Azərbaycan insanı demokratiya və liberal dəyərlər uğrunda ardıcıl mübarizdir. Həbsdə çoxsaylı insanın olması da buna bir sübutdur”.

   İnsan Hüquqlarının Müdafiəsi və Maarifləndirilməsi Cəmiyyətinin rəhbəri Rəsul Cəfərov Azərbaycanın hüquq müdafiəçilərinin AŞPA-nın iyun sessiyasına qədər ölkədəki siyasi məhbusların tam siyahısını və  həbsin səbəblərini açıqlayacağını bildirib.

  İnsan Hüquqları Evləri Fondunun Cenevrə ofisinin təmsilçisi Florian İrminger deyib ki,  İnsan Hüquqları Evləri Fondunun Tbilisdə və Yerevanda ofisi olsa da Azərbaycan hökuməti buna rəsmi qadağa qoyub. O Azərbaycan xarici işlər nazirinə tövsiyə etdi ki, İnsan hüquqlarının vəziyyəti başqa ölkələrlə deyil, beynəlxalq standartlar və öhdəliklərlə müqayisə edilməlidir”.

  Onun fikrincə, Azərbaycan insan hüquqları sahəsində müsbət imic qazanmaq üçün iki fürsəti itirib. Bu Eurovision mahnı müsabiqəsi və prezident seçkiləri idi. Üçüncü məqam isə AŞ Nazirlər Komitəsinə sədrlik dövrüdür. Amma yenə də müsbət dəyişiklik görünmür.  Bir neçə il öncə Belorusda insan hüquqları fəalı vergidən yayınma ilə həbs edilib, Azərbaycanda isə Anar Məmmədov eyni ittihamla həbsdədir”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button