Azərbaycan-İsrail əməkdaşlığı yeni mərhələyə keçir?-TƏHLİL

Nəsimi Məmmədli

Politoloq

 

Müasir dünya siyasətinin konyukturası əsasən strateji maraqlar və milli təhlükəsizlik üzərində təşəkkül tapdığından dövlətlərarası münasibətlərdə dini, milli, ideoloji və hətta iqtisadi maraqların da asanlıqla arxa plana keçdiyinin şahidi oluruq. Strateji maraqlar əməkdaşlığın təməl qaynağı halına gəldiyi üçün dünyada mövcud olan münaqişələrin, müharibələrin, hərbi-siyasi ittifaqların da bu kontekstdə baş verdiyini görürük.

Strateji münasibətlər zəncirinin həlqəsi əlavə olaraq iqtisadi, siyasi, ideoloji və hərbi bağlarla möhkəmləndikdə, bu, ən etibarlı təhlükəsizlik qarantiyası yaradır. Məhz NATO öz üzvləri və tərəfdaşları üçün belə bir cəlbedici təhlükəsizlik çətiri yaratmağa nail olub.

Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, burada dövlət müstəqilliyimiz üçün hələ də müəyyən təhdidlər mövcuddur. Xüsusilə də yaxın qonşularımız olan İran və Rusiya ölkəmizin müstəqil daxili və xarici siyasətinə dozümlü yanaşmır. Hətta bəzən daxili siyasətimizə, beynəlxalq əlaqələrimizə açıq və gizli şəkildə “səssiz diplomatiya” ilə müdaxilə etməkdən də çəkinmirlər.

Müstəqillik əldə etdikdən dərhal sonra ölkəmizlə davamlı şəkildə strateji münasibətlər quran və bu münasibətlərə sadiq qalan azsaylı dövlətlərdən biri də İsraildır. İsrail Azərbaycanın ən etibarlı iqtisadi, siyasi, hərbi-strateji tərəfdaşlarından biridir. Təfərrüatlara toxunmadan qeyd edək ki, ölkəmizin qlobal və regional təhlükəsizlik doktrinasında ən önəmli rolu olan İsraillə siyasi əlaqələrin genişlənməsi ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Ölkələrimiz arasındakı möhkəm dostluq əlaqələrinin mövcudluğunu demək olar ki, cəmiyyətin əksər ictimai-siyasi spektri normal qarşılayır. Orta Şərq regionunda davam edən proseslər fonunda yüksək səviyyəli münasibətlər həm də İsrail dövlətinin marağındadır.

ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra Asiya və Avrasiya regionunda siyasi fəallığın artacağı gözlənilir. Qərbin strateji müttəfiqi kimi qlobal siyasi oyunçular arasında özünəməxsus yer tutan İsrailin ən təcrübəli siyasətçilərindən hesab edilən baş nazir Netanyahunun ölkəmizə və Qazaxıstana səfərini bu baxımdan da təsadüfi hesab etmək olmaz. Müşahidələr göstərir ki, İsrail baş nazirin ölkəmizə gerçəkləşdirilən səfəri qonşularımız tərəfindən narahatlıqla izlənir və iki ölkə arasındakı strateji münasibətlərin genişlənməsindən əsassız olaraq narahatlıq ifadə olunur.

Azərbaycan əraziləri 25 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal edilib, minlərlə dinc sakinimiz həlak olub, on minlərlə insan yurdundan didərgin salınıb, ev-eşiyi dağıdılıb və bu günə qədər də işğal davam edir. Bu müddət ərzində sözdə müsəlman təəssübkeşi kimi çıxış edən İran hökuməti nəinki Ermənistana təzyiq göstərib, əksinə daim bütün vasitələrlə onların yanında yer alıb. Ermənistan cəmiyyətinin ruhdan düşməməsi üçün əlindən gələn köməyi açıq və gizli şəkildə göstərib. Eyni rolu digər qonşumuz Rusiya da beynəlxalq hüquqa məhəl qoymadan oynamaqdadır.

Xüsusilə də son dövrlər Rusiya açıq şəkildə Ermənistan ordusunun gücləndirilməsi istiqamətində intensiv iş aparır, birgə ordu yaradaraq ölkəmizə hərbi-siyasi təzyiqlərini artırır. İran da Ermənistanla strateji əlaqələrini gücləndirir və faktiki olaraq Qarabağın işğalda qalmasına dolayısı ilə dəstək verir. Belə bir durumda İsrail-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi ölkəmiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Faktiki olaraq Azərbaycan hökuməti Rusiya və İranın həssas yanaşdığı bütün məsələlərdə onları razı salmağa çalışır. Qərbə ineqrasiya yolunu təbliğ edən demokratik siyasi müxalifət Rusiyanın istəyi ilə siyasi müstəvidən sıxışdırılıb və hakimiyyətin heç bir qolunda təmsilçilik imkanı verilmir. Çox ağır basqı altında mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. İranın istəyi ilə milli zəmində çox sərt siyasi-idarəetmə doktrinası mövcuddur. Özünü türk hesab edən bir nəfər də olsun hakimiyyət pilləsində orta və yüksək vəzifəyə təyin edilə bilməz. Nə mediada, nə dərsliklərdə, nə də ictimai ortamda bu mövzuda müzakirələrə imkan var. Sanki Rusiya və İran xüsusi xidmət orqanları ölkəmizdə sərbəst monitorinq apardığını nəzərə alan hökumət böyük qonşuların bu həssaslığını ciddi şəkildə nəzərə alır.

Azərbaycan hökumətinin bu güzəştləri qarşılığında İranın və Rusiyanın əzici davranışlarından imtina etməməsi, düşmənlərimizə açıq dəstək verməsi bizi bir dövlət kimi aşağılamağa xidmət edir. Odur ki, uzlaşdırıcı, balanslaşdırıcı siyasət tendensiyasını bir kənara qoyub strateji tərəfdaşlarımızla daha sıx əlaqələr qurmalıyıq. Rusiya və İran hökumətləri yalnız Azərbaycan iqtidarının maraqlarını qorumağa üstünlük verdikləri halda, İsrail həm də ölkəmizin mənafelərinə hörmət edən və töhfə verə bilən dövlətdir. Regionda baş verən proseslərdən, habelə görüş zamanı imzalanan sənədlərin və bəyanatların mahiyyətindən də aydın olur ki, İsraillə iqtisadi, siyasi, hərbi və təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi dövlət maraqlarımıza uyğundur və yeni mərhələyə qədəm qoyacaq.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button