Azərbaycan mətbuatın 140-illyi: diffamasiya problemi

qələmMündəricat

MƏSƏLƏNİN TARİXİ HAQQINDA

“Diffamasiya haqqında” qanunun qəbulu Azərbaycanın Avropa Şurasına daxil olduğu zamandan etibarən (25 yanvar 2001-ci il) aktualdır. Tövsiyə olunan “Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb, amma hakimiyyət tərəfindən dəstəklənməyib. Hakimiyyət həm qanunun qəbul eidlməsini, həm də Cinayət Məcəlləsinin 147 və 148-ci cəza maddələrinin qalmasını istəyir ki, bu da beynəlxalq normalara ziddir. 2011-ci ildə Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel yerli qeyri-hökumət təşkilatlarına və deputatlara aktın işlənib hazırlanmasında kömək təklif edib. Elə həmin vaxt Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov deyib ki, 2011-ci ildə Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul ediləcəyi gözlənilir.

27 dekabr 2011-ci ildə ölkə prezidenti insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiəsi üzrə Milli Fəaliyyət Planını təsdiq edib. Plana “Diffamasiya haqqında” qanunun qəbul edilməsi bəndi daxil edilib. Bu vəd kağız üzərində qalıb. Vaxtaşırı beynəlxalq təşkilatların iştirakı ilə hələlik nəticəsiz olan ictimai dinləmələr keçirilir. Belə ki, ATƏT-in hazırki sədri Eymon Gilmor 14 iyun 2013-cü ildə Milli Məclisdə bildirib ki, Azərbaycan Cənubi Qafqazda bu qanunu qəbul etməmiş yeganə ölkədir. Sanki buna cavab olaraq, parlamentin hüquqi siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 2013-cü il noyabrın 8-də jurnalistlərə elan edib ki, Milli Məclis yaxın gələcəkdə “Diffamasiya haqqında” qanun layihəsini müzakirə etmək niyyətində deyil. Onun sözlərinə görə, sənədin qəbul edilməsi haqqında dialoqa “AR CM-in 147 və 148-ci maddələrinə görə cinayət məsuliyyətinin ləğv edilməsini zəruri hesab edən Venesiya Komitəsi böyük zərbə endirib”.

Məlumat üçün, “diffamasiya” dedikdə həqiqətən baş vermiş, diffamasiya məruz qalmış şəxsin inkar edə bilməyəcəyi əməllər haqqında bədnamedici məlumatların yayılması nəzərdə tutulur. Buna informasiya daşıyıcılarına yazılmış ictimai bəyanatlar, konkret zamanda və konkret cəmiyyətdə qəbul edilmiş törədilmiş hüquqpozmanı və ya mənəvi norma və qaydaların pozuntularını təsdiqləyən sənədlər aiddir.

Beynəlxalq qurumlar ölkəmizdə böhtan və təhqirə görə cinayət məsuliyyətini ona görə ləğv etmək istəyir ki, Azərbaycanda hələlik hüquqi normalar mükəmməl deyil, bütün səlahiyyətlər isə ali icra hakimiyyətinin əlindədir – buna görə istənilən xoşagəlməz jurnalisti AR CM-in 147 və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb etmək və cəzalandırılmasına nail olmaq olar. Bir çox müxalif və müstəqil jurnalistlər 2009-cu ilə qədər bu maddələrlə həbsdə saxlanıblar. 2009-cu ildən sonra KİV nümayəndələrini qondarma xuliqanlıq, rüşvət alma, fırıldaqçılıq, narkotik maddələrin istifadəsi və saxlanması, hətta Vətənə xəyanət ittihamları ilə həbs edirlər. Azərbaycanda “törədilmiş cinayətin sübutu üçün” araşdırma aparmaq lazım deyil – iki “şahidin” ifadəsi və ya saxtalaşdırılmış ekspertiza nəticəsi kifayətdir. Hətta məhkəmələr ziddiyətli ifadələri belə “sifariş edilmiş” KİV əməkdaşının təqsirinin sübutu kimi qəbul edir.

DİFFAMASİYA HAQQINDA QANUNUN QƏBULUNA MANE OLAN SƏBƏBLƏR

Diffamasiya haqqında qanunun qəbuluna ölkə rəhbərliyinin siyasi iradəsinin olmaması mane olur. Azərbaycan hakimiyyəti sənədin qəbul edilməməsi üçün bir çox bəhanələr uydurur. Onlar yerli mətbuatın vətəndaş məsuliyyətini anlamaq səviyyəsinə “çatmadığına”, Avropa Şurasının üzvü olan 25 ölkədə bu aktın işləmədiyinə, Fransada böhtana görə 5 il, Azərbaycanda isə 3 il həbs cəzası nəzərdə tutulduğuna əsaslanır. Bundan başqa, guya burada peşə fəaliyyətinə görə heç kimi həbs etmirlər, blogerlər isə jurnalist deyil.

Bundan başqa, 4 iyun 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyev mayın 14-də ölkə parlamentinin Cinayət Məcəlləsinə etdiyi düzəlişlər haqqında sərtləşdirici qanun imzalayıb. İndi böhtan və təhqirə görə cinayət cəzası tədbirləri təkcə çap və elektron KİV-lərə deyil, həm də İnternetə şamil edilir. AR CM-in 147-ci (böhtan) maddəsinin yeni redaksiyasına görə, sanksiyalar belədir – 100 manatdan 500 manatadək cərimə və ya 240 saata qədər ictimai işlər, yaxud 1 ilədək islah işləri və ya 6 ay azadlıqdan məhrumetmə. Ağır cinayətlər törədilməsi haqqında böhtan 3 ilədək azadlıqdan məhrumetmə cəzasına səbəb olur. AR CM-in 148-ci (şərəf və ləyaqətin təhqir edilməsi) maddəsinin yeni redaksiyasına görə 300 manatdan 1 min manata qədər cərimə və ya 240 saata qədər ictimai işlər, yaxud 1 ilə qədər islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yerli və beynəlxalq birliklərin etirazlarına, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin və Avropa Şurasının insan haqları üzrə Komissarı Nils Muyjnieksin Əliyevə müraciətlərinə baxmayaraq, düzəlişlər qüvvədə saxlanılıb.

Mərkəzi İcra Hakimiyyətiniin qanunu qəbul etmək istəməməsinin səbəbi kütləvi informasiya vasitələri üzərində total nəzarət üzrə strateji vəzifədir. Prezident Administrasiyası və onun ictimai qurumları informasiya məkanına nəzarət edir ki, bu da bir neçə müstəqil və müxalif informasiya agentliyini və qəzetləri ictimai rəy formalaşdırmaq imkanından məhrum edir. Hakimiyyət mövqe üstünlüyündən məhrum olmaq istəmir. Bundan başqa, beynəlxalq jurnalist və araşdırma təşkilatları vaxtaşırı korrupsiya, büdcə vəsaitinin total şəkildə oğurlanması və offşor zonalara çıxarılması barədə nəticələr dərc edir, burada Azərbaycan rəhbərliyinə az diqqət yetirilmir. “Diffamasiya haqqında” hüquqi normaların tənzimləndiyi ayrıca qanunun qəbulu (Venesiya Komissiyasının tələblərinə uyğun şəkildə) icra hakimiyyətinə jurnalistin təqsirli olması barədə volyuntarist qərar qəbul etməyə imkan verməyəcək. Belə olan halda yüksək vəzifəli məmurları bədnam edən, inkarı mümkün olmayan məlumatlar dərc edən müstəqil qəzetlərin sayı da artacaq. Hakim Yeni Azərbaycan Partiyası qanun qəbul edildiyi təqdirdə KİV-ə qarşı böhtan, habelə şərəf və ləyaqətin təhqir edilməsinə görə cərimə cəzalarını xeyli artırmağa ümid edir. Müstəqil və müxalif qəzetlərin ağır iqtisadi vəziyyətini nəzərə alsaq, bu, onların fəaliyyətinin sonu demək olacaq. Siyasi hakimiyyət ənənəvi olaraq jurnalistlərin “nümunəvi cəzalarına” əl atır, onlara qarşı qeyri-adekvat ağır hüquqi tədbirlər görür ki, digər həmkarları əhalinin total şəkildə soyulmasını ictimailəşdirməyə dadanmasın.

2014-CÜ İLİN XRONİKASI

2014-cü ilin əvvəlindən “Diffamasiya haqqında” qanunun qəbuluna və KİV azadlığına dəstək üçün ilk olaraq Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyanat yaydı. Bəyanat fevralın 12-də Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ərəfəsində verilib.

Bəyanatda qeyd edilirdi ki, avtoritar İlham Əliyev rejimi utanmadan mətbuat azadlığını pozmağa davam edir, hakimiyyət İnternetdə ifadə azadlığına hücum edir, tənqidi səsləri boğur, tənqidçiləri uzun müddət həbs edir, araşdırmaçı-jurnalistləri oğurlayır və gözdən salır (Xədicə İsmayılovanın misalında). “Diffamasiya haqqında” qanun qəbul etmək yerinə İlham Əliyev diffamasiyaya görə cinayət cəzasını İnternetə də şamil edib, bunun ardınca qanunvericiliyə QHT-lərin fəaliyyətini məhdudlaşdıran düzəlişlər qəbul edilib. Komitə ötən il Brüsseldə Əliyevi qəbul edərkən mətbuat azadlığının pozulması barədə izahat tələb etmək yerinə, ona dəstək təklif edən Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozonu da tənqid edib.

Avropa Şurası Nazirlər Komitəsinin martın 4-6-da Strasburqda keçirilən iclasında Avropa Məhkəməsinin “diffamasiya haqqında işlər” – “Mahmudov və Ağazadənin Azərbaycana qarşı işi” və “Fətullayevin Azərbaycana qarşı işi” üzrə qərarlarının icrası məsələləri müzakirə edilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutundan (RATİ) Turan-a daxil olan məlumatda deyilirdi ki, sözügedən işlər Azərbaycanda diffamasiya iddiaları ilə jurnalistlər Rövşən Mahmudov və Yaşar Ağazadənin (prezident İlham Əliyevin əmisi Cəlal Əliyevin iddası əsasında həbs edilib), habelə Eynulla Fətullayevin (Xocalı sakinləri adından çıxış edən jurnalist Tatyana Çaladzenin iddiası ilə həbs edilib) həbsi ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi onların ifadə azadlığı hüququnun pozulduğunu etiraf edib, hər üç jurnalist prezidentin əfv fərmanı ilə vaxtından əvvəl azad edilib. Bu qərarların icrası üçün Azərbaycan hökuməti öz üzərinə islahatlar aparmaq, KİV azadlığının daha etibarlı müdafiəsi üçün isə diffamasiya haqqında qanun qəbul etmək öhdəliyi götürüb.

2014-cü ilin yanvarında Azərbaycan hökuməti Strasburqa görülmüş tədbirlər və gələcək hərəkətlər planı haqqında hesabat verib. Mətn ingilis dilində idi ((https://wcd.coe.int/com.instranet.InstraServlet?command=com.instranet.CmdBlobGet&InstranetImage=2419510&SecMode=1&DocId=2093214&Usage=2). Azərbaycanın bir sıra hüquq müdafiə təşkilatları, o cümlədən RATİ, Media Hüquqları İnstitutu və İctimai Maarifləndirmə Cəmiyyəti Beynəlxalq Mediaya Dəstək Təşkilatı (İPM) ilə birgə hökumətin hesabatına öz şərhlərini təqdim ediblər. Şərhdə deyilir ki, hökumət diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi üzrə heç nə etməyib. Eyni zamanda xuliqanlıq, qanunsuz narkotik saxlamaq, silah saxlamaq və s. kimi saxta ittihamlarla həbs edilmiş jurnalistlərin sayının artması ilə bağlı narahatlıq ifadə edilib. (Şərhin mətni:  bit.ly/1kUl8Rr). Eynulla Fətullayev, Yaşar Ağazadə və Rövşən Mahmudovun işlərindən başqa, Azərbaycandan məhkəmələrin diffamasiya üzrə qərarları ilə bağlı daha 70 şikayət Strasburq Məhkəməsində baxılma mərhələsindədir.

Bu il martın 17-də Bakıda İREX beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən təşkil edilmiş “Sosial mediada etika” beynəlxalq konfransı keçirilib. USAİD və Britaniya səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Böyük Britaniya səfiri İrfan Siddiq və ABŞ səfirliyinin media məsələləri üzrə nümayəndəsi Conas Stüart çıxış ediblər.

İREX təşkilatının “Yeni media” layihəsinin rəhbər müavini Ələsgər Məmmədli qeyd edib ki, Azərbaycanda ötən ildən qanunvericiliyə müvafiq düzəlişlərdən sonra diffamasiyaya görə cəza sosial şəbəkə iştirakçılarına da şamil edilməyə başladı.

Martın 27-də Avropa Komissiyası 2013-cü ildə Aİ-nin “Avropa qonşuluq siyasəti” proqramı çərçivəsində irəliləyişə qiymət verən hesabat yayıb. Sənəddə müsbət məqamlarla yanaşı, fikri ifadə etmək, toplaşmaq və assosiasiya azadlığının məhdudlaşdırılması sahəsində ciddi problemlər olduğu qeyd edilib. 2011-ci ildə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının qəbul edilməsinə baxmayaraq, onun bir sıra müddəaları yalnız kağız üzərində qaldı – söz azadlığı daha çox məhdudlaşdırıldı, jurnalistlərə və sosial şəbəkə fəallarına təzyiq artır, QHT-lər haqqında qanunvericilik repressivdir.

Bu ilin məruzəsi əsasında və Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planının ardıcıl həyata keçirilməsi məqsədilə 2014-cü ildə Azərbaycana bir sıra tövsiyələr verilib, onlardan bəziləri aşağıdakılardır:

  • Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın 2013-cü ilin yanvar ayında qəbul etdiyi vəzifə və öhdəlikləri yerinə yetirməsi haqqında qətnaməsinin səmərəli və hərtərəfli şəkildə yerinə yetirilməsini təmin etmək;
  • böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə diffamasiya haqqında qanun qəbul etmək;
  • jurnalistlərin və fəalların təqibi və qətli hallarının araşdırılması üzrə səyləri fəallaşdırmaq.

2013-cü ilin avqustunda irəli sürülmüş əvvəlki tövsiyələrin həyata keçirilməsi fonunda aprelin 23-də Avropa Şurasının İnsan haqları üzrə Komissarı Nils Mujnieks Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında Bəyanatla çıxış etdi. Onun sözlərinə görə, Azərbaycanda fikri ifadə etmək, toplaşmaq və birləşmək azadlıqları getdikcə pisləşir. O, saxta ittihamlarla həbs təcrübəsini təəssüflə qeyd edir. Bu həbslər arasında o, jurnalist Pərviz Həşimlinin, on-line fəal Əbdül Əbilovun, bloger Ömər Məmmədovun həbslərini qeyd edir. Komissar həmçinin bu yaxınlarda milli azlıqların hüquqlarını müdafiə edən Hilal Məmmədovun, habelə Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun həbs edilməsindən narahatır. Mətbuatın qorxudulmasının daha bir narahatedici nümunəsi korrupsiya ilə bağlı araşdırmaları ilə məşhur olan, 2014-cü ilin fevralında dəfələrcə Baş Prokurorluqda dindirilən jurnalist Xədicə İsmayılovanın başına gələn hadisədir”.

Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılmasında irəliləyiş olmaması və qeyri-adekvat məhkəmə cərimələrinin kəsilməsi Azərbaycanın Avropa Şurasının tövsiyələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşması üçün ciddi maneə olaraq qalır. “Qanunvericilik elə dəyişdirilməlidir ki, böhtana görə cinayət məsuliyyəti tamamilə ləğv edilsin və proporsional vətəndaş sanksiyaları müəyyən edilsin”, deyə Muyjnieks qeyd edir.

Müxtəlif nöqteyi-nəzərlər ifadə edən insanların, o cümlədən jurnalistlərin, blogerlərin və fəalların əsassız cinayət təqibinə son qoyulmur. Bu, yolverilməzdir. Öz baxışlarına görə həbs edilmiş hər kəs azad edilməlidir”, deyə komissar qeyd edir.

Mayın 2-də Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyası (İBAHRİ) ötən ilin dekabr ayında ölkəyə səfər etmiş və hüquq-mühafizə və məhkəmə orqanlarının, vəkillərin və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirmiş faktların müəyyən edilməsi üzrə missiyanın hazırladığı “Azərbaycan ifadə azadlığını pisləyir” adlı hesabatı yayıb. Araşdırma müəllifləri jurnalistlərin işləri üzrə məhkəmələrdə onların hüquqlarının təmin edilməsində ciddi nöqsanlar qeydə alıblar. Söhbət səmərəli hüquqi yardım imkanlarının olmamasından, müdafiə tərəfin hazırlaşması üçün verilən vaxtın azlığından, jurnalistləri müafiə etməyə hazır olan vəkillərin sayının az olmasından gedir. İBAHRİ missiyasının məruzəçisi Erik Metkalfe qeyd edib ki, jurnalistlərin diffamasiya ittihamları üzrə məsuliyyətə cəlb edilməsi faktlarının sayının azalmasına baxmayaraq, böhtana və təhqirə görə cinayət məsuliyyəti nəinki ləğv edilməyib, əksinə, on-line mediaya da şamil edilib. Digər tərəfdən, Azərbaycan həbs edilmiş jurnalistlərin və blogerlərin sayına görə dünyada “jurnalist həbsxanaları” onluğuna daxildir.

İBAHRİ şurasının üzvü, media hüquqları sahəsində ekspert Mark Stefens qeyd edib ki, müasir cəmiyyətdə senzura və ya digər informasiya məhdudiyyətlərinin tətbiq edilməsi mənasızdır. Bu zaman o, Səudiyyə Ərəbistanını misal çəkib, burada ifadə azadlığına görə təqib olunanlar Londondan peyk yayımı qurublar.

Mayın 8-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda mayın 6-7-də Bakıda ictimai etirazları işıqlandırarkən jurnalistlərə qarşı hücumları pisləyib. Onun çıxışı ATƏT-in saytında yerləşdirilib. O, xüsusən mayın 6-da polisin Turan İnformasiya Agentliyinin fotoreportyoru Etimad Budaqova hücum etdiyini qeyd edir. “Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkmən, “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qarayev və mediaforum.az saytının əməkdaşı Amid Süleymanov peşə öhdəliklərini yerinə yetirərkən polis tərəfindən saxlanılıb. Polis Turan Agentliyinin və “Amerikanın səsi” radiostansiyasının Azərbaycan xidmətinin əməkdaşı Pərvanə Payramovanı da saxlamağa çalışıb, deyə Miyatoviçin bəyanatında bildirilir.

Qeyd edək ki, jurnalistlərə bu hücumlar və onların saxlanılması onların Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında NİDA hərəkatının 8 fəalının həbs edilməsinə qarşı etiraz aksiyasının işıqlandırılması zamanı baş verib. Daha sonra Miyatoviçin bəyanatında “obyektiv tv” on-line televiziyasının jurnalisti Hüseyn Əzizoğlunun mayın 7-də bir gün əvvəl saxlanılmış fəalların işi üzrə prosesi işıqlandırarkən məhkəmə binası yaxınlığında zorakılığa məruz qaldığı qeyd edilir.

Miyatoviçin bəyanatında vurğulanır ki, Əzizoğluna naməlum şəxs hücum edib, o, jurnalistə bədən xəsarətləri yetirib və onun videokamerasına zərər vurub. “Azərbaycanın hüquq-mühafizə orqanları jurnalistlərin müdafiəsinə görə məsuliyyət daşıyır. Və buna görə polis əməkdaşlarının jurnalistlərə hücum etməsi və ya onların kimlərisə KİV nümayəndələrinə hücumlara təhrik etməsi qəbuledilməzdir. Bu insidentlərin ən qısa zamanda və şəffaf şəkildə araşdırılacağına ümid edirəm”, deyə Miyatoviçin bəyanatının sonunda qeyd edilir.

Mayın 20-də Ədliyyə Nazirliyində nazir Fikrət Məmmədovun və Avropa Şurası baş katibi Torbyern Yaqlandın iştirakı ilə Azərbaycan və AŞ arasında 2014-2016-cı illər üçün birgə Fəaliyyət Planının təqdimatı keçirilib. Sənədin ifadə və mətbuat azadlığı hissəsində diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi və böhtana görə ağlabatan və proporsional vətəndaş məsuliyyəti tədbirlərinin müəyyən edilməsi nəzərdə tutulur. Jurnalistlərin hüquqlarının müdafiəsi üzrə mexanizmlər tətbiq etmək və mətbuat üzrə müstəqil ombudsman institutu təsis etmək və ya mövcud ombudsman ofisinin jurnalistlərin hüquqlarını müdafə potensialını möhkəmləndirmək təklif olunur. Müstəqil KİV-lər təqdimata dəvət edilməmişdi.

İyunun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanın ATƏT-in 1990-cı il tarixli Kopenhagen sənədində müəyyən edilmiş ifadə, toplaşmaq və birləşmək azadlığı sahəsindəki öhdəliklərini pozması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının prezidenti və XİN rəhbəri Dilya Burhalterə müraciət edib. Müraciətdə qeyd edilir ki, 10-dan çox jurnalistin həbsxanalarda saxlanılması ATƏT-in bu institutunun fəaliyyət göstərdiyi dövr ərzində Azərbaycanda ən yüksək göstəricidir. Hakimiyyət həmçinin beynəlxalq təşkilatların diffamasiya haqqında qanunun qəbulu üzrə çağırışlarını qəbul etmir.

Prokurorluq əsassız olaraq aprelin 19-da Türkiyədən deportasiya olunmuş və dövlətə xəyanət ittihamı ilə həbs edilmiş jurnalist Rauf Mirqədirova qarşı cinayət işi açıb.

İyunun 10-da Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı dünyada azadlıqlarla bağlı vəziyyət haqqında hesabat yayıb. Azərbaycana həsr edilmiş hissədə deyilir ki, dövlət oranları müstəqil KİV-ləri susdurmaq üçün yeni addımlar atır. Hökumət diffamasiyanı İnternetə də şamil edərək, təhqiredici ifadələrə görə üç ilədək həbs cəzası müəyyən edib.

Hakimiyyət tənqidi əhval-ruhiyyəli jurnalistləri susdurmaq üçün saxta ittihamlardan istifadə edir, amma jurnalistlərə qarşı zorakılıq və hücumlar araşdırılmamış qalır. Müstəqil KİV-lərin iqtisadi vəziyyəti qeyri-sabitdir. “Azərbaycan Konstitusiyası və qanunvericilik bazası əsas hüquq kimi fikri ifadə etmək azadlığına zəmanət verir. Lakin son iyirmi ildə hakimiyyət müntəzəm olaraq ictimai debatları boğmaq və fərqli düşünənləri susdurmaq üçün zorakılıq, qorxutma və cinayət təqibinə əl atır. Siyasi təzyiqdən başqa, tənqidi əhval-ruhiyyəli jurnalistlər hədələr, şantaj və fiziki hücumlarla qarşılaşmaqda davam edir”, deyə hesabatda bildirilir.

Freedom House həmçinin qeyd edir ki, informasiyaya çıxış məhdud olaraq qalır və jurnalistlər dövlət müəssisələrindən məlumat istəyərkən çətinliklərlə qarşılaşır. Bu qurumlar çox vaxt müxalifətə və müstəqil KİV-lərə informasiya verməkdən imtina edir və dəfələrlə onlara əhəmiyyətli milli və rəsmi tədbirlərdə akrreditasiyadan imtina ediblər.

İyunun 14-də Bakıda rəsmi səfərdə olan Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu Aİ-nin ofisində Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndələri ilə görüşüb. Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru (RATİ) Emin Hüseynov ona son vaxtlar Azərbaycanda hakimiyyətin rəqiblərinə qarşı repressiyaların güclənməsi haqqında yazılı müraciət veriblər.

“Vicdan məhbusları” arasında 11 jurnalist və bloger var.

Onlar Barrozudan prezident Əliyevi ifadə azadlığına görə həbs edilmiş bütün jurnalistləri, blogerləri, hüquq müdafiəçilərini və müxalifət fəallarını azad etməyə və vətəndaşların siyasi motivlərlə cinayət təqibi təcrübəsinə son qoymağa; ifadə azadlığı üçün əlverişli şərait yaradılması üzrə tədbirlər görməyə; jurnalistlərə qarşı zorakılıq aktlarını araşdırmağa; diffamasiya haqqında qanun qəbul etməyə, ifadə azadlığı və QHT-lərin fəaliyyəti sahəsində qanunvericiliyə edilmiş reqressiv düzəlişləri ləğv etməyə; toplaşmaq azadlığını təmin etməyə, razılaşdırılmamış aksiyalarda iştiraka görə yüksək cərimələri ləğv etməyə; vətəndaş cəmiyyəti ilə dialoqa başlamağa çağırmağı xahiş ediblər.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, Barrozu fəalları diqqətlə dinləyib və qeyd edib ki, Aİ-nin Azərbaycanla münasibətləri energetika sahəsi ilə məhdudlaşmır, buna görə Aİ qurumları demokratiya və insan hüquqları sahəsində vəziyyəti diqqətlə izləyəcəklər. O, vətəndaş cəmiyyəti fəallarında narahatlıq doğuran məsələləri prezident İlham Əliyevlə görüşdə qaldırmağı vəd edib.

İyulun 1-dən ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisi rəsmi olaraq bağlanıb. Ofis faktiki olaraq ötən il, hakimiyyətin bu qurumu gənclərin Azərbaycan hökumətinə qarşı təxribatçı aksiyalarını maliyyələşdirməkdə ittiham etməsindən sonra fəaliyyətini dayandırıb. Xüsusən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, ondan əvvəl isə hüquq-mühafizə orqanları bildiriblər ki, NDİ-nin pulu ilə bir qrup gənc Azərbaycanda “ərəb baharı”nın analoqunu hazırlayırdı. NDİ-nin Bakıdakı nümayəndəsi Aleks Qriqoryevs baş “diversant” elan edilib, hakimiyyət ondan o qədər qorxurdu ki, Bakıya qayıdıb şəxsi əşyalarını və itini aparmasına icazə verməkdən imtina edib. Azərbaycan hakimiyyətinə işləyən bir sıra saytlar “birdən-birə” NDİ nümayəndəsinin il ərzində hesablardan 2 mln. dollar nağd pul çəkdiyini sübut edən bank sənədlərinin surətlərini əldə ediblər. Özlərini hüquq müdafiəçisi adlandıran həmin saytlar iddia edirdilər ki, pullar ölkədə “facebook inqilabı”na yönəldilib. Nəşr müəlliflərinin fikrincə, NDİ-nin 7 üzvü həbs edilmiş və baş tutmamış inqilabın təşkilatçıları elan edilmiş NİDA gənclər təşkilatına qrant ayırması bunun açıq-aşkar “sübutudur”.

İyulun 3-də hakimiyyət qanunsuz olaraq MTN-in İstintaq Təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirovu mərhum atası Həbibulla Mirqədirovun 40 mərasimində iştirak üçün buraxmayıb. Baş Prokurorluğun müstəntiqi İbrahim Ləmbəranskinin Turan-a verdiyi məlumata görə, “vəkillərin vəsatəti ona gəlməyib”. Vəkil Əlaif Zeynalov buna cavabda bildirib ki, məktub vaxtında iki dəfə baş prokurora və baş prokurorun və MTN rəhbərinin birinci müavinlərinə göndərilib.

“Ola bilməz ki, xahişlərimiz ünvanına çatmasın. Görünür, onlar sadəcə olaraq Rauf Mirqədirovu azad etmək istəmirlər”, deyə vəkil bildirib.

* “Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakıda saxlanılıb. O, Ermənistanın xeyrinə casusluqda ittiham edilib, aprelin 21-də isə məhkəmə onu 3 ay müddətinə həbs edib. Jurnalist ittihamı təkzib edərək, absurd adlandırıb və ifadə verməkdən imtina edib. Lakin dünən o, bəzi məsələlərə aydınlıq gətirmək məqsədilə ifadə verməyi qərara alıb.

İyulun 4-də şair, parlamentin deputatı və “Vətəndaş Həmrəyliyi” Partiyasının lideri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin xaricə “sürgün edilməsi” haqqında məlumatı Turan-a şərh edib (http://www.migration-az.org). Xatırladaq ki, məlumat təsdiqini tapıb. Azərbaycan İctimai Miqrasiya Mərkəzinin rəhbərinin mühacirətinin səbəbi isə onun mətbuatda Azərbaycanda xaricdən gəlmiş on minlərlə əmək miqrantının hüquqlarının olmaması haqqında çoxsaylı çıxışları olub.

İyulun 7-də səhər 09.25-də bloger Mehman Hüseynov Bakının mərkəzində Xaqani küçəsində iş yerinin yaxınlığında naməlum şəxslər tərəfindən oğurlanıb. Oğurlanma anını onun həmkarı (Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı), habelə Hesablama Palatasının müşahidə kameraları lentə alıb. Naməlum şəxslər Hüseynovu tutub qara rəngli PRADO-ya mindiriblər və ağ rəngli daha bir maşının müşaiyəti ilə oradan uzaqlaşıblar.

RATİ rəhbəri Emin Hüseynov Turan-a bildirib ki, oğurlanma haqqında DİN-in 102 xidmətinə məlumat verilib. “Oğurluq işi ilə Səbail rayon 39-cu polis bölməsi məşğul olur. Dünən Nəsimi rayon polis idarəsinin əməkdaşları jurnalistlərin sorğusuna cavabda bildiriblər ki, onu heç kim axtarmır”, deyə o bildirib.

Mehman tez-tez saxlanılır. Belə ki, 2012-ci il iyunun 12-də “Eurovision” mahnı müsabiqəsindən sonra Hüseynov polis əməkdaşına qarşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Əslində isə əməkdaş etiraz aksiyasının işıqlandırılması zamanı onun jurnalist fəaliyyətinə mane olub. İki gün sonra onu sərbəst buraxıblar, amma iş bağlanmayıb, buna görə o, xaricə gedə bilmir. 2013-cü il 2 oktyabr prezident seçkiləri ərəfəsində də Hüseynovu prokurorluğa çağırıblar və prezidentliyə namizədlər haqqında satirik videoçarx yayması ilə əlaqədar xəbərdarlıq ediblər.

Mehman Hüseynov məşhur “Sancaq” satirik bloqunun yaradıcısıdır. Hakimiyyət nümayəndələri dəfələrlə ona böyük vəsait müqabilində öz saytını satmağı və ya ümumiyyətlə bağlamağı təklif ediblər.

İyulun 8-də Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin və öz informasiya saytında (http://nhmt-az.org) dövlət şirkətindəki vəziyyəti və onun xarici tərəfdaşları ilə bağlı işləri dəqiq şəkildə əks etdirən komitə rəhbəri Mirvari Qəhrəmanlının bank hesabları bağlanıb. Hüquq müdafiəçisinin Turan-a verdiyi məlumata görə, bu, Nəsimi rayon məhkəməsinin qərarı ilə edilib. Həm də Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin hesablarına, Qəhrəmanlının şəxsi hesablarına və onun həyat yoldaşının depozit hesablarına həbs qoyulub.

Onun QHT-sinin hesabı mədən sənayesində şəffaflıq sahəsində layihə ilə bağlı idi. Layihə Avropa Demokratiyaya Yardım Fondu tərəfindən maliyyələşdirilir. İyulun 8-dən etibarən sayt işləmir.

İyulun 8-də ATƏT-in mətbuat məsələləri üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda daha iki bloger barəsində hökm çıxarılması ilə bağlı ciddi narahatlığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda həbs edilmiş fəalların siyahısı sürətlə artır. “Mətbuat azadlığının və ifadə azadlığının pozulması Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərin kobud pozuntusudur”, deyə Miyatoviç bildirib.

Miyatoviç öz bəyanatında mayın 27-də 5 il yarım müddətinə azadlıqdan məhrum edilmiş bloger Abdulla Əbilov, habelə iyulun 4-də 5 il müddətinə azadlıqdan məhrum edilmiş Ömər Məmmədov barəsində hökmü xatırladır. Onlar hər ikisi narkotiklə bağlı cinayətdə ittiham olunular. Miyatoviç qeyd edir ki, Azərbaycan ATƏT qarşısında media və ifadə azadlığı ilə bağlı götürdüyü öhdəlikləri ciddi şəkildə pozur. “Azərbaycanda baş verənlər vəziyyətə mənfi təsir göstərir, özünüsenzuranın güclənməsinə gətirib çıxarır. Bütün dövrlərdə media və ifadə azadlığı təmin edilməlidir. Mən bir daha Azərbaycan hakimiyyətini media nümayəndələrinə qarşı təzyiq təcrübəsinə son qoymağa çağırıram”, deyə Miyatoviç bildirib.

2014-cü il iyulun 12-də “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı gənc bloger Ömər Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmü pisləyib. “O, hökumətə qarşı tənqidləri susdurmaq məqsədilə siyasi manipulyasiyaya məruz qalan məhkəmənin qurbanı oldu”, deyə bəyanatda bildirilir. Prezident İlham Əliyevin iyunun 25-də AŞPA-da ölkəsində “azad internetin” mövcud olduğu haqqında səsləndirdiyi bəyanata baxmayaraq, Azərbaycanda blogerləri həbs etməyə davam edirlər. Hakimiyyət müntəzəm olaraq müxalif fəalları cəzalandırmaq üçün qondarma narkotik saxlamaq və ya yaymaq ittihamlarından istifadə edir. Ömər Məmmədov facebook-da “AzTV-dən seçmələr” və “Heydər Əliyev adına” adlı səhifələrin müəllifi idi. O, bu səhifələrdə hakimiyyətin siyasətinə istehza edirdi. Məmmədov bir sıra siyasi hərəkatların, o cümlədən NİDA gənclər hərəkatının üzvü idi. “Bu, növbəti siyasi prosesdir, bu prosesdə tənqidi səsi susdurmaq məqsədilə müdafiə hüququ pozulub. Biz ədalətli mühakimə sistemini apellyasiya məhkəməsində blogerə qarşı absurd ittihamları ləğv etməyə çağırırıq. Avropa Şurası artmaqda olan repressiyaların Azərbaycan hakimiyyəti tərəfindən təşkil edilməsindən lazımi dərsləri çıxarmalıdır”, deyə “SR”in şöbə müdiri Yohan Bir bildirib

Vəkillər Fuad Ağayev və Elmar Süleymanovun 17 iyul 2014-cü il tarixli birgə bəyanatında qeyd edilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə Azərbaycana qarşı işlərdə Avropa İnsan Hüquqları Məhkəməsinin 6-cı (2) maddəsinin, yəni təqsirsizlik prezumpsiyasının pozulduğunu etiraf edib. Adətən Avropa Məhkəməsinin bu cür işlər üzrə qərarları təqsirsizlik prezumpsiyasının pozulması hallarının təkrarlanmasının qarşısını alır. Amma təəssüf ki, Azərbaycanda bu, baş vermir. MTN və Baş Prokurorluğun jurnalist Rauf Mirqədirovun işi üzrə məlumatı bunun parlaq nümunəsidir.

Bu bəyanatda Mirqədirov birmənalı olaraq ağır cinayət törətmiş şəxs kimi təqdim edilir.

Daha sonra vəkillər güc qurumlarının bəyanatının konkret məqamlarını şərh edirlər.

1. “Dəlil” kimi göstərilən “Samvel” adlı şəxsin diskləri verməsi müdafiə tərəfin Ermənistan xüsusi xidmətlərinin Azərbaycanın Qarabağ münaqişəsi üzrə mövqeyini layiqincə işıqlandıran Mirqədirovun fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyatı olduğu versiyasını təsdiq edir.

Prokurorluq və Azərbaycan MTN-in mətbuat xidmətinin məlumatına görə isə belə çıxır ki, Ermənistan xüsusi xidmətləri əvvəlcə Mirqədirovu əməkdaşlığa cəlb ediblər, daha sonra isə “dəyərli casus”larını ələ veriblər.

2. Mirqədirovun Tbilisidə Baqdasaryanla görüşünə gəlincə, görüş 5,5 il bundan əvvəl baş verib. Həmin görüşdə Mirqədirov Qərb institutlarından birinin Cənubi Qafqaz üzrə layihədə iştirakına əvvəlcədən razılıq verib və bu barədə müqavilə imzalayıb. Prokurorluğun məntiqinə görə isə, beynəlxalq qrant layihələri üzrə danışıqlar aparılması da casusluq kimi qiymətləndirilməlidir.

3. MTN və Prokurorluğun məlumatında qeyd edilir ki, Ermənistanın “Region” araşdırma mərkəzi 2008-ci ildən qarşısına Azərbaycan vətəndaşlarını kəşfiyyat-diversiya fəaliyyətinə cəlb etmək məqsədi qoymuşdu. Niyə həmin vaxt Azərbaycanın müvafiq orqanları bu təxribatçı fəaliyyətin qarşısını almırdı, vətəndaşlarını bu barədə məlumatlandırmırdı?

4. Mirqədirovu 2008-ci ildə Türkiyədə David Şahnazaryanın da iştirak etdiyi Fridrix Nauman Fondunun konfransında iştirakda ittiham etmək də gülüncdür. Prokurorluq həmçinin Mirqədirovun Şahnazaryanın Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə məhz hansı mövqeyi ilə razı olduğunu dəqiqləşdirmir. Bu zaman prokurorluq unudur ki, Şahnazaryan hələ 20 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarının azad edilməsinin tərəfdarı idi.

5. Mirqədirovun hərbi hissələrin, aerodromların və digər strateji obyektlərin sxemlərini və fotolarını ermənilərə verməsi haqqında məlumatlara gəlincə, bu, reallıqdan uzaqdır. Mirqədirov nə hərbi peyklərə, nə kəşfiyyat sistemlərinə malik deyildi. Qalan şeylərə gəlincə, Mirqədirovun hər bir səfərdən sonra oxucuları ilə təəssüratlarını bölüşdüyü məqalələrini oxumaq kifayətdir.

6. Beləliklə, press-relizin məzmununu hərfi mənada anlasaq, Ermənistan və Azərbaycan hüquq-mühafizə orqanlarının mövqeləri üst-üstə düşür. Əslində Mirqədirovun həbsi və onun xüsusilə ağır cinayətdə ittiham olunması, işdən uzaqlaşdırılması Ermənistan xüsusi xidmətlərinin uğurlu əməliyyatı kimi başa düşülməlidir.

İyulun 17-də söz azadlığı tərəfdarları 2 mart 2005-ci il tarixində muzdlu qatillər tərəfindən qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun xatirəsini yad ediblər. Yaşasaydı, onun 47 yaşı tamam olacaqdı. Ənənəvi olaraq, jurnalistlər və hüquq müdafiəçiləri cəsur publisistin məzarına gül qoyublar. Kortəbii mitinqdə toplaşanlar söz azadlığı və Elmarın azad vətəndaş jurnalistikasının inkişafına verdiyi töhfədən danışıblar. Qatillər onun ölümü ilə Azərbaycanda fikri ifadə azadlığının yox olacağına ümid edərkən yanılıblar. Əksinə, Elmarın hər doğum günündə, beynəlxalq mətbuat həmrəyliyi günündə və milli mətbuat günündə vətəndaş cəmiyyəti onun məzarı başında birliyini nümayiş etdirir.

İyulun 19-da beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı Baş Prokurorluğun xahişi ilə jurnalist Rauf Mirqədirovun məhkəməöncəsi həbs müddətinin dörd ay uzadılmasından qəzəbləndiyini bildirib. “Mirqədirovu həbsdə saxlamaqla siyasiləşmiş məhkəmə sistemi jurnalisti təqib etmək əmri aldığını nümayiş etdirir”, deyə SR-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə şöbə müdiri İohann Bir bildirib. “Onun yeganə cinayəti müstəqil fikridir və biz bir daha hakimiyyəti ittihamları ləğv etməyə və jurnalisti azad etməyə çağırırıq”, deyə Bir qeyd edib. Baş Prokurorluq iddia edir ki, Mirqədirov azad edilərsə, onun qaçmağa cəhd edəcəyi təhlükəsi var. Məhkəmə onun anasının səhhətinin pis olmasını nəzərə almaq və onunla qalmasına icazə vermək xahişini təmin etməyib.

22 iyul 2014-cü il Mətbuat Günüdür. 139 il əvvəl, 22 iyul 1875-ci il tarixində maarifçi Həsən bəy Zərdabi ölkədə ilk “Əkinçi” qəzetini dərc edib. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bir sıra qəzetlər milli azadlıq ideyalarını yayırdı. Çar hakimiyyətinin, daha sonra isə kommunistlərin təqiblərinə baxmayaraq, qonşu dövlətlərin ərazisində azad medianın nəşri davam etdirilirdi. Sovet rejimi illərində “İstiqlal”, “Azəri türk”, “Yaşıl yarpaq”, “Odlu yurd”, “Bildiriş”, “Yeni Qafqaziya” kimi nəşrlər Türkiyədə çap olunurdu. 80-ci illərin sonlarında, yenidənqurma və sovet rejiminin zəiflədiyi dövrdə Azərbaycanda azad medianın nəşri bərpa olundu. 1989-cu il dekabrın 24-də ölkədə “Azadlıq” qəzeti qanuni olaraq dərc olunmağa başladı. Azərbaycanda senzura rəsmi olaraq 1997-ci ildə ləğv olunub.

Bu gün rəsmi Bakı tam media azadlığı olduğunu bəyan edir, baxmayaraq ki, bütün göstəricilərə və beynəlxalq təşkilatların reytinqlərinə görə ölkə son yerlərdən birini tutur.

Üstü açılmamış ən az iki jurnalistin qətli hadisəsi var, bu qətllərin sifarişçiləri və icraçıları həbs edilməyib.

Azərbaycan həbs edilmiş blogerlərin və jurnalistlərin sayına görə dünya ölkələri arasında ilk onluğa daxildir, ATƏT məkanında isə birinci yerdədir. Bu günə 11 jurnalist və bloger həbsdədir.

Azərbaycanda media biznesinin inkişafı üçün iqtisadi şərtlər həddindən artıq ağırdır.

Hakimiyyət reklam bazarına nəzarət edir və müstəqil KİV-i oraya buraxmır.

Hər il hökumətyönlü KİV-lərin dotasiyasına, qrantların, əmək haqlarının ödənilməsinə və avadanlıq alınmasına milyonlarla manat xərclənir. Bütün bunlar sovet idarəetmə üslubunu xatırladır, həmin dövrdə mətbuat tamamilə hakimiyyətdən asılı idi və mütləq hökumətə tamamilə loyal idi.

İyulun 22-də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib.

Siddiqin facebook səhifəsində yerləşdirilmiş təbrik mesajında səfir qeyd edir ki, ifadə azadlığı və müstəqil media demokratiyanın əsas dayaqlarından biridir.

“Açıq və səmərəli mətbuata dəstək hökumətin səmərəli fəaliyyətinə şərait yaradır və bunsuz sabit inkişafı təsəvvür etmək çətindir”, deyə Siddiq yazır.

Onun sözlərinə görə, Böyük Britaniya ifadə azadlığına böyük dəstək göstərir. “Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanda dəqiq, qərəzsiz və müstəqil medianın hökm sürməsi üzrə səyləri dəstəkləməkdən qürur duyur”, deyə səfir qeyd edir.

İyulun 22-də “Azadlıq” qəzeti redaksiyasının əməkdaşları “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında növbəti etiraz aksiyası keçirib. Onlar “Pulumuzu qaytarın!” şüarı ilə ofisin qarşısına gəliblər. Ləğv edilmiş dövlət mətbuat yayımı firması qəzetə satılmış tirajlara görə 70 min manatdan çox borcunu ödəməkdən imtina edir. Hakimiyyət mətbuat yayımı sahəsini inhisarlaşdırıb və jurnalistlərin özlərinin və ya küçə satıcılarının qəzetləri satmasına icazə vermir.

Bu cür vəziyyət ölkənin aparıcı müxalif nəşrinin həddindən artıq ağır iqtisadi vəziyyətə düşməsinə və aprel ayından etibarən əməkdaşlarına maaş ödəyə bilməməsinə gətirib çıxarıb, deyə baş redaktor səlahiyyətlərini icra edən Rəhim Hacıyev bildirib.

“Qasid”in borcu 2012-ci ilin ortalarından yaranıb və həmin vaxtdan etibarən “Azadlıq” qəzetinin əməkdaşları dəfələrlə etiraz aksiyası keçiriblər.

İyulun 24-də vəzifəsini tərk edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Milli İncəsənət Muzeyində təhsil mübadilə proqramlarının məzunları qarşısında vida nitqi ilə çıxış edib. O xatırladıb ki, 20 il əvvəl ilk dəfə Azərbaycana gəldikdə ölkə yenicə Qarabağda atəşkəs haqqında saziş imzalamışdı, iqtisadiyyat dərin böhran yaşayırdı. Həmin vaxtdan etibarən ölkə böyük iqtisadi inkişaf əldə edib, xarici təzyiqə baxmayaraq, Azərbaycan ABŞ-la ikitərəfli əlaqələr qurur, amma… Prezident Barak Obamanın iyunda Brüsseldə Avropa gəncləri qarşısında dediyi kimi, “biz demokratiyaya… müstəqil məhkəməyə və müxalif partiyalara, vətəndaş cəmiyyətinə və insanlar seçim edə bilsin deyə azad informasiyaya inanırıq. Biz buna inanırıq. Və bu, bizi gücləndirir”.

 “Amma görünür, biz və Azərbaycan bu məsələlərə fərqli yanaşırıq. Ancaq hər bir tərəfdaşla ardıcıl dialoq olması vacibdir. Bizim baxışlarımızda fərqlər ola bilər, amma biz dialoqu davam etdirməliyik. Biz bir-birimizin mövqeyini və maraqlarını başa düşməyə çalışmalıyıq”, deyə Morninqstar bildirib.

“Mən açıq şəkildə bildirmək istəyirəm: ABŞ Azərbaycanda hər-hansı şəkildə qeyri-sabitlik və iğtişaş yaratmaq istəmir”, deyə səfir vurğulayıb.

İyulun 31-də ölkənin aparıcı müxalif nəşri olan “Azadlıq” növbəti dəfə buraxılışını dayandırıb. Redaktorun birinci müavini Rəhim Hacıyevin Turan-a verdiyi məlumata görə, “Azərbaycan” nəşriyyatı qəzeti çap etməkdən imtina edərək, 20 min manatdan çox borcu ödəməyi tələb edib. Lakin qəzet bu vəsaiti ödəyə bilmir, çünki hakimiyyət qəsdən “maliyyə böhranı” yaradır.

Belə ki, qəzetləri yayan “Qasid” dövlət firmasının qəzetə 70 min manatdan çox borcu var, amma bu vəsaiti ödəməkdən imtina edir.

KİV-ə Dövlət Dəstəyi Fondu uydurma bəhanə ilə qəzetin layihələrini maliyyələşdirməkdən imtina edir. Beləliklə, hakimiyyət qəzeti bütün təbii gəlir mənbələrindən məhrum edib, deyə redaktor qeyd edib.

“Azadlıq” ətrafında uzunmüddətli böhran bir neçə ildir davam edir. Hakimiyyət bu nəşrə yeni təzyiq metodları düşünməkdə ustalaşır, nəyin bahasına olursa olsun, qəzeti boğmağa çalışır.

Avqustun 4-də AXCP-nin gənc fəalı Ruslan Nəsirli polis tərəfindən saxlanılıb, bu barədə Turan-a AXCP sədrinin müşaviri, hüquqşünas Asif Yusifli bildirib. Onun saxlanılmasına səbəb facebook-da cəbhədə böyük itkilərlə bağlı səhifə yaratması olub. Onun yaratdığı qrup “Ali Baş Komandan, cavab ver!” adlanır.

“Əvvəlcə polis Saatlıda Ruslanın atasını saxlayıb və əsir kimi Bakıya gətirib. Ondan oğlunun polisə gəlməsini tələb ediblər. Avqustun 2-də Ruslan polisə gələcəyini bildirib. Mən onunla birlikdə Bakı şəhər Baş Polis İdarəsinə getdim, amma yolda məni maşından düşürdülər. Sonradan Bakı şəhər polisində mənə bildiriblər ki, Ruslan orada deyil. Hazırda onun saxlanıldığı yer məlum deyil”, deyə Yusifli bildirib.

Öz növbəsində, saxlanılan şəxsin atası Şamil Nəsirli Saatlı polisi tərəfindən saxlanıldığını və Bakıya göndərildiyini etiraf edib. Telefon danışığından sonra oğlunu saxlayıblar.

Paytaxt polisi və DİN məlumatı şərh etməyib.

Vyana, 8 avqust – ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda azad KİV və QHT fəallarının təqibinin güclənməsini, xüsusən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) və onun direktoru Emin Hüseynovun təqibini pisləyib.

Bu gün mülki geyimli naməlum şəxslər RATİ ofisinin qapısını sındırmağa çalışıblar, həmin vaxt Prokurorluq nümayəndələri Emin Hüseynovun anasının evində axtarış aparıb və onun kompüterini müsadirə edib. Avqustun 5-də hakimiyyət Hüseynovun təcili tibbi yardım üçün Bakıdan İstanbula getməsini qadağan edib. Heç bir rəsmi izahat verilməyib.

“RATİ-nin ofisinin ələ keçirilməsi cəhdi və Emin Hüseynovun ailəsinin qorxudulması, onun ölkəni tərk etməsinin qadağan edilməsi Azərbaycanda KİV azadlığı sahəsində vəziyyətin geniş şəkildə pisləşməsinin daha bir dəlilidir.

Buna müstəqil jurnalistlərin, vəkillərin və blogerlərin məqsədyönlü təqibi daxildir”, deyə Miyatoviç bildirib. “Mən bir daha hakimiyyəti ölkədə KİV-in və müstəqil səslərin təqibini dayandırmağa çağırıram”.

Avqustun 6-da Miyatoviç XİN rəhbəri Elmar Məmmədyarova Hüseynovun müalicə üçün ölkədən çıxmasına qoyulmuş qadağanı ləğv etmək xahişi ilə məktub göndərib.

Miyatoviç həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərin təqibi çərçivəsində Media Hüquqları İnstitutunun və onun direktoru Rəşid Hacılının bank hesabları dondurulub.

“Bu hadisələr və qarayaxma kampaniyası Azərbaycanda söz azadlığının ciddi şəkildə pisləşməsinə və onun inkişafında uğursuzluğa səbəb olub ki, bunun da təkcə KİV-ə yox, həm də bütünlükdə cəmiyyətə mənfi təsiri var”, deyə Miyatoviç bildirib.

“Hakimiyyətin hərəkətləri öz tənqidçilərini susdurmağa yönəlməməlidir. Mən israrla Azərbaycan hökumətini ATƏT qarşısındakı öhdəliklərinə riayət etməyə və jurnalistlərin, söz azadlığı müdafiəçilərinin qorxusuz şəraitdə işləməsinə imkan verməyə çağırıram”, deyə o qeyd edib.

Miyatoviç həmçinin vəziyyətlə yerində tanış olmaq üçün yaxın gələcəkdə Bakıya gəlmək istəyini bildirib.

Avqustun 8-də “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılova vəkillərdən və 12 QHT-dən ibarət işçi qrup tərəfindən hazırlanmış siyasi məhbuslar siyahısını yayıb.

Bu siyahıya İşçi Qrupun həbs edilmiş üzvləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, politoloq Arif Yunus, İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov da daxil olub.

İsmayılova hesab edir ki, “siyahı yeni həbs edilənlərlə doldurula bilər”. Siyahıda ümumilikdə 97 nəfər var idi, amma həmin vaxtdan etibarən bu siyahı böyüyüb.

Xatırladaq ki, Leyla Yunusun iyulun 8-nə olan siyahısı (http://ft.contact.az/?p=14) 109 siyasi məhbus və vicdan məhbusunu ehtiva edirdi.

Avqustun 8-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində axtarış zamanı çox sayda elektron daşıyıcı və avadanlıq müsadirə edilib. Xüsusən, monitorları ilə birlikdə 15 kompüter, 7 noutbuk, 3 videokamera, 200-dən çox videokaset, 200-ə yaxın CD, 20-dən çox hard-disk, müşahidə kameralarının diskləri, flash-kartlar götürülüb, bu barədə Turan-a RATİ nümayəndəsi Günay İsmayılova bildirib.

Bundan başqa, çoxsaylı sənədlər – qrant müqavilələri, mühasibat sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. Bununla yanaşı, RATİ-nin hüquq-müdafiə işinə aid materiallar müsadirə edilib ki, məhkəmə qərarında bu, nəzərdə tutulmamışdı. RATİ-nin ofisində seyf açılıb. Maraqlıdır ki, axtarış qərarı yalnız ofisin ikinci mərtəbəsinə aid idi. Bununla belə, birinci mərtəbədə də axtarış aparılıb ki, bu, qanunsuzdur.

Bununla yanaşı, RATİ rəhbəri Emin Hüseynovun valideynlərinin evindən jurnalistin anasının kompüteri, planşet və bir neçə sənəd götürülüb.

Həmin vaxta Hüseynovun özündən artıq iki gün idi ki, xəbər yox idi. Qəribədir ki, axtarış aparan müstəntiqlər onu heç soruşmayıblar belə, axtarış əməliyyatının rəhbəri isə bildirib ki, Emin Hüseynovun iştirakı mütləq deyil.

Avqustun 11-də “İnsan Hüquqları Evi” Fondu (Human Rights House Foundation) beynəlxalq hüquq müdafiə təşkilatı bildirib ki, hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycanda istənilən an həbs edilə bilər və təcili müdafiəyə ehtiyacı var. Təşkilat beynəlxalq ictimaiyyəti “Azərbaycanda sürətlə pisləşən vəziyyətə təcili reaksiya verməyə” çağırıb. “Biz bilirik ki, hüquq müdafiəçilərinə qarşı ittihamlar siyasi motivlidir. Hakimiyyət ölkəni beynəlxalq öhdəliklər və xüsusən Avropa Şurası çərçivəsindəki öhdəliklər zolağında tutmağa çalışanları susdurmaq istəyir”, deyə “İnsan Hüquqları Evi” Fondunun icraçı direktoru Mariya Dale bildirib.

“Beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin olmaması ölkənin müstəqil hüquq müdafiə ictimaiyyətinə qarşı repressiyaların bir neçə həftə davam etməsinə gətirib çıxara bilər. Avropa Şurası və onun deputatları bu divanı susqunluqla qarşılamamalıdır”, deyə “İnsan Hüquqları Evi” Fondunun bəyanatında Mariya Daledən sitat gətirilir.

Avqustun 11-də ABŞ-ın Bakıdakı səfirliyi artıq bir neçə gündür Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun bu səfirlikdə sığınacaq tapması haqqında bəzi KİV-lərin yaydığı məlumatları təkzib edib. “Bu məlumatlar həqiqətə uyğun deyil. Emin Hüseynov ABŞ səfirliyində deyil”, deyə məlumatda bildirilir.

Hüseynovun harada olduğu onun ailə üzvlərinə, habelə RATİ əməkdaşlarına da məlum deyil. Hüseynovun Avropada yaşayan həyat yoldaşı Sara Paulsvort da onun haqqında heç nə bilmir. O, Turan-a bildirib ki, Hüseynovun taleyindən narahatdır. Baş Prokurorluğun mətbuat xidmətindən Hüseynovun saxlanılması haqqında ehtimalları təkzib ediblər. Odur ki, həmin gün Emin Hüseynovdan artıq dörd gün idi ki, xəbər yox idi.

Avqustun 13-də məhkəmə Murad Ədilovu – “Azadlıq” qəzetinin əməkdaşı və AXCP liderinin mətbuat katibi Natiq Ədilovun qardaşını narkotik saxlamaq ittihamı ilə 3 ay müddətinə həbs edib. Avqustun 11-də o, Azərbaycan DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsinin (MCMBİ) işçiləri tərəfindən saxlanılıb. Polislər onun atasının evində narkotik bağlaması “tapıblar”. Doğmaları hesab edirlər ki, Murad siyasi motivlərlə həbs edilib, belə ki, o, Xalq Cəbhəsi Partiyasının fəal üzvü və AXCP liderinin mətbuat katibinin doğma qardaşıdır.

Avqustun 14-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun hüquqşünası Günay İsmayılova və kirayə götürülmüş məkanın sahibi Şərqiyyə Hüseynova ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Baş İstintaq İdarəsinə çağırılıblar. Günay İsmayılovanın Turan-a verdiyi məlumata görə, onu şahid qismində dəvət ediblər, baxmayaraq ki, ona heç bir bildiriş göndərilməyib. Onunla birlikdə vəkil Yalçın İmanov da dindirməyə gəlib.

Məkanın sahibi öz növbəsində Turan-a bildirib ki, onu sadəcə dəvət ediblər. “Mən mənzilimi qanuna uyğun şəkildə kirayə vermişəm. Müqavilələr var, vergi ödənilir. Hazırda mənzilimin qapılarını istintaq möhürləyib. Səbəbi mənə məlum deyil”, deyə o bildirib.

Nyu-York, 15 avqust – “Azərbaycan hökumətinin hüquq müdafiəçilərini və QHT-ləri boğması onun Beynəlxalq Şəffaflıq Təşəbbüsündən uzaqlaşdırılmasına gətirib çıxara bilər”. Bu təşəbbüslə Human Rights Watch təşkilatı çıxış edib.

Azərbaycan Mədən Sahəsində Şəffaflıq Təşəbbüsünün (MSŞT) – təbii resursların idarə edilməsində açıqlığa şərait yaradan məşhur beynəlxalq koalisiyanın təsisçi üzvüdür. Lakin hakimiyyət son iki ildə ən az 40 jurnalisti, vətəndaş fəalını və siyasi fəalı, hüquq müdafiəçilərini müxtəlif saxta ittihamlar, o cümlədən xuliqanlıq, vergi ödənişindən yayınma, qanunsuz narkotik saxlamaq, hətta dövlətə xəyanət ittihamları ilə həbs edib. Hökumətin hədəfləri arasında onun ən məşhur tənqidçilərindən bəziləri olub. Bir müddət əvvəl Azərbaycanda gəlirlərin şəffaflığı məsələləri üzərində işləyən müstəqil qruplar onların işinə mane olan məhdudiyyətlərlə qarşılaşıblar. Bununla belə, son aylar onların vəziyyəti kəskin şəkildə pisləşib, belə ki, hökumət onların bank hesablarını dondurub və ya qrantlarını qeydiyyatdan keçirməkdən imtina edib. Təzyiqlər və məhdudiyyətlər koalisiya üzvlərinin əksəriyyətini fəaliyyəti dayandırmağa məcbur edib.

Bu tədbirlər digər fəallara mənfi təsir göstərib, qorxu hissi yaradıb, ölkənin bütün vətəndaş cəmiyyətinin əhvalını pozub, deyə Human Rights Watch qeyd edir.

Avqustun 15-də Azərbaycanda repressiyaların sərtləşməsi fonunda ABŞ Bakını vətəndaş cəmiyyətinin boğulmasına, təşkilatların və şəxslərin hesablarının dondurulmasına son qoymağa, habelə əsas azadlıqlarını həyata keçirdiklərinə görə həbs edilənləri azad etməyə çağırıb. “ABŞ-ın ən yaxın tərəfdaşları qanunun aliliyinin insan hüquqlarını qoruduğu və ədalətli mühakiməni təmin etdiyi demokratik ölkələrdir. Bu, çiçəklənmə və sabitliyə can atan istənilən ölkə üçün zəruri şərtlərdir”, deyə ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Qari Robbins Vyanada ATƏT-in Daimi Şurasında bildirib.

Avqustun 20-də Bakı Apellyasiya Məhkəməsində Camal Ramazanovun sədrliyi ilə narkotik ticarəti ittihamı ilə 5 il müddətinə həbs edilmiş bloger Ömər Məmmədovun şikayəti üzrə hazırlıq iclası keçirilib.

Müdafiə tərəfi şikayətə təkrar məhkəmə istintaqı aparılmaqla baxılması haqqında vəsatət qaldırmışdı.

Vəkil Əlaif Həsənovun sözlərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi işə qeyri-obyektiv baxıb, müdafiə tərəfin əksər vəsatətlərini təmin etməyib. Hakim Ramazanov həmkarları ilə müşavirədən sonra vəsatətləri təmin etmədiyini elan edib və şikayətə mahiyyəti üzrə baxılmasını sentyabrın 3-nə təyin edib.

* 19 yaşlı Ömər Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş Həmrəyliyi” Partiyasının üzvüdür. Həbsindən sonra o, NİDA hərəkatına keçib.

Məmmədov fəal bloger və facebook-da Azərbaycan hakimiyyətinin nöqsanlarını ələ salan karikaturaların, kollajların, şərhlərin yerləşdirildiyi “AzTV-dən seçmələr” səhifəsinin (https://www.facebook.com/pazaztv?fref=ts) administratorlarından biri idi.

Məmmədov bu ilin yanvarında, təhsil aldığı Şimali Kiprdən qayıtdıqdan bir neçə gün sonra həbs edilib. İyulun 4-də məhkəmə Məmmədovu 5 il müddətinə azadlıqdan məhrum edib.

Avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibov yarımölü vəziyyətinə düşənə qədər döyülüb. O, yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Avqustun 22-də səhər İlqarın həyat yoldaşı Məlahət Nəsibova Turan-a bildirib ki, onun güclü beyin silkələnməsi var, almacıq sümükləri, burnu qırılıb, qabırğaları sınıb, başında və bütün bədənində qanayan yaralar var. Onun bir gözü görmə qabiliyyətini itirib. Həkimlər onun üzünə və başına ondan çox tikiş qoyublar və İlqarın beyindaxili qanaxması ola biləcəyindən ehtiyat edirlər. “Axşam bizim Resurs Mərkəzinə gələnlərdən biri, Fərid adlı şəxs bizə zəng edib. O, İlqarı hansısa məsələ ilə bağlı ofisə çağırıb. Bir müddət sonra mənə bildiriblər ki, İlqar ağır vəziyyətdədir, ofis isə talan edilib. Prokurorluq və polis hadisə yerinə gəlib və ilkin ifadələr alıb. Mən onlara bildirdim ki, baş verənlərdə Milli Təhlükəsizlik Nazirliyindən şübhələnirəm”, deyə Nəsibova qeyd edib.

Avqustun 21-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mühasibi Tatyana Kryuçkina iki saata yaxın Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində dindirilib. Kryuçkinanın özünün Turan-a verdiyi məlumata görə, söhbət ilkin dindirmə xarakteri daşıyırdı, o, Maliyyə Nazirliyinin ekspertinin və müstəntiqin suallarını cavablandırıb.

Avqustun 14-də RATİ sədrinin müavini Günay ismayılova dindirilib. Bu tədbirlər bu ilin mayında bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi çərçivəsində həyata keçirilir. Bu iş çərçivəsində artıq 4 vətəndaş cəmiyyəti fəalı həbs edilib.

Avqustun 22-də ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Naxçıvanda jurnalist və hüquq müdafiəçisi İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən dərin narahatlığını bildirib. “Azərbaycan hakimiyyətini Nəsibova qarşı amansız hücumu tam və müstəqil şəkildə araşdırmağa və təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram”, deyə o bildirib. “Bu cinayət ifadə azadlığı və mətbuat azadlığı effektini tamamilə dondurur və jurnalistlərə qarşı yeni cinayətlərə səbəb ola bilər”, deyə o qeyd edib.

Avqustun 22-də Freedom House jurnalist və hüquq müdafiəçisi Nəsibovun döyülməsi ilə bağlı bəyanat yayıb: “İlqar Nəsibova qarşı dəhşətli fiziki zorakılıq Azərbaycanda insan hüquqları sahəsində sürətlə və radikal şəkildə pisləşən vəziyyətə son zərbədir”, deyə Freedom House rəhbəri Devid Kramer bildirib. “Görünür, ölkə hakimiyyəti hüquq müdafiəçilərini və onların əməllərini tənqid edən hər kəsi həbslər, saxta ittihamlar və ya avqustun 21-də Nəsibovun başına gəldiyi kimi, amansız döyülmələrlə təqib etməkdə qətiyyətlidirlər. Prezident İlham Əliyev hökumətinin tənqidə məhəl qoymamasının ciddi nəticələrə gətirib çıxarmadığını düşünürsə, çox yanılır. Hələlik beynəlxalq ictimaiyyətin diqqəti başqa regionlar üzərində cəmlənib. O və hökuməti yaratdıqları təhlükəli və düşmən atmosferə görə məsuliyyət daşımalıdır”, deyən Kramer ABŞ və Avropa İttifaqını rəsmi şəxslərə və jurnalistə hücumu həyata keçirənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Avqustun 23-də Naxçıvanda guya hüquq müdafiəçisi İlqar Nəsibova fiziki hücumun iştirakçılarından biri – Fərid Əsgərov saxlanılıb. Bu barədə Nəsibovun həyat yoldaşına yerli DİN-dən bildiriblər, amma Naxçıvanın hüquq-mühafizə orqanları və DİN mərkəzi aparatı bu rezonans doğuran cinayətlə bağlı hələlik rəsmi məlumat verməyiblər. Bu hadisə kriminallar sırasında göstərilməyib, cinayət işi açılıb-açılmadığı aydın deyil.

Turan-ın DİN-dən və Prokurorluqdan şərh almaq cəhdləri nəticə vermir. “Bu, Naxçıvandır və biz bu regionun işlərinə qarışmırıq”, Bakıda hüquq-mühafizəçiləri qeyri-rəsmi söhbətlərdə belə deyirlər.

Avqustun 25-də Kristof Delor – “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının baş katibi bəyanat yayıb. “Biz Naxçıvanda İlqar Məmmədovun amansızca döyülməsindən heyrətə düşmüşük. O, Naxçıvan şəhərinin mərkəzində qan içində, huşsuz vəziyyətdə tapılıb. Onun həyat yoldaşı Məlahət Nəsibova baş verənlərdə hakimiyyəti ittiham edir. Onun çoxsaylı sınıqları və travmaları var, üzü eybəcər hala salınıb, hazırda o, reanimasiyadadır. Daxili qanaxmaları ola biləcəyi ehtimalları var. 2011-ci ildə onun həyat yoldaşı Məlahət Nəsibova Naxçıvan Muxtar Respublikasını “hakimiyyətin bütün repressiv metodları sınaqdan çıxardığı və sonra bütün Azərbaycanda tətbiq etdiyi repressiyalar laboratoriyası” adlandırmışdı”, deyə o bildirib. “İlqarın həyat yoldaşının şübhələri doğrudursa, bu növbəti vəhşi qanunsuzluq hakimiyyətin Azərbaycanda tənqidi səsləri susdurmaq cəhdlərinin bir halqası olacaq. Bu qanlı cinayətin təqsirkarı kim olursa olsun, cəza çəkməlidir. Biz bu cür zorakılığın cəzasız qalmaması üçün beynəlxalq ictimaiyyəti baş verənlərə reaksiya verməyə çağırırıq”, deyə Delor qeyd edib.

Avqustun 25-də Naxçıvan Muxtar Respublikası (NMR) DİN jurnalist və hüquq müdafiəçisi İlqar Məmmədovun vəhşicəsinə döyülməsini məişət zəminində baş vermiş hadisə kimi təqdim etməyə çalışan bəyanat yayıb. DİN-in məlumatına görə, Naxçıvan Şəhər Polis İdarəsi araşdırma aparıb və araşdırma zamanı müəyyən edilib ki, QHT-lərin İnkişafı və Demokratiya Resurs Mərkəzinin ofisinə hücum olmayıb, “hadisə isə məişət zəminli dava zamanı baş verib”. Sən demə, “ictimai birliyin həmtəsisçisi İ.Nəsibov vaxtaşırı bu ofisdə köhnə dostu, Vətəndaş Həmrəyliyi Partiyasının Naxçıvan təşkilatının keçmiş sədri, muxtar respublikanın paytaxt sakini Fərid Əsgərovla görüşlər təşkil edirdi. Bu görüşlərdə dostlar spirtli içkilər içirdi. Avqustun 21-də keçirilən növbəti görüşdə onlar yenə alkoqollu içki içiblər və bu içkinin təsiri altında onlar arasında mübahisə yaranıb, daha sonra davaya çevrilib. Fərid Əsgərovun izahatında verdiyi ifadəyə görə, guya davaya İlqar Nəsibovun onun ailə üzvləri haqqında təhqiredici sözlərdən istifadə etməsi səbəb olub. Dava zamanı onlar bir-birinə bədən xəsarəti yetiriblər. Hazırda Fərid Əsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı inzibati araşdırma tədbirləri davam etdirilir”, deyə NMR DİN-in məlumatında bildirilir.

Resurs Mərkəzinin rəhbəri və zərərçəkmişin həyat yoldaşı Məlahət Nəsibova NMR DİN-in bəyanatını yalan və böhtan adlandırıb. O qeyd edib ki, həyat yoldaşı ümumiyyətlə senzuradankənar sözlər işlətmir və sərxoş da olmayıb. “Belə olsaydı, ətrafdakılar da bunu hiss edərdi. Onlar Fərid Əsgərovla dost ola bilməzdi, çünki Əsgərov onun oğlu yaşındadır. İlqar bildirib ki, Fərid onu vurduqdan sonra idmançı bədən quruluşu olan şəxslər ofisdə talan törədiblər”, deyə Nəsibova qeyd edib. DİN-in məlumatından sonra onun həyat yoldaşına hücumun və ofisdə talanın hakimiyyət orqanlarının özləri tərəfindən təşkil edildiyi haqqında ehtimalları daha da güclənib. “Biz bu işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacağıq”, deyə Nəsibova bildirib.

Öz növbəsində, Vətəndaş Həmrəyliyi Partiyası bildirib ki, Fərid Əsgərov adlı şəxs heç vaxt partiyanın nəinki NMR təşkilatının rəhbəri, heç sıravi üzvü belə olmayıb. İki il əvvəl o, partiyaya qəbul edilməsi xahişi ilə müraciət edib, amma siyasi şura bu xahişi təmin etməyib. NMR DİN-in həqiqətə uyğun olmayan məlumat yayması ilə əlaqədar Vətəndaş Həmrəyliyi Partiyası DİN-dən dərhal təkzib verməsini və üzr istəməsini tələb edir.

Avqustun 26-da “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansı Naxçıvanda hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun vəhşicəsinə döyülməsini qəzəblə pisləyib, beynəlxalq təşkilatları Azərbaycanda fəalların həbslərinə və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərə biganə qalmamağa çağırıb. Alyans həmçinin Şəkidə həbs edilmiş hüquq müdafiəçisi Rəsul Cəfərova dəstək məqsədi ilə keçirilən fleş-mobun iştirakçılarının həbsini və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı, narkotik ticarəti ittihamı ilə həbs edilmiş Murad Ədilova qarşı işgəncələri pisləyib.

Avqustun 28-də ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki hüquq müdafiəçisi və jurnalist İlqar Məmmədovun vəhşicəsinə döyülməsi ilə bağlı bəyanat yayıb. Turan-a daxil olmuş bəyanatın mətnində deyilir: “Biz avqustun 21-də Naxçıvan şəhərində məşhur jurnalist və Demokratiyaya Dəstək Mərkəzi QHT-nin üzvü, vətəndaş fəalı İlqar Nəsibovun döyülməsini pisləyirik. Biz tez, tam və şəffaf araşdırma aparılmasının və hücumçuların cinayət məsuliyyətinə cəlb edilməsinin tərəfdarıyıq.

Azərbaycan hökumətini əsas azadlıqların: ifadə, toplaşmaq və birləşmək azadlıqlarının müdafiəsi üçün təcili addımlar atmağa çağırırq”, deyə bəyanatda bildirilir.

Avqustun 27-də Firəngiz Hüseynova – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynovun anası prokurorluğa dindirməyə çağırılıb.

Dindirmə saat 15-də başlayıb. Buna qədər RATİ-nin daha iki əməkdaşı – Əbülfət Namazov və Günay İsmayılova dindirməyə çağırılıb.

Avqustun 29-da Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müasir geosiyasi reallıqlar və qlobal informasiya toru şəraitində ölkənin informasiya təhlükəsizliyi siyasətinin müzakirəsi məqsədilə hökumət və qeyri-hökumət KİV-lərinin rəhbərləri ilə görüşlər keçirib. O, KİV-i “vətənpərvərliyə, milli dəyərlərə, dövlət maraqlarına əsaslanmağa” çağırıb. 9 səhifəlik nitqində o, bir daha xatırladıb ki, dövlətin informasiya siyasəti pozitivdən başqa heç nə qəbul etməyəcək və istənilən azadfikirlilik cəzalandırılacaq. Dövlət əleyhinə fəaliyyətin mənfi nümunəsi kimi “Azadlıq” qəzetini və “Azadlıq” radiosunun Azərbaycan xidmətini, onların erməniyönlü və digər düşmən qüvvələrlə əməkdaşlığını göstərən Mehdiyev ad çəkmədən hökumətyönlü KİV-ləri müvafiq cəza tədbirləri ilə hədələyib. Mehdiyevin başlatdığı kursun bir sıra hakimiyyətyönlü KİV-lərdə özünüsenzuranın güclənməsinə və onların hətta məişət mövzusunda ictimai fəallığının azalmasına gətirib çıxaracağını gözləmək olar.

Avqustun 31-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bir müddət əvvəl “Emin Hüseynov işi” üzrə şahid qismində dindirilmiş əməkdaşı Əbülfət Namazov jurnalist proqramı ilə ABŞ-a səfər etmək üçün ölkədən buraxılmayıb.

Sentyabrın 1-də Abşeron rayon məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi barəsində 2 ay həbs qətimkan tədbiri seçib. O, xuliqanlıqda ittiham olunur. AR Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Həzi 29 avqust saat 12.30-da Ceyranbatan qəsəbəsində avtobus dayanacağında “əsaslı səbəbi olmadan” Bakı sakini Məhərrəm Həsənovu əvvəlcə söyüb, sonra isə şüşə butılka ilə başına vurub, üzünə yumruq və təpik vurub, beləliklə, ona bədən xəsarətləri yetirib.

Həzi AR CM-in 221.3-cü (silah və ya silah kimi istifadə olunan əşyadan istifadə ilə törədilmiş xuliqanlıq) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Öz növbəsində, jurnalistin vəkili Elton Quliyev Turan-a bildirib ki, əslində həmin şəxs Həziyə yaxınlaşıb və onun facebook-da müraciətlərinə cavab verməməsi ilə bağlı iradlar irəli sürməyə başlayıb. Buna cavabda Həzi, yəqin ki, bunu görmədiyini, amma profilinə bir daha baxacağını və cavab verəcəyini bildirib.

Amma həmin şəxs Həziyə hücum edib və onu döyməyə başlayıb. Həzi özünümüdafiə məqsədilə butılka ilə ona zərbə endirib və aqressiv insandan uzaqlaşmaq istəyib, amma “operativ olaraq” hadisə yerinə gələn polis patrul xidmətinin əməkdaşları onu saxlayıblar. Vəkil Həzinin həbsinin qanunsuz hesab edir, belə ki, polis həbs zərurətini əsaslandırmayıb, məhkəmə isə əsassız qərar qəbul edib, çünki jurnalist yalnız özünü müdafiə edib. Həmkarları Həziyə qarşı planlaşdırılmış təxribat törədildiyindən və jurnalistin qəzetdə və aparıcılarından biri olduğu “Azərbaycan saatı” adlı on-line televerilişdə hakimiyyətin ünvanına tənqidlərinə görə təqib olunduğundan əmindirlər.

Qeyd edək ki, son illər bir sıra fəallar və jurnalistlər, o cümlədən jurnalist Qənimət Zahid, blogerlər Emin Milli və Adnan Hacızadə, jurnalist Sərdar Əlibəyli və başqaları xuliqanlıq ittihamı ilə həbs ediliblər.

CM-in sözügedən 221.2-ci maddəsi üzrə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Sentyabrın 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) hüquqşünası Günay İsmayılovanın ATƏT-in ikigünlük tədbirində iştirak etmək üçün Gürcüstana getməsinə icazə verməyiblər. Bu barədə Turan-a İsmayılova özü bildirib.

Bir müddət əvvəl o, bir sıra yerli və xarici QHT-lər barəsində iş üzrə şahid qismində dindirilib və ona xaricə səfərləri barədə prokurorluğa məlumat vermək zərurəti barədə xəbərdarlıq edilib.

“Mən səfər haqqında məni şahid kimi dindirən istintaq orqanına məlumat vermişdim. Onlar səfər üçün problem olmadığını bildirmişdilər, amma aeroportda sərhəd xidməti məni buraxmayıb”, deyə İsmayılova bildirib.

Onun sözlərinə görə, ölkəni tərk etməsinə qadağa Azərbaycan Baş Prokurorluğ tərəfindən qoyulub.

Sentyabrın 4-də, bir qrup şəxs tərəfindən amansızca döyülməsindən iki həftə sonra Naxçıvanlı hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibov Naxçıvan şəhər Polis İdarəsinə dəvət edilib və zərərçəkmiş kimi tanınıb. “Mənə dedilər ki, zərərçəkmiş kimi tanınmışam və faktla bağlı CM-in 127.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu, yüngül bədən xəsarətləri yetirilməsini nəzərdə tutan çox yüngül maddədir”, deyə İlqar Nəsibov Turan-a bildirib. “İstintaqın bu cür münasibəti və verilən suallar belə bir təəssürat yaradır ki, istintaq bu hadisəni ciddi şəkildə araşdırmaq niyyətində deyil. Xüsusən, istintaq zərərçəkmişlərin çox olduğunu etiraf etməkdən imtina edir. Mənə ofisə daxil olub məni döyən dəstənin qarabasma olduğu fikrini təlqin etməyə çalışırlar”, deyə hüquq müdafiəçisi bildirib.

Öz növbəsində, o, hadisənin detallarını danışıb, onun döyülməsində təqsirləndirilən Fərid başını əllərinin arasına alıb ağlayaraq deyirdi: “Sənə nə etdilər, sonra bütün bunları mənim üstümə atacaqlar!”. Nəsibov Naxçıvan DİN-dən guya sərxoş olması və hadisənin iki sərxoşun davasının nəticəsi olması haqqında rəsmi məlumatına görə izahat tələb edib. “Nə ekspertiza, nə həkimlər, nə istintaq mənim alkoqol sərxoşluğu vəziyyətində olduğumu qeydə almayıblar. Bu, həmçinin cinayət işi açılan gülünc maddə göstərir ki, obyektiv araşdırma gözləməyə dəyməz”, deyə hüquq müdafiəçisi bildirib.

Xatırladaq ki, Nəsibov Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinin ofisində bir neçə nəfər tərəfindən döyülüb. Onun qabırğaları, burnu, almacıq sümükləri sındırılıb, çoxsaylı xəsarətlər yetirilib. Həkimlər üzünə ona yaxın tikiş qoyublar və güclü beyin silkələnməsi olduğunu bildiriblər. O, bir gözünün görmə qabiliyyətini qismən itirib.

Sentyabrın 5-də səhər Tbilisidən Bakıya gələn “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayıl aeroportda saxlanılıb. O, iki saat ərzində aeroport daxilində yoxlanılıb və dindirilib və saat 8.25-də sərbəst buraxılıb, bu barədə Turan-a jurnalist özü bildirib. Əvvəlcə onu sərhədçilər saxlayıb və Tbilisidə ATƏT-in konfransında nə etdiyini soruşublar. Daha sonra onu gömrük əməkdaşlarına təhvil veriblər, onlar bank kartları və pullar da daxil olmaqla, jurnalistin bütün əşyalarını müsadirə ediblər.

“Üzərimdə tam axtarış aparıblar və hətta zədələnmiş ayağımdakı sarğını belə açıblar. “Brilyant əl” filmində brilyant axtarışına çox bənzəyirdi”.

Bütün pullarımı sayıblar, bəyannamə doldurub-doldurmadığımı, Azərbaycandan pul aparıb-aparmadığımı soruşublar. Üzərimdə 3800 avro və 500 dollar var idi.

Bütün bu pulları, o cümlədən mağazaların bonus kartlarını götürüblər və iki saat bir otaqda saxlayıblar. Sonra təkrar axtarış aparıblar və bundan sonra buraxıblar”, deyə jurnalist bildirib.

Sentyabrın 5-də medianın inkişafına dəstək göstərən Amerikanın İREX qeyri-hökumət təşkilatının Bakı ofisində axtarış aparılıb. Prokurorluq İREX-in avadanlığını və sənədlərini müsadirə edib, təşkilatın bank hesabı isə ölkənin 40-a yaxın QHT-si kimi, daha əvvəldən dondurulub.

Sentyabrın 5-də Məbuat Şurası informasiya təhlükəsizliyinin təmin edilməsi mövzusunda debat təşkil edib. Buna avqustun 29-da Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin avqustun əvvəllərində Qarabağ bölgəsində gərginlik zamanı hərbi sirrin yayılmasını tənqid etməsi səbəb olub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hərbi sirri pozan saytların adlarını açıqlayıb: avropa.info, vətən.info, azernews.az, azadinform.az,  gündəmxəbər.az, meqatv.az, defens.az, olkəm.az.

Bu saytlarda dərc edilmiş hərbi birliklərin, hərbi texnikanın yerdəyişməsi haqqında məlumatlar, itkilər haqqında qeyri-dəqiq məlumatlar səriştəsizlik və qeyri-peşəkarlığın təzahürü kimi qiymətləndirilib.

Sentyabrın 10-da parlamentin hakim partiyadan olan deputatı Siyavuş Novruzov bildirib ki, Milli Məclisin payız sessiyasında KİV-in və sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunlara əlavə və düzəlişlər qəbul edilə bilər. Onun sözlərinə görə, yanlış məlumatın və ya təsdiq edilməmiş məlumatın yayılmasına görə cəza sərtləşdiriləcək. Bundan başqa, o, sosial şəbəkələrdə şərhlərin qeydiyyatı sisteminin tətbiq edilməsini təklif edir, bu zaman şərh yazmaq üçün şəxsiyyət vəsiqəsindəki məlumatları göstərməklə qeydiyyatdan keçmək lazım gələcək. Novruzovun iddiasına görə, inkişaf etmiş ölkələrdə artıq belə bir təcrübə var. O, bu sərtləşdirməni ölkə ərazisinin bir hissəsinin işğal altında olduğu bir şəraitdə və müharibə vəziyyətində “KİV-in ordu haqqında yoxlanılmamış mənbələrdən məlumat, xüsusən də yanlış məlumat yaymamalı olması” ilə əsaslandırıb.

Sentyabrın 10-da “Azadlıq” qəzetinin kollektivi “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında növbəti etiraz aksiyası keçirib.

Redaksiya əməkdaşları “Qasid”dən 70 min manatdan çox borcunu qaytarmağı tələb ediblər. “Qasid” firmasının direktoru Mirkazım Kazımov neçənci dəfə qəzetin redaktor müavini Rəhim Hacıyevi qəbul edib və yenə problemi həll etməyə söz verib. “Mən artıq sözlərini yerinə yetirməyən “Qasid” rəhbərliyinin vədlərinə inanmıram. Borc qaytarılmasa biz aksiyaları davam etdirəcəyik. Firma iddia edir ki, pulu yoxdur, amma satışdan əldə etdiyi vəsaitin hara olduğunu izah edə bilmir. Bu cür ayrı-seçkiliyə müxalif qəzetlərə qarşı yol verilir, bir halda ki, hökumətyönlü qəzetlər üçün “Qasid”in pulu tapılır”, deyə o, Turan agentliyinə bildirib.

Avqustun 21-də Naxçıvanda vəhşicəsinə döyülmüş hüquq müdafiəçisi İlqar Nəsibov və onun həyat yoldaşı Məlahət Nəsibova sentyabrın 8-i saat 15.00-da növbəti dindirmə üçün Naxçıvan Şəhər Polis İdarəsinə çağırılıb. Dünən hökumətyönlü saytlardan biri Nəsibovun özünün təqsirləndirilən Əsgərovu döydüyü haqqında material dərc edib. Bu zaman saytda Nəsibovun istintaqa verdiyi ifadənin faksimil surəti dərc edilir. Bu sənədin Naxçıvan polisindən mətbuata necə sızdığını sayt açıqlamır. Lakin bu, istintaq sirrinin pozulmasıdır və cinayət məsuliyyəti tələb edir.

Nəsibovun səhhətinə gəlincə, o, yaxşılaşır, amma üzündə və bədənində çoxsaylı sınıqların bitişməsi prosesi çox ağrılı keçir.

Ağır şikəstlik, çoxsaylı qırıqlar və görmə qabiliyyətinin qismən itirilməsinə baxmayaraq, polis yalnız sentyabrın 4-də cinayət işi açıb. Sonradan İlqar Nəsibov zərərçəkmiş kimi tanınıb, amma iş “qəsdən yüngül bədən xəsarəti yetirmə” maddəsi ilə açılıb.

Paris, 12 sentyabr: “Azadlıq” qəzetinin icmalçısı Seymur Həzi təxribat qurbanıdır və dərhal azad edilməlidir. Bu tələb “Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında səslənib. Azərbaycan bu təşkilatın tərtib etiyi Azadlıq İndeksində 180 ölkə arasında 160-cı yeri tutur. Təşkilat hesab edir ki, hazırda ölkənin müstəqil mətbuatı və vətəndaş cəmiyyəti hakimiyyətin misli görünməmiş təzyiqinə məruz qalır.

Sentyabrın 16-da Yasamal rayon prokurorluğu Turan agentliyinin və “Amerikanın Səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlunun döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtina edib. Bundan dərhal sonra baş prokuror Zakir Qaralov işi formal olaraq nəzarəti altına götürüb.

Hadisə fevralın 20-də, Bakı Dövlət Universiteti qarşısında tələbələrin etiraz aksiyasının işıqlandırılması zamanı baş verib. Həmin vaxt BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov arxadan tələbələrin etiraz aksiyasını çəkən jurnalistin kürəyinə və başına bir neçə təpik və yumruq vurub.

Araşdırma zamanı iki dəfə ekspertiza təyin edilib. Onlardan biri martda Fərhadoğluna zərbə endirildiyini təsdiq edib. Hadisədən bir neçə gün sonra jurnalistin vəziyyəti kəskin şəkildə pisləşməyə başlayıb – ayağında və kürəyində ağrılar çoxalmağa başlayıb. Aprelin əvvəllərində onun vəziyyəti kəskin pisləşib, dərmanlar artıq təsir etmirdi. Həkimlər onurğa diskinin sürüşdüyünü bildiriblər və aprelin 10-da Fərhadoğlu ağır əməliyyat keçirib. Bundan sonra jurnalist hələ də tamamilə yaxşılaşa bilməyib.

Əməliyyatdan sonra jurnalist təkrarən prokurorluğa müraciət edib. Medikal Plaza klinikasının (əməliyyatı həyata keçirən) həkimləri yetirilmiş xəsarətin ağırlaşdırıcı amil ola biləcəyi barədə rəy versə də, ekspertiza bu əlaqənin “kiçik ehtimal” olduğunu hesab edib.

Maraqlıdır ki, cinayət işi açılmasından imtina qərarı hələ mayın 10-da qəbul olunub, baxmayaraq ki, ikinci ekspertizanın rəyi iyunun 9-da verilib. Bütün bu müddət ərzində müstəntiq Mübariz Əsədov jurnalistin sorğularına cavabda bildirirdi ki, hələ qərar qəbul edilməyib. Bu zaman prokurorluq jurnalistə qarşı təkcə Höcətov deyil, BDU mühafizə xidmətinin digər əməkdaşı tərəfindən də güc tətbiq edildiyini təsdiq edən videomateriallara məhəl qoymayıb. Həmçinin, jurnalistin döyülməsinin çoxsaylı şahidləri dindirilməyib.

Prokurorluğun qərarından məhkəməyə şikayət veriləcək. Jurnalist özü Azərbaycan hüquq-mühafizə orqanları hüquqlarını bərpa etmədiyi təqdirdə işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər çatdırmaq niyyətindədir.

Sentyabrın 17-də “Qasid” dövlət mətbuat yayımı firmasının pərakəndə satış şöbəsi fəaliyyətini dayandırıb. Bu, o deməkdir ki, “Azadlıq” qəzetinin 70 min manatdan çox borcu qaytarılmayacaq, deyə nəşrin redaktorunun birinci müavini Rəhim Hacıyev Turan-a bildirib. “Qasid” qərarı köşklərinin əksəriyyətinin küçələrdən yığışdırılması və firmanın ziyana uğraması ilə əsaslandırıb. “Qasid” rəhbəri Mirkazım Kazımov mətbuata bildirib ki, pərakəndə satış şöbəsinin bağlanmasına güclü rəqabət səbəb olub, “Qasid” bu rəqabətə davam gətirmir. Buna görə artıq firma qəzetləri yalnız abunəlik əsasında satacaq.

Xatırladaq ki, “Qasid” qəzet köşkləri son illər daha çox mini-marketləri xatırladan, ərzaq məhsulları satan yeni mətbuat köşkləri ilə küçələrdən sıxışdırılıb. Bu köşklər Bakı meriyası tərəfindən quraşdırılıb.

Jurnalist qruplarının monitorinqləri zamanı müəyyən edilib ki, yeni köşklərdə dövri mətbuatın, xüsusən müxalifət qəzetlərinin satışı süni şəkildə məhdudlaşdırılır.

Xatırladaq ki, 2013-cü ilin noyabrından etibarən metro stansiyalarında və Bakının küçələrində qəzet satışı qadağan edilib. Beləliklə, qəzet satışı infrastrukturu minimuma endirilib. Şəhərdə faktiki olaraq heç yerdə dövri mətbuat, o cümlədən xarici nəşrləri almaq olmur.

Sentyabrın 23-də prezident İlham Əliyev “Rossiya Segodnya” informasiya agentliyinin baş direktoru Dmitri Kiselevi qəbul edib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyəti üçün yaradılmış şəraitə görə minnətdarlıq edib və ölkədə fəaliyyət göstərən rusdilli KİV və təhsil müəssisələri üçün yaradılmış şəraiti müsbət qiymətləndirib. Qeyd edək ki, Kiselev Kremlin Ukraynaya qarşı təcavüzə bəraət qazandıran əsas carçılarından biridir. Bu səbəbdən Qərb ona və onlarla digər Rusiyalıya qarşı sanksiyalar tətbiq edib, Avropa və ABŞ-a səfərlərini qadağan edib.

Sentyabrın 24-də ölkə prezidenti Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində təhlükəsizliyin təmin edilməsi üzrə bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, kütləvi informasiya vasitələrində və internet-resurslarda, habelə sosial şəbəkələrdə müdafiə nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyan obyektlərin yerləşməsi və təyinatı, hərbi birləşmələrin strateji, əməliyyat və səfərbərlik yerləri, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətin sayı haqqında məlumatların, habelə “Dövlət sirri haqqında” qanuna əsasən hərbi sahədə dövlət sirri təşkil edən məlumatların yayılmasının qarşısının alınması üçün 1998-ci il 9 yanvar tarixli fərmana uyğun olaraq yaradılmış müdafiə məsələləri üzrə əlaqələndirmə şuralarına təmas xətti ilə qonşu ərazilərdə müdafiənin möhkəmləndirilməsi və əhalinin ayıqlığının artırılması məqsədilə həmin bölgələrdə yaşayan yerli əhalidən olan könüllülərdən patrul dəstələri formalaşdırmaq üçün zəruri tədbirləri görmək tapşırılıb.

Müdafiə Nazirliyinə cəbhəyanı zonada vəziyyət haqqında məlumatların çatdırılması üçün mətbuat xidmətinin fəaliyyətinin operativliyinin təmin edilməsi üzrə tədbirlər görmək, KİV və internet-resurslarda, o cümlədən sosial şəbəkələrdə cəbhəyanı zonada vəziyyət haqqına yayılan informasiyanın daimi monitorinqini təmin etmək və “Dövlət sirri haqqında” qanuna əsasən dövlət sirri təşkil edən məlumatları yayan şəxsləri aşkar edib onların qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təşkil etmək tapşırılıb.

Mətbuat Şurasına hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə ziyan vura biləcək məlumatların KİV-də və internet-resurslarda, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq üçün KİV və əhali arasında təşviqat-məlumatlandırma işi təşkil etmək tapşırılıb.

Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsində 23-24 yanvar 2014-cü il İsmayıllı iğtişaşları haqqında iş üzrə proses başa çatıb. İşin əsas fiqurantları 5 il müddətinə həbs edilmiş “Yeni Müsavat” qəzetinin direktor müavini və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu və ReAl hərəkatının lideri İlqar Məmmədovdur (7 il azadlıqdan məhrumetmə). Onlar hər ikisi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb. Daha 8 nəfər 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb. Xatırladaq ki, ötən il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi 18 nəfəri İsmayıllı iğtişaşlarının təşkilində və iştirakda görə müxtəlif müddətli həbs cəzalarına məhkum edib.

Sentyabrın 24-də AŞPA rəhbəri Ann Brasser Şəkiyə gəlib və iki saat ərzində Tofiq Yaqublu və İlqar Məmmədovla söhbət edib. Bu barədə onlar özləri məhkəmə zalında bildiriblər.

Sentyabrın 29-da Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı bəyanatla çıxış edib. “Azərbaycanda müstəqil səslərin boğulması və təqibi ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə pik həddinə çatıb. Hökumətin bu əməli Avropa Şurası qarşısında öhdəliklərə açıq-aşkar etinasızlıqdır. Vətəndaş cəmiyyətinə qarşı bu cür repressiyalara Avropa Şurası tərəfindən məhəl qoyulmaması bu təşkilatın nüfuzuna kölgə salır”, deyə bəyanatda bildirilir.

Son iki ildə Azərbaycanda 50 ictimai fəala, jurnalistə, blogerə və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürülüb. Hazırda onların əksəriyyəti barmaqlıqlar arxasındadır.

HRW hesab edir ki, Avropa Şurası rəhbərliyi, baş katibi, AŞPA prezidenti, İnsan Hüquqları üzrə Komissar, habelə üzv ölkələr Azərbaycan hökumətini:

Qanunsuz olaraq həbs edilmiş şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə və onlara qarşı siyasi motivli ittihamları ləğv etməyə, vətəndaş cəmiyyəti strukturlarının qorxudulmasına son qoymağa, onların normal fəaliyyət göstərməsinə imkan verməyə və insan hüquqlarının təmin edilməsi üçün real islahatlara başlamağa çağırmalıdır.

“Azərbaycanın AŞPA-ya sədrliyi dövründə ölkədə tənqidi səslərin kobud şəkildə boğulması bu təşkilatın bütün institutlarına zərbə vurur. Avropa Şurası rəhbərliyi rəsmi Bakının bu davranışını ən sərt ifadələrlə pisləməli və açıq-aşkar bildirməlidir ki, siyasi motivlərlə həbs edilənlər azad edilənə və ölkədə təqiblərə son qoyulana qədər normal əməkdaşlıq olmayacaq”.

Sentyabrın 30-da parlamentin hüquq siyasəti və iqtisadi siyasət komissiyalarının birgə iclasında bir sıra qanunlara: “QHT-lər, ictimai birliklər və fondlar haqqında” və “Qrantlar haqqında” qanunlara, habelə Azərbaycan Miqrasiya Məcəlləsinə düzəlişlərə baxılıb. Hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu düzəlişlər korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi ilə şərtlənib.

Bu düzəlişlər yerli QHT-lərə və xarici QHT-lərin filiallarının pul ianələrinin ölçüsünü müəyyən edir və onların dövlət orqanlarında qeydiyyatını, habelə vəsaiti verən şəxslər haqqında məlumat verilməsini nəzərdə tutur. İanə verən şəxslər haqqında məlumat verilmədən ianə edilmiş vəsaitlə hər-hansı bank əməliyyatları yolverilməzdir.

Müzakirələrin yekunlarına görə düzəlişləri təsdiq edilməsi üçün Milli Məclisə təqdim etmək qərara alınıb.

Oktyabrın 2-də Abşeron rayon məhkəməsində xuliqanlıqda ittiham olunan “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib, Həzini həbsdə saxlayıb. Bu barədə Turan-a vəkil Adil İsmayılov bildirib.

Oktyabrın 4-də araşdırmaçı-jurnalist Xədicə İsmayılova Strasburqdan qayıdarkən Bakı aeroportunda saxlanılıb. Sərhəd-buraxılış məntəqəsində onun pasportunu alıblar və gözləməli olduğunu deyiblər. Sonra gömrükçülər onun baqajına baxış keçiriblər. Bundan sonra İsmayılovadan flash-kartları verməsini tələb ediblər. Saat 01.00 radələrində onu buraxıblar, bu barədə Turan-a jurnalist özü bildirib.

Oktyabrın 6-da “Nota Bene” qəzetinin həbsdə olan redaktoru Sərdar Əlibəyli amnistiya ümidi ilə KİV rəhbərlərinə və müxalifət liderlərinə “vicdan məhbusları” siyahısından onun adının və şəklinin çıxarılması çağırışı ilə müraciət edib.

Oktyabrın 9-da Bakının Binəqədi rayon məhkəməsində Sədrəddin Hacıyevin sədrliyi ilə jurnalist Xədicə İsmayılovaya qarşı iddiaya qapalı baxış başlayıb. İddia Xalq Cəbhəsi Partiyasının keçmiş fəalı Elman Həsənov (Türkoğlu) tərəfindən verilib. İddiaya səbəb İsmayılovanın facebook-da yaydığı hansısa “sənəd” olub. Türkoğlu iddia edir ki, bu sənədin yayılması “onun şərəf və ləyaqətinə” ziyan vurub.

Bu sənəddə deyilir ki, Türkoğlu Milli Təhlükəsizlik Nazirliyinin xəbərçisidir və homoseksualistdir. Bu səbəbdən Həsənov 147-ci (böhtan) maddə ilə iddia verib.

Öz növbəsində, Xədicə İsmayılova irəli sürülmüş ittihamları təkzib edib, qeyd edib ki, yaydığı sənəddə Elman Həsənovun adı yoxdur. Bundan başqa, bu sənəd ilkin olaraq İsmayılovanın yaymasından xeyli əvvəl internetdə yayılıb.

“Mən bu prosesdən Milli Təhlükəsizlik Nazirliyinin bu məsələ üzrə fəaliyyətini aydınlaşdırmaq üçün istifadə etməyə çalışacağam”, deyə İsmayılova bildirib.

Oktyabrın 10-da Azərbaycan rabitə naziri Əli Abbasov İranın Radio və Televiziya Agentliyinin rəhbəri İzzətullah Zərqamini qəbul edib. Danışıqlar zamanı hər iki ölkənin radio və televiziya sahəsinin inkişafı məsələləri və məlumat mübadiləsində onları rolu müzakirə olunub.

Tərəflər KİV sahəsində birgə proqramları və layihələri genişləndirmək niyyətindədirlər. Gələcək birgə komissiyaya gəlincə, o, internet-resursları da əhatə etməlidir, deyə Zərqami Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun qəbulunda olarkən bildirib.

Oktyabrın 13-də Baş Prokurorluq Xədicə İsmayılovanın ölkədən çıxmasına qadağa qoyub. O, ötən gecə “Forum 2000” beynəlxalq konfransında iştirak etmək üçün Bakıdan Praqaya gedə bilməyib.

Bakı aeroportunun sərhəd nəzarətindən jurnalistə bildiriblər ki, Azərbaycan Baş Prokurorluğu onun ölkədən çıxışına qadağa qoyub.

İsmayılova bu qadağanın səbəbini bilmir.

2014-cü ilin fevral-mart aylarında İsmayılova dəfələrlə facebook səhifəsində müxalifət nümayəndəsinin Azərbaycan xüsusi xidmətləri tərəfindən cəlb edilməsi haqqında materialı yayması ilə əlaqədar Baş Prokurorluğa dindirməyə çağırılıb. Lakin istintaq daha çox İsmayılovanın ABŞ Senatının hökumətyönlü KİV-in Amerika kəşfiyyatçıları adlandırdığı iki əməkdaşı ilə görüşləri barədə maraqlanıb.

Oktyabrın 17-də Amnesty İnternational məşhur hüquq müdafiə təşkilatı Azərbaycan hökumətini məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya qarşı təzyiqə və təqibə dərhal son qoymağa çağırıb. “Hakimiyət onun ölkədən çıxışına qoyulmuş qadağanı qaldırmalı, onun insan hüquqlarının müdafiəsi sahəsində normal işləməsi üçün şərait yaratmalıdır.

Amma bu gün Xədicə İsmayılovanın siyasi motivli ittihamlarla həbs edilməsi təhlükəsi var”, deyə Amnesty İnternational-ın bəyanatında qeyd edilib.

Oktyabrın 17-də Milli Məclis QHT sahəsində qanunvericiliyə xarici donorların fəaliyyət şəraitini sərtləşdirən düzəlişlər edib. Xüsusən, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrantlar haqqında” qanunlara əlavə və dəyişikliklər edilib.

Parlamentin vitse-spikeri Bahar Muradova bildirib ki, xarici donorlardan qrant alan QHT-lər “onların çaldığına oynayır”. “İndi istəyən bizimlə işləsin və QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant alsın. İstəməyən getsin xarici himayəçilərinin yanına”, deyə Muradova bildirib.

Oktyabrın 24 –də və 27-də Naxçıvan şəhər məhkəməsində Mehman Allahverdiyevin sədrliyi ilə iki cinayət işi – hüquq müdafiəçisi İlqar Nəsibovun Fərid Əsgərova qarşı şikayəti və əksinə, Əsgərovun Nəsibova qarşı şikayəti üzrə hazırlıq iclasları keçirilib.

Bu barədə Turan-a İlqarın həyat yoldaşı Naxçıvan Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib.

Xatırladaq ki, Nəsibov avqustun 21-də Resurs Mərkəzinin ofisində Əsgərov və digər şəxslər tərəfindən amansızca döyülüb. O, çoxsaylı sınıq və şikəstlik alıb.

Yalnız iki həftə sonra faktla bağlı 127.1-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə) maddə ilə cinayət işi açılıb.

İki həftə sonra Əsgərovun şikayəti əsasında Nəsibova qarşı eyni maddə ilə cinayət işi açılıb.

İndiyədək İlqar Nəsibov müalicəsini davam etdirir. Onun Naxçıvandan Azərbaycanın başqa regionlarına getməsi qadağan edilib ki, bu da Nəsibova Bakıda və xaricdə ixtisaslaşmış tibbi yardım almağa imkan vermir.

Oktyabrın 21-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə Amerika Yardımı Ofisində Avrasiya şöbəsinin direktor müavini Noy Kristal bir qrup Azərbaycan KİV rəhbərləri ilə görüş keçirib. Səfirliyin mətbuat xidmətindən Turan-a verilən məlumata görə, KİV-in vəziyyəti və problemləri, habelə söz azadlığı sahəsində vəziyyət müzakirə olunub.

İyulun 1-dən Azərbaycan hakimiyyəti Qərb qrantları ilə layihə həyata keçirilməsini dayandırıb. Oktyabrın 17-də qanunvericiliyə qəbul edilmiş məhdudiyyətlərə əsasən, xarici donorların qrant verməsi və alması yalnız Azərbaycan hökumətinin razılığı ilə mümkündür.

Oktyabrın 24-də həbs cəzası çəkən “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov qızının həmin gün keçirilən toyunda iştirak etmək üçün müvəqqəti olaraq azad edilib, bu barədə Turan-a onun qardaşı Səbahəddin bildirib. Hilal Məmmədova qızının toyunda iştirak üçün icazə verilməsi haqqında Azərbaycan hüquq müdafiəçiləri hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə işçi qrupun oktyabrın 22-də keçirilən iclasında vəsatət qaldırmışdılar.

İnsan Hüquqları və Qanunçuluğa riayət olunması Bürosunun rəhbəri Səidə Qocamanlının verdiyi məlumata görə, Məmmədovun üç günlüyünə azad edilməsi haqqında razılıq əldə edilmişdi.

* Hilal Məmmədov 21 iyun 2012-ci il tarixində həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi 2013-cü il sentyabrın 27-də onu dövlətə xəyanət, milli ayrı-seçkilik salmaq və narkotik ticarətində təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib. H.Məmmədov bütün ittihamları təkzib edib və siyasi motivlərlə təqib edildiyini hesab edir. Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.

Oktyabrın 24-də 7 nəfər yerli KİV və vətəndaş cəmiyyəti nümayəndəsinin Qərbdən siyasi sığınacaq istəməsi haqqında hesabat dərc edilib. Bu müraciətlər bu ilin yazında başlamış KİV və QHT nümayəndələrinin təqibi kampaniyasının nəticəsi olub. Sığınacaq istəyənlər arasında Azərbaycanda həbs edilmiş KİV işçilərinin ailə üzvləri də var.

Oktyabrın 27-də “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatının baş katibi Kristof Delor Fransa prezidenti Fransua Olanda İlham Əliyevlə görüşü ərəfəsində açıq məktub yazıb. “Biz sizin diqqətinizi oktyabrın 27-də prezidenti ilə görüşəcəyiniz Azərbaycanda müstəqil mətbuatın acınacaqlı vəziyyətinə çəkmək istəyirik. Bizim dünyada mətbuat azadlığı indeksimizdə 160-cı yeri tutan Azərbaycanda peşəkar və qeyri-peşəkar jurnalistləri ölkə hakimiyyəti misli görünməmiş amansızlıqla boğur. Özünüsenzura və reklam bazarının manipulyasiyası vasitəsilə hökumət yayım mediasına tamamilə nəzarət edir. Müstəqil qəzetlər bağlanmaq məcburiyyətindədir, mayda nəşrini dayandıran “Zerkalo” qəzeti kimi. Ölkənin digər aparıcı qəzeti – “Azadlıq” həddindən artıq böyük cərimələr, mətbuat yayım firmasının sabotakı ilə mübarizə aparır və o da bağlanmaq üzrədir. Azərbaycanda ən az 13 nəfər həbs edilmiş jurnalist və bloger var, ölkə Avropada jurnalistlər üçün ən böyük həbsxanadır. Onlardan bəzilərinin, məsələn, “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının vəziyyəti ağırdır. Hüquqi prosedurlara və müdafiə hüquqlarına riayət etməyən məhkəmələr geniş yayılıb. Məşhur jurnalistlər və blogerlər hər cür təqiblərə, o cümlədən fiziki divan hədələrinə, şantaja və çirkin qarayaxma kampaniyalarına məruz qalır”, deyə müraciətdə qeyd edilib. Bu vəziyyət bir çox jurnalistləri ölkəni tərk etməyə məcbur edir, məşhur icmalçı Rauf Mirqədirov kimi. Amma bu, Azərbaycan hakimiyyətinin təqibindən xilas etmir. Belə ki, aprelin 18-də Mirqədirov Türkiyədə saxlanılıb və Azərbaycana deportasiya edilib, burada o, casusluqda ittiham edilib. Bu ilin yayında hakimiyyət həmçinin KİV-ə dəstək göstərən QHT-lərə – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Media Hüquqları İnstitutu və Amerikanın İREX təşkilatına qarşı hücuma keçib. Onlara qarşı cinayət işləri açılıb, hesabları dondurulub, rəhbərləri canlarını qurtarmaq məcburiyyətində qalıb. Əksəriyyətin fəaliyyəti dayandırmaqdan başqa çıxış yolu yoxdur.

Hakimiyyət mətbuatda plüralizmi tamamilə məhv etməyə çalışır, qanunun aliliyini və korrupsiyaya qarşı mübarizəni aradan qaldırır ki, bunlarsız Azərbaycanı ciddi tərəfdaş kimi qəbul etmək olmaz. Fransanın Azərbaycanla əməkdaşlığının strateji və iqtisadi üstünlükləri, tərəfdaşlar arasında səmimi dialoq Azərbaycan Konstitusiyasında və beynəlxalq öhdəliklərlə zəmanət verilmiş informasiya azadlığına məhəl qoymaya bilməz.

Buna görə biz sizdən bu məsələləri Parisə səfəri zamanı Azərbaycanlı tərəfdaşınız qarşısında qaldırmağı və həbs edilmiş jurnalistlərin və blogerlərin azad edilməsini xahiş etməyi rica edirik.

Biz həmçinin prezident Əliyevə hökumətinin informasiya azadlığını pozmasının Paris və Bakı arasında yaxın münasibətlərlə, eyni zamanda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bir araya sığmadığını dəqiq şəkildə bildirməlisiniz”, deyə müraciətdə qeyd edilir.

Oktyabrın 30-da axşam müxalif “Azadlıq” qəzetinin, həmçinin “Azərbaycan saatı” online televerilişinin əməkdaşı Xalid Qarayev saxlanılıb.       Saat 20.00 radələrində o, öz facebook səhifəsində yazıb ki, saxlanılıb və Binəqədi rayon polis idarəsinin 4 saylı şöbəsinə aparılır. Lakin “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rəhim Hacıyevin Turan-a verdiyi məlumata görə, 4-cü şöbədən redaksiya nümayəndələrinə Qarayevin orada olmadığını bildiriblər.

Həmin vaxt Qarayevin harada saxlandığını müəyyən etmək mümkün olmamışdı. Öz növbəsində, jurnalist Xədicə İsmayılova öz facebook səhifəsində xatırladıb ki, iki ay əvvəl “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzi həbs edilib. Verilişin digər aparıcısı Natiq Ədilov qardaşı Murad Ədilovun həbsindən sonra ölkəni tərk etmək məcburiyyətində qalıb.

Qarayev Türkiyədən peyk yayımı vasitəsilə “Azərbaycan saatı” verilişi yayımlanmağa başladıqdan bir həftə sonra saxlanılıb.

Elə həmin axşam Binəqədi rayon məhkəməsi Qarayevin saxta xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edildiyini bildirib.

Oktyabrın 31-də Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Azadlıq” qəzetinin müxbiri və “Azərbaycan saatı” on-lien televiziya proqramının texniki direktoru Xalid Qarayevin 25 gün müddətinə həbsini pisləyib.

JMK-nin bəyanatında qeyd edilir ki, hakimiyyət artıq neçə aydır “Azərbaycan saatı” proqramının ölkə hakimiyyətini kəskin tənqid edən əməkdaşlarını təqib edir.

Bir müddət əvvəl aparıcı Seymur Həzi həbs edilib, ikinci aparıcı Natiq Ədilov isə qardaşının həbsindən sonra ölkəni tərk etmək məcburiyyətində qalıb.

“Azərbaycan hökuməti həbs edilmiş jurnalistlərin sayının ən çox olduğu ölkələr “klubunda” yerini möhkəmləndirib. Biz hakimiyyəti Xalid Qarayevi azad etməyə, hökumətin tənqidçilərinin təqibinə son qoymağa çağırırıq”, deyə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Müzəffər Süleymanov bildirib.

Noyabrın 4-də Article 19, Avropa Jurnalistlər Federasiyası, Freedom House, Senzura İndeksi, KİV-ə Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Sərhədsiz Reportyorlar və Qəzetlər və Xəbərlər Naşirlərinin Dünya Assosiasiyasının (Azərbaycanla tərəfdaşlığın inkişafı üzrə beynəlxalq qrupun üzvləri) birgə bəyanatında Xalid Qarayevin azad edilməsi və Azərbaycanda fərqli düşünənlərin təqibinə son qoyulması tələbi ifadə olunub. “Oktyabrın 30-da Bakıda məhkəmə müxalif jurnalist Xalid Qarayevi həbs edib, bununla da vətəndaş cəmiyyətinə misli görünməmiş təzyiq fonunda müstəqil KİV-ə yeni zərbə vurub. Qarayev özü və vəkili hakimiyyəti jurnalisti peşə fəaliyyətinə görə cəzalandırmaq məqsədilə ittihamı saxtalaşdırmaqda ittiham edib.

“Azadlıq” və “Azərbaycan saatı” artıq çoxdandır hakimiyyətin təzyiqinə məruz qalır, əməkdaşları isə artıq bir neçə dəfə həbs cəzasına məhkum edilib”, deyə bəyanatda bildirilir.

Noyabrın 7-də Turan agentliyinin və “Amerikanın Səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Jurnalist “Mətbuatın dostu” kimi ondan hüquqlarının bərpasına kömək etməsini və BDU-nun mühafizə xidmətinin rəhbəri tərəfindən döyülməsi faktının obyektiv araşdırılmasını təmin etməsini xahiş edir. Müraciətdə xatırladılır ki, hücum jurnalistin tələbələrin aksiyasını işıqlandırarkən peşə öhdəliklərini yerinə yetirməsi zamanı baş verib. Həmin vaxt BDU mühafizə xidmətinin rəhbəri Mahir Höcətov ona arxadan zərbə endirib. Jurnalistə qarşı fiziki təzyiqin təkzibolunmaz dəlillərinə baxmayaraq, Yasamal rayon prokurorluğu cinayət işi açmaqdan imtina edib.

Dövlət başçısına müraciətlə yanaşı, Fərhadoğlu cinayət işi açmaqdan imtina ilə əlaqədar Yasamal rayon prokurorluğunun müstəntiqinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiada müstəntiq Mübariz Əsədovun cinayət işi açmaqdan imtina qərarının qanunsuz hesab edilməsi məsələsi qaldırılır.

Noyabrın 10-da bloger Mehman Hüseynov Tbilisiyə gedərkən Bakı aeroportunda saxlanılıb, bu barədə Turan-a jurnalist Xədicə İsmayılova bildirib.

2012-ci ilin yayında ona qarşı cinayət işi açılıb və onun ölkədən çıxmasına qadağa qoyulub. Hüseynov polis əməkdaşına qarşı xuliqanlıq hərəkətlərində ittiham olunub. Lakin cinayət işinin təhqiqat müddətinin bitməsi ilə əlaqədar Hüseynov xarici səfərlərə qadağanı qaldırmaq xahişi ilə prokurorluğa müraciət edib. Qadağanın ləğv edilib-edilmədiyini yoxlamaq üçün o, noyabrın 10-da dəvəti fürsət bilib, Tbilisidə ATƏT-in konfransına getməyə hazırlaşıb. Amma sərhədçilər “sistemdə pasportun olmaması” bəhanəsi ilə onu saxlayıblar.

M.Hüseynov “pasportu saxtalaşdırmaqda şübhəli bilinməsi” ilə əlaqədar aeroportun polis əməkdaşlarına təhvil verilib. Sonradan o, dostlarına bildirib ki, Səbail rayon polisinə aparılır. Bundan sonra onunla telefon əlaqəsi kəsilib.

DİN-in hava nəqliyyatında polis İdarəsindən Turan-ın müxbirinə bildiriblər ki, Hüseynov Səbail rayon Polis İdarəsi tərəfindən barəsində axtarış elan edildiyi üçün saxlanılıb.

Noyabrın 11-də Abşeron rayon məhkəməsində xuliqanlıqda ittiham olunan “Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” on-line proqramının aparıcısı Seymur Həzi barəsində cinayət işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi onun həbsdə saxlanılmasını əsassız hesab edib, belə ki, onun həbs müddəti hələ oktyabrın 29-da başa çatıb və uzadılmayıb.

Jurnalistin vəkili Adil İsmayılovun sözlərinə görə, Həsənov üzləşdirmə zamanı Həzinin facebook-da onu necə təhqir etdiyini məntiqli şəkildə izah edə bilməyib.

“Bu, onu göstərir ki, Həsənovun səhifəsini başqa birisi açıb və oradan Həziyə yazıb”, deyə vəkil bildirib.

Qeyd edək ki, Həsənov maksimum 1 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər, bir halda ki, Həzi 3 ildən 7 ilədək həbs edilə bilər.

Noyabrın 11-də Bakıda bloger Mehman Hüseynovun saxlanılması ilə əlaqədar ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda müstəqil KİV-in və ifadə azadlığı müdafiəçilərinin sıxışdırılmasının davam etdiyini və gücləndiyini göstərən hərəkətlərə son qoyulmasının vacibliyini bildirib. “Demək olar ki, bütün müstəqil KİV nümayəndələri və media-QHT-lər məqsədyönlü şəkildə müxtəlif, çox vaxt əsassız və narahatlıq doğuran ittihamlar əsasında təqiblərə məruz qoyulur”, deyən Miyatoviç qeyd edib ki, Tbilisidəki konfransa dəvət edilmiş “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılova hərəkətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar olaraq tədbirdə iştirak edə bilməyib.

“Mən Avropa Şurasının insan hüquqları üzrə komissarı Nil Mujnieksin bu yaxınlarda verdiyi qiymətləndirmə ilə tamamilə razıyam, – deyə Miyatoviç bildirib. – Azərbaycan hakimiyyətinə azad KİV-ə qarşı bu düşmən münasibətinə son qoymaq çağırışımı təkrar edirəm”. KİV üzrə nümayəndə yenidən bu narahatlıq doğuran təmayülün aradan qaldırılması yollarının axtarışında hakimiyyətə kömək etmək üçün Bakıya gəlməyə hazır olduğunu bildirib.

Noyabrın 11-də Tbilisidə ATƏT-in “Rəqəmsal dövrdə ictimai televiziya” mövzusunda iki günlük XI Cənubi Qafqaz Konfransı start götürüb. Tədbirdə Avropa İttifaqından və postsovet ölkələrindən olan iştirakçılar rəqəmsal yayıma keçid dövründə çağırışları və strateji seçimi, Cənubi Qafqazda ictimai yayımın perspektivlərini, dəyərləri və kontenti, İTV-nin hüquqi və maliyyə məsələlərini müzakirə ediblər.

ATƏT-in söz azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç iştirakçılara üz tutaraq, cəmiyyət üçün və cəmiyyətin vəsaiti ilə real ictimai yayıma” nail olmaq zərurtini qeyd edib.

O, həmçinin həbs edilmiş jurnalistlərin və blogerlərin sayına görə rekord qıran Azərbaycandakı vəziyyətə toxunmağı zəruri hesab edib. “Azərbaycan bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin tədbirə gəlməsinə icazə verməyən yeganə ölkədir”, deyə o, fotojurnalist və bloger Mehman Hüseynovun Bakı aeroportunda saxlanılmasını nəzərdə tutub.

Müzakirələr zamanı Turan agentliyinin direktoru Mehman Əliyev Azərbaycan jurnalistikasının ən böyük problemi kimi ölkə jurnalistinin Peşə-Etika Məcəlləsində nəzərdə tutulmuş “Həqiqətə xidmət” prinsipinin pozulmasını göstərib. KİV-də plüralizmin, balansın, obyektivliyin poulması adi hala çevrilib və auditoriyanın və ictimai rəyin çaşdırılmasına yönəlib. Onun sözlərinə görə, bu vəziyyət medianın iqtisadi azadlığını itirməsi, hakimiyyətin məhkəmə və güc vasitəsilə təzyiqi, ən əsası isə, dövlətin media məkanını tam nəzarəti və idarəetməsi altına almaq cəhdi nəticəsində yaranıb. Hazırda Azərbaycanda həbs edilmiş jurnalistlərin və blogerlərin sayı 17 nəfərə çatıb.

Noyabrın 20-də Siyasi Məhbusların Monitorinqi Mərkəzi (SMMM) Azərbaycanda müstəqil jurnalistlərə təzyiqi pisləyib. Təşkilatın Turan agentliyinə daxil olmuş bəyanatında deyilir ki, son illər Azərbaycanda müstəqil mətbuata təzyiq siyasəti həyata keçirilib və bu, açıq repressiyalar formasına keçib.

Hazırda jurnalistlər Seymur Həzi və Rauf Mirqədirov istintaq altındadır, Xalid Qarayev inzibati həbs cəzası çəkir, “Ayna-Zerkalo” qəzeti bağlanmaq məcburiyyətində qalıb, bir çox jurnalistlər isə ölkəni tərk ediblər.

Bir müddət əvvəl Əvəz Zeynallı, Pərviz Həşimli, Hilal Məmmədov və başqaları mühakimə edilib. Bloger Mehman Hüseynovun ölkədən çıxışı qadağan olunub. Ölkədən çıxışı qadağan edilmiş və uydurma böhtan iddiası üzrə cinayət məsuliyyəti təhlükəsi ilə üz-üzə olan jurnalist Xədicə İsmayılovaya qarşı təzyiq kampaniyası da pislənir.

SMMM ictimaiyyəti İsmayılovaya dəstək səsini yüksəltməyə, hakimiyyətyönlü mətbuatı isə ona qarşı qarayaxma kampaniyasına son qoymağa çağırır.

Noyabrın 20-də vəkil Elmar Süleymanov Turan-a bildirib ki, jurnalist Rauf Mirqədirovun həbs müddəti noyabrın 19-da başa çatıb və o, artıq bir gündür qanunsuz həbsdə saxlanılır. Xatırladaq ki, Mirqədirov aprelin 19-da saxlanılıb və həbsdə saxlanma müddəti həmin gündən etibarən hesablanır. İki gün sonra məhkəmə onu 3 ay müddətinə həbs edib, iyulun 19-da həbs müddəti 4 ay uzadılıb.

Bununla əlaqədar olaraq, vəkillər Elmar Süleymanov və Fuad Ağayev noyabrın 20-də səhər baş prokurora, onun birinci müavininə, ədliyyə nazirinə, MTN rəhbərinə, ombudsmana, MTN İstintaq Təcridxanasının rəisinə teleqram göndərib. Teleqramlar ünvanlara çatsa da, cavab almayan vəkillər saat 15.30-da MTN İstintaq Təcridxanasına gəliblər. Amma növbətçi onları rəisin yanına buraxmaqdan imtina edib, onun yerində olmadığını bildirib.

Vəkillər jurnalistlə görüş istədikdə onlara onun həkimin yanında tibbi müayinədə olduğunu deyiblər və gözləməyi təklif ediblər. Mirqədirovla görüşə nail olmayan vəkillər yenidən növbətçidən müvəkkilləri ilə görüş xahiş ediblər. Onlara yenə imtina cavabı verilib, saat 18.00-da onlara İstintaq Təcridxanasını tərk etmək təklif olunub.

Noyabrın 20-də Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayev qanunsuz olaraq jurnalist Rauf Mirqədirovun həbs müddətini 5 ay uzadıb. Bu barədə qərar noyabrın 20-də – yəni həbs müddətinin bitməsindən bir gün sonra qəbul edilib.

Vəkil Elmar Süleymanov bunu Azərbaycan Konstitusiyasının və qanunlarının ciddi pozuntusu kimi qiymətləndirərək, məhkəmə qərarı olmadan həbsdə saxlanmasını əsaslandırmaq üçün hansısa sənədləri imzalamağa məcbur etmək üçün jurnalistə qarşı təzyiq göstərildiyindən ehtiyatlandıqlarını bildiriblər.

Vəkil Fuad Ağayev facebook-dakı nəşrində də Mirqədirovun azadlıq və müdafiə hüquqlarının kobud şəkildə pozulduğunu bildirib və onun dərhal azad edilməsini tələb edib. “Bu, prosessual məcəllənin kobud pozuntusudur, belə ki, olmayan şeyi uzatmaq olmaz”, deyə o, Turan agentliyinə bildirib.

Noyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində “İnternetdə yayılan informasiya ilə bağlı etik və hüquqi məsuliyyət” nəşrinin təqdimatı keçirilib. Kitabça Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin avqust çıxışı çərçivəsində “məsuliyyətsiz” jurnalistlərin maarifləndirilməsinə həsr edilmiş eyniadlı layihə çərçivəsində buraxılıb.

Xatırladaq ki, 2013-cü ildə AR CM-in 147 “Böhtan” və 148-ci “Təhqir” maddələrinə Şəbəkədə böhran və təhqir xarakterli informasiyaya və şərhlərə görə cinayət məsuliyyətinə cəlb edilmə haqqında düzəlişlər edilib. Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, “qlobal torun sürətli inkişafı və genişlənməsi etik normalara riayət edilməsi zərurəti ilə bağlı yeni problemlər yaradır. Bu kontekstdə KİV-in üzərinə böyük məsuliyyət düşür”, deyən hüquqşünas dövlət sirri təşkil edən və insanın şəxsi həyatı ilə bağlı olan hadisələrin və proseslərin işıqlandırılması zamanı özünüsenzuranın əhəmiyyətini qeyd edib.

Məmmədli İnternet istifadəçilərinin sosial şəbəkələrdə real adları ilə profil açması və ünsiyyət qurmasının əhəmiyyətini qeyd edib. Bu, “bir çox anlaşılmazlıqlardan uzaq olmağa” kömək edəcək.

Noyabrın 28-də səhər saat 11 radələrində mülki geyimli iki şəxs “Azadlıq radiosu”nun əməkdaşı Turxan Kərimovu evdən çıxarkən saxlayıblar. Şahidlərin sözlərinə görə, onu itələyərək qara maşına mindiriblər və naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan agentliyinə bildiriblər ki, bu hadisə ilə bağlı məlumatları yoxdur. Nərimanov rayon polis idarəsindən Kərimovun saxlanılmadığını bildiriblər. Amma iki saat sonra o, buraxılıb.

“Məni Nərimanov rayon 18-ci polis bölməsinin rəisi ilə “söhbətə” aparıblar”, deyə Kərimov Turan-a telefonla bildirib.

Jurnalist 2 saata yaxın “Azadlıq radiosu”nda, beynəlxalq proseslərdə və s. işi haqqında dindirilib. Qeyd edək ki, Turxan Kərimov sosial və siyasi mövzularda materiallar hazırlayırdı və facebook-da fəal bloger idi.

Noyabrın 29-da “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı noyabrın 28-də Bakıda “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun oğurlanmasını və dindirilməsini pisləyib.

“Məşhur və fəal hüquq müdafiəçiləri və gənc fəallar barmaqlıqlar arxasına salınıb. Mətbuat azadlığı səviyyəsinə görə 180 ölkə arasında 160-cı yeri tutan Azərbaycan Avropada ən böyük jurnalist həbsxanasına çevrilib”, deyə təşkilatın məlumatında bildirilir.

Dekabrın 1-də “Siyasi klub – 125” vətəndaş cəmiyyəti fəallarının təqibi mövzusuna həsr edilmiş jurnalist müsabiqəsinin nəticələrini elan edib. Mərasim 30 noyabr – 52 yaşı tamam olan hüquq müdafiəçisi İntiqam Əliyevin ad gününə həsr olunub.

Birinci yerə “Yeni Müsavat” qəzetinin əməkdaşı Aygün Muradxanlının “Vicdansızlara” məqaləsi layiq görülüb. İkinci yeri “Azadlıq” qəzetindən Rövşən Hacıbəyli “İnsan haqlıdır” məqaləsinə görə qazanıb.

Üçüncü mükafatı müstəqil jurnalist Pərviz Əzim “Azərbaycan Qandisi” nəşrinə görə qazanıb.

Ümumilikdə müsabiqəyə 8 məqalə təqdim edilmişdi. Onlara Turan agentliyinin direktoru Mehman Əliyev, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu və “Siyasi Klub – 125”in rəhbəri İlhamiyyə Rzadan ibarət münsiflər heyəti baxıb.

* “Siyasi klub – 125” 2014-cü ilin fevral ayında 2015-ci il seçkilərində iştirak etmək niyyətində olan vətəndaş cəmiyyəti, yaradıcı ziyalıların, siyasi partiyaların nümayəndələri və müstəqil ekspertlər tərəfindən təsis edilib.

Dekabrın 1-də günorta bloger Mehman Hüseynov yenidən saxlanılıb və polisə aparılıb. O, öz facebook səhifəsində yazıb ki, bu, onun ASAN xidmətində şəxsiyyət vəsiqəsini dəyişməsindən sonra baş verib. Onun sözlərinə görə, saxlanılmasına səbəb şəxsiyyət vəsiqəsinin  saxta qəbul edilməsi ilə bağlı olub. Bu sanksiyanı kimin və hansı əsaslarla qoyduğunu ona bildirməyiblər.

Turan-ın baş verənləri şərh etmək xahişinə cavabda ASAN mətbuat xidməti məsələni araşdırıb daha sonra məlumat verməyi vəd edib.

Xatırladaq ki, Hüseynova qarşı 6 iyun 2012-ci il tarixində xuliqanlıq ittihamı ilə cinayət işi açılıb.

Bundan sonra o, dəfələrlə saxlanılıb və buraxılıb, ölkədən çıxışı qadağan edilib.

Dekabrın 5-də araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbs edilib. Buna virtual “Meydan TV” telekanalının keçmiş əməkdaşı Tural Mustafayevin özünü öldürmə həddinə çatdırma haqqında bəyanatı səbəb olub. İsmayılova intihara təhrik ittihamı ilə iki ay məhkəməöncəsi həbs cəzasına məhkum edilib, təqsirli bilinərsə, onu 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ölkənin məşhur ictimai xadimləri və vətəndaş cəmiyyəti nümayəndələri hakimiyyətin əməllərini pisləyir.

“Həbsin səbəbi uydurma özünü öldürmə həddinə çatdırma deyil, onun jurnalist fəaliyyətidir”, deyə Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Turan-a bildirib. O qeyd edib ki, hər gün “Koroğlu” körpüsündə intihar cəhdləri olur, özünüyandırma cəhdləri olur, amma indiyədək hakimiyyət vətəndaşları bu həddə çatdıranları həbs etməyib. Bu halda niyə belə “operativlik” göstərib?

Milli Şura üzvü Gültəkin Hacıvəyli hesab edir ki, qeyri-adekvat şəxsin bəyanatı ilə insanı həbs etmək olmaz. “Bu, ittihamın əsassızlığını və saxtlığını təsdiq edir. Tural Mustafayev əvvəlki həyat yoldaşından psixoloji problemlərinə görə ayrılıb. Sonradan yeni nişanlısı da onun uzun müddət psixiatriya xəstəxanasında müalicə aldığını, vaxtilə öz maşınını yandırdığını və digər qeyri-adekvat addımlar atdığını öyrəndikdən sonra onu tərk edib. “İntihar cəhdinə” gəlincə, bu, bulvarda insanların gözü qarşısında baş verib. Özünü öldürmək istəyən şəxs zəhəri qatıqla qarışdırmaz. Yəni əslində bu, şou idi”, deyə o bildirib.

Məşhur hüquqşünas Aslan İsmayılov öz facebook səhifəsində yazıb ki, İsmayılovanın həbsini ölkədə fərqli düşünənlərin qorxudulması və məhvi təmayülünün davamı hesab edir.

Politoloq Ərəstun Oruclu jurnalistin həbsini “hakimiyyətin təhlükəli strategiyasının göstəricisi” adlandırıb. Hakim rejim cidi böhrana sürüklənir, o belə hesab edir.

Dekabrın 5-də aparıcı beynəlxalq hüquq müdafiə təşkilatları jurnalist, “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılovanın həbsini pisləyiblər. Belə ki, Amnesty İnternational öz bəyanatında baş verənləri media azadlığına kobud hücum adlandırır. “Xədicə İsmayılova Azərbaycanda son müstəqil səslərdən biridir. Onun həbsi sonsuz sayda jurnalisti susdurmaq cəhdlərinin son halqası oldu. Özünü öldürmə həddinə çatdırma ittihamı təəccüblü və gülməli görünür, amma o, 3 ildən 7 ilədək həbs cəzası ilə üz-üzədir”, deyə bəyanatda bildirilir.

Digər beynəlxalq təşkilat – Human Rights Watch da İsmayılovanın həbsini ölkədə tənqidi səslərə ciddi zərbə hesab edir. Azərbaycan hakimiyyəti öz ünvanına tənqidin tamamilə susdurulması üzrə səyləri birləşdirir, deyən HRW nümayəndəsi Georgi Qogiya qeyd edir ki, həbs Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin böyük məqaləsinin dərc olunmasından bir gün sonra baş verib. O, açıq-aşkar Xədicə İsmayılovanı Azərbaycanın “maraqlarını” satmaqda ittiham edib və onu “beşinci kolon” – “xarici pullarla və Qərbin tapşırığı ilə ölkədə sabitliyi pozmağa çalışan HT-lər” siyahısına aid edib.

Bir aydan çoxdur beynəlxalq təşkilatlar rəsmi Bakını vətəndaş cəmiyyətinin talanına son qoymağa və uydurma ittihamlarla həbs edilmiş 50-yə yaxın fəalı, jurnalisti və blogeri azad etməyə çağırır. Buna cavabda hakimiyyət İsmayılovanı həbs edib və bu, son damla olmalıdır. Qərbli tərəfdaşlar Azərbaycan hakimiyyətinə aydın şəkildə bildirməlidir ki, hər kəs azad edilənə qədər əvvəlki əlaqələr və münasibətlər olmayacaq”, deyə bəyanatda bildirilir.

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı adı dünyada söz azadlığı uğrunda mübarizə aparan 100 nəfərin siyahısına daxil edilmiş İsmayılovanı dərhal azad etməyə çağırıb. “Biz ona qarşı saxta ittihamlardan heyrətə düşmüşük. İsmayılovaya qarşı böhtan kampaniyası iki il əvvəl başlayıb və indi pik həddinə çatıb. Azərbaycanda korrupsiya faktlarının aparıcı araşdırmaçılarından birinin həbsi onu göstərir ki, hakimiyyət qanunsuz əməlləri ifşa edən hər kəsi tamamilə boğmaq niyyətindədir”, deyə təşkilatın bəyanatında bildirilir.

“Sərhədsiz Reportyorlar” həmçinin qeyd edir ki, həbs Ramiz Mehdiyevin Xədicə İsmayılovanı dostlarının (Qərbə işarə edərək) xahişi ilə Azərbaycan haqqında düşməncəsinə məlumatlar yaymaqda ittiham edib.

Bütün bu təşkilatlar İsmayılovanın dərhal azad edilməsini tələb ediblər və dünya ictimaiyyətini müdaxilə etməyə çağırıblar.

Dekabrın 5-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf məşhur jurnalist, “Azadlıq” radiosunun icmalçısı Xədicə İsmayılovanın həbsini pisləyib. “Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı, o cümlədən jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyətlərdən dərin narahatlıq hissi keçiririk. Bu hökumətin öz beynəlxalq öhdəliklərinə riayət etməməsindən ciddi şəkildə narahatıq”, deyə Harf bildirib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də jurnalist Xədicə İsmayılovanın həbsini qətiyyətlə pisləyib. “İsmayılovanın həbsi onun azad və tənqidi səsinin boğulmasına yönəlmiş kampaniyanın bir hissəsi olan təşkil edilmiş qorxutmadır”, deyə Miyatoviçin cümə günü ATƏT Nazirlər Şurasının Bazeldə keçirilən 21-ci iclasında çıxış etdiyi bəyanatında deyilir.

“Azərbaycan hakimiyyətinə kütləvi informasiya vasitələrinin azadlığına zərbə vuran bu təcrübəyə son qoymaq çağırışımı təkrar edirəm”, deyə Miyatoviç bildirib.

Dekabrın 8-də AŞPA prezidenti Enn Brasser jurnalist Xədicə İsmayılovanın həbsi ilə bağlı dərin narahatlığını bildirib. “Hesab edirəm ki, Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Konvensiyasının standartlarına hörmət etməlidir. Ölkə hakimiyyətini həm Xədicə İsmayılova, həm də digər siyasi məhbuslara qarşı konvensiyanın standartlarını yerinə yetirməyə çağırıram”, deyə Brasserin bəyanatında bildirilir.

AŞPA rəhbəri qeyd edir ki, Xədicə İsmayılova uzun müddət AŞ ilə əməkdaşlıq edənlərdən biridir. AŞPA-nın son sessiyasında o, Azərbaycanda ona və hüquq müdafiəçilərinə qarşı heryət doğuran təzyiq kampaniyası haqqında danışıb.

Dekabrın 8-də Kürdəxanı İstintaq Təcridxanasında jurnalist Xədicə İsmayılovanın doğmalarının onun üçün gətirdiyi qida bağlamasını qəbul etməyiblər. Bu barədə Turan-a jurnalist Əfqan Muxtarlı bildirib. İstintaq təcridxanasından bildiriblər ki, qidanı həftədə bir dəfə qəbul edirlər. Penitensiar Xidmət bu məlumatı heç cür şərh etməyib.

Dekabrın 9-da Milli Şura sədri Cəmil Həsənlinin rəhbərlik etdiyi Leyla Yunusun və digər siyasi məhbusların hüquqlarını müdafiə komitəsi jurnalist Xədicə İsmayılovanın həbsini qətiyyətlə pisləyən bəyanat yayıb. “Yerli və beynəlxalq ictimaiyyətin dəstəyini sürətlə itirən Əliyev rejimi hakimiyyətini qorumağın yeganə yolunu cəmiyyətdə qorxu atmosferi yaratmaqda görür. Bunun üçün hakimiyyət vətəndaş cəmiyyətinə və mediaya qarşı repressiyaları davam etdirir. Təəssüf ki, bu, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrlik etdiyi 6 ay ərzində baş verib. Bu dövrdə ölkənin məşhur hüquq müdafiəçiləri və ictimai xadimləri həbs edilib, qanunvericiliyə mürtəce düzəlişlər edilib, QHT-lərin bank hesabları dondurulub, onlarla vətəndaş cəmiyyəti fəalı ölkəni tərk etmək məcburiyyətində qalıb”, deyə komitənin bəyanatında bildirilir.

Daha sonra sənəddə qeyd edilir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Məmmədovun nəşrindən sonra hüquq-mühafizə orqanları yeni həbs dalğasına başlayıb. Bu məqalənin məzmunu konstitusiyaya ziddir və anti-Qərb xarakteri daşıyır.

Bu addımlardan biri “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın uydurma ittihamla həbsi olub. Hakimiyyət çoxdan onu susdurmaq istəyirdi. İsmayılova təkcə məşhur və istedadlı jurnalist deyil, həm də vətəndaş cəmiyyəti fəalıdır.

Bəyanat müəllifləri hesab edirlər ki, İsmayılovanın həbsinin əsl səbəbi onun İlham Əliyevin və onun ailə üzvlərinin gizli biznesi haqqında jurnalist araşdırmaları olub. İsmayılova son illərdə Azərbaycan cəmiyyətində yeni dəyərlərin daşıyıcılarının rəmzinə çevrilib. Bu dəyərlər doğruluq, həqiqət, vicdanlı həyat tərzi, korrupsiyaya qarşı qətiyyətli mübarizə prinsiplərinə əsaslanır.

Sonda komitə İsmayılovanın və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edib.

Dekabrın 8-də meydan.tv on-line televiziyasının icraçı direktoru Emin Milli Baş Prokurorluğun jurnalist Xədicə İsmayılovanın Tural Mustafayevin bu qurumda işdən qovulmasına təsir etməsi haqqında iddiasını təkzib edib. İstintaqın iddiasına görə, İsmayılova öz nüfuzundan istifadə edərək, Mustafayevin 2014-cü ilin yanvar-mart aylarında reportyor kimi işlədiyi meydan.tv-yə işə düzəlməsinə və oradan işdən qovulmasına nail olub. “O, öz öhdəliklərinə məsuliyyətsiz yanaşırdı, tapşırıqları lazımi səviyyədə yerinə yetirmirdi, dəfələrlə əmək etikasını pozurdu. Buna görə, həm də Mustafayevin psixoloji nöqteyi-nəzərdən qeyri-adekvat addımları ilə əlaqədar onunla əməkdaşlığa son qoyulub”, deyən Milli əlavə edib ki, o, Mustafayevin İsmayılova ilə hər-hansı əlaqəsi olduğundan xəbərsiz idi.

“Xədicə İsmayılovanın meydan.tv-də heç bir vəzifəsi və səlahiyyəti yox idi və kadr siyasətinə təsir etmək üçün heç bir imkanı yox idi”, deyə o əlavə edib.

Dekabrın 8-də Yasamal rayon məhkəməsində Turan agentliyinin və “Amerikanın Səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlunun Yasamal rayon Prokurorluğunun müstəntiqi Mübariz Əsədova qarşı iddiası üzrə qərar elan edilib. Hakim Azər Tağıyev jurnalistin BDU tələbələrinin etiraz aksiyasının işıqlandırılması zamanı ona qarşı fiziki təzyiq göstərilməsi ilə əlaqədar cinayət işi açmaqdan imtina ilə bağlı şikayətini təmin etməyib.

Xatırladaq ki, fevralın 20-də BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tələbələrin aksiyasını çəkən jurnalistin kürəyinə və başına bir neçə dəfə təpik və yumruq vurub. Fərhadoğlu xəsarət alıb və əməliyyat olunub. Nəticədə o, əmək qabiliyyətini qismən itirib.

Bir müddət əvvəl jurnalist ona qarşı hücumun obyektiv araşdırılmasına yardım etmək xahişi ilə prezident İlham Əliyevə, Baş Prokurorluğa və İnsan Hüquqları üzrə İşçi Qrupa müraciət edib.

Dekabrın 9-da jurnalistlərdən, hüquq müdafiəçilərindən və jurnalist Xədicə İsmayılovanın dostlarından ibarət bir qrup Azərbaycanın ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar həbs edilmiş həmkarlarına dəstək ifadə ediblər və onun dərhal azad edilməsini tələb ediblər, bu barədə Turan-ın müxbiri məlumat verib. Aksiya iştirakçıları İsmayılovanın həbsini “ədalətsiz” və “onu susdurmaq və korrupsiyanın bundan sonrakı ifşasının qarşısını almaq üçün növbəti cəhd” adlandırıblar.

“Bilirəm ki, Xədicə indi bizə deyərdi: Həbsimi problem etməyin – problem Azərbaycanda siyasi məhbusların olmasıdır”, deyə fotojurnalist Amanda Rivkin bildirib.

Vaxtilə Xədicə İsmayılovanın işlədiyi Beynəlxalq Jurnalistika Mərkəzinin vitse-prezidenti Patrik Batler jurnalistin həbsini “bütün regionda mətbuat azadlığına ciddi zərbə” adlandıraraq, Əliyev hökumətindən onu azad etməyi tələb edib.

Aksiya başa çatdıqdan sonra onun iştirakçıları piketin qətnaməsini səfirliyə təqdim ediblər.

Dekabrın 9-da ABŞ Konqresinin Helsinki Komissiyasının rəhbəri Bencamin Kardin Azərbaycanda jurnalist Xədicə İsmayılovanın həbsi ilə bağlı bəyanatla çıxış edib. “O, 19 noyabr 2014-cü il tarixində Helsinki komissiyası qarşısında çıxış etməli idi. Amma hakimiyyətin qərarı ilə onu ölkədən buraxmayıblar. İsmayılovaya qarşı özünü öldürmə həddinə çatdırma haqqında hazırki ittihamlar onun bir neçə ildir hökumət tərəfindən məruz qoyulduğu təqibin güclənməsidir. Azərbaycan ATƏT üzvü kimi insan hüquqlarına, o cümlədən media azadlığına hörmət etmək öhdəlikləri daşıyır və Helsinki Komissiyası növbəti dəfə Azərbaycan hökumətini öz vədlərini yerinə yetirməyə və bütün jurnalistlərin, o cümlədən İsmayılovanın təqibinə dərhal son qoymağa çağırır”, deyə bəyanatda bildirilir.

Dekabrın 9-da Avropa Şurasının baş katibi Tornbyorn Yaqland həbs edilmiş jurnalist Xədicə İsmayılovanın dərhal azad edilməsini tələb edib. O, öz bəyanatında məhkəmənin onun heç bir ehtiyac olmayan uzunmüddətli həbsi barədə qərarından narahatlığını bildirib. Bu, Azərbaycan vətəndaş cəmiyyətinə və beynəlxalq ictimaiyyətə pis mesaj və ölkənin müstəqil KİV və vətəndaş cəmiyyətinin nə qədər ağır şəraitdə olduğunun göstəricisidir və Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə ziddir.

Mən Xədicə İsmayılovanı və Avropa Şurasının Azərbaycandakı digər tərəfdaşlarını dərhal azad etməyə çağırıram”, deyə bəyanatda bildirilir.

Dekabrın 9-da Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieks jurnalist Xədicə İsmayılovanın həbsinə görə Azərbaycan hakimiyyətini kəskin tənqid edib. “Xədicə İsmayılovanın, məşhur jurnalist və ofisimin uzunmüddətli tərəfdaşının həbsi Azərbaycanda Avropa Şurası ilə əməkdaşlıq edən hüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının repressiyalara məruz qaldığı barədə narahatlığımı təsdiq edir. Mən onun həbsini qətiyyətlə pisləyirəm və bunu hökuməti tənqid edənlərə qarşı cinayət hüququndan seçkili istifadənin növbəti təzahürü kimi qiymətləndirirəm. İsmayılova ilə sonuncu dəfə oktyabrda Bakıda görüşmüşdüm və onun həbs edilənlərin və təqiblərə məruz qalanların hüquqlarının müdafiəsi işində qətiyyətini və nikbin əhval-ruhiyyəsini görmüşdüm. Həbsindən təxminən bir neçə saat əvvəl o, ofisimlə bir jurnalistin işi üzrə əlaqə saxlayıb. İndi Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasına son qoymasının və öz fikrini ifadə etdiyinə görə barmaqlıqlar arxasına düşələri azad etməsinin tam zamanıdır”, deyə Mujnieksin bəyanatında bildirilir.

Dekabrın 9-da on-line “Meydan tv” kanalı fəaliyyətini dayandırdığını və Bakıdakı ofisinin bağlandığını elan edib. Kanalın saytında yer alan məlumatda səbəb kimi “Azərbaycanda söz və ifadə azadlığının boğulması, müstəqil KİV-ə təzyiqlər” göstərilir. “Meydan tv” bildirir ki, bu addımı öz əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə atır”.

Bu kanal bir il əvvəl Avropa Demokratiyaya Dəstək Fondunun (Avropa İttifaqının strukturu) maliyyə dəstəyi ilə yaradılıb. Kanalın baş ofisi Berlində yerləşir. Onun yaradıcısı Emin Milli (Abdullayev) Azərbaycandan mühacirət etmiş keçmiş siyasi məhbusdur. Hakimiyyət dəfələrlə bu kanalı Azərbaycan haqqında “yalan və böhtan” yaymaqda ittiham edib.

Sonuncu dəfə bu ittihamlar Ramiz Mehdiyevin məqaləsində yer alıb.

Dekabrın 10-da Avropa İttifaqının saytında dərc edilən bəyanatda deyilir ki, “Jurnalist Xədicə İsmayılovanın özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbsi ifadə azadlığına və demokratiyaya qarşı addımdır, Azərbaycan isə ATƏT və Avropa Şurası qarşısında mətbuat azadlığının təmin edilməsi üzrə öhdəliklərini yerinə yetirməlidir. Avropa İttifaqı Xədicə İsmayılovanın işinin gedişatını izləyəcək”.

Dekabrın 15-də Nərimanov rayon məhkəməsi Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınmış bloger Sirac Kərimlinin həbs müddətini iki ay – fevralın 17-nə qədər uzadıb.

Xatırladaq ki, Kərimli iyulun ortalarında həbs edilib, bir həftə sonra isə onun qardaşı, Müsavat Partiyasının fəalı Fərəc Kərimli həbs edilib. Qardaşlar narkotik ticarətində ittiham olunub. Onların atası Raqif Kərimli də Müsavat fəalıdır.

Vəkil Nemət Kərimlinin Turan-a verdiyi məlumata görə, Sirac Kərimlinin həbs müddəti ikinci dəfədir əsassız olaraq uzadılır.

“Bu təcrübə adətən xüsusilə ağır olan hallarda tətbiq edilir. Siracın işində xüsusi ağırlıq yoxdur. O, siyasi əsir kimi saxlanılır. O, siyasətlə məşğul olmur və qardaşı və atası ilə əlaqədar həbs edilib”, deyə vəkil bildirib.

Müdafiəçi həmçinin Siracın səhhətinin pisləşdiyini, kəskin ürək ağrıları olduğunu bildirib. Onu Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimləri müayinə ediblər və bir neçə dərman yazıblar. Amma bu müalicənin heç bir xeyri yoxdur.

“Biz Siracın müalicə müəssisəsinə köçürülməsi haqqında İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişik. Ombudsman aparatı da eyni təkliflə Penitensiar Xidmətə müraciət edib, amma hələlik nəticə yoxdur”, deyə vəkil bildirib.

O, həbs müddətinin uzadılmasından apellyasiya şikayəti vermək niyyətindədir.

Dekabrın 16-da Amnesty İnternational hüquq müdafiə təşkilatı “Azadlıq” radiosunun həbs edilmiş icmalçısı Xədicə İsmayılovanı vicdan məhbusu elan edib. Təşkilatın bəyanatında deyilir ki, İsmayılova siyasi motivlərlə həbs edilib və Amnesty İnternational bütün vətəndaşları Azərbaycan hakimiyyətinə İsmayılovanın dərhal və qeyd-şərtsiz azad edilməsi tələbi ilə müraciət yazmağa çağırıb.

Təşkilat yenidən ölkə hakimiyyətindən ifadə azadlığını beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin etməyi tələb dir və Bakını vəkil Xalid Bağırovun İsmayılovanın müdafiəsindən uzaqlaşdırılmasına görə tənqid edir.

Amnesty İnternational-ın məlumatına görə, Azərbaycanda 23 vicdan məhbusu var.

Dekabrın 17-də Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) həbsdə olan jurnalistlərin illik siyahısını dərc edib. 2014-cü ildə JMK araşdırma yolu ilə müəyyən edib ki, dünyanın müxtəlif ölkələrində ümumilikdə 220 jurnalist həbsdədir, bu, 2013-cü ildə olduğundan 9 nəfər çoxdur.

Bu, JMK-nin 1990-cı ildən etibarən siyahı tutduğu dövrdə qeydə aldığı ikinci ən pis göstəricidir. Dünyanın 10 ən böyük jurnalistlərin həbsxanaları siyahısına Çin, İran, habelə Eritreya, Efiopiya, Vyetnam, Suriya, Misir, Birma, Azərbaycan və Türkiyə daxil olub.

Dövlət əleyhinə fəaliyyətdə ittihamlar, habelə bəzi reportyorların, blogerlərin, redaktorların və fotojurnalistlərin azad edilib, digərlərinin həbs edildiyi “fırlanan qapı” siyasəti bu ölkələrin “jurnalist həbsxanası” reputasiyasını təmin edib.

Bütün dünyada həbs edilmiş jurnalistlərin üçdə biri Çin və İranın payına düşür. Azərbaycanda isə hakimiyyət ötən ildən bir nəfər çox – doqquz jurnalisti həbsdə tutur. “Ənənəvi” KİV-ə qarşı repressiyalar dövründə bəzi fəallar rəsmi KİV-in məlumatlarına alternativ olan informasiyanı ictimaiyyətə çatdırmaq üçün sosial şəbəkələrdən istifadə etməyə başladılar.

Bu zaman bu il facebook-da insan hüquqlarının pozuntuları haqqında xəbərlər və şərhlər və geniş yayılmış korrupsiya haqqında məqalələr yer alan səhifələr yaradılmasına görə Azərbaycan həbsxanalarında saxlanılan ən az dörd fəal CPJ-nin siyahısına düşməyib.

Turan agentliyinin 17 dekabr 2014-cü il tarixinə olan məlumatına görə, 10 jurnalist və 6 bloger istintaq altındadır və ya cəza çəkir. Yerli hüquq müdafiə təşkilatları 9 jurnalist və 2 bloger olduğunu qeyd edir. Fərq ondadır ki, agentlik siyasi partiyalara üzvlüyündən asılı olmayaraq, bütün İnternet fəallarını bloger kimi qəbul edir. Hüquq müdafiəçiləri isə müxalifət partiyalarının fəallarını bloger hesab etmir.

Maraqlıdır ki, cəza çəkən 16 jurnalist və blogerdən heç biri diffamasiya ilə bağlı maddələrlə həbs edilməyib. Onların hamısına qarşı digər hüquqpozmalarla (narkotik, xuloqanlıq və s.) bağlı ittiham irəli sürülüb.

Dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikayətini təmin etməyib. Məhkəmə jurnalist barəsində ittiham hökmünü qüvvədə saxlayıb, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Həşimlinin vəkili Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

* “Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli 17 sentyabr 2013-cü il tarixində MTN əməkdaşları tərəfindən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi bu il mayın 15-də onu silah və döyüş sursatlarından qanunsuz istifadə, onların saxlanması və qaçaqmalçılığında təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edib. Həşimli bildirib ki, bu iş üzrə təqsirləndirilən digər şəxs – Qurbanov ona böhtan atıb. Hüquq müdafiəçiləri Həşimlini siyasi məhbus kimi tanıyıb.

Dekabrın 24-də Bakının Səbail rayon məhkəməsi jurnalist Xədicə İsmayılova barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatəti təmin etməyib. Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, jurnalistin həmkarları və ictimai fəallar məhkəmə binası qarşısında İsmayılovanı hərarətlə qarşılayıblar. İclas qapalı rejimdə keçirilib.

Vəkil Elton Quliyevin verdiyi məlumata görə, müdafiə tərəfi İsmayılovanın həbsi haqqında qərar qəbul etmiş hakim Elşad Şamayevə etiraz verib. “Biz həbs qərarı qəbul etmiş hakimin ədalətli qərar qəbul edə biləcəyinə inanmırıq. Xədicə İsmayılova prosesdə bildirib ki, onun həbsi və ya azad edilməsi haqqında qərarlar məhkəmədə qəbul edilmir. Bununla belə, Xədicənin hüquqları uğrunda mübarizə davam etdiriləcək, apellyasiya veriləcək”, deyə vəkil bildirib.

* Xədicə İsmayılova CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham olunur. O, guya özünü öldürmə həddinə çatdırdığı Tural Mustafayevin bəyanatı əsasında həbs edilib. Xədicə İsmayılova ittihamları təkzib edir və bunun onun peşə fəaliyyəti ilə bağlı olduğunu hesab edir.

Dekabrın 26-da saat 10:30-da Baş Prokurorluq əməkdaşları axtarış üçün “Azadlıq” radiosunun Bakı ofisinə (“Azadlıq” radiosunun Azərbaycan xidməti) gəliblər. Məhkəmə qərarı əsasında aparılan axtarışda prokurorluq tərəfindən gətirilmiş hal şahidləri iştirak edib. Vəkil Yalçın İmanovun israrlı tələblərindən sonra “Azadlıq” radiosunun iki əməkdaşının axtarışda iştirakına icazə veriblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Turan-a verdiyi məlumata görə, axtarış Ağır Cinayətlər üzrə İstintaq İdarəsi tərəfindən aparılan cinayət işinin təhqiqatı ilə əlaqədar aparılır. Bu zaman o, məhz hansı cinayət işindən söhbət gedyiyini dəqiqləşdirməyib.

Radiostansiyanın sənədləri və avadanlığı – server kompüteri, noutbuklar, fotoaparatlar, videokameralar və yaddaş kartları müsadirə edilib. Bundan başqa, seyf açılıb və sənədlər, möhür, blanklar müsadirə edilib. Bu barədə ofisdə olan radio əməkdaşları bildiriblər.

Saat 18 radələrində radionun ofisi möhürlənib və polisin mühafizəsinə verilib. Vəkil Yalçın İmanovun Turan-a verdiyi məlumata görə, prokurorluğun bu hərəkətləri tamamilə qanunsuzdur. Müstəntiqlər bunun səbəbini izah etməyiblər və ofisin nə vaxt açılacağını bildirməyiblər.

Dekabrın 26-da “Azadlıq Radiosu / Azad Avropa” radiokorporasiyasının rəhbəri Nenad Pejiç (Nenad Pejic) bu radiostansiyanın Bakı bürosundakı axtarışı pisləyib və bunu “Azərbaycan hakimiyyətinin qisası” adlandırıb.

““Azadlıq” radiosunun Bakı bürosuna hücum Azərbaycanın beynəlxalq öhdəliklərinin kobud pozuntusudur. Ölkə rəhbərliyinin əmri ilə həyata keçirilən bu addım “Azadlıq” radiosunu susdurmaq məqsədilə quldurluğun tərkib hissəsi, müstəqil jurnalistikaya görə radiodan qisas almaq cəhdidir.

Azərbaycan rejimi dəfələrlə bizi susdurmağa çalışıb. Lakin Azərbaycan xalqının informasiya əldə etmək hüququnu təmin etmək üçün yaradılmış “Azadlıq” radiosu heç vaxt öz fəaliyyətini dayandırmayıb və bundan sonra da Azərbaycan xalqının azad informasiyaya çıxışını təmin etmək üçün işi davam etdirəcək”, deyə Pejiç bildirib.

Dekabrın 27-də jurnalist iddiası Xədicə İsmayılovanın həbsinə səbəb olan Tural Mustafayev özü yardım istəyib. Onun facebook səhifəsində İsmayılovaya qarşı iradlarından imtina etdiyi və öz şikayətini geri götürdüyü haqqında qeyd yazılıb. O, oradaca yazıb ki, həbs təhlükəsi ilə üz-üzədir və ərizəsini geri götürməyi çatdırmayacağından qorxduğunu yazıb. O, həmçinin yazıb ki, təcili olaraq müstəqil vəkilin yardımına ehtiyacı var. Bir qədər sonra o yazıb ki, artıq saxlanılıb.

Turan-ın Mustafayevin yazdığı telefon nömrəsinə zəng etmək cəhdləri nəticə verməyib – cavab verən olmayıb, daha sonra isə telefon söndürülüb.

Mustafayevin atası oğlunun yazdıqlarından təəccüblənib və deyib ki, “Tural uşaqlarla çay içməyə gedib”. Sonradan atasının nömrəsi də cavab verməyib. Hüquq-mühafizə orqanlarından şərh almaq da mümkün olmayıb.

Mustafayevin ətrafındakıların verdiyi məlumata görə, o, dekabrın 27-də ölkədən çıxmağa çalışıb, amma aeroportda saxlanılıb.

Xatırladaq ki, Tural Mustafayev Xədicə İsmayılovanı özünü öldürmə həddinə çatdırmaqda ittiham edib. Bu şikayət əsasında jurnalist həbs edilib.

Dekabrın 27-də “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünən “Azadlıq” radiosunun ofisinin bağlanması ilə əlaqədar bəyanat yayıb. “Bu, hökumətin KİV plüralizmini ləğv etmək məqsədilə həyata keçirdiyi kampaniyanın hələlik son qurbanıdır. Azərbaycandakı repressiyaların miqyasını sözlərlə təsvir etmək çətindir, belə ki, İlham Əliyev hökuməti metodik şəkildə hər bir müstəqil KİV-i bir-bir məhv edir. Beynəlxalq qurumlar və Azərbaycanın xarici tərəfdaşları bu qanunsuzluqlara qətiyyətlə cavab verməlidir”, deyə SR nümayəndəsi Yohan Bir bildirib.

“Azadlıq” radiosunun direktoru Kənan Əliyev əmindir ki, hakimiyyətin əməlləri bir məqsəd daşıyır – radiostansiyanın fəaliyyətini dayandırmaq və əməkdaşlarını qorxutmaq.

Ölkə həbsxanalarında saxlanılan ən az 15 jurnalist və bloger Azərbaycanı Avropada ən böyük jurnalist həbsxanasına çevirir.

Dekabrın 27-də ABŞ-ın Azərbaycandakı səfirliyi Turan agentliyinin “Azadlıq radiosu”nun Bakı bürosunun bağlanması ilə bağlı sorğusuna cavabda bildirib: Biz hüquq-mühafizə orqanlarının radiostansiyada apardığı axtarış zamanı “Azadlıq” radiosu əməkdaşlarının saxlanması və dindirilməsi haqqında məlumatlardan narahatıq. Axtarışın və əməkdaşların dindirilməsinin səbəbi aydın deyil. Biz rəsmi şəxsləri şəffaf və müstəqil mətbuata dəstək prinsiplərinə uyğun şəkildə və Azərbaycanın beynəlxalq öhdəlikləri çərçivəsində fəaliyyət göstərməyə çağırırıq. Ümid edirik ki, Azərbaycanın rəsmi orqanları azad və müstəqil mətbuatın vətəndaşların rifahı üçün əhəmiyyəti anlayışından irəli gələrək hərəkət edəcək”, deyə səfirliyin cavabında bildirilir.

Dekabrın 29-da jurnalist Əfqan Muxtarlı “Azadlıq” radiosunun işi üzrə Prokurorluğa dindirməyə çağırılıb. Bundan bir müddət əvvəl Zaqatala rayon polis əməkdaşları jurnalistin valideynlərinin evinə gəliblər və onu axtarıblar. Bu barədə Muxtarlı öz facebook səhifəsində yazıb.

Bundan başqa, redaksiyanın texniki heyəti də dindirməyə çağırılır.

Dekabrın 29-da ABŞ Dövlət Departamenti Azərbaycan Baş Prokurorluğunun “Azadlıq” radiosunun Bakı ofisini möhürləməsi ilə əlaqədar hədsiz narahatlığını bildirib. ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, həmçinin Azərbaycanın paytaxtında bir neçə jurnalistin saxlanıldığı və dindirildiyi haqqında məlumatlar var. “Dindirmələr və axtarış üçün nəyin əsas olduğu aydın deyil”, deyən nümayəndə Azərbaycan hökumətini mətbuat azadlığının müdafiəsi haqqında öhdəliklərinə riayət etməyə çağırıb.

“Azadlıq” radiosunun saytında bildirilir ki, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç “Azadlıq Radiosu”nun ofisində aparılan polis reydini “qəbuledilməz” adlandıraraq, “Azərbaycanda söz azadlığına hücumun davam etdiyini qeyd edib.

Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsi hakim Camal Ramazanovun sədrliyi ilə “Amerikanın Səsi” radiostansiyasının müxbiri Tapdıq Fərhadoğlunun şikayətini təmin etməyib. Apellyasiya şikayəti Yasamal rayon məhkəməsinin jurnalistin döyülməsi faktı üzrə cinayət işi açmaqdan imtina edən Yasamal rayon prokurorluğunun müstəntiqi Mübariz Əsədova qarşı şikayətin təmin edilməməsi barədə qaərarından verilib.

Fərhadoğlu yerli məhkəmələrin qərarları ilə razı deyil və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət vermək niyyətindədir.

Bu gün apellyasiya şikayətinə baxılması zamanı jurnalistin müdafiəçisi Samirə Ağayevanın iştirakına icazə verilməyib. Bu, CPM-yə edilmiş yeniliklərlə əsaslandırılıb. Həmin yeniliklərə görə, cinayət işləri üzrə proseslərdə zərərçəkmişləri yalnız vəkillər müdafiə edə bilər, hüquqi nümayəndələr isə artıq yalnız şahidləri müdafiə edə biləcək. Beləliklə, Fərhadoğlu prosesdə müdafiəsiz qalıb.

Dekabrın 29-da Azərbaycan prezidenti İlham Əliyev 87 məhbusun əvf edilməsi haqqında sərəncam imzalayıb. Onların 79-u azadlıqdan məhrumetmə yerlərindən azad edilib.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Turan-a verdiyi məlumata görə, əvf olunanlar siyahısında 10 siyasi məhbus, o cümlədən “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı və “Nota” qəzetinin redaktoru Sərdar Əlibəyli və Elşən İsmayıllı (“Azadlıq” radiosunun bölgə müxbiri Elçin İsmayıllının qardaşı) var.

“Siyasi Məhbusların Monitorinqi Mərkəzi” QHT-nin rəhbəri Elşən Həsənov Turan-ın müxbiri ilə söhbətində qeyd edib ki, təqsirsiz yerə həbs edilmiş bir şəxsin belə azad edilməsini alqışlamaq lazımdır. “Lakin, təəssüf ki, bizdə bəzilərini azad edərkən, digərlərini həbs edirlər. Əvf davam edən repressiyalar fonunda həyata keçirilir. Yüz siyasi məhbusdan onunun azad edilməsi cansıxıcı total repressiyalar və fundamental azadlıqların pozulması mənzərəsini dəyişdirmir”, deyə o bildirib.

Dekabrın 30-da ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bəyanat yayaraq, növbəti dəfə Azərbaycan hakimiyyətini azad mediaya hücumlara son qoymağa çağırıb. “Azadlıq” radiosunun bürosunda axtarış, ofisin bağlanması Azərbaycanda mətbuat və ifadə azadlığına növbəti kəskin hücum dalğasıdır”, deyən Miyatoviç qeyd edib ki, “Azadlıq” radiosuna qarşı istintaq Azərbaycanda son aylar azad mətbuata həyəcan doğuran hücumların ardınca baş verir.

Dekabrın 30-da ABŞ Dövlət Departamentinin saytında dövlət katibi Con Kerri və prezident İlam Əliyev arasında dekabrın 21-də baş tutmuş telefon danışığı haqqında məlumat dərc edilib. Keçirilmiş brifinqdə Dövlət Departamentinin mətbuat katibi Ceff Ratke telefon söhbətinin mahiyyəti haqqında danışıb. Xüsusən, rəsmi Bakının vətəndaş cəmiyyətinə təzyiqi tənqidə məruz qoyulub.

Ratkenin sözlərinə görə, telefon söhbəti zamanı dövlət katibi vətəndaş cəmiyyətinə təzyiq məsələsini qaldırıb. “Telefon danışığından sonra “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparılıb, ofis möhürlənib, radionun əmlakı müsadirə edilib, əməkdaşlar aydın olmayan ittihamlarla evlərindən zorla prokurorluğa dindirməyə aparılıblar. Müqavilə əsasında işləyən şəxslər, həmçinin “Azadlıq” radiosu ilə əlaqəsi olan şəxslər dindirilib. Dindirmə zamanı onlar vəkillə təmin edilməyiblər ki, bu da bizim narahatlığımızı daha da dərinləşdirib. Biz bir daha Azərbaycan rəsmilərini fundamental vətəndaş azadlıqlarına hörmət üzrə üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırırıq. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqların həyata keçirilməsinə görə həbs edilmiş şəxslərin azad edilməsini davam etdirməyə çağırırıq”.

Vaşinqton, 30 dekabr Milli Demokratiyaya Dəstək Fondunun (NED) Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy Turan-ın Vaşinqton müxbirinə müsahibəsində demokratiya sahəsində 2014-cü ilin yekunlarına qiymət verib.

Azərbaycan üçün ilin yekunları haqqında suala cavabda o qeyd edib ki, ölkədə vəziyyət 2013-cü ildə artıq pis idi, indi isə daha da pisləşib. “O qədər çox insan həbsxanaya düşüb, bir çox təşkilatlar bağlanıb, çox sayda insan ölkəni tərk etmək məcburiyyətində qalıb, bu il vətəndaş cəmiyyəti üçün dəhşətli il olub. Belə davam edərsə, gələn il vəziyyət Mərkəzi Asiyadakı vəziyyəti xatırladacaq. Özbəkistanda 2005-ci ildə bənzər vəziyyət olub, Andijon hadisələrindən sonra bir çox QHT-lər bağlanıb, onların əməkdaşları isə həbsxanaya düşüb və ya sürgün edilib”, deyə o bildirib.

“Azərbaycan ABŞ-la qarşılıqlı münasibətlərdə qırmızı xətti çoxdan keçib. “Azadlıq” radiosu Amerikanın müəssisəsidir, bir neçə ay əvvəl bağlanmış İREX və NDİ kimi. Anti-Amerika bəyanatları və keçmiş səfir Riçard Morninqstarın açıq tənqidi ölkədə adi hala çevrilib. 2008-ci ildə BBC, Amerikanın Səsi, “Azadlıq” radiosu yerli tezliklərdə yayımdan qaldırılıb. Həmin vaxtdan etibarən vəziyyət yalnız pisləşib, iş o yerə çatıb ki, jurnalistlər dindirmə üçün saxlanılır və qəribə antihökumət fəaliyyətində ittiham olunur”, deyə Lanskoy qeyd edib.

“ABŞ hakimiyyətinin Azərbaycan hökumətinə təsir üçün bir çox üsulu var. Amerikanın Rusiyaya qarşı siyasətinə baxsanız reaksiyanın tədricən gücləndiyini görəcəksiniz. Ümid edirəm ki, Azərbaycanla münasibətlərdə bu, baş verməyəcək. ABŞ-ın indiyədək adekvat cavab verməməsi faktı rəsmi Bakıda bunun heç vaxt olmayacağı təəssüratı yaratmamalıdır. Azərbaycan hökuməti hesab edə bilər ki, Qərb üçün alternativ enerji mənbəyini təmin edə bilsə, insan hüquqlarının pozulmasına böyük diqqət olmayacaq. Bu fikir konyunkturdur və özünü aldatmaqdır”, deyə o əlavə edib.

Dekabrın 31-də mediaforum.az saytının kollektivi məcburi ezamiyyətə göndərilib. Fəaliyyətin dayandırılması şəklində yeni il “hədiyyəsinin” səbəbi qrant layihələrinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi zərurəti haqqında qanunvericiliyə edilmiş dəyişikliklər olub.

Yeni qaydalara əsasən, qeyri-ticari hüquqi şəxslər layihələr həyata keçirərkən qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli və bu idarədən bunu təsdiq edən bildiriş almalıdır. Qrant müqavilələrini qeydiyyatdan keçirməyən və müvafiq bildiriş almayan təşkilat bu layihə üzrə bank əməliyyatları həyata keçirə bilməz”, deyə məlumatda bildirilir.

Bu yenilik mediaforum.az saytı üçün də izsiz ötüşmədi, deyə məlumatda bildirilir.

Mediaforum.az saytı qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus-Azərbaycan” yerli ictimai birliyinin layihəsidir.

“İnternyus-Azərbaycan” Ədliyyə Nazirliyindən öz qrant müqavilələri üzrə bildiriş ala bilmədiyinə görə layihələrinin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. ““Media forum” kollektivini buraxmaq bu məcburi zərurətin bir hissəsidir”, deyə məlumatın sonunda bildirilir.

JURNALİSTLƏRİN VƏ BLOGERLƏRİN HƏBSİ STATİSTİKASI

Turan-da olan məlumata görə, 29 iyul 2014-cü il tarixində 9 jurnalist və 5 bloger istintaq altındadır və ya cəza çəkir. Onların hamısına qarşı başqa hüquqpozmalar (narkotik, xuliqanlıq və s.) barədə ittiham irəli sürülüb.

Накануне Дня солидарности азербайджанцев мира – 31 декабря,  президент Ильхам Алиев амнистировал главного редактора газеты «Хурал» Авяза Зейналлы и главного редактора газеты «Нота бене» Сардара Алибейли.

Dövlət başçısının 26 may 2014-cü il tarixli fərmanı ilə əvvəllər diffamasiya ilə bağlı olmayan maddələrlə mühakimə edilmiş iki jurnalist azad edilib. Onlardan biri 23 avqust 2013-cü ildə Nizami rayon məhkəməsi tərəfindən AR CM-in 220.2-ci (əhalinin kütləvi iğtişaşlara çağırılması) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilmiş “Nota Bene” qəzetnin əməkdaşı Fərəməz Allahverdiyevdir. Bundan əvvəl (2007 və 2009-cu illərdə) o, AR CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə iki dəfə mühakimə edilib.

Azad edilən digər şəxs 26 sentyabr 2011-ci il tarixində rayon məhkəməsi tərəfindən AR CM-in 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyanın tətbiqi və ya tətbiqi hədəsi ilə törədildikdə) maddəsi ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilmiş “Bizim soy” qəzetinin (Ucar rayonu) əməkdaşı Fuad Hüseynovdur. Maraqlıdır ki, bu iş üzrə “zərərçəkmiş” Akif Cəfərov 15 noyabr 2012-ci ildə mətbuat konfransında açıq-aşkar etiraf edib ki, yeli polis şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun və hakim Çingiz İsgəndərovun təzyiqi ilə jurnalist Fuad Hüseynova qarşı yalan ifadələr verib. Bundan sonra ittiham tərəfin bütün şahidləri öz ifadələrindən imtina ediblər və Youtube.com şəbəkəsində təzyiq altında yalan ifadə verdikləri haqqında bəyanatlarını yerləşdiriblər. Çıxışların əksini tapdığı disk ölkə prezidenti İlham Əliyevə və digər yüksək vəzifəli məmurlara göndərilib, lakin AR CM-in 295-ci (qəsdən qanuna uyğun olmayan hökm, qərar və ya qətnamə çıxarmaq) maddəsini pozan hakimə qarşı hətta inzibati tədbir belə görülməyib.

MÜHAKİMƏ EDİLMİŞLƏR VƏ İSTİNTAQ ALTINDA OLANLAR:

Araz Quliyev. 5 aprel 2013-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsində xeber44.com dini saytının baş redaktoru Araz Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, AR CM-in 228.1 (qanunsuz olaraq odlu silah gəzdirmək, saxlamaq və daşımaq), 233 (ictimai asayişi pozan əməllərin təşkili və onlarda iştirak); 283.1 (milli və dini ayrı-seçkilik salma), 315.2 (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) və 324-cü (Azərbaycan bayrağına və gerbinə qarşı təhqiredici hərəkətlər) maddələri ilə təqsirli bilinib. Vəkil Fariz Namazlının sözlərinə görə, saxlanma, istintaq və məhkəmə ölkə qanunvericiliyinin və beynəlxalq hüququn çoxsaylı pozuntuları ilə keçib. İstintaq zamanı işgəncədən və digər qanunsuz təsir metodlarından istifadə olunub.

Nicat Əliyev. 9 dekabr 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə azadxeber.org saytının baş redaktoru Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib. O, AR CM-in 234.1 (narkotik maddələrin qanunsuz olaraq əldə edilməsi və ya satış məqsədi olmadan saxlanılması), 167-2.2.1 (icazə olmadan dini ədəbiyyat yaymaq, əvvəlcədən əlbir olmuş bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən törədildikdə), 281.2 (hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə ictimai çağırış) və 283.2.2-ci (xidməti mövqeyindən istifadə ilə milli, irqi, sosial və ya dini ədavət və düşmənçiliyin salınması) maddələri ilə təqsirli bilinib. Vəkilin (Yalçın İmanov) məlumatına görə, müvəkkilinin üzərinə narkotiki qəsdən atıblar, polisdə işgəncələrə məruz qoyublar, iki dişini sındırıblar. Bütün ittiham bəndləri uydurmadır.

Rəşad Ramazanovu. 10 dekabr 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Əlisultan Osmanovun sədrliyi ilə Rəşad Ramazanovu 9 il müddətinə azadlıqan məhrum edib. Ona qarşı AR CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz olaraq saxlanılması və satışı) maddəsi ilə ittiham irəli sürülüb. R.Ramazanovun ailəsinə onun saxlanıldığı haqqında məlumat verilməyib, ona vəkil xidmətlərindən istifadə etməyə imkan verilməyib. Məhkəmə-narkoloji ekspertiza həyata keçirilməyib. Şahidlər hadisənin baş verdiyi  ərazidən dəvət edilmədiklərini etiraf ediblər. Ramazanov Youtube şəbəkəsində hakimiyyətin cinayətkar əməllərini təsdiq edən videoçarxı yayıb.

Tofiq Yaqublu. 17 mart 2014-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi Rəşid Hüseynovun sədrliyi ilə Tofiq Yaqublunu 5 il müddətinə azadlıqdan məhrum edib. “Yeni Müsavat” qəzetinin müxbiri və müxalif Müsavat Partiyasının sədr müavini məhkəmə prosesində AR CM-in 233 (ictimai asayişin pozulmasına şərait yaradan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə iştirak) və 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya güc tətbiq etmək) maddələri ilə ittiham edilib.

26 aprel 2013-cü ildə CM-in 233-cü maddəsi üzrə icraata xitam verilib və daha sərt – 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 220-1-ci maddə (kütləvi iğtişaşlar təşkil etmək və onlarda iştirak etmək) ilə yeni ittiham irəli sürülüb. Nə istintaq zamanı, nə də məhkəmədə Yaqublunun təqsirini təsdiq edən sübutlar təqdim edilməyib.

Elsevər Mürsəlli. 3 aprel 2014-cü ildə Ağır Cinayətlər Məhkəməsi 18 yaşlı facebook fəalı, Xaçmaz rayon sakini Elsevər Mürsəllini 5 il müddətinə azadlıqdan məhrum edib. Ona qarşı 234.4.3-cü (qanunsuz olaraq böyük ölçüdə narkotik saxlama, daşıma, satma) maddə ilə ittiham irəli sürülüb. Prokuror bildirib ki, Mürsəlli 3 oktyabr 2013-cü ildə anonim şikayət əsasında həbs edilib. O, şahidsiz saxlanılıb, amma məhkəmədə Bakıdan iki şahid peyda olub, onlar hətta həbs edilmiş blogerin yaşadığı Əhmədoba kəndi haqqında eşitməyiblər. Atasının sözlərinə görə, o, ötən il müxalifətin prezidentliyə namizədi Cəmil Həsənlinin facebook səhifəsində 18 yaşlı gənc seçici olaraq ilk dəfə səs verəcəyini və öz səsini bu namizədə verəcəyini qeyd etdiyi üçün həbs edilib. Onu kənddə alma məhsulu yığarkən həbs ediblər. Valideynlərinin və ictimaiyyətin ölkə prezidentinə, baş prokurora, DİN rəhbərinə, ombudsmana dəfələrlə müraciət etməsinə baxmayaraq, hökm qüvvədə qalıb.

Rauf Mirqədirov. 21 aprel 2014-cü ildə Bakının Nəsimi rayon məhkəməsi Azərbaycanın əməkdar jurnalisti, Gerd Buserius mükafatının laureatı, “Zerkalo” qəzetinin müxbiri Rauf Mirqədirovun həbsi haqqında qərar çıxarıb. Jurnalist istintaq altındadır. O, MTN-in istintaq təcridxanasında saxlanılır. O, AR CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Aprelin 25-də Apellyasiya Məhkəməsi jurnalist barəsində qətimkan tədbirini dəyişməkdən imtina edib. Saxlanma və istintaq AR qanunvericiliyinin və beynəlxalq hüququn çoxsaylı pozuntuları ilə keçib.

Pərviz Həşimlini. 15 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, “Siyasi və vətəndaş hüquqlarının müdafiəsi mərkəzi” QHT-nin rəhbəri Pərviz Həşimlini 8 il müddətinə azadlıqdan məhrum edib. O, AR CM-in 206.3.2 (odlu silahın, onun komplekt hissəsi olan döyüş sursatlarının qaçaqmalçılığı, əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə) və 228.2.1-ci (odlu silahın, onun komplekt hissəsi olan döyüş sursatlarının qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi, əvvəlcədən əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib. 20 sentyabr 2013-cü ildən 15 may 2014-cü ilə qədər jurnalist MTN-in istintaq təcridxanasında saxlanılıb və işgəncələrə məruz qalıb, o, məhkəmədə bu barədə bildirərək, Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməsini tələb edib. MTN-in istintaq təcridxanasında onu çılpaq şəkildə 4 saat karserin sement döşəməsində saxlayıblar, burada o, sətəlcəm olub.

Əbdül Əbilov.  27 may 2014-cü ildə Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrliyi ilə facebook sosial şəbəkəsində “Yaltaqlara dur deyək!” səhifəsinin 31 yaşlı administratoru Əbdül Əbilov barəsində hökm çıxarılıb. Məhkəmə onu narkotik saxlamaqda təqsirli bilib və 5,5 il müddətinə azadlıqdan məhrum edib. O, 22 noyabr 2013-cü ildə paytaxtın Yasamal rayonunda öz evinin yaxınlığında Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfidən həbs edilib. İttiham tərəfi iddia edir ki, bu zaman onun cibində 2,679 qr heroin, yaşadığı mənzildə isə daha 4.677 qr heroin aşkarlanıb. Əbibov məhkəmədə bildirib ki, narkotiki onun üzərinə və mənzilinə polislər qoyub, o isə sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib edilir. Hüquq müdafiəçiləri Əbdül Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Ərşad İbrahimov. 18 iyun 2014-cü ildə Gəncə şəhəri Nizami rayon məhkəməsi “Azadlıq” qəzetinin regional müxbiri, ötən ilin sonlarından moderator.az və avropa.info saytları ilə əməkdaşlıq etmiş Ərşad İbrahimovun üç ay müddətinə (iş hallarının araşdırılması üzrə prosessual müddət bitənə qədər) həbsi haqqında qərar çıxarıb. Kəlbəcər rayon təhsil şöbəsinin keçmiş rəhbəri Məhəmməd Bağırovun şikayətinə əsasən, jurnalist tənqidi material dərc etməmək üçün ondan 30 min manat (38.3 min dollar) tələb edib. Şahidlərin ifadələri ziddiyyətli olub – əvvəlcə onlar jurnalistin təzyiq göstərdiyini desələr də, məhkəmədə Məhəmməd Bağırovun onlara təzyiq göstərdiyini iddia ediblər. Müxbirin hüquqlarını məhkəmənin təyin etdiyi vəkil müdafiə edir, o, hüquq müdafiəçilərinə və KİV-ə məlumat verməkdən imtina edib, hətta İbrahimovun AR CM-in hansı maddəsi ilə məsuliyyətə cəlb edildiyini bildirməyib.

Ömər Məmmədov. 4 iyul 2014-cü ildə Ağır Cinayətlər Məhkəməsi Eldar Mikayılovun sədrliyi ilə facebook-da məşhur səhifənin müəllifi Ömər Məmmədovu narkotik ticarəti ittihamı ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. 19 yaşlı Məmmədov “Axın” gənclər hərəkatının rəhbəri və “Vətəndaş Həmrəyliyi” Partiyasının üzvüdür. Həbsindən sonra o, “NİDA” hərəkatına keçib.

Hələ 2013-cü il noyabrın 22-də onun atasını oğlunun təhsil aldığı Kiprdən qayıtması şərti ilə DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində saxlayıblar. 20 yanvar 2014-cü ildə Məmmədov Bakıya qayıdıb və ertəsi gün səhər onu polisə aparıblar.

Sirac Kərimli.  İyulun 17-də sosial şəbəkələrin fəalı Sirac Kərimli narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb. İyulun 18-də Bakının Nərimanov rayon məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Fəal vəkilsiz mühakimə edilib, müdafiəçi məhkəmənin qərarı barədə Baş Prokurorluqdan öyrənib. Ona qarşı Azərbaycan CM-in 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan 234.4.3-cü (qanunsuz olaraq satış məqsədilə böyük ölçüdə narotik əldə tmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülüb.

Fərəc Kərimli. İyulun 23-də onun qardaşı, facebook və Müsavat Partiyasının fəalı Fərəc Kərimlinin başına da eyni şey gəldi. İyulun 24-də Bakının Nərimanov rayon məhkəməsi onu da vəkilsiz və xəbərdarlıqsız 234.4.3-cü maddə ilə 3 ay müddətinə həbs edib. Fərəc Kərimlinin indiyədək vəkilə çıxışı yoxdur. Bu halda da istintaqı gənc blogerlərin narkotik satışı ittihamı ilə cinayət təqibi üzrə “ixtisaslaşan” DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsi aparır.

Xədicə İsmayılova. Dekabrın 5-də araşdırmaçı-jurnalist Xədicə İsmayılova həbs edilib. Buna virtual “Meydan TV” telekanalının keçmiş əməkdaşı Tural Mustafayevin özünü öldürmə həddinə çatdırmaq haqqında bəyanatı əsas olub. İsmayılova intihara təhrik etmə ittihamı ilə iki ay müddətinə məhkəmə öncəsi həbsə məhkum edilib. 2015-ci il fevralın 13-də Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi İsmayılovaya qarşı 179.3.2 (böyük ölçüdə mənimsəmə), 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda)  maddələrlə yeni ittihamlar irəli sürüb.

“FACEBOOK İŞİ”

Azərbaycanda sosial şəbəkədə fəallığı nəticəsində ziyan çəkmiş ilk “facebook işi və ilk işsiz ortaya çıxdı. Astara rayon sakini, AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbov 2013-cü ilin iyul ayında diffamasiya ittihamı ilə işdən qovulub və əmək haqqının 20%-i tutulmaqla, 1 il islah işlərinə cəlb edilib. Buna “Accessbank-Haqsızbank” adlı səhifə səbəb olub. Bununla əlaqədar olaraq yerli filial onun cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə iddia qaldırıb. 30 yanvar 2014-cü ildə Astara rayon məhkəməsi Talıbovun hüquqlarını bərpa edib, lakin bank onu işə götürməyib. Talıbov parlamentin 14 may 2013-cü ildə qanunvericiliyə böhtan və təhqirə görə cinayət məsuliyyətini İnternetə şamil edən düzəlişləri qəbul etməsindən sonra məhkəməyə cəlb edilmiş ilk cavabdeh oldu. Bu hadisə “facebook işi” adını aldı.

Sentyabrın 8-də Nəsimi rayon məhkəməsində Şəlalə Hüseynovanın sədrliyi ilə DİN başçısı Ramil Usubovun Ziyalılq Birliyinin rəhbəri, Milli Şuranın üzvü Elədniz Quliyevə qarşı iddiasına baxılıb. İddiaçı E.Quliyevin cinayət məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. R.Usubovun nümayəndəsi, vəkil Əlirza Əbilov ittihamnaməni elan edərək E.Quliyevin avqustun 20-də “moderator” saytında cəlb edilən “Eldəniz Quliyevin Ramil Usibova şokedici müraciəti” adlı yazısında polisin şərəf və ləyaqətinin təhqir olunduğunu və onun işgüzar imicinə zərbə vurulduğunu iddia edir. Vəkilə görə,  E.Quliyev yol polisini sürücüləri əsassız saxlmaqda və protokol tərtib etmləkdə ittihama məruz qoymaqla yol polisinə böhtan atıb. Ə.Əbilova görə nazir aşağıdakı ifadəni təhqir hesab edir: “Polis geyimidnə olan, amma daha çox mal oğrularına oxşayan, kobud, elementar mədəniyyətdən uzaq adamlar hamının gözü önündə sürücülərə böhtan atır və onları cəzalndırırlar. Bu zaman onların ətrafdakıların, yəni, göz önündə baş verən qanunsuzluqların şahidlərinin rəyini nəzərə almamaları hiddət və nifrət yaradır”. Nazir həmçinin daha bir ifadədən hiddətlənir. “Texniki avadanlıqlara, geniş səlahiyyətlərə, müasir geyimə, sürətli avtomobillərə malik olan yol polisi əməkdaşları əsas keyfiyyət olan mədəniyyət və etik davranışdan məhrumdurlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button