Azərbaycan Tibb Universitetində qanvermə aksiyası keçirildi – FOTO

qan

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) 96 illiyinə və Novruz bayramına həsr olunmuş qanvermə aksiyası keçirilib.

Xural.com-un verdiyi məlumata görə, görüşü açıq elan edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov qonaqları qarşıdan gələn Novruz bayramı və fəaliyyətlərinin 96 illiyi münasibətilə təbrik edib. Onlara can sağlığı, uzun ömür, uğurlar diləyib. Daha sonra Tədris Cərrahiyyə Klinikasının gördüyü işlər haqqında məlumat verən A. Həsənovun sözlərinə görə, klinikanın fəaliyyəti 3 əsas istiqamətdə qurulub. Birinci diaqnostik-cərrahi müalicə, İkinci tədris, üçüncü isə elmi fəaliyyətdir.

qan2

A.Həsənov klinikanın ən müasir tibbi avadınlaqlarla təchiz edildiyini və burada savadlı mütəxəssislərin çalışdığını da söyləyib. Baş həkim Qızıl Aypara Cəmiyyətinin indiyədək həyata keçirdiyi bir çox belə xeyriyyə aksiyalarını dəstəklədiklərini, gələcəkdə Tədris Cərrahiyyə Klinikasının belə layihələrdə mütəmadi olaraq iştirak edəcəyini də vurğulayıb. AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev təbrikə və xoş münasibətə görə təşəkkür edib. O, Qızıl Aypara Cəmiyyəti haqqında qısa məlumat verib və bütün universitetlərdə fəaliyyət göstərdiklərini bildirib:

“Bu sıraya ATU-nun da daxil olmasına çox sevindik”.

AzQAC-ın icraçı katib müavinlərindən Səbinə Məhbubi  görüşdə cəmiyyətlərinin nəinki ölkə daxilində həmçinin ölkədən kənarda da tanındığını qeyd etdi. Gördüyümüz işlər artıq beynəlxalq səviyyəyə də çatıb.  “Biz işlədiyimiz hər müəsisənin tələblərinə, şəraitinə uyğun olaraq öz işimizi qura bilirik. Və bu bizə gələcək işlərimizdə heç bir problemin yaşanmamasına imkan verir”.

Görüşdə həmçinin AzQAC-ın icraçı katib müavinlərindən Sabah Şayev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti komitəsinin sədri Şahrud Əhmədov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının qan bankının müdiri Sevda Quliyeva, Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mirəli Məcidov, Anesteziologiya şöbəsinin müdiri Cavid Paşayev də iştirak ediblər.

Daha sonra Tədris Cərrahiyyə Klinikasında qanvermə aksiyası keçirilib. Məlum olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ölkənin ən iri xeyriyyə təşkilatlarından biridir. Qurum xüsusilə xəstə uşaqlar üçün qan toplanması ilə bağlı dəfələrlə müxtəlif tədbirlər təşkil edib. Tibb Universiteti də öz növbəsində, daim belə xeyirxah təşəbbüslərə dəstək olub. Belə ki, indiyədək ATU-nun Tədris Cərrahiyyə Klinikasında dəfələrlə belə ortaq qanvermə aksiyaları təşkil olunub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Tibb Universiteti komitəsinin sədri Şahrud Əhmədovun sözlərinə görə, bu gün keçirilən qanvermə aksiyasında 100-ə yaxın donor iştirak edib. “Universitetin tələbə və rezidentləri, həmçinin həkimlər qan xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə könüllü donor qismində çıxış edirlər. Biz azacıq da olsa, bu insanlara kömək edə bildiyimiz üçün çox sevinirik” – deyə, o bildirib. Ş. Əhmədov həmçinin aksiyanın keçirilməsinə şərait yaratdığına görə ATU rəhbərliyinə təşəkkür edib.

Onun sözlərinə görə, təşkilat bu sahədə fəaliyyətini davam etdirəcək və gələcəkdə Tibb Universiteti ilə birgə digər tədbirlər keçirməyi də planlaşdırır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button