Azərbaycan Türkünün milli kimliyinə təcavüz!

Azər Həsrət
azer@azerhasret.com

-zadə sonluğunu etirazlara baxmayaraq təkidlə bizə sırıyan şəxs(lər)in kimliyi müəyyən edilməlidir, Milli Təhlükəsizlik Nazirliyi araşdırma aparmalıdır, bu adam(lar) kimdirsə, o(nlar) mütləq şəkildə İran agentidir, cəzalandırılmalıdır – İlham Heydəroğlu, Türk milləti bunu sizdən gözləyir!..

Bunun adı başqa cür ola bilməz! Məhz təcavüz! 21-ci yüzilin ikinci onilliyinin ilk günündə bağımsız Azərbaycan Respublikası əhalisinin 90 faizindən çoxunu təşkil edən Türk millətinin milli kimliyinə təcavüz edilir! Özü də kim(lər) tərəfindən?! Azərbaycan Milli (!) Elmlər Akademiyası tərəfindən! Elə belə də dəyərləndirirəm bunu! Nə olub, nə baş verib? Sırasıyla yazaq, siz də oxuyun.

Bu həftə xəbərçilər belə bir xəbər yaydılar ki, “Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Terminologiya Komissiyasının nəzdindəki adlar və soyadlar üzrə komissiya Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında qərar verib”. Bu komissiya içindəki komissiyanın adının əndrəbadiliyini bir tərəfə buraxıb verdiyi qərara göz gəzdirək. Sənədə görə, 2011-ci ilin 1 yanvarından başlayaraq Azərbaycan vətəndaşları aşağıda tövsiyə edilən soyad sonluqlarını seçməkdə sərbəstdirlər:

“Valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı bir tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə hansı cinsə mənsub olmasından asılı olaraq -oğlu və -qızı soyad sonluğunun artırılması vasitəsilə. Məsələn, Ağaoğlu Rəşid Ağa oğlu.” – Bu, yaxşıdır. Tövsiyə müəllif(lər)i sağ olsun(lar)!

“Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -lı, -li, -lu, -lü şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Aydınlı Şəfəq Şair qızı.” – Bu da yaxşıdır. Yenə də sağ olsunlar.

“Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə heç bir leksik və qrammatik vasitə artırılmadan. Məsələn, Bəhruz Soltan Baxış oğlu.” – Şəxsən mənim ürəyimcədir. Alqış bu tövsiyənin müəllif(lər)inə!

“Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -gil və ya -soy şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Azərsoy Turab Əhməd oğlu. Bəhramgil Diləfruz Ziya qızı.” – Buna da çox ciddi ehtiyac var idi. Eşq olsun!

“Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -zadə soyad sonluğunun artırılması vasitəsilə. Belə sözlər bir vurğu ilə deyilir və mürəkkəb söz kimi bitişik yazılır. Məsələn, Dadaşzadə İlqar Dadaş oğlu.” – Burada dayan! Bu tövsiyəni bizə sırıyana lənət olsun! Adam, sən kimsən də Türk millətinə fars soyad sonluğu tövsiyə edirsən?! Kim sənə izn verib ki, uzun illər rus soyad sonluğundan qurtulmaq üçün mücadilə vermiş Azərbaycan Türklərinə indi rusdan da betər düşmən olan farsın soyadını yamayasan?! Kimsən axı sən?! Nə işin var sənin mənim millətimin kimliyini müəyyən edən dairələrdə?! Kim səni yetişdirib, kim səni bəsləyir?! Fars uşağı, fars qulbeçəsi, sən kimsən axı özünün prezidenti, parlamenti və hər cür dövlət atributu olan bağımsız Azərbaycan dövlətinə fars kimliyi sırıyasan?! Yerini bil, adam! Əgər sən özünü fars hesab edirsənsə, şəxsi işindir, sayğı duyuram! Ancaq sən də zəhmət çək, mənim Türk kimliyimə sayğı duy! Bu, sənin vəzifəndir! Sayğı görmək istəyirsənsə, sayğı da duyacaqsan! Başqa yolun yox sənin! O –zadə soyad sonluğunu al başına yax, sənin olsun! Türkdən –zadə olmaz, -oğlu olar! Türk zadə doğmaz! Oğul, qız doğar!

Daha bir əndrəbadi “tövsiyə”: “Soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir”. Niyə, a balam?! Bunun nəyi pisdir ki?! Kimə nə maneçiliyi var axı?! Həm də, əgər bir insanın əsil-nəcabəti xan, bəydirsə, niyə ona bunu öz soyadında göstərməyə izin verilməsin?! Ola bilsin ki, bu təklifi verənin soyunda xan, bəy olmayıb, misal üçün “yoldaş” olub. Qarışmırıq. Ancaq sənə kim izin verir ki, millətin kimliyi ilə belə məsuliyyətsiz davranasan?! Soyad axı bir millətin pasportudur! Bunu anlamaq çoxmu çətindir, ay yoldaş!

Son iki bəndlə biriləri Azərbaycan Türklərinin milli kimliyinə yenidən təcavüz edirlər! Durdurulmalıdır! Ən yüksək səviyyədə həm də! Özü də cənab prezident tərəfindən! Çünki millətin qarantı prezidentdir! Biz ondan bunu gözləyirik və buna haqqımız da var! Elə bu arada cənab prezidentin özü soyad məsələsində ilk nümunəni və bununla da yolu göstərə bilər: İlham Heydəroğlu! Səslənir, özü də çox möhtəşəm səslənir! Türk milləti bunu sizdən gözləyir, cənab prezident! Millətimizə fars soyad sonluğu sırınmasının qarşısını yalnız siz ala bilərsiniz! Və əslində almaq sizin vəzifənizdir də! Millətin bütün məsuliyyətini öz üzərində daşıyan birinci şəxs kimi!

Bu arada, -zadə sonluğunu etirazlara baxmayaraq təkidlə bizə sırıyan şəxs(lər)in kimliyi müəyyən edilməlidir! Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi mütləq bu yöndə araşdırma aparmalıdır! Bu adam(lar) kimdirsə, o(nlar) mütləq şəkildə İran agentidir! Unudulmamalıdır ki, Azərbaycanda hər addımda İran agentləri boy göstərməkdədir və bu –zadə sonluğunu bizə sırıyan(lar)ın aşkar edilməsi də böyük bir şəbəkənin üzə çıxarılması üçün əhəmiyyətli ola bilər! Haydı, Türk millətinin dəyərli övladları, görəvə!

Daha bir önəmli məqam:

Biz bu yazını yazarkən heç də Türk olmayan Azərbaycan vətəndaşlarıyla bağlı fikirlərə yer vermədik. Çünki Türk olmayanların öz milli köklərinə uyğun soyad seçməsi şəxsi işləridir. Biz heç qarışmırıq da buna. Tək qarışacağımız şey Azərbaycan Türklərinin soyad sonluqlarının müəyyənləşdirilməsi zamanı məhz Türk kimliyinin diqqətə alınmasıdır. Bu gün əgər –zadə sonluqlu soyadları tövsiyə edəcəkdiksə, rusların bir zamanlar bizə zorla sırıdığı –ov və -yev sonluqlarından niyə imtina edirdik ki?! İmtinanın tək səbəbi milli kimliyimizə qayıtmaq istəyidir! Elə isə -zadə soyunuzu özünüzə saxlayın, Türk millətinə sırımayın! Azərbaycan Türk dövlətidir və bu Türk dövlətində fars kimliyinin rəsmiləşdirilməsi yolverilməzdir! Görəv sahibləri, millət sizi görmək istəyir, göstərin özünüzü!

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. a kisi ne danisirsan eeeeeeeeee sen voobse?! get ozuve bir senet tap!
    bir mesel var e sene ejdaha lazimdi?!
    tarix boyu n qeder layiqli azeri turku olub ki soyadi zade ile qurtarib senin demeyinden bele cixir ki onlar hamisi fars agenti olub?!
    evez muellim xahis eleyirem bele cefengiyyatlarla qezetinizi hormetden salmayin! bunun yalniz bir adi var: milli xiyar nezeriyyesi!

  2. Hörmətli Asif bəy! Hər şeydən öncə yazıma göstərdiyiniz maraq və diqqətə görə sizə təşəkkür edirəm. Əlbəttə ki, sizin fikirlərinizə sayğıyla yanaşıram. Hər kəs öz fikrini ifadə etməkdə özgürdür. Yalnız anlamadığım bir şey var: deyirsiniz ki, çoxlu -zadə soyadlı məşhurlarımız olduğu üçün ona toxunmayaq. Ona qalsa, elə -ov və -yev soyad sonluqlu tanınmışlarımız heç də az olmayıb və deyil də. Belə çıxır ki, biz bunlara da toxunmayaq? Məncə bir fikir söyləməzdən öncə onun məntiqə nə qədər dayanıqlı olduğunu düşünməkdə də fayda var.

    Bir daha sizə təşəkkür edirəm.

    S.A. Hə, bir də, lütfən, fikirlərinizi daha uyğun bir dildə ifadə etməniz faydalı olardı məncə. Hər halda burada mədəni müzakirə aparmaq məqsədəuyğundur…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button