Azərbaycan-Ukrayna sazişləri imzalanıb
Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana səfəri çərçivəsində cümə axşamı ikitərəfli əməkdaşlığa dair bir neçə sənəd imzalanıb. İmzalanma mərasimi Poroşenkonun İlham Əliyevlə danışıqları başa çatdıqdan sonra keçirilib. Ukrayna prezidentinin mətbuat xidməti məlumat verib.
P.Poroşenko və İ.Əliyev Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclasının protokolunu imzalayıblar.
Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nasirov və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki qurum arasında hava nəqliyyatı mallarının daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində protokol imzalayıblar.
Sənəd qaçaqmalçılığa qarşı mübarizə məqsədilə tərəflər arasında operativ informasiya mübadiləsini nəzərdə tutur.
Ukraynanın xarici işlər naziri Klimkin və Azərbaycanın mədəniyyət naziri Qarayev 2016-2020-cı illərdə mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramını imzalayıblar.
Proqramın mədəniyyət, incəsənət və təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi gözlənilir.