Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu hakimiyyəti öhdəliklərinə əməl etməyə çağırır

ipg17.05.2013

Beynəlxalq təşkilatların koalisiyası olan Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) Milli Məclisin mayın 14-də Cinayət Məcəlləsinin “Böhtan” (147-ci maddə) və “Təhqir” (148-ci maddə) maddələrinə etdiyi dəyişikliyi pisləyir.

“Turan”ın məlumatına görə, qrupun bəyanatında deyilir ki, bu düzəlişlər tənqidin qadağan olunmasına, ölkədəki repressiv ab-havaya baxmayaraq etirazını bildirənləri susdurmağa yönəlib: “Böhtan və təhqirə görə cinayət məsuliyyətini cəmiyyətin daha geniş təbəqəsinə, o cümlədən internet məkanına şamil etməklə Azərbaycan hakimiyyəti İlham Əliyevin özünün də bəyan etdiyi islahatların keçiriləcəyinə dair öhdəliklərini pozur və beynəlxalq tendensiyaların əksinə gedir”.

Bəyanatda deyilir ki, prezident seçkisinə bir neçə ay qalmış hakimiyyət onu tənqid edənləri qorxutmağa əvvəlkindən daha sərt səy göstərir: “İfadə azadlığı mühiti gündən-günə pisləşir, jurnalistlər, bloqçular, müxalifət fəalları artmaqda olan təzyiqlərə məruz qalırlar. Bura repressiv qanunlar, həbslər, fiziki hücumlar, böhtan kampaniyaları daxildir”.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu hesab edir ki, beynəlxalq birlik fikrin ifadə olunması azadlığı (o cümlədən internetdə) ilə bağlı öhdəliklərini Azərbaycana xatırlatmalıdır və hüquqi islahatların aparılmasını təmin etməlidir.

Sonda Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu Azərbaycan hakimiyyətini söz azadlığına, o cümlədən onlayn azadlığına, dinc toplaşmaya, böhtan və təhqirlə bağlı maddələrin Cinayət Məcəlləsindən çıxarılacağı haqda vədlərinə hörmətlə yanaşmağa, icazəsiz toplaşmaya görə həbsləri dayandırmağa, KİV işçilərinin və bloqçuların təqib edilməsinə son qoymağa, Hilal Məmmədov, Əvəz Zeynallı, Zaur Qurbanlı və həbsdə olan digər jurnalistləri, bloqçuları, fəalları azad etməyə çağırıb.

Bəyanatı “Article 19”, “Freedom House”, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-Klub, Norveç Helsinki Komitəsi, “Sərhədsiz reportyorlar” və digər təşkilatlar imzalayıb.

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupunun koordinasiyasını “Article 19” həyata keçirir.

Milli Məclisin mayın 14-də qəbul etdiyi dəyişikliyə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya (təhqirə) görə 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button