Azərbaycanda monopoliyalara xidmət edən 3-5 oliqarxın sitsemi mövcuddur!

Dünyanın hansı dövlətində büdcənin yüz milyonlarla pulunu mərmərə verib yerə döşəyirlər?!

«Xural»ın baş redaktoru Əvəz Zeynallı və Ümid Partiyasının iqtisadi məsələlər üzrə şöbə müdiri Razi Abasbəylinin Kanal 13 televiziyasının efirində canlı yayımda bir saat yarımlıq çıxışları olub. Müzakirənin mövzusu aktual olduğu üçün və Oxucularımızın da bu sahələrə marağını nəzərə alaraq canlı yayımı olduğu kimi nəzərinizə çatdırırıq. Xüsusi nəzərə çatdırmaq istəyirik ki, bu veriliş yayına gedəndə «Xural» ətrafında hələ bu ajiotaj yaradılmamışdı…
Söhbəti aparıcı Aynurə İmranova aparır…

Aynurə İmranova
Kanal 13-ün aparıcısı:

– Salam, axşamınız xeyir! Siz Kanal-13-ün efirində «Aktual» proqramına baxırsınız. Bu gün biz sizinlə Azərbaycanda son bir həftədə baş verən prosesləri müzakirə edəcəyik. Həmişəki kimi studiyamızda qonaqlarımız var. «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı və Ümid Partiyasının iqtisadi-siyasət komissiyasının sədri Razi Abbasbəyli.
Giriş üçün hər ikinizə bir sual vermək istəyirəm. Bilirsiniz ki, son 10 gün ərzində iki böyük təşkilat Azərbaycandakı demokratik vəziyyəti müzakirəyə çıxarıb. İngiltərənin «The economist» və «Freedom House» Qeyri-Hökumət təşkilatı son hesabatında Azərbaycanı demokratik vəziyyətinə görə ən qeyri-demokratik ölkələr siyahısına salıb. Bugünkü vəziyyətdə olmağımız, həm vətəndaş cəmiyyəti, həm QHT, həm media, həm də hökumət olaraq bu durumda qalmağımız, beynəlxalq arenada bu duruma düşməyimiz bizi nə dərəcədə narahat etməlidir?
Əvəz Zeynallı:
– Bu iki böyük təşkilatın Azərbaycandakı demokratik vəziyyəti müzakirəyə çıxarmasında qeyri adi heç nə görmürəm. Artıq biz internet, qəzet səhifələrində təxminən hər ay, hər həftə, hər gün hansısa beynəlxalq qurumun Azərbaycandakı demokratik vəziyyətdən narahat olduğunu, hansısa məqamlarda Azərbaycanın qara siyahılara salındığının şahidi oluruq. Məncə bu artan templə də davam edəcək. Çünki 2010-cu ildə keçirilən parlament seçkiləri bizim ölkəmizin demokratiya sahəsində nə qədər axsadığını, nə qədər qüsurlarla dolu olduğunu bir daha gözlər önünə sərdi. Məncə, hamıdan çox Azərbaycan vətəndaşları bundan narahat olmalıdırlar. Çünki bizim gözlərimiz önündə ölkəmiz artıq demokratik ölkə kimi inkişaf etmir. Hər addımbaşı insanların hüquqları pozulur, müstəqil mətbuatın əhatə dairəsi hər gün bir az daha daralır, teleməkanda müstəqil pəncərə demək olar ki, qalmayıb. Azacıq fərqlənən, lakin bununla belə hakimiyyətin lehinə olan verilişlər də müəyyən məqamlarda sərbəstlik nümayiş etdirəndə, dərhal bağlanılır. Mən hesab edirəm ki, bizim bu məqamlara yanaşmamız yanlışdır.
– «Beynəlxalq təşkilatların bu açıqlamalarından özümüz narahat deyilikmi» sualını vermək istədim…
– Əslində, narahat olmalıyıq. Əslində, ictimai-siyasi aləm narahat olmalıdır. Əslində, mətbuat həyəcan siqnalı çalmalıdır. Elə bu müstəqil, zavallı mətbuatdan başqa da həyəcan siqnalını çalan yoxdur. Televiziyalarımız tam əldən getmiş sayılır, müstəqil qəzetlərin sayı artıq bir əlin barmaqlarından çox deyil, ictimai-siyasi təşkilatlar demək olar ki, susub, siyasi partiyalarda mübarizə əzmi yoxdur – yalnız xırda-para məsələlərə münasibət bildirməklə məşğuldurlar, ona görə də beynəlxalq təşkilatlarda bir-birinin ardınca bu məsələlər gündəmə çıxır. Amma məncə beynəlxalq qurumların Azərbaycanı demokratiya sahəsində sınağa çəkməsi o zaman effektli olacaq ki, onun nəticəsi olsun. Əgər beynəlxlaq qurumlar bir tərəfdən Azərbaycanı qara siyahılara salır, digər tərəfdən Azərbaycan hökumətinə yaxın olan qurumları çox ciddi dəstəkləyir, onlara böyük qrant məbləğləri ayırırlarsa, təbi ki, sadaladıqlarının heç bir bir effekti olmayacaq. Yəni həm söz, həm də iş üst-üstə gələrsə bundan narahat olmağa əsas var. Amma beynəlxlaq qurumların sözləri ilə işlərinin üst-üstə gəlmədiyi məqamlar olunca, Azərbaycandakı vəziyyət ağır olaraq qalacaq. Bundan ən çox narahatlıq çəkən də biz – Azərbaycan vətəndaşları olacağıq.
Razi Abbasbəyli:
– Əslində, nə baş verir? Beynəlxalq təşkilatların Azərbaycanda demokratiyanın mövcud olması ilə bağlı müzakirələr aparması təbii ki, Azərbaycanın əleyhinə yönəlmiş, dövlətimizin, hökumətimizin demoktratik meyarlara söykənməməsi ilə bağlı verdikləri bəyanatlar bir az ikinci sort təşkilatların Azərbaycandakı demokratiyanın vəziyyətinə qiymət verməsinə bənzəyir. Diqqət edin. Son 5 il müddətində Azərbaycandakı iqtisadi azadlıqlarla bağlı nə Dünya Bankının, nə Beynəlxalq Bankın, nə də dünyanın beynəlxalq iqtisadi institutlarının Azərbaycandakı sosial-iqtisadi vəziyyətlə bağlı hər hansı bir sərt tənqidi mövqeyinə rast gəlməmişik. Səbəb çox sadədir. Azərbaycanda iri dövlətlərin, super güclərin coğrafi, geopolitik baxımından böyük iqtisadi maraqları var. Bu dövlətlərin hər birinin bu və ya digər şəkildə, ayrı-ayrılıqda iqtisadi maraqları təmin olunur. Əslində, bir az da detallı bu vəziyyəti müzakirə eləsək, görərik ki, Azərbaycanda azadlıqların ən çox pozulduğu sahə iqtisadi və sosial sahələrdir. Bu gün Azərbaycanda insanları insan haqlarından daha çox onların yaşadıqları sosial sıxıntılar düşündürür. Ancaq bununla bağlı hər hansı bir beynəlxalq təşkilatın sərt tənqidi mövqeyinə rast gəlmirik. Əksinə, 2009-2010-cu illərin hesabatlarının müzakirəsi zamanı Dünya Bankının və Beynəlxalq Bankın Azərbaycanla bağlı açıqladığı hesabatda vəziyyət ümidvericidir və müsbət saldo Azərbaycan iqtisadiyyatında getditkcə özünü göstərməkdədir kimi bəyanatlara müəlliflik edirlər. Siyasi beynəlxalq institutların demokratiyanın vəziyyətini tənqid etmələri bir növ, belə deyək, iri dövlətlərin özləri üçün bir ehtiyat enmə zolağı yaratması anlamına gəlir. Yəni bunlar haradasa gələcəkdə özləri üçün bir bəhanə, kiçik arqumentlər bazası yaradırlar – bir zibil yeşiyi yaradırlar ki, bu bəyanatları da yazıb ora atırlar və nə zaman lazım olarsa, həmin bəyanatları bərpa edərək masa üzərinə gətirə bilsinlər. Biz zamanında bu məsələlərə öz münasibətimizi bildirmişik. Vəziyyət belədir ki, Azərbaycanda regionla bağlı beynəlxalq güclərin və onları idarə edən super dövlətlərin iqtisadi maraqları təmin edildiyinə görə, həmin dövlətlər Azərbaycanla bağlı konkret mövqe ortaya qoymurlar…
– Hesab edə bilərik ki, bu iqtisadi maraqlar təmin edildiyi müddətcə konkret heç bir mövqe ortaya qoyulmayacaq?
– Yox. Mən bununla qətiyyən razı deyiləm. Çünki zaman-zaman bu fikirlərə məruzəlik eləyən ekspertlər, politoloqlar var ki, guya Azərbaycanın nefti qurtarandan sonra bura demokratiya gələcək. Demokratiya o günə qədər olacaq ki, Azərbaycanın karbohidrogen yataqları tükənəcək. Əslində, bu yanaşma da doğru deyil. Azərbaycanda maraqları və iqtisadi gücləri olan dövlətlərin eyni zamanda Azərbaycanda demokratiyanın bərqərar olmasında da maraqları var. Amma bu gün bunların hər ikisini eyni vaxtda həyata keçirə bilmirlər. Bir bölgə olaraq Azərbaycan regionda kifayət qədər qəlizdir. İstər etnik münaqişələr baxımından, istər digər ictimai-siyasi azadlıqlar baxımından bunların hamısını eyni vaxtda həyata keçirmək mümkün deyil. O zaman Avropanın və Amerikanın əsrlər boyu ənənəsinə sadiq qalaraq ticarət maraqlarını önə çəkməsi özünü bariz şəkildə göstərir. Yəni Avropa və Amerika regionda demokratiyanın bərqərar olmasına nail ola bilmirsə, təbii ki, bunun əsas maraqları iqtisadi maraqlarının təmin edilməsidir. Təmin etdiyinə görə də digər məsələlərin üzərindən sükutla keçə bilir. Bu dövlətlər israrla Azərbaycanda demokratiyanın, insan haqlarının bərqərar olması istiqamətində dayansalar, o zaman iqtisadi maraqları, investisiyaları təhlükə altına düşəcək, ona görə də hər ikisini itirməmək naminə əllərində olan iqtisadi maraqlarını qoruyub saxlamaq üçün müəyyən təşəbbüslər göstərirlər. Yenə də demokratiyanın Azərbaycana nə vaxt gələcəyini yaxşı bilirlər. Ona görə də onlar əsrlər boyu, elə son bir əsrdə oynadıqları siyasi rolu da əllərindən heç kimə vermək istəmirlər. Yenə də kiçik təşkilatların adları ilə bəyanatlar verməklə guya Azərbaycanda demokratiyanın vəziyyətindən narahat olduqlarını bildirirlər və bu da bunlar üçün zamanı gələndə, zərurət yarananda Azərbaycana qarşı dövlət olaraq sərt mövqe ortaya qoymaq üçün lazımdır. Hələliksə, Azərbaycanda iqtisadi maraqları olduğundan onlar kiçik beynəlxalq təşkilatların arxasında gizlənir və sözlərini onların vasitəsilə çatdırırlar.
– Veriliş boyu biz bu mövzuya bir daha qayıdacağıq. İndi isə keçən həftə Azərbaycanda çox hərəkətli bir həftə oldu. Çox yeni bir təcrübə yarandı, sistemli şayiə məsələsi… Ölkədə benzinin qiymətlərinin qalxması ilə bağlı bir panika yaşandı. Ekspertlər də müxtəlif rəylər irəli sürdülər – benzinin qiymətinin bahalaşdırılmasından əvvəl insanların nəbzinin yoxlanılması ilə bağlı fikirlər də söylənildi. Sizcə bu, nə məqsəd daşıyırdı?
Əvəz Zeynallı:

– Mən çox təəssüf ki, iqtisadçı deyiləm və bu məsələ də tam olaraq iqtisadiyyatla bağlı olduğu üçün yəqin ki, Razi bəy daha ətraflı təhlil verəcək. Amma artıq Azərbaycanda iqtisadiyyatla siyasət o dərəcə bir-birinin içinə girib ki və siyasət iqtisadiyyatı o dərəcədə idarə edir ki, bizdə iqtisadi qanunlar tamamilə yoxa çıxıb. Nə sərbəst bazar iqtisadiyyatı var, nə dünya iqtisadiyyatının digər modelləri – nə İran, nə Holland, nə Çindəki modelləri var. Azərbaycanda monopoliyalara xidmət edən üç-beş nəfərin, üç-beş oliqarxın sitsemi mövcuddur və ötən həftədəki hadisə Azərbaycanda ilk dəfə deyildi ki, baş verirdi. Xatırlayırsınızsa, yaxın illərdə bir gecədə dollar böhranı yaşandı. Dollar çox sürətlə endi və yenidən qalxdı. Sonradan qəzetlər bu hadisəni analiz edərək yazdılar ki, ortada yüz milyonların söhbəti olub. Kimlərinsə müflisləşməsi məsələsi olub. Yəni ötən həftə baş verən hadisə də buna bənzər bir şey idi və ümumilikdə götürəndə Azərbaycandakı sistemin normal təzahürüdür, yəni burada qeyri-adi heç nə yoxdur. Seçkilər bitdi. Parlamentin 125 millət vəkili vəzifələrinə təyinatlar başa çatdı. Yeni il gəlməmişdən əvvəl bahalaşmanın simptomları özünü göstərməyə başladı – çörək bahalaşdı, siqaretlərdə ciddi bahalaşmalar oldu və enerji daşıyıcılarının qiymətlərinin bahalaşması ilə bağlı çox ciddi söhbətlər gəzir. Mətbuat bu haqda araşdırmalar aparır, təhlillər edir. Hətta şəhər telefonlarında abunə haqlarının yüz faiz bahalaşmasından, suyun 200 faiz, məişət qazının hər kub metr üçün bahalaşacağından söhbət gedir. Yəni bütün bunlar da o hadisənin tərkib hissəsidir. Sadəcə, mən o fikirlə razılaşmıram ki, guya xalqın nəbzini yoxlamaq üçün oldu bu bir günlük bahalaşma. Bizim xalqımız artıq hər şeyə alışmış görünür. Mən heyrət eləmərəm, əgər Azərbaycanda benzinin bir litrinin qiyməti 2 və ya 3 manata qalxsa. Azərbaycanda idarəedənlər də idarəetmə ölçüsünü son dərəcə itirib, Azərbaycan xalqı da idarəolunma ölçüsünü itirib. O vaxtlar V.İ.Lenin deyirdi ki, «artıq yuxarılar əvvəlkitək hakimiyyəti idarə edə bilmirlər, aşağılar da əvvəlkitək yaşamaq istəmirlər»… Biz də o tip bir sistemə doğru gəlirik. Amma Azərbaycanda bugünkü iqtisadi vəziyyət o dərəcədə qarışıqlır ki, hər an hər şeyi gözləmək olar. Yəni bunun Azərbaycanvari təhlilini də vermək olar, bəlkə nəyisə quraşdırmaq olar, amma bu ölkədə heç bir şeyin iqtisadi analizini vermək mümkün deyil. Dünyanın hansı dövlətində büdcənin yüz milyonlarla pulunu mərmərə verib yerə döşəyirlər? Dünyanın hansı ölkəsində yeraltı keçidlər mərmərlə işlənir? Dünyanın hansı ölkəsində ən bahalı tikinti materialları küçələrə döşənir? Dünyanın hansı ölkəsində ən yüksək texnologiya ilə yollar çəkilir, bir neçə həftədən, aydan sonra o yollar yenidən qazılır, yenidən milyonlarla vəsait hesabına düzəldilir? Bir də qazılır, bir də düzəldilir… Dünyanın hansı ölkəsində binaları ən son model və bahalı daş örtüklərlə üzləyib, bir həftədən sonra həmin binanı yerlə yeksan edirlər? Dünyanın hansı ölkəsində bir mərkəzin tikintisinə 500 milyon dollar pul ayırırlar? Dünyanın hansı ölkəsində ağır sənaye zavodları sökülür və onların yerində əyləncə mərkəzləri salınır? Yəni bu sadaladıqlarımın heç biri heç bir iqtisadi tempə, heç bir iqtisadi nəzəriyyəyə uyğun gəmir. Neft bumu çox dövlətlərdə olub. Neft bumu ərəb ölkələrində də olub, neft bumu ABŞ-ın özündə də olub. Ən böyük körpülər, ən böyük yollar və onlara xərclənən milyardlar bizdən əvvəl ABŞ-da da olub. XIX əsrlərin axırlarında Amerikada Rokfeldler də, Rotşild də bu şeylərlə rastlaşıblar, amma dünyanın heç bir dövlətinin iqtisadi həyatında və heç bir dövlətin inkişaf mərhələsində xalq bu qədər kənarda qalmayıb. Xalq bu qədər ac, səfil, sərgərdan vəziyyyətinə qoyulmayıb. Azərbaycanın əməkçi insanları, sadə insanları bütün mənalı ömrünü bu millətin, bu dövlətin inkişafına qoyan insanlar, 60 il bu dövlətin inkişafı yolunda işləyən insanlar təqaüdlərinin 10 faiz artmasıyla qane olurlar. Bunun müqabilində yüz milyardlarla manatın yollara səpələnməsi adi hala çevrilib. Bu, heç bir iqtisadi nəzəriyyəyə əsaslanmır. Belə bir şey yoxdur. Belə şeylər nə cəngəlliklərin, nə də heç mafiyaların qanunlarına uyğun deyil. Belə şeylər Afrikanın adamyeyən qəbilələrinin qanunlarında belə yoxdur. Adam yeməyin də, qan tökməyin də, talançılığın da qaydası var. Azərbaycanda heç bir şeyin qaydası yoxdur. Yəni Azərbaycanın iqtisadi sisteminin dünyada anoloqu yoxdur. Təsəvvür edin ki, ildə tək karbohidrogen məhsullarından milyardlarla manat daxil olan ölkədə təqaüdçünün təqaüdü 30-40 qəpik artır. Çünki ümumilikdə əgər 10 faiz artımın olduğunu iddia edirlərsə, insanlara da elə gəlir ki, 100 manatın üstünə 10 manat gələcək. Əslində belə deyil. Elə adam olur ki, ümumilikdə təqaüdünə 20-30 qəpik pul artımı olur. 60 il işləyən adamın təqaüdündə 10 manat artım olur.

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button