Azərbaycanda tibbi sığorta ilə bağlı məsuliyyətin şərtləri ağırlaşdırılır

İcbari tibbi sığorta təşkilatının təsnifatı və tibbi sığorta sistemi ilə bağlı məsuliyyət şərtləri ağırlaşdırılır.

 

APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təqdim olunub.

 

Layihədə qanunun 12-ci maddəsinə təklif edilən dəyişikliyə görə, icbari tibbi sığorta təşkilatının dövlət orqanı yox, qurum adlandırılması təklif edilir.

 

Qanunun 16-cı (Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti) maddəsi isə dəyişdirilərək belə verilir: “Mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

 

Bəndin hazırda qüvvədə olan variantı belədir: “Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir”.

 

Layihə Milli Məclisin aprelin 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button