”Azərbaycanda vətəndaş cəmiyyətinə hücumlar davam etdirilir”

“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı 2015/2016-cı illərdə dünyada inan haqlarına dair hesabatını açıqlayıb

Hesabatda deyilir ki, qısamüddətli təhlükəsizlik maraqları və sərt təhlükəsizlik məhdudiyyətlərinə görə hazırda dünyanın bir çox yerlərində insan haqlarının vəziyyəti acınacaqlıdır.

2015-ci ildə bir çox ölkələrdə  beynəlxalq qanunlar pozulub.

98 ölkədə insanlar işgəncələrə və pis rəftarın başqa formalarına məruz qalıb, 30 ölkə qaçqınları zorla gəldikləri yerlərə qaytarıb, 18 ölkədə müharibə cinayətləri törədilib.

Hesabatın Azərbaycana aid bölümündə deyilir ki, vətəndaş cəmiyyəti və siyasi fərqli düşüncə üzərinə hücumlar davam edib.

Azərbaycan hakimiyyəti müstəqil jurnalistləri və fəalları istər ölkə daxilində, istərsə də xaricdə təqib edib, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələrinin ölkəyə buraxılmaması və ya ölkədən qovulması halları yer alıb.

Həmçinin neft qiymətlərinin düşməsi və milli valyutanın qiymətini itirməsi əhəmiyyətli bahalaşmaya və real gəlirlərin azalmasına səbəb olub.

Qeyd olunur ki, birinci Avropa Oyunlarının keçirilməsi çox baha başa gəlib və bəzi məlumatlara görə, bu tədbirin keçirilməsinə biznes nümayəndələrinin  pul dəstəyi vermələri üçün təzyiqlər göstərilib, dövlət sektorunda işləyənlərin maaşları azaldılıb.

Hesabatda Azərbaycanda noyabrın 1-də keçirilmiş seçkidən də söz açılır və bildirilir ki, hakimiyyət tərəfindən təzyiq və təqiblərə məruz qalan müxalifətin boykotu şəraitində hakim YAP rahat qələbə qazanıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərin monitorinqindən imtina edib.

QHT-lərə qarşı repressiyalar” bölümndə deyilir ki, onların hesablarının dondurulması və üzvlərinin mühakimələri ucbatından aparıcı QHT-lərin fəaliyyəti qeyri-mümkün olub.

Bir neçə QHT rəhbəri həbsxanaya salınıb və ya mühacirət etməyə məcbur olub.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov 10 ay İsveçrə səfirlyində gizləndikdən sonra onun ölkəni tərk etməsinə imkan yaradılıb, lakin, o, bunun ardınca vətəndaşlıqdan məhrum edilib.

Hesabatda həmçinin Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunusların  uzunmüddətli həbs cəzasına məhkum edilmələrinə toxunulur.

Leyla  və Arif Yunusların  barəsində hökmlər dəyişdirildikdən sonra onlar ev məhbusluğuna keçiriliblər. Araşdırmaçı jurnalist Xədicə İsmayıl hələ də məhbəsdədir.

Mediaya hücumlar ara vermir

Hesabatda deyilir ki, Azərbaycanda bütün əsas media vasitələri hökumətin nəzarətində qalır, müstəqil media qurumları isə qısnama, hədə, təqib və bağlanma təhdidləri ilə üzləşirlər.

2014-cü ilin sonlarında Azadlıq Radiosunun Bakı bürosu prokurorluq reydindən və ofisin möhürlənməsindən sonra fəaliyyətini dayandırıb.

Avqustun 8-də Facebook-dakı statusa görə 6 nəfər tərəfindən döyülən jurnalist Rasim Əliyev xəstəxanada ölüb.

Sentyabrın 16-da Meydan TV-nin iki reportyoru polis tərəfindən saxlanılıb. Aytac Əhmədova sonradan azad edilsə də, Şirin Abbasov inzibati həbsə məruz qalıb.

Dekabrın 8-də Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da hökuməti tənqid etdikdən sonra həbs olunub.

Bundan əlavə, 2015-ci ildə xaricdə fəaliyyət göstərən jurnalistlərin və siyasi fəalların qohumları təqib edilib.

Fevralın 13-də Berlində prezident İlham Əliyevin əleyhinə piketdə iştirak etmiş bloqqer Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı polis tərəfindən narkotik maddə  ittihamı ilə həbs olunub. O,  beynəlxalq reaksiyadan sonra azad edilib.

Həmçinin Meydan  TV-nin direktoru, xaricdə yaşayan Emin Millinin, həmin resursun redaktoru Günel Mövludun, peyklə yayımlanan “Azərbaycan saatı” teleproqramının aparıcısı Qənimət Zahidin qohumlarının həbsi xatırladılır.

Azərbaycanda sərbəst toplaşma azadlığının kobud şəkildə pozulduğu da qeyd olunur.

Sənəddə siyasi məhbuslara qarşı zorakılıq hallarının, o cümlədən oktyabrın 16-da həbsxanada müxalifət lideri İlqar Məmmədovun döyülməsi qeyd olunur.

Meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button