Azərbaycandakı bütün müxalifət saytları bloklandı

Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org, “Turan” telekanalı (“TuranTV”), “Azərbaycan saatı” teleproqramlarının (azerbaycansaati.com) və meydan.tv saytlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası yekunlaşıb.

Xural.com Virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Nurəddin Bağırov sədrlik edib. Məhkəmə iddianı təmin edib və adıçəkilən saytların blonklanması ilə bağlı qərar elan olunub.

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadliq.info, “Azadlıq” radiosunun azadliq.org saytları, həmçinin azərbaycansaati.com, meydan.tv saytlarını, “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı bir müddət əvvəl Səbail Rayon Məhkəməsinə müraciət etmişdi.

Müraciətdə bildirilirdi ki, martın 27-də nazirliyə baş prokuror Zakir Qaralovun imzası ilə məktub daxil olub. Məktubda göstərilib ki, sözügedən saytlarda ölkənin konstitusion quruluşunun zorla dəyişdirilməsinə, destruktiv hərəkətlərə çağırış, radikal dini qrupların təbliğinə yönəlmiş materiallar yayımlanır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button