Azər Həsrətdən Bəxtiyar Hacıyevə cavab-SƏRT YAZI

Bir müddət əvvəl Əvəz Zeynallı “Qaynar Qazan” verilişində Harvard məzunu, gənc fəal kimi tanınan Bəxtiyar Hacıyevlə müsahibə götürmüşdü. Bu müsahibə böyük əks-səda yaratmışdı. Müsahibədə Azər Həsrətin də sualı olmuş və Bəxtiyar Hacıyev bunun müqabilində ona bir sual ünvanlamışdı. Onu əsgərliyə getməməkdə ittiham edən Azər Həsrətə cavabında Bəxtiyar Hacıyev “cəsarəti çatırsa nazir balalarının da hesabını soruşsun” demişdi. Budur, Azər Həsrət Bəxtiyar Hacıyevin “Qaynar Qazan”da dediklərinə indi cavab verib və bunu da dərc olunmaq üçün xural.com-a göndərib. Özü də elə sərt bir yazı yazıb ki, adam ilk olaraq onu fikirlərşir ki, Azər Həsrət 2011-ci ildəki Azər Həsrətdir. Xural.com olaraq yazını olduğu kimi dərc edir və qarşı tərəfin də cavab haqqı olacaqsa, dərc edəcəyimizi bildiririk.

Əvəz Zeynallının “Qaynar qazan”ı maraqlı bir layihədir. Bir dəfə mən də qonaq olmuşam, yetərincə açıq söhbət etmişik.

İmkan olduqca başqa müsahiblərlə söhbətlərə də qulaq asıram. Bəzən suallar da verirəm. Suallarımdan birini də bu yaxınlarda gənc fəal Bəxtiyar Hacıyevə ünvanlamışdım. “Qaynar qazan”ın qonağı olan bu gəncə verdiyim sual elə belə də səslənmişdi: “Əvəz bəy, bu keçmiş vicdan məhbusundan soruş ki, niyə min bir bəhanə ilə Azərbaycan ordusunda xidmətdən yayınır?”

Gənc adam sualıma ətraflı cavab verib. Dinlədim də, oxudum da. İşim yox. Özünün arqumentləri var, özünə hər cür haqq qazandırır. Öz işidir. Şəxsən mən ordudan yayınmanın heç bir bəhanəsini məqbul saymıram. Bu, öz yerində. Sonda o, mənə də sual ünvanlayır və cəsarətimi sorğulayır. Həmin söhbətdən o parçanı olduğu kimi təqdim edirəm:

“Bəxtiyar Hacıyev: Azər bəy özündə cəsarət tapıb, bunu məndən soruşur ki, niyə orduya getməmisən? Əgər doğrudan da cəsarətli insandırsa, bu sualı, çox yuxarını demirəm, “qırmızı xətti” də keçmirəm – hərbi xidmətdə olmayan nazir övladlarına da versin. Dünyanın müxtəlif ölkələrində milyonlar xərcləyən insanlardan soruşsun ki, niyə hərbi xidmətə getməyiblər? Parlamentdə oturan insanlardan soruşsun ki, niyə hərbi xidmətdə olmamısan? Müxtəlif rayonların hətta icra başçıları səviyyəsində, müxtəlif rəsmilərin övladları niyə hərbi xidmətə getməyiblər? Məndən suala cavab istədi, mən də verdim. Azər bəyin əlində media imkanı da var, Azər bəyin əlində müxtəlif imkanlar var ki, bu sualları həmin insanlara versin, tədbirlər, kampaniyalar təşkil eləsin ki, nazir övladları niyə bu xalqın milyonlarından, sərvətlərindən bəhrələnirlər, amma orduda xidmət eləməyiblər? Bu suallara cavab alsın, o zaman mən də düşünüm ki, doğrudan da Azər bəyi narahat edən məsələ mənim hərbi xidmətimdir. Yox, deməyəcəksə, deməli, onu narahat edən başqa səbəblər var.

Əvəz Zeynallı: Bunu yəqin ki, Azər bəy eşitdi. Onun “Xəzər” televiziyasında 3-5 dəqiqəlik köşəsi də var, oradan da məncə bu məsələlərə aydınlıq gətirə bilər.

Bəxtiyar Hacıyev: 3 dəqiqə kifayət qədər böyük vaxtdır ki, o tələbi efirdən də səsləndirsin. Ondan cavab gözləyəcəm.

Əvəz Zeynallı: Biz də gözləyəcəyik. Bunu təqib də edəcəyik, inşallah. Azər Həsrət belə sualları soruşan adamdır. Mən güman edirəm ki, soruşar. Cəsarətlidir, o baxımdan…”

Əvəz bəy düz deyir, mənim soruşa bilməyəcəyim heç bir sual yoxdur. Mən nəinki nazirlərin, deputatların, Bəxtiyar bəyin “qırmızı xətt” dediyi şəxsin də əsgərlik məsələsini soruşa biləcək adamam. Və soruşuram da.

Bilirəm ki, bir sıra nazirlərin guya Qərbdə Azərbaycan təbliğatı aparan övladları əsgərlikdə olmayıblar. Doğrudan da milyonlar xərcləyirlər, ortaya çıxardıqları da bir zibil deyil. Çünki tez-tez xarici səfərlərdə, beynəlxalq tədbirlərdə olan birisi kimi onların iddia etdikləri Azərbaycan təbliğatının faydalarını hələ ki, görə bilmirəm. Əksinə, şəxsən görmüşəm və bilirəm ki, Bakıda oturub bir çox ölkələrdə həqiqətən də Azərbaycan adına faydalı işlər görən, bunu reklam belə etməyən minlərlə vətənsevər gəncimiz var. Özü də həmin gənclər KİŞİ kimi əsgərlik də çəkiblər, günü bu gün də Qarabağla yatıb-dururlar. O, harınlamış nazir, deputat balalarından fərqli olaraq.

Bəxtiyar bəy deyir ki, Azər bəy cəsarətlidirsə, onlardan da niyə əsgər getmədiklərini soruşsun. Görünür, bu gəncin xəbəri yoxdur ki, mən illərdir bu sualı təkrar-təkrar verirəm və heç zaman onların cəsarəti çatıb mənə cavab vermirlər. Amma mən sualımı verirəm. Necə ki, Bəxtiyar bəyi sorğulayıram, o deputatları, nazirləri də sorğulayıram ki, niyə övladlarınız bu Vətənin Ordusunda kişi kimi qulluq etmək istəmir? Necə olur ki, bu Vətənin səfasını siz və övladlarınız, cəfasını isə son damla qanını belə müqəddəs torpaqlarımıza fəda edənlər çəkir? Bu suala yenə də cavab alan deyiləm yəqin ki, Bəxtiyar bəy. Çünki dedim axı, onların belə suallara cavab verəcək cəsarəti yoxdur. Heç olmasa, ən azından, sənin kimi özlərini təmizə çıxarmaq üçün bəhanə belə uyduracaq cəsarət sahibi deyillər. Onlar budur, belədir.

Gəlirəm “qırmızı xətt” məsələsinə. Yəqin ki, Bəxtiyar bəy düşünüb ki, mən kimisə bu məsələdə tənqid etməkdən çəkinərəm. Əsla! Mümkün deyil! Çünki mənim üçün əsgərlik üzü görmədən parlamentdə kürsü zəbt edənlər də, hansısa digər vəzifəni tutanlar da eyni dərəcədə bu Vətənin çörəyini, suyunu haqq etməyənlərdir! Bundan sərt nə yaza bilərəmsə, Bəxtiyar bəy buyursun, desin, altına imzamı qoyub onu da yazım.

Əsgərlik kişilik məktəbidir. Əgər kimsə (nazir balası olsun, deputat olsun, Harvard məzunu olsun, fərq etmir) bundan yayınırsa, deməli, ciddi problemi var. Hələ-hələ o nazir balaları bunu özlərinə rəva bilirsə, analarının ətəyi altında gizlənməyi kişi kimi əsgərlik çəkməkdən üstün tutursa, yenə də şəxsi işləridir. Bu, onların seçimidir. Kişilikdən könüllü imtina seçimi…

Yenidən qayıdıram Bəxtiyar bəyin özünü təmizə çıxarmaq üçün səsləndirdiyi fikirlərə. Mən ona heç bir halda haqq qazandırmıram. Üstəlik, bir zamanlar perspektivinə inanıb arxasında durmağa hazır olduğumu da nəzərə alsaq.

2010-cu ilin parlament seçkiləri öncəsi dost çevrəsində bəzi namizədlərlə bağlı müzakirə aparmışdıq. İrəli qaçaraq deyim ki, bütün seçkilərdə biz bunu edirik. Siyasi mənsubiyyət fərqi qoymadan millətə faydalı ola biləcəyini düşündüyümüz şəxsləri dəstəkləyirik. Bəzən onların bundan xəbəri də olmur. Məqsədimiz heç də özümüzü onlara göstərmək deyil, millətə faydalı ola biləcəyini sandığımız adamların layiq olduqları mövqeyə yüksəlməsinə yardımçı olmaqdır. Çünki bizim amalımız millətə xidmətdir, fərdi və ya şəxsi heç bir istəyimiz yoxdur.

2010-cu il seçkiləri öncəsi Bəxtiyar bəyi ofisində ziyarət etmişdim. Geniş söhbətimiz olmuşdu. Bu gəncin perspektivinə inanmışdıq. Yaxşı kampaniya təşkil etmişdi. Hətta Azərbaycan üçün xarakterik olmayan uğurlu kampaniya idi. Biz bunu görürdük, sevinirdik və düşünürdük ki, məhz belə gəncləri irəli çəkmək lazımdır. Ta ki, bu gənc əsgərlik məsələsini siyasi manipulyasiya alətinə çevirənədək. Bizim çevrəmizdə əsgərlikdən istənilən ad altında yayınmaq bağışlanmazdır! Yaşlılara sözümüz yox, Sovetlərin dönəmində gəncliyini keçirmiş mənim yaşıdlarımdan kimsə əsgərlikdə olmaya bilər. O dönəm başqa idi. Amma müstəqillik dönəmində əsgərlik çəkməmək heç cür bağışlana bilməz! Hələ sən gəncsənsə, siyasi iddian varsa, bu məktəbi mütləq keçəcəksən!

Təəssüf ki, Bəxtiyar bəy bütün mümkün bəhanələrlə əsgərlikdən yayındı. Adını nə qoyur, qoysun, yayındı. Halbuki Azərbaycanda onun kimi bir neçə gənc tanıyıram ki, həqiqətən də siyasi səhnədən sıxışdırılmaq üçün əsgərliyə göndərilmişdilər. Səssizcə, kişi kimi əsgərliklərini çəkib geri döndülər, işlərinə davam etdilər. Bu gün də mənim kimi insanlar onları hər addımda təqdir edir.

Haşiyə: Elxan Şükürlünü bizim cameədə hər kəs tanıyır. Enerjili, dürüst, vicdanlı bir Azərbaycan gəncidir. Mənim tələbə yoldaşımdır. Hələ BDU-da oxuyarkən diqqətimi çəkmişdi. Çox sərt çıxışlar etdiyi dönəmlər də vardı. İndi də sərtliyindən qalmır. Nə qədər üzərinə gəlsələr də, doğru bildiyini edir. Ədalət Partiyasında görəvdəykən də çox sərt çıxışları olurdu. Buna görə onu əsgərliyə yolladılar. Heç bir bəyanat vermədən, sakitcə orduya yollandı. Xidmətini keçib, təriflərlə, təltiflərlə geri döndü və yoluna davam etdi. Halbuki o da Bəxtiyar kimi “niyə nazir balaları əsgər getmir?” deyib haray-həşir sala bilərdi. Etmədi bunu. Çünki onun Azərbaycan sevgisi gerçəkdir. Onun bu ölkəyə sevgisi qarşılıqsızdır, minnətsizdir. Amma Bəxtiyar kimi gənclərin sevgisi minnətlidir, umacaqlıdır. Fərq də bundadır.

Ümid edirəm ki, Bəxtiyar bəyin mənə ünvanladığı suala yetərincə cavab verdim. Cavablarımı Xəzər TV-də səsləndirməyə gəlincə, öncə də izah etmişdim ki, mənim təqdim etdiyim verilişin mövzusu dışındadır bu məsələ. Əks halda həvəslə efirdən bu məsələni ictimailəşdirərdim.

Son olaraq Bəxtiyar bəyə bir tövsiyəm olacaq: sən heç nəyə baxmadan könüllü şəkildə əsgərliyə get. Bir ildir, papağını fırlasan, gəlib keçəcək. Əks halda, sənin bütün siyasi iddialarının qarşısına bu əsgərlik məsələsi çıxacaq. Demədi demə…

Sözardı: Harvard çoxlarının düşündüyü kimi sadəcə bir universitetdirmi? Onun altında bilinməyən hansı gerçəklər yatır? İlk imkanda bu mövzuda bir yazım olacaq. Düşünürəm ki, ondan sonra Bəxtiyar bəy hər ağzını açanda Harvard məzunu olduğunu indiki həvəslə dilə gətirə bilməyəcək.

Azər HƏSRƏT, azer@azerhasret.com

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button