Azərbaycan daha 1 milyard dollar borclanır

“Cənub Qaz Dəhlizi” QSC beynəlxalq kapital bazarlarında əlavə avrobond buraxılışı reallaşdırılıb.

Turan agentliyi “Cənub Qaz Dəhlizi” QSC-yə istinadən bildirir ki, 2016-cı ilin mart ayında QSC tərəfindən 1 milyard ABŞ dolları məbləğində 7 faizlik gəlirlilik dərəcəsi (6,875 kupon faizi ilə) və 10 il ödəmə müddəti ilə istiqrazlar emissiya edildikdən sonra, 1 milyard ABŞ dolları dəyərində əlavə istiqraz buraxılışı üçün yenidən beynəlxalq kapital bazarlarına çıxıb.

İstiqrazlar Azərbaycan Respublikasının dövlət zəmanəti ilə təmin edilib. İlkin buraxılmış istiqrazların gəlirlilik dərəcəsi daxilində yeni istiqrazlar 5,8 faiz gəlirlilik dərəcəsi ilə yerləşdirilib. Əlavə emissiya 2026-cı ilə qədər buraxılmış beynəlxalq istiqrazların ümumi məbləğini 2 milyard ABŞ dollara yüksəldib, bununla da bu emissiya ölkədə hazırda mövcud olan ən iri məbləğli avrobond buraxılışı hesab olunur. Bu emissiya ötən on iki ayda “Cənub Qaz Dəhlizi” QSC tərəfindən beynəlxalq kapital bazarlarında ikinci avrobond buraxılışıdır.

Emitent tərəfindən buraxılan istiqrazların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi üçün “Citi Bank”, “UniCredit”, “JP Morgan” banklarından ibarət sindikat səlahiyyətləndirilib. “Lazard Freres SAS” şirkəti isə Azərbaycan tərəfinin maliyyə məsləhətçisi rolunda çıxış edir. “Clifford Chance” və “Omni” hüquq şirkətləri emitentin hüquq məsləhətçisi qismində, “White & Case” və “BM Morrison Partners LLC” şirkətləri isə birgə aparıcı menecerlərin hüquq məsləhətçisi qismində çıxış edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button